Modern.az

“Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat

“Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat

4 İyun 2020, 20:50

Milli Məclisin deputatı Əminə Ağazadə məhkəmə-hüquq islahatları ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.


- Əminə xanım, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının qəbul edilməsinin zəruriliyi nədən ibarətdir və fikrinizcə aparılan islahatlar cəmiyyətimizə nə kimi töhfələr verib?

- Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələsi başlanılıb. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Nəzərdə tutulan məqsədə nail olunması üçün vətəndaşların məhkəməyə müraciət etmək imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, hüquqi məsələlərin həllinə yanaşmalarda sabitliyin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması üçün görülən tədbirlərin gücləndirilməsi kimi vəzifələr müəyyən edilib. Bu məqsədlərə nail olmaq üçün qanunvericilik və praktik sahələrdə geniş həcmli islahatlar həyata keçirilib.

- Bu sahədə islahatların növbəti mərhələrində nələr gözlənilir?

- Həmin sahələrdə islahatların növbəti mərhələsi kimi cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə obyektivliyin və effektivliyin yüksəldilməsi, habelə məhkəməyə müraciət imkanlarının genişləndirməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

- 5 iyun 2020-ci il tarixdə Milli Məclisin Plenar iclasında Azərbaycan Respublikasının CPM-nə dəyişikliklər və əlavələrin müzakirəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər hansı sahələri əhatə edəcək və nələrdən ibarətdir?

- Bu dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcəkdir.

Qeyd edilən istiqamət üzrə Qanun layihəsində aşağıdakı dəyişikliklərin edilməsi təklif olunur:

- cinayət mühakimə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması qaydası;

- cinayət prosesi iştirakçılarının məhkəmə iclasına və istintaq orqanına gəlmədən videokonfrans vasitəsilə prosesdə iştirakı;

- məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması.

Qeyd edilənlərə əsasən Cinayət-Prosessual Məcəlləsinə cinayət mühakimə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması qaydasını nəzərdə tutan yeni 51-1 maddəsinin əlavə olunması təklif edilir.

- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi vətəndaşlar, eləcə də məhkəmələr üçün hansı əlavə imkanlar yaradacaq və bu dəyişikliklər nəyə xidmət edəcək?

- “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. Həmçinin bildirmək istəyirəm ki, “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli Fərmanı ilə təsdiq edilib.

İnformasiya sistemi cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsinə şərait yaradacaq. Yəni müraciət edənlərin şəxsən məhkəməyə gəlmək və ya zaman itkisinə səbəb olan poçt xidmətlərindən istifadə etmək zərurəti aradan qalxacaq. İstənilən şəxs kompüter arxasında ərizəni tərtib edərək düyməni sıxdığı anda sənəd ünvanına çatdırılmış olacaq. Bu insan hüquqlarının müdafiəsi mexanizmlərinin əhaliyə daha da yaxınlaşması deməkdir. Məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada, yəni elektron poçt, mobil telefonlara göndərilən SMS məlumatlar, digər üsullarla göndərilməsi imkanı qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldırmış olacaq. Nə bəzi proses iştirakçıların qərarın onlara çatdırılmadığını bəhanə gətirə bilməyəcək, nə də bəzi hakimlər sənədlərin göndərilməsində süründürməçiliyə yol verə bilməyəcək.

- İnformasiya sistemi daxilində yaradılmış “şəxsi kabinet” nədir və onun vətəndaşlara nə kimi faydaları var?

İnformasiya sistemi daxilində yaradılmış “şəxsi kabinet”lər vasitəsilə həm şəxsin iştirakçısı olduğu məhkəmə prosesinin gedişi və çıxarılan qərarlar barədə olduğu məkandan asılı olmayaraq operativ məlumat almaq imkanı təmin ediləcək, həm də konfidensiallıq qorunacaq, yəni şəxsi xarakterli məlumatların yayılmasının qarşısı alınacaq.

- Cinayət-Prosessual Məcəlləsinə hansı yeni maddələrin əlavə edilməsi təklif edilir?

- Cinayət-Prosessual Məcəlləsinə yeni 51-2 maddənin əlavə edilməsi təklif edilir ki, bu da cinayət prosesi iştirakçılarının məhkəmə iclasına və istintaq orqanına gəlmədən videokonfrans vasitəsilə prosesdə iştirakını təmin etməsini müəyyən edir.

Belə ki, həmin maddədə cinayət prosesinin iştirakçılarının və digər şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda, onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda, səhhətinin vəziyyəti və digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə, yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin qorunması zərurəti yarandıqda, təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət zamanı  müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə videokonfrans əlaqə sistemindən istifadə edilməklə prosessual hərəkətlərin aparılması qaydaları nəzərdə tutulub.

Qeyd edim ki, CPM-nə ediləcək dəyişikliklərlə bağlı bir məsələ də məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılmasının təmin edilməsi ilə bağlı yeni 51.6-1 maddənin əlavə olunmasıdır. Hal-hazıradək məhkəmə prosesin sənədləşdirilməsi onun kağız daşıyıcıda protokolun tərtib olunması vasitəsilə həyata keçirilirdi. Təklif olunan  dəyişikliklər əsasən isə məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir.

Bu isə, proses iştirakçılarına məhkəmə baxışının elektron yazısına istinad etmək imkanı verəcək, baxışın heç bir hissəsinin diqqətdən kənarda qalmasına imkan verməyəcək. Məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunmasını qeyri-mümkün edəcəkdir. Vətəndaşların hüquqlarının səmərəli müdafiə edilməsi üçün effektiv vasitə qismində çıxış edəcək.

- Qeyd olunan qanun layihəsində daha hansı istiqamətlər üzrə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur?

Bildirmək istəyirəm ki, layihənin 2-ci istiqaməti, yəni Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın nizamlanmasına həsr olunub. Müasir dövrdə dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətləri və cinayət işləri üzrə dövlətlərarası əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun da 7 iyun 2019-cu il tarixdə Qərarı olub. Həmin qərara görə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verildiyi müəyyən edilib. Həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması və nəzərə alınması qaydasının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydalarını ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif edilir.

Həmin fəsil Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması qaydasını, xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarlarının tanınmasına dair rəsmi müraciətin məzmunu, hökmləri və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata baxılması qaydasını və əmlakın müsadirəsi barədə rəsmi müraciətə baxılmasının xüsusiyyətləri qaydasını müəyyən edir.

Eyni zamanda bildirməkistəyirəm ki, layihə hazırlanarkən “Normativ-hüquqi aktlar haqqında” AR konstitusiya Qanununun tələblərinə uyğun olaraq hüquqi ekspertiza aparılarkən bir sıra cinayət-prosessual normaları, həmçinin kassasiya protesti və kassasiya şikayəti verilməsi və baxılması qaydası təkmilləşdirilib, habelə iqtisadi sahədə olan cinayətlərə görə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə cəzadan azad etmənin prosessual əsaslarının müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır