Modern.az

Xeyrəddin Qoca: Dedim ki, mən Baş konsulam, alverçi deyiləm!

Xeyrəddin Qoca: Dedim ki, mən Baş konsulam, alverçi deyiləm!

Ədəbi̇yyat

5 İyun 2020, 17:14

Xeyrəddin QOCA,
Azərbaycanın İstanbuldakı sabiq baş konsulu

İstanbulda Baş konsul vəzifəsinin icrasına 11 gün idi ki başlamışdım. Konsulluğa üç iş adamı gəldi. Onları meyvəyə, çaya qonaq etdim. Onlar başlamamış mən başladım, dedim ki, bilirəm siz niyə gəlmisiniz. Yəqin gəlmisiniz ki, məndən xahiş edəsiniz, Bakıda sizə torpaq sahəsi alım, siz də orada saxlama kamerasından-zaddan tikib, pul qazanasınız, mənə də 5-10 faiz verəsiniz, eləmi? Üçü birdən xorla soruşdu:

-Hə, nə bildiniz?

Mən də dedim, belə şeyləri eşitmişəm. Başa saldım ki, a kişilər, mən Bakıda 9 aydır maşınımı saxlamaq üçün özümə qaraj yeri ala bilmirəm. Deputat olmağıma baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinə gedib-gəlməkdən yorulmuşam.Orada məndən soruşdular ki, "sən deputatsan, yoxsa kuryer?"
Mən də dedim ki, kuryer! Yəni sizə bildirmək istəyirəm ki, mən belə işləri bacarmıram! Türk iş adamları nə desələr yaxşıdır?

- Onda bu vəzifəyə niyə gəlmisiniz?

Onlar getdilər...

Aradan bir müddət keçdikdən sonra Azərbaycandan tanınmış bir adam gəldi. Dedi ki, "mən sənin yerində olsaydım, burada ayda 200-300 min manat pul qazanardım". Soruşdum "necə?"

Nə desə yaxşıdır: "Məsələn, məndə 200 ton "salyarka" var, bir adama sat, 10 faizi sənin olsun"... Dedim, "qardaş, siz ünvanı səhv salmısınız, mən Baş konsulam, alverçi deyiləm! Burada Azərbaycan dövlətini təmsil edirəm!"

Sonralar heç kim mənə belə təkliflər etmədi...

İndi İstanbula gedəndə yatmağa bir yerim olmadığından pulumun çoxu dörd ulduz otellərə gedir... Çoxu təəccüblə soruşur: "Bəs işlədiyin 5 il 4 ayda sən özünə niyə bir gün ağlamadın?"
Mən indi də başa düşmürəm ki, "özünə gün ağlamaq" nə deməkdir!

Orada-burada oxuyuram ki, heç demə, bəzi diplomatlar xarici ölkələrdə "özlərinə gün ağlamaq"la məşğuldurlar! Təəccüb edirəm, bunlar diplomatdırlar, yoxsa bazar alverçiləri? Çoxunun da nə savadı var, nə mədəniyyəti, nə də qabiliyyəti! Heç geyim -keçimlərini, danışıqlarını, davranışlarını demirəm!

Diplomat Azərbaycan dövlətini təmsil edir. O, hər hərəkəti, hər sözü, davranışı, mədəniyyəti ilə dövlətimizin adından çıxış edir! Amma bunların bəziləri xalça alveri, bəziləri çaxır satmaqla, bəziləri də daha yaramaz hərəkətlərlə məşğul olurlar!

Belə diplomatiya olur?

Bir dəfə yayda üç ölkənin səfirini aeroportda qarşıladım. Saçının kəpəyi pencəyinin çiyin hissələrinə töküldüyündən elə bil çiyinlərinə qar yağmışdı. VİP salonunda ayaqqabılarını çıxaranda ayağının iyindən ürəyim ağzıma gəldi! Öyüdüm! Onun yanında on dəqiqə otura bilmədim! Təəccüb etdim ki, belə adamı necə üç ölkənin səfiiri təyin ediblər?

Hələ bəzi diplomatların özlərini necə apardıqlarını, danışanda ağızlarından söz töküldüyünü demirəm!

Qanuna görə xarici ölkələrə göndərilən diplomatlar 5- 6 il xidmət etməlidirlər. Onlardan bəziləri elə hoqqalardan çıxırlar ki, 3 ildən sonra geri çağrılırlar! Bəziləri də xaricdə qalıb, vətənimizə böhtanlar yağdırırlar! Belə adamları dövlət rəhbərinə kimlər sırıyırlar?

Yeri gəlmişkən qeyd edim ki, dövlətə, xalqa sədaqətlə xidmət edən diplomatlar gözdən salınır, onlar haqqında saxta söhbətlər uydururlar.

Nəticədə əsl diplomatlar kənarda qalırlar! Mənim çoxlu faktlarım var, lakin bu haqda lazım gəlsə, yazaram...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər