Modern.az

Füzuli Musayev: “Arxamca 2-3 maşın düşmüşdü, məni öldürmək istəyirdilər”

Füzuli Musayev: “Arxamca 2-3 maşın düşmüşdü, məni öldürmək istəyirdilər”

Müsahibə

16 May 2012, 14:59

“Mənə dedilər ki, sizin Hollivudda kiminləsə gərgin münasibətiniz var, dedim Hollivud hara, mən hara...”

Modern.az saytının suallarını Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev cavablandırır.


- Füzuli müəllim, fəaliyyət göstərdiyiniz binanın xarici görünüşü bir az fərqlidir. Elə daxili görkəmində də bu hiss olunur. Deyəsən, olduğunuz ölkələrin ümumi memarlığını burada sintez eləmisiniz.

- Ümumiyətlə, binanın əvvəlki görünüşü xatirinizdədirsə, onu o vaxtı Koreya-Yapon stilində etmişdik. Taekvondo Şərq idman növü olduğundan belə qərara gəlmişdik. Amma bura yenidən təmir olundu. İndi daha çox Azərbaycana xas arxitekrura tətbiq edilib. Bu gün kənardan baxanda çox adam inanmaz ki, bura idman cəmiyyətdir. Deyirlər bura daha çox muzeyə bənzəyir. Binamızın görünüşü çox gözəlləşib. Şərq üslubunu da bura qatmağı unutmamışıq.

Düzgün qeyd edirsiniz, böyük idmanla məşğul olduğum vaxtlarda bütün dünyanı gəzmişəm, məndə də bir xüsusiyyət var, gəzdiyim ölkələrdən nəyəsə baxıram, xoşuma gələni götürürəm.


Fəxr hissi ilə qeyd edə bilərəm ki, bizim mərkəzimizdə dünyanın ən tanınmış idmançıları, idman rəhbərləri olub. Məsələn, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Rok mərkəzimizdə oldu və bura onun çox xoşuna gəldi. O, cənab Prezidentin qonağı idi.

Ümumiyyətlə, idmanla bağlı ölkəmizə gələn qonaqları cənab Prezident bura göndərir ki, bizdə necə mərkəzlərin olduğunu görsünlər. Tək bura deyil, belə mərkəzlərimiz çoxdur.

- Taekvondonun olimpiya oyunlarından çıxarılacağı barədə məlumatlar var. Bu barədə siz nə bilirsiniz?

- 2000-ci ildən taekvondo idman növü olimpiya oyunlarına daxil olub və 3-cü dəfədir ki, olimpiya oyunlarına salınır. Hər olimpiya oyunlarından öncə söhbət gedir ki, taekvondonu olimpiya oyunlarının proqramından çıxaracaqlar. Jak Roka bu barədə sual verəndə bildirdi ki, şəxsən öz tərəfindən bunun saxlanılmasının tərəfdarıdır. Qeyd etdi ki, taekvondo çox gözəl idman növüdür və 2016-ci il olimpiya oyunlarında artıq qaldı.  2020-ci ildə isə 99 faiz qalır. Əgər 5 dəfə olimpiya oyunlarının sırasına salınarsa, o zaman daimi bir idman növü kimi qalır. Bu, məni sevindirdi.

- Siz karate ilə məşğul olmusunuz, amma bu gün Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidentisiniz. Bu, necə olub?

- Karate ilə məşğul olmuşam və iki dəfə dünya çempionu adını qazanmışam. Mən taekvondoçu deyildim, artıq bu gün deyərdim ki, taekvondoçuyam. Çünki taekvondo ilə məşq edirəm və Şərq döyüş növlərindən taekvondo olimpiya idman növü olduğuna görə məni bir mütəxəssis kimi bura təyin etdilər. Bu gün Azərbaycan teakvondoçuları bütün dünyaya səs sala bilib. Sevindirici haldır ki, MDB ölkələri arasında yeganə çempion varsa, da o da azərbaycanlıdır. Niyaməddin Paşayev dünya çempionudur. Bu, bizi çox sevindirir.

Bundan əlavə, həm dünya, həm Avropa çemionatlarında bizim yeniyetmə gənclərimiz, yuxarı yaşda idmançılarımız çox gözəl qələbələr qazanıb. Bu gün möhtərəm Prezidentimizin Azərbaycanda idmana qoyduğu qiymət, diqqət heç bir ölkədə deyərəm ki, yoxdur. Bizim fəxr etdiyimiz bir an var ki, ölkə başçısı Olimpiya Komitəsinin prezidentidir.

- Sizdən bir məsələni də soruşmaq istərdik. Fərdi idman növü ilə məşğul olursunuz, professional idmançısınız, azərbaycanlılar kollektiv idman yarışında qələbə qazana bilmirlər, amma fərdi oyunda həmişə qələbə qazanırlar. Sizcə, niyə belə olur?

- Düzdür, elədir. Karate, taekvondo Şərq döyüş növləri təbii ki, fərdi deyil, kollektiv oyundur, amma fərdlər döyüşür. Amma bir  şeyi qeyd edim ki, kubok yarışlarında komanda şəkilində ölkə ölkə ilə döyüşür. Məsələn, 5 yarışçı bu ölkədən, 5 yarışçı da digər ölkədən.

- Ancaq 5-i birdən meydana girmir.

- Yox, 5-i bir meydana girmir. Ümumiyyətlə, dünyada futbol idmanın şahıdır. Bütün dünya bunu deyir. Keçmiş SSRİ zamanı Azərbaycanın futbolu çox gözəl idi. Məsələn, 1966-cı ildə SSRİ çempionatında Azərbaycanın “Neftçi” komandasının 3-cü olması, elə o zaman üçün Avropada 3-cü olmaq demək idi. O zaman gözəl komandalarımız, gözəl idmançılar, futbolçularımız var idi. O zaman voleybolumuz var idi. Bu gün də bizim qizlardan ibarət yığma boleybol komandası artıq dünya kuboklarında qələbə qazanır, çempionu adına layiq görülür. Bu məsələyə fəlsəfi cəhətdən yanaşmaq istərdim, biz fərdiliyi daha çox sevirik. Əfsuslar olsun ki, bizim mentalitetimizdə bu var. Bizim axsaq yerimiz “mən birinci olum” düşüncəsindən qaynaqlanır. Burada komanda oyunudur, sən qol vuranda bütün komanda üçün vurmalısan. Bizimkilər həmişə istəyirlər ki, lider kimi olsunlar.

Düşünürəm ki, bu problemi də aşa biləcəyik. Bir az öncə voleybolçu qızları qeyd etdim. Qarşıda məqsəd qoyulubdur, bizim otüstü xokkeydəki komandamız da yaxşı çıxış edəcək. Hərçənd ki, komandamızın heyəti azərbaycanlı deyil, ancaq legionerlərin ölkədə olması bizim idmançılara təkan verir.

- Uşaqlığınız SSRİ dövrünə düşüb. O zaman gənclərin arzusu idi ki, tay-tuşlarından nə iləsə seçilsinlər. Bir az da qızların gözünə qəhrəman görünmək üçün idmanı seçirdilər. Sizin seçiminiz nə ilə bağlı olub?


- Mən Gəncədə anadan olmuşam, orada böyümüşəm və cavanlığlım da elə orada keçib. Amma idmana gəlməyim təsadüfi bir haldır. Professional idmana kimsə 8, 9, 10 yaşından gəlir ki, gələcəkdə artıq 19, 20 yaşında nəticə verə bilsin. Mən böyük idmana 20 yaşımda gəlmişəm. Bu da ondan irəli gəlir ki, fəhlə ailəsində böyümüşəm. Dərslərimi oxumuşam, ondan sonra işə idmana getmişəm. İdmanla fərdi məşğul olmuşam. Hər hansı bir idman növünü seçməmişəm, deməmişəm ki, hansı yaxşıdır, hansı pisdir.

Amma yaxşı dalaşan olmuşam. Hər zaman düzgünün tərəfində olmuşam. Özümdən böyüklə də dalaşmışam, döyülmüşəm, döymüşəm. O vaxt karate populyar idi. Haradasa 1970-ci illər idi.  Həmin vaxtlar Azərbaycanda karate ilə cudoçular məşğul olmağa başlamışdı. Bu da yapon idman növüdür.

Onda mən də bununla məşğul olmağa başladım. Heç bilmirdim nə hərəkət edirdim, deyirdim yəqin karate ilə məşğulam. Hoppanırdım, düşürdüm, müəllimiz yox idi.

Əsgərliyə gedəndən sonra, yəni qızlara xoş gəlmək üçün yox, sadəcə özümü qorumaq üçün karatedən istifadə etdim.

Arxangelski vilayətində hərbi qulluq etmişəm. O vaxt mənim xidmət hərbi hissə gizli saxlanılırdı. Orada biz 5 azərbaycanlı idik. 170-180 başqa millətlərin nümayəndələri var idi. Haqsızlıqlara rast gəlirdin və 5 nəfərlə bu boyda adamın qarşısında nə edə bilərdik ki... Fikirləşdim ki, özünü göstərməlisən ki, səndən çəkinsinlər, hörmətlə yanaşsınlar, yoxsa burada başımızı əzə bilərlər. Orada bir-iki dəfə dalaşan zaman yalandan “i ya” qışqırıb vurdum. Mənim ləqəbimi “kareteist” qoydular, sonra dedilər ki, “burada bir karetist əmələ gəlib”. Açığı heç nə bilmirdim, soruşanda deyirdim ki, əlbəttə karete ilə məşğul olmuşam. Məndən çəkinirdilər.

Bir-iki davadan sonra hərbi hissənin komandiri səhər düzülüşündə çağırdı və dedi ki, Musayev kimdir, çıxsın qabağa. Əsəbi şəkildə bildirdi ki, bu nə karatedir, gündə bir dava salırsan. İndiyə kimi yadımdadır, kapitan Belotrovu yanına çağırıb məni ona tapşırdı ki, yoxlasın doğurdan karateiçiyəm, ya yox. Kapitan məni zala apardı və bir-iki fənd göstərməyimi istədi. Mən heç nə etmədim. Çünki heç nə bilmirdim. Dedi ki, ya sən yaxşı karateçisən, ya da heç nə bilmirsən. Mən cavab vermədim. Mənim fiziki hazırlığım onun çox xoşona gəldi. Dostlşdıq və karatenin fəndlərini ondan öyrənə bildim.

Əsgərlikdən sonra vətənə qayıdanda özümə söz verdim ki, mütləq karate ilə məşğul olacam. Gəncədə karate ilə bağlı məktəb olmadığından Bakıya üz tutdum. Sovetin vaxtında qanunlar bir az başqa cür idi. Məşğul olmaq üçün sən Bakıda işləməli idim, xasiyyətnamə olmalı idi. Yalnız bu zaman mümkün ola bilərdi istəyinin gerçəkləşməsi.

İndiki Ali Məhkəmənin yerində o vaxtı Lenin adına zavod idi, dostlar tapıldı, məni orada işə düzəltdilər, yataqxanada qalırdım. 3 aydan sonra karateyə gəldim, müəllimim rəhmətlik Azad Kazımov idi. Əvvəl cüdodan, sonra karatedən müəllimim oldu. Təzə gəlsəm də, fiziki cəhətdən hazırlıqlı idim. Mənim texnikam onların texnikasına bənzəmirdi. Onlarda bir az idman karatesi idi, məndə dava. Zala girəndə qum asılan kisəyə iki-üç yaxşı təpik vurdum, ip qırıldı. Müəllim dedi ki, bu yaman güclüdür.

Fiziki cəhətdən güclü idim, amma texnikam o dərəcədə deyildi, rəndələnməmişdim. Orada yavaş-yavaş başladım öyrənməyə və 6 aydan sorna Azərbaycan çempionu oldum. Daha sonra dəfələlərə Azərbaycan çempionu 1990-ci illərdə isə SSRİ çempionu adına layiq görüldüm. O vaxtı karate yazılmırdı və mən əlbəyaxa döyüş üzrə idman ustası adına layiq görüldüm. İlk böyük qələbəm elə bu zaman oldu. Daha sonra komanda olaraq Avropa çempionu, Yaponiyada dünya üçüncüsü, 1995-ci ildə Meksikada dünya çempionu oldum. 1997-ci ildə Avstraliyada ikinci səfər dünya çempionu oldum. Məhz idmana gec gəlməyimdə idi ki, artıq 33 yaşım olanda ilk dəfə, 35 yaşımda ikinci dəfə dünya çempionu olmuşam. Ondan sonra da vidalaşdım böyük idmanla, yaş öz sözünü dedi.  Ola bilərdi ki, yarışlara yenə qatılsaydım yenə də çempion olardım. Amma iki dəfə dünya çempionu oldum, özümü sübut etdim, ondan sonra kimə və nəyi sübut edəcəkdim ki...

Hətta bu arada bizim zalda məşğul olan idmançılar var ki, artıq yaşlaşıblar. Çoxları deyir ki, veterenlar arasında dünya çempionatı keçirilir, Füzuli hazırlaş, 100 faiz çempion olacaqsan. Deyirəm ki, mən cavanlıqda bunları döymüşəm, təzədən qocalıqda gəlim döyüm? Cavan vaxtı kim medal qazanmayıbsa, gedib döyüşsün, indi dünya çempionu olsun. Mənim üçün ehtiyac yoxdur.

- İdman meydandan kənarda sizin köməyinizə nə vaxt çatıb? Yadınızda qalan məqamlar varmı?


- Var, əlbəttə var. Bir az öncə dediyim kimi hər zaman düzgünlüyün, haqqın tərəfində olmuşam. Ola bilər ki, haradasa mənim səhvim də olub. Karate ilə məşğul olanda cavan vaxtlarım idi, bulvara çıxırdıq, gəzirdik, bir də görürdün nəsə olanda kömək edirdik. Bunun bu tərəfi var idi, amma həm də lovğalanırdın ki, karateçisən. Yəni nəsə axtarırdıq ki, özümüzü Brus Liyə bənzədək. Belə hallar olurdu. Amma haqsız mübahisələrdə kömək etmişəm. Yanımda zəifə söz atıb pisikdirmək istəyirblər, onun müdafiəsinə qalxmışam.

Karate mənə çox şey verdi, həyatımda çox dəyişikliklər etdi, fəlsəfi cəhətdən formalaşdırdı. Onun dərininə gedəndən, daxilini, fəlsəfəsini biləndən sonra karateyə elm kimi baxdım.

Çünki əvvəl məndə fiziki karate idi, daxili yox idi. Çöldən birini gətir, bir ilin içində hazırlaşdır eyni şey olacaq, amma beyninin içi olmasa axırı olamayacaq.

Amma sonradan anladım ki, karate tək dalaşmaq deyilmiş. Ondan sonra karatenin ədəbiyyatını oxudum, onun içinə daxil oldum. Və bu gün də mənim Füzulu olmağımda, formalaşmağımda karatenin böyük köməyi olub. Artıq boş yerdə dava axtarmırdım, dalaşmırdım. Çalışırdım sözlə yola salım, çox vaxtı da alınırdı.

1986-cı ildən 1997-ci ilə kimi, 20 ilə yaxın polis kimi çalışmışam. Cinəyatkarlığa qarşı mübarizənin kiçik inspektorlığından baş inspektorluğuna kimi qalxdım. Polis Akademiyasını bitirdim və polisdə çalışdığım zaman karate mənim çox dayağımda olub. Elə anlar olub ki, cinayətkarla əlbəyaxaya düşmüşəm, vurub onu yıxmışam. 1992-ci illər Gəncədə vəziyətin çox gərgin olduğu vaxtlar idi. Köhnə vaxtlarda yaşlıya, böyüyə, qadına, anaya, bacıya hörmət var idi. O zaman hamısı itmişdi. Gəncənin özündə spesifik xüsusiyətli insanlar var, cinayətkarlar çoxalmışdı. Çevriliş olan zaman, Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi vaxtlar idi. Onda polisdə işləyirdim. Bilmirdim kim kimdən asılıdır, hökümət hökümət deyildi, kimə güvənəydin. Cinayətkarla üz-üzə gələndə bilirdin ki, sonra o, pulu və ya nəyi iləsə qələbə qazanacaq. Cinayətkarı tutub gətirirdin, bir saatdan sonra çıxırdı. Belə olan hallarda mən başlayırdım öz narazılığımı bildirməyə və görürdün ki, dayaq yoxdur.

1992-ci ildə gecə işdən geri qayıdırdım. Atamgil Gəncənin İmamzadə deyilən yerində qalırdı. Evə maşınla gedirdim və küçəmizə dönən yerdə bir də gördüm ki, bir nəfər avtomatı mənə tuşlayıb. Başımı əydim,  güllələr başımın üstündən getdi, məni vurmaq istəyirdilər. Maşını sürdüm, oradan çıxdım, arxamca 2-3 maşın düşmüşdü. O zaman xidməti silahıımı götürməmişdim. Karatenin köməyi ilə oradan sağ çıxdım. Sonra mənim maşınımda 300-ə yaxın güllə izi saymışdılar.

Hamı öldüyümü zənn edirdi. Amma mən sağ qaldım. Başıma papaq geyindim, qolumu kurtkanın altında elə düzəltdim ki, guya heç bir çey olmayıb. Getdim işə səhəri gün. Hamı ağlayırdı. Deyirdilər ki, Füzulini vurub aparıblar. Görən qaçıb qucaqlayırdı məni, deyirdim ki, yavaş,  yaralı olduğumu bildirmirdim. Müalicədən sonra da əlimi qaldıra bilmirdim. Ona baxmayaraq Ülvi Quliyevlə birlikdə 1992-ci ilin noyabrının axırında Yuqosliviyada keçirilən Avropa çempionatına qatıldıq, mən elə yaralı vəziyətdə. Şəxsidə ikinci oldum, komandada isə çempion olduq, elə vəziyyətdə döyüşdüm ki, məni öldürmək istəyən insanlar televiziyada göstərsinlər ki, sağam. Axı onlar məni ölmüş hesab etmişdilər. Orada karatenin cəldiliyi məni oradan çıxarda bildi,

- Azərbaycanda peşəkar idmançılar var, idmanın dərinliklərini bilənlər necə varmı? Bizim idmançılarda belə bir şey var, daha çox özlərindən razı şəkildə “mən səndən güclüyəm, sən məndən qorxmalısan” düşüncəsindədirlər. Necə baxırsınız bu məsələyə?


- Pis, çox pis. Bir şeyi qeyd edəcəm. Karate ilə məşğul olmamışdan qabaq bəlkə də dediyiniz adamlardan biri mən idim, özümdən razı. Amma karate məni formalaşdırdı, başa saldı ki, həyatını düz yaşa.  Məni bu yola gətirinlərə, rəhmətlik müəllimim Azad Kazımova minnətdaram.

Haradasa 5-6 il olar ki, belə bir tendensiya formalaşıb, idmançıdırsa buna hər şey olar.

İndi mən müəllimlik edirəm, tələbələrimin 90 faizi bu gün düzl yoldadır, çoxları namaz qılır, bu mənim xoşladığım xüsusiyyətdir.

Təməli düzgün qoyulmasa, bu insan getdikcə formalaşanda sizin dediyiniz idmançılardan olacaq.

Dünyanın bir nömrəli karateçisi mənim tələbəm Rafael Ağayevdir. Bütün dünya onun həm tərbiyəsindən, həm idmanından danışır. Bu uşaq 8 yaşından mənim yanımda böyüyüb və bu gün bizim fəxirdir. Fariz Nəcəfov, Yusif Cəfərov kimi tələbələrim var. Adlarını çəkdiyim idmançılar dəfələrlə dünya çempionu olublar.

Tanınmış idmançıların adı xoşagəlməz məsələlərdə hallananda mənə pis təsir edir. Axı bu, idmançılara ləkə gətirir. İxtiyarımız yoxdur ki, idman ləkə gətirək. Bu gün müxtəlif idman növlərindən olanlar cənab Prezidentlə şəkil çəkdirirlər. O şəkil əlində, telefonunda harada gəldi, hətta polis maşınını saxlayanda göstərir. Bu insanın düşüncəsi ora qədərdir. Sən ölkə Prezidenti ilə bir yerdə olan şəkilini polis saxlayanda niyə göstərirsən? Bir də idmançı adından idmançı olmayanlar da çox istifadə edirlər. Şükür ki, tanınmış idmançılarımızın adı pis-pis əməllərdə hallanrmır.

Bu gün ölkədə idmançıya elə qayğı var ki, onun gedib pis yola düşməsi anlaşılan deyil.

Elə hər dünya çempionatından və ya olimpiya oyunlarından qələbə qazananda ölkə prezidenti rəsmi olaraq idmançılara 1 milyon manata yaxın pul verir. Bundan artıq nə istəyirsən, işlə təmin olunur, ev, maşın, pul verilir, amma həddini aşma.

- Bizdə elə idmançılar var ki, vəzifə veriləndən sonra idman məsələsi ikinci plana keçir və sanki indi idmana maddi məsələsi kimi baxırlar...

- Elə hallar da olur. Bir şeyi qeyd edim, bu gün hökümət işindəyəm, Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisiyəm, polkovnikəm. 20 il polisdə çalışımışam. Mən də vəzifə daşıyıram, amma idmandan uzaqlaşa bilmirəm. Hətta məni hardasa böyük işə təyin etmək istəyəndə də, soruşanda da demişəm ki, idmandan uzaq olmasın.

Kimlərsə sizin dediyiniz kimi məqsədli olur. Deyir buna çatım, vəssalam. Amma mən həmişə fikirləşirəm ki, sən ölkən üçün faydalı olmalısan. Heç vaxt fikirləşmə ki, mən bunu etmişəm, bunun qarşılığı bu olmalıdır.

Dəfələrlə həm sovetlər vaxtında, həm sonralar mənə çox təkliflər olub. Dəfələrlə niyə xaricə getmədiyimi bildiriblər. Bəlkə də xaricə getsəydim, onların adından çıxış etsəydim, hansısa məqamda imkanım yaxşı olardı. Amma deyim ki, mən millətçiyəm, millətimi sevirəm. Canım, qanım azərbaycanlıdır. Soyadını dəyişə bilərsən, amma içini yox. Mümkün deyil ki, gedib başqa ölkənin adından çıxış edim. Təəssüf ki, bu gün idmançıların 99 faizi sizin dediyiniz adamlardandır.

- Füzuli müəllim, karatenin fəlsəfəsini öyrənmisiniz. Amma zahirən heç sakit idmançıya oxşamırsınız. Çox enerjili görünürsünüz...

- Sizinlə həyatımdan, idmançı olmağımdan, idmana gəlişimdən danışırıq. Bu mənə aid olan bir sahədir. Danışdıqca yaşadığım anlar gözümün qabağına gəlir. Enerji buradan gəlir.

-  Elə bil 18-20 yaşlı idmançı ilə danışırıq.

- Nə qədər mən bu idmandayam, yaşlaşmayacam. Ola bilər ki, xaricən yaşlaşam, amma daxilim 18 yaşında olduğu kimi qalır. Bu yaxınlarda məşq keçirdim. Dörd dəfə dünya çempionu olan Rəfael Ağayev çox cəlddir, texniki tərəfdən cəldlikdə biz ona çata bilmərik. Dedim gəl döyüşək. Döyüşdük və o, mənə 3-4 dəfə zərbə vurdu, yəni o qədər cəlddir. Dedim nə olar ki, qoca qurd nəsə də saxlayır özündə qocalıq üçün. Bunu işə salanda Rəfael dedi ki, müəllim, bunu necə elədiniz, mənə öyrədə bilərsiniz? Dedim ki, bəs sən elə şeylər edirsən ki, mən onu görmürəm, mən də içimdə nəsə saxlamalıyam da. Bunu ona komanda içində göstərmək istəyəndə isə dedi ki, müəllim bunu tək göstərin. Səbəbini soruşanda bildirdi ki, hamı bunu bilsə, başqalarında tətbiq edə bilməyəcək.

Mən idmana sənət kimi baxıram. Minlərlə tələbələrim olub. Uşaqlara tövsiyəm odur ki, zalda mütləq bayraq olmalıdır. Tələbələrim zala daxil olan kimi birinci bayrağa, ikinci müəllimə baş əyirlər, sonra cərgəyə düzülürlər. On dəqiqə məşqdən öncə fəlsəfə haqqında danışıram. Onlar heç başa düşmürlər nədən danışırıq, amma bunu elə qavrayırlar, dərk edirlər ki...

Orta məktəbdə oxuyan uşağın mütləq gündəliyinə baxıram. Həftənin 1 və 5-ci günləri gündəliklərini yoxlayıram, baxıram yaxşıdırsa tərifləyirəm, pisdirsə cəzalandırıram. Çünki əsasdır odur ki, insan birtərəfli formalaşması, inkişaf etməsin. İndi böyük qələbələrim tələbələrimin məni başı uca etməsidir.

- Hansısa məqamda idmana gəlməyinizdən peşman olmusunuz,  yəni “bu, boş şey imiş” demisinizmi?

- Yox, olmayıb. Əsgərlikdə olanda dostum var idi, çox savadlı oğlan idi, fəlsəfə cəhətdən mənə bir söz dedi. Bildirdi ki, Füzuli sən yaxşı oğlansan, elə yaşa ki, sonra çönüb arxaya baxanda demə ki, ay, mən onu edə bilmədim. Peşman olma, çünki həyat insana bir dəfə verilir. Çox gözəl sözdür. Elə yadımda qalıb ki, bu söz. Karatedə də belədir, düzgün istiqamət verəndə məqsədinə tez çatırsan. İstiqamət düzgün olmadısa, yolunu azıb gedirsən. Əlbəttə çətindir, insan formalaşana qədər cürbəcür çətinliklər olur. Mən özüm cürbəcür yerlərə düşdüm. Amma axırda özümü tapdım. Budur mənimki, bundan o yana yoxdur. Ona görə də mən idmandan yox, ümumiyətlə həyatımdan peşman olmamamışam. Yenə də qeyd edirəm, məni insan kimi də, idmançı kimi də formalaşdıran idman olub.

- Məhşur idmançı olmağınız heç sizə anonim məktublar, telefon zəngləri gətiribmi?

- Əvvəllər lap çox idi, cavan idik, həm qız, həm oğlan pərəstişkarlarımız var idi. Amma son vaxtlar da nəsə 3-4 dəfə mesaj gəlib, kimdən olduğunu bilmədiyim üçün cavab verməmişəm. Sonra mesajda yazır ki, müəllim, mən sizin pərəstişkaram, çox istərdim ki, sizin avtoqrafınızla şəklinizi verəsiniz, siz mənim kumirim olmusunuz. Görüşmüşəm də, şəkil də hədiyə vermişəm.
Doğurdan da adama xoş təsir bağışlayır.  

- Bir zamanlar Azərbaycanda “divarda yeriyən idmançılar” sırasında sizin də adınız var idi...

- (Gülür...) Divarda yerimək nədir ki... Bir dəfə Gəncədə məşqdən 3-4 tələbəmlə çıxıb çay içməyə getdik. Bu zaman bir dəstə gənc gəldi, bizə  yaxın oturdular. Hiss edtim ki, onlar mənim tələbələrimi tanıyırlar və özləri də karate ilə məşğul olurlar. Uşaqların məşqdən gəldiyini görüb  məsələhət verməyə başladılar. Biri deyirdi ki, mənim bir dostum var, adı Füzulidir, istəsəniz sizi onunla tanış edim. Uşaqlar üzümə baxdı, amma susmalarını işarə etdim. Dedi ki, Füzuli Rusiyada məşq edib, nə bilim bir dəfə hoppanmaqla 4-5 mişar daşını göydə qırır. Hətta qurğuşunu əridib ağzına tökür. Üzümə baxıb məni tərif edirdi. Açığı adımı, ünvanımı, hər şeyi düz deyirdi, amma məni tanımırdı. Sonra dedim ki, onu yaxşı tanıyırsansa məni onunla tanış et. Razılaşdı. Sonradan uşaqlar dedi ki, niyə yalan danışırsan, müəllim burdadır. Deyirəm ki, bala heç mən bilməzdim, qurğuşun içməyimi.

Ancaq o vaxtı “Dinamo”da məşq edəndə maraqlı hadisə oldu. 4-cü mərtəbədə məşq edirdik. O zaman hoppanıb göyə ən azı 3 metr, bir az artıq təpik vururdum.

“Sovetskiy stenka” deyilir, dedim ondan yuxarı kim vura bilər?  3 metr 20 necə santımetr idi onun hündürlüyü. Mən ona zərbə vurdum və ayağımın altının izi orada qaldı. Hamı məəttəl qaldı, dedilər bir də vurum, dedim yox, bir dəfə olur. Zərbə vurduğum yeri çərçivəyə alıb “Füzuli” yazdılar. Hər dəfə oranı təmir edəndə o hissə qalırdı, təmir etmirdilər. İndi əgər oranı sökməyiblərsə hələ də qalıb yəqin ki...Ondan sonra söhbətlər gəzməyə başladı, nə bilim divarda gəzənlər. Kinoda gördüyümüzü istərdik ki, real edək, amma bu mümkün deyildi, axı.

- Heç filmdə çəkilmək təklifi almısınızmı?


- Bəli, olub. Yunanıstandan belə təklif gəldi, karate ilə bağlı idi. Filmin adını demədilər. Ssenarisini vermişdilər, çox tanınmış aktyolrar olacaqdı, məni də idmançı olaraq dəvət etdilər ki, yeni bir sima olsun. Pis deyildi, çəkilmək istəyirdim. Bura gəlib mənimlə bağlı diskləri, şəkilləri, kinoları apardılar. Artıq çəkiləcəyim təsdiq olunmuşdu. Üstündən 15 gün keçdi, mənə dedilər ki, sizin Hollivudda kiminləsə gərgin münasibətiniz var. Dedim Hollivud hara, mən hara, nə əlaqə?.

Amma sonradan məlum oldu ki, orada tanınmış erməni rejissoru olub, onun qabağına qoyublar ssenarini, azərbaycanlı olduğumu deyiblər və o da buna eturaz edib. Yenə də erməni faktoru çıxdı.

- Yeni idmana gələnlərə nə tövsiyə verə bilərsiniz?

- Öncə millətini sevməyi...Çünki bu ölkədə yaşıyırsansa, millətini sevməlisən. Çalışsınlar idmanı bir məqsəd etsinlər, qabağa getsinlər, amma onunla birlikdə daxilən dəyişməsinlər. Maddi tərəfini də fikirləşsinlər, əsas bu deyil, əsas düşünsünlər ki, hansı idman növündən asılı olmayaraq özü sağlam olacaq. Yəni düşünsünlər ki, bu millət üçün lazım olsunlar. Ən əsası odur ki, qabaqlarına qoyduqları məqsədə düzgün yolla getsinlər. Təbii ki hər idmana gələn böyük idmançı olmur. Böyük idmançı olanda da yenə də keçmişini yadda saxlasınlar. Daxilən dəyişməsinlər və öz gücündın boş-boşuna istifadə etməsinlər. Bir sözlə, idmandan sui-istifadə etməsinlər.












Aytən ƏLİYEVA
Elçin Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...