Modern.az

“Bu yolun son ucu döyüşdü, qandı...”

“Bu yolun son ucu döyüşdü, qandı...”

7 İyun 2020, 20:18

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Azərbaycan cəmiyyəti əgər Qarabağa qovuşmaq istəyirsə, nə döyüşdən, nə də qandan qorxmalıdır... 

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə sayca 3-cü yolu çəkməsi onun Dağlıq Qarabağla bağlı tutduğu "yoldan" heç vaxt özxoşuna dönməyəcəyinin növbəti sübutudur. Ancaq Azərbaycan siyasət adamlarının bu "yola" baxışları isə bəzən heç bir yola sığmır.  

Bəri başdan onu deyək ki, sanki Azərbaycan siyasətçilərinin bəziləri müsahibə verərkən və ya ayrı-ayrı çıxışlarında düşmənə necə "ayaq" verdiklərinin  fərqində olmurlar. Məgər bunlar bilmirlər ki, bu neçə ildə düşmən dördgözlüklə onların ağızlarını güdür?!

Diqqət edin, erməni mediası bu kimi çıxışların bir neçəsinə münasibət bildirərək - "Azərbaycan xalqı Şuşa uğrunda savaşa hazırdırmı? Sonsuzluq kompleksi", başlıqlı yazıda Azərbaycan cəmiyyətində maraqlı proseslərin getdiyini və onun rəsmi təbliğatla üst-üstə düşmədiyini məsxərə üzərində göstərməyə çalışır.  


Bu yazıda söhbət, əsasən strateq.az saytında yerləşdirilən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qarabağla bağlı ermənilərə qol-qanad verən - "İqtidarı qəsdən müharibəyə sürükləyirlər" adlı müsahibəsindən gedir.

 

Erməni mediasında Qüdrət Həsənquluyevin - "Hamı gözəl bilir ki, Qarabağ savaşındakı ağır məğlubiyyətdən və alçaldıcı atəşkəs sazişindən sonra regionda çox şey dəyişməyib. O zaman necə tək idiksə, indi də təkik. Vəziyyətimiz torpaqları bizim kimi işğal olunmuş keçmiş sovet respublikaları olan Ukrayna, Moldova və qonşu Gürcüstandan daha ağırdır. Çünki Qərb həmin dövlətlərin üzləşdiyi ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləsə də, Azərbaycana münasibətdə bu mövqedən çıxış etmir", - deyə, söylədiyi bu fikirlər, güya Azərbaycan cəmiyyətinin ağıllı hissəsinin dünya tərəfindən ölkənin ərazi bütövlüyünün tanınmadığı qənaətinə gəldiyi və bunu artıq gizlədə bilmədikləri həvəslə şərh edilir. Bu şərhin davamı olaraq güya müharibə başlayacağı təqdirdə bütün ölkələrin Azərbaycanın əleyhinə çıxış edəcəyi və ermənilərin isə daha çox ərazi tutacaqları qeyd olunur. 

 

Erməni yazarlar bəzi hallarda azərbaycanlı partiya sədrinin müsahibəsinin müəyyən yerlərinə öz "zövqlərinə" uyğun "rəng" qataraq - "Bu gün ölkəmizdə hakimiyyət ehtirası ilə alışıb yanan, iqtidardakılardan qisas almaq üçün hər cür xəyanətə hazır olan, xaricdən idarə olunan çoxlu insanlar var. Onların çoxu fikirləşir ki", fikrini kəsərək, onun əvəzinə -  ""Azərbaycanda çoxları" düşünür ki, müharibə nə vaxt başlasa, Ermənistan müttəfiqlərinin köməyi ilə Kür çayına qədər torpaqlarımızı işğal edər və onlar da bundan istifadə edib, hakimiyyəti dəyişərlər... İnkişaf etmiş xristian Qərb ölkələri Azərbaycana sanksiyalar tətbiq edib, Ermənistana kömək edəcəklər. Həm də təkcə onlar yox, bəzi riyakar müsəlman dövlətləri də... Əgər bu dəfə də döyüşü uduzsaq, bizi kapitulyasiyaya məcbur edəcəklər. O zaman, əlbəttə ki, Ermənistanın paytaxtı Şuşa olacaq", - kimi təqdim edib, Azərbaycanın görün necə də məzlum durumda olduğunu öz ictimaiyyətlərinə göstərib ruhlandırırlar?!


Bu azmış kimi, Həsənquliyevin - "Uzun illər əsarət altında yaşamış insanlar müharibələrdə yenidən başqa xalqlara, xüsusilə də özündən çox kiçiklərə məğlub olduqları halda qisas və milli qürurları barədə az düşünür, yeni şəraitə uyğunlaşıb, ən ağır mənəvi yük altında yaşamağı üstün tuturlar", - deyə, söylədiyi bu fikri isə ermənilər əsas götürərək, Azərbaycanda psixoloji mühitin faktiki olaraq Ali baş komandanın və Müdafiə nazirinin müharibə bəyanatları ilə tamamilə üst-üstə düşmədiyini bildirirlər. Sözsüz ki, belə fikirlər düşmənə daha da ürəkli olmağa rəvac verir. Bu yanaşmanın ən təhlükəli tərəfi isə, Dağlıq Qarabağın işğaldan azad olunması işində düşmən üçün Azərbaycanda siyasi partiyaların, ayrı-ayrı nüfuzlu şəxslərin və bütövlükdə cəmiyyətin öz ölkə başçısı ilə vahid mövqedən çıxış etmədiyi təsəvvürünü yaradır.


Belə olan halda əlbəttə ki, Ermənistanda "Mənim addımım" fraksiyasından olan deputat Tatevik Ayrapetyan və ya Ermənistan xarici işlər nazirliyinin sözçüsü Anna Naqdalyan Azərbaycan rəhbərliyinin müharibəyə başlayacağına inanmadığını, bu çağırışların daxili auditoriyaya hesablanmış olduğunu deyəcək.


Bu arada düşmən yazarlar Milli Məclisin deputatı Siyavuş Novruzovun - "Şuşanı bombalamaq müharibənin başlanması deməkdir" fikrindən də vaz keçməyib, eyni zamanda, millət vəkili Vahid Əhmədovun çıxışına da epizodik olaraq yer ayırıblar. Ancaq nə yaxşı ki, yazıda ona qarşı "hay-həşirlə" çıxış edən digər deputatların fikirləri "diqqətdən" kənarda qalıb.


Əslində ermənilərin nə yazmasından və deməsindən asılı olmayaraq Azərbaycan cəmiyyəti, həmçinin siyasi partiyaları Qarabağ məsələsində həmişə bir olub və heç şübhəsiz ki, bu, torpaqlar azad olunduğu günədək də belə olacaq. Bunu Aprel döyüşləri də təsdiq etmiş oldu. Ancaq hələlik indiki informasiya müharibəsi cəbhəsində düşmənə heç bir halda arxayın olmağa və ona yeni-yeni yollar, cığırlar açmağa şərait yaratmaq olmaz.


Yol demişkən, Ermənistanla Qarabağı birləşdirən 3-cü maqistral yolun tikintisinə başlanılması separatçılarla düşmən ölkənin sosial-iqtisadi sahələrdə əməkdaşlığın və inkişafın intensiv olmasını təsdiqləyən amillərdən biridir.  


Ancaq düşmən bir şeyi bilməlidir ki, onlar sülh yolundan azıb nə qədər asfalt yol çəksə də, Azərbaycan siyasətbazlarının nə və necə deməsindən asılı olmayaraq xalq, ölməz Məmməd Arazın təbirincə desək: "Bu yolun son ucu döyüşdü, qandı...", olduğunu yaxşı bilir. Döyüşün kişilik, qanın isə qovuşuq olduğu da heç kimə sirr deyil. Ona görə də Azərbaycan cəmiyyəti əgər Qarabağa qovuşmaq istəyirsə, nə döyüşdən, nə də qandan qorxmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı