“Avropa Şurası sözdə insan hüquqlarını, söz və fikir azadlıqlarını, demokratiyanı, ölkələrin ərazi bütövlüyünün suverenliyini dəstəklədiyini bəyan etdiyi halda, əməldə dediklərinin əksinə gedir. Əslində separatizmə, ayrıseçkiliyə, beynəlxalq norma və prinsiplərin ciddi qaydada pozulmasına imkan yaradır, yollar açır”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, ölkəmizə, eləcə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə uzun illərdir ki, bu, özünü aydın göstərir:
“Bu qurum daim Azərbaycan həqiqətlərini təhrif edir, Azərbaycan realllıqlarına obyektiv qiymət vermir. Faktlara ikili standartlardan yanaşır. İlk növbədə ermənipərəst mövqeyi ilə fərqlənir. Halbuki Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal olunduğunu, bir milyondan artıq məcburi köçkünün acınacaqlı həyatı erməni faşistlərinin Azərbaycan xalqının başına gətirdiyi fəlakətlər bir çox beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qəbul etdikləri sənədlər haqqında Avropa Şurasının əlində əsaslı tutarlı məlumatlar vardır. Ancaq onlar çoxsaylı müraciətləri, faktları baş verən hadisələri hər vəchlə görməzliyə vurur. Əksinə ölkəmizdə baş verən xırda bir fakta saxta don geydirməklə respublikamızın imicinə ziyan vurmağa çalışırlar. Qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən qondarma seçkilər bunu bir daha deməyə əsas verir. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya, Fransa, ATƏT PA bu seçkiləri pisləyən bəyanatlar verdikləri və seçkiləri tanımadıqları halda Avropa Şurası susur. Heç bir münasibət bildirmir. Bu demokratiyaya xəyanətdir”.
Tahir Rzayevin sözlərinə görə, Azərbaycanın və Ermənistanın daxil olduğu bir qurumun siyasi əxlaqsızlığı, özünü hörmətdən salması, siyasi inamı itirməsi iflasa uğramasıdır:
“ Respublikamızın prezidenti cənab İlham Əliyevin söylədiyi kimi Avropa Şurasının qəbul etdiyi sənədlər gərəksiz və əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyildir. Demokratiya pərdəsi altında reallıqlara kölgə salan, ölkələrin taleyini oyuna çevirib oyunbazlıq edən Avropa Şurasının gələcək taleyi qaranlıq görünür. Bu qurum bəşəri dəyərlərə, demokratik prinsiplərə sadiqliyini tamamilə itirməkdədir”.