Modern.az

Milli Məclisdə təhsili ən yaxşı hansı deputat bilir - EKSPERTLƏR

Milli Məclisdə təhsili ən yaxşı hansı deputat bilir - EKSPERTLƏR

Parlament

4 İyun 2020, 09:02

Hansı sahədə çalışırsan çalış, öz sahənin bilicisi olmalısan. Dahi mütəfəkkir Nizami Gəncəvi də yaxşı deyib : “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.

Yəni fərqi yoxdur hansı sahədəsən, istənilən halda gördüyün iş haqqında məlumatlı olmalı, fəaliyyət göstərdiyin istiqaməti də düzgün təmsil etməlisən. İstər palanaçı ol, istər papaqçı, istərsə də deputat…

VI çağırış Milli Məclisin formalaşmasından 3 aydan çox vaxt keçir. Parlamentdə müxtəlif sahələr üzrə komitələr və onların üzvləri olan deputatlar fəaliyyət göstərir.

Maraqlıdır, deputatlar təmsil etdikləri sahənin bilicisidirmi? Vətəndaş cəmiyyətinin üzvləri kənardan bunu necə müşahidə edirlər?

Modern.az ilk olaraq Milli Məclisin Elm və təhsil komitəsinin tərkibi ilə bağlı ekspertlərə sual ünvanlayıb. Komitədəki deputatların təhsil bilgisi, onlardan gözləntilər barədə sualları  elə təhsil sahəsinin ekspertləri cavablandırıb:

 

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, VI çağırış Milli Məclisin Elm və təhsil komitəsində deputat Etibar Əliyevdan çox şey gözləyir:

“Milli Məclisin Elm və təhsil komitəsində təmsil olunanların 95 faizi təhsildən anlayan, bu sahədə təhlillər edən insanlardır. Onların fəaliyyəti barədə danışmaq mənim üçün çətindir. Çünki komitənin tərkibi yeni formalaşıb. Düşünürəm ki, deputatlar “Təhsil haqqında” qanuna yenidən baxmalıdırlar. Bəzi millət vəkilləri seçki kampaniyası zamanı bildirirdilər ki, təhsilin inkişafı üçün mövcud qanuna yenidən baxmaq istiqamətində fəaliyyət göstərəcəklər.  Mən gözləyirəm ki, seçki öncəsi verilən təkliflər və öhdəlikləri yerinə yetirilsin. Təhsilin problemləri çoxdur. Əsas problem də qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsidir. Təhsil sahəsində 30-a qədər QHT var ki, bunların da içərisində birbaşa təhsillə bağlı olanı  3 təşkilatdır.

İstəyərdim ki, Milli Məclisin Elm və təhsil komitəsi bu QHT-lərlə, ayrı-ayrı təhsil ekspertləri ilə əməkdaşlıq edib onları müzakirələrinə dəvət etsinlər, təklifləri  dinlənilsin. Çünki bu təşkilatlar, ekspertlər cəmiyyətin içərisindədirlər və onlar təhsildəki problemləri daha yaxşı bilirlər. Buna görə əməkdaşlığın mütləq olduğunu düşünürəm. Qarşılıqlı müzakirələr nəticəsində müsbət nəticələr əldə edərik. Bu addımı Elm və təhsil komitəsi digər komitələrdən fərqli olaraq birinci atsa, daha yaxşı olar. Bu sadaladığım məsələləri qaldıracaq və peşəkar təhlillər edib ortaya dəlillər qoya biləcək şəxs Etibar Əliyevdir. Düşünürəm ki, o təhsilin içərisində olan biri kimi bu işləri yürüdüb, bizim məqsədlərimizi həyata keçirəcək. Onda təcrübə var və təhsil problemlərindən də çıxış yolunu bilir”.

 

Təhsil Eksperti Şahlar Əsgərov isə parlamentdə təmsil olunan deputatlardan Ceyhun Məmmədovu daha təcrübəli hesab edir:

 

“Mən komitə üzvlərinin hamısını tanımıram. Amma tanıdığım deputatlardan Ceyhun Məmmədovun fəaliyyətini yüksək qiymətləndirib, təhsil sahəsində daha bilgili hesab edirəm. Onun rektor olduğu İlahiyyat Universitetində müsbət addımlar atdığının, yeniliklər etdiyinin şahidi olmuşam. Amma yeni seçilən digər deputatları tanımıram deyə, heç nə deyə bilmərəm. Qeyri-hökumət təşkilatları təhsilin gələcəyi haqqında təklif verib deputatlarla bu istiqamətdə işlər görsələr,  yaxşı olar. Amma bizim QHT-lər ikinci və üçüncü dünya ölkələrinə aid olan layihələr təklif edirlər. Ona görə mən QHT-lərin fəaliyyətini müsbət qiymətləndirmirəm. Məsələn, təklif verilir ki, qızlara təhsil verək. Siz Avropada belə layihələrə rast gələ bilıməzsiniz. Çünki bu məsələlər 100 faiz həllini tapmış proseslərdir. QHT-lərin fəaliyyəti gələcəyə ünvanlanmalıdır, dünəndə qalan söhbətlər layihəyə çevrilməməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi