Modern.az

Yüksək postu itirən məmurlar - Onlar aşağı vəzifəni özlərinə sığışdırmırlar...  

Yüksək postu itirən məmurlar - Onlar aşağı vəzifəni özlərinə sığışdırmırlar...  

3 İyun 2020, 13:35

Vəzifədən çıxarılanda ürək-göbəyi düşənlər, şəkər tapanlar, küsüb-inciyənlər...


Kreslo, vəzifə, yüksək kürsü - kiminə görə ucalmaq istədiyi ən yüksək məqam, kiminə görə əbədi məkan... Elə bizim bəzi məmurlar üçün də… Əgər belə olmasaydı, tutduqları yüksək postlardan kənarlaşdırılandan sonra təklif edilən daha aşağı vəzifələrdən imtina etməz, kreslo dərdindən xəstəxanalara düşməzdilər.

 

Kimsə işdə yol verdiyi nöqsanlara görə...

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bu barədə Modern.az-a danışarkən bildirib ki, Azərbaycanda idarəetmə mədəniyyəti yoxdur:

 

“İcra başçısı, nazir, komitə rəhbəri və s. ilk növbədə siyasi vəzifələrdir. Bir quruma rəhbərlik etmiş şəxsin vəzifədən azad ediləndən sonra həmin yerdə aşağı vəzifədə çalışması sırf psixoloji baxımdan onun üçün problemlər yarada bilər.

Ümumiyyətlə, bizdə idarəetmə mədəniyyəti yoxdur. Böyük əksəriyyət düşünür ki, vaxtilə bu və digər işin görülməsilə bağlı göstəriş verirdisə, indi o tapşırıqları özü yerinə yetirə bilməz, yəni kiminsə buyuruğunda çalışa bilməz.

Amma mən hər zaman onun tərəfdarıyam ki, müəyyən təcrübəyə sahib olan insanların potensialından istifadə olunsun. Təbii ki, söhbət pozitiv təcrübədən gedir. Əgər kimsə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilibsə, ümumiyyətlə, onun həmin qurumda qalıb işləməsi özü qanunaziddir”.

 

“Kreslo kök salmaq üçün deyil”

 

Hüquqşünas qeyd edib ki, heç bir vəzifə əbədi deyil:

 

“Vaxtilə nazir olub sonra səfir göndərilənlər, rektorluq edənlər var. Elələri də var ki, ümumiyyətlə, daha aşağı vəzifəni özlərinə sığışdırmırlar. Məsələyə məhz bu prizmadan baxmaq lazımdır. Anlamaq lazımdır ki, vəzifə müvəqqətidir. Bu gün o potensialın varsa ki müəyyən işlərin öhdəsindən gəlirsən, buna rəğmən vəzifənin müvəqqəti olduğunu bilməlisən.

Sən bir müddət sonra o vəzifədən azad edilə bilərsən, istefa verə bilərsən və s. səbəblərdən çıxa bilərsən. Ona görə də insan özünü daim buna hazır etməlidir. Amma bizdə hələ sovet dövründən qalma bir ənənə var ki, kimsə vəzifəsindən azad olunursa, o “vurulmuş” hesab olunur. Çünki bəzən bir nəfər eyni vəzifədə o qədər kök salır, həmin vəzifəni o qədər mənimsəyir ki, o kürsüdən azad olunanda ətrafa qəribə gəlir. Həm də bizdə elə bilirlər ki, vəzifəyə ömürlük təyin olunublar. Məhz uzun müddət eyni vəzifədə qalmaq insanlarda bu davranışları yaradır. Mən insanlar tanıyıram ki, vəzifədən gedəndən sonra səhhətlərində çox ciddi problemlər yaranıb. Çünki düşünürlər ki, onlar yalnız idarə etmək üçün yaranıblar, kimlərəsə əmr və göstəriş verməlidirlər. Bu xarakter onlarda həyat tərzinə də çevirilir. İşə həvəslə yanaşmaq lazımdır, amma bunu həyat tərzinə çevirmək olmaz. Hər kəs bilməlidir ki, vəzifə müvəqqətidir və uzun müddət eyni vəzifədə qalmaq heç də uğurlu deyil. Çünki sən tükənirsən, həmin vəzifədə qalmaqla bütün potensialını oraya yönəldirsən, amma bir müddətdən sonra bütün verə biləcəklərin yox olur”.

 


"Azərbaycanda yeni hökumət modeli yaradılmalıdır"

 

Ə.Nuriyev “ASAN xidmət” modeli əsasında “ASAN hökumət” yaradılmasını təklif edib:

 

“Ola bilsin ki, bu gün bir vəzifədəsən, sabah başqa bir vəzifəyə keçərsən. Bu, istisna deyil. Bu o deməkdir ki, təyin edən şəxs səni digər vəzifələrdə də sınamaq istəyir. Amma şəxsin 6 aylıq bir vəzifədə qalması da düzgün deyil. Çünki insan öz potensialını tam göstərə, peşəkarlaşa bilmir. Yüksək siyasi vəzifələr yaxşı menecmentlik tələb edir. Bu adamlar səhiyyə naziri də ola bilər, təhsil naziri də. Çünki idarəetmə qabiliyyəti var. Bizdə çox vaxt idarəetmə, işin təşkili məsələsi bir kənarda qalır. Son proseslər bu stereotiplərin dağıdılması istiqamətində atılan addımlardır. Mən hər zaman o düşüncənin qalib gəlməsinin tərəfdarıyam ki, “ASAN xidmət” modeli əsasında “ASAN hökumət” yaradaq. Asan, ağıllı hökumət yaratmaq üçün transformasiya etmək lazımdır. Söhbət nəsil dəyişikliyinin baş verməsi deyil, əsas məsələ peşəkarlıq, insanlarla davranış qaydalarının yeni modelinə keçiddir. Azərbaycan üçün yaxşı idarəetməyə keçidin yetərli olmaması idarəetmədə nasazlığa gətirib çıxarır. Bu, həmin qurumların təchizatlarının yaxşı işləməməsi, onlara inam və etimadın zəif olmasına səbəb olur. Bu isə idarəetmə sistemində qüsurların yaranmasını doğurur, başqa “sazlama”, korrupsiya alətlərindən istifadəyə şərait yaradır. Strateji düşüncə bizim məmurlarda çox vaxt özünü göstərmir. Bununla bağlı bizim məmurlarımızda vizion problemi var. Bu baxımdan dünya praktikasında mövcud olan daha aydın vizion  yaradılmasına ciddi ehtiyac var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir