Modern.az

ABŞ-da qalan azərbaycanlılar sabah Vətənə qayıdır

ABŞ-da qalan azərbaycanlılar sabah Vətənə qayıdır

Aktual

8 İyun 2020, 09:19

Sabah ABŞ-da qalan vətəndaşlarımızın müəyyən hissəsi Bakıya təxliyə olunacaq.

Bunu Modern.az-a Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova bildirib. Diaspor sədri ABŞ-da yaşayan soydaşlarımız arasında da COVID-19-a yoluxanların və bu xəstəlikdən ölənlərin olduğunu diqqqətə çatdırıb:

 

“Dünyanı çənginə alan koronavirus pandemiyasının ən çox yayıldığı ölkələrdən biri, bəlkə də birincisi Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-da bu virusun ən çox yayıldığı ştatlar isə Nyu York və Nyu Cersidir. Mən Azərbaycan Amerika Qadın Cəmiyyətinin yaradıcısı və rəhbəri olaraq 12 il Nyu York ştatında, son 2 ildə isə Nyu Cersi ştatında ailəmlə birlikdə yaşayıram. 2020-ci ilin fevral ayından yayılmağa başlayan COVID-19 virusu hər kəs kimi biz - Azərbaycan icmasının da yanından keçmədi. Bizim həmvətənlərdən də bu virusa yoluxan, aylarla onunla mübarizə aparanlar, ölümlə dirim arasında çapalayan və hətta dünyasını dəyişən həmvətənlərimiz də oldu. Azərbaycandan ABŞ-a köçən həm azərbaycanlılar, həm də yəhudi dostlarımızdan dünyasını dəyişənlər var. Əlbəttə ki işsiz, maddi köməksiz qalan insanlar da az deyil.
Təbii ki, bu çətin vəziyyət hamımızın qarşısına müxtəlif problemlər çıxardı. Biz hər birimiz bir azərbaycanlı və eyni zamamda bir diaspor üzvü olaraq çətinliklərlə üz-üzə qalan həmvətənlərimizə əlimizdən gələn yardımları göstərməyə çalışdıq. Belə ki, xəstəliklə mübarizə aparan ailələrə maddi və mənəvi yardımlar olundu. Çətinlik çəkən insanlar üçün dövlət müəssisələrinə internet üzərindən müxtəlif yardımlar üçün müraciətlər edildi. Tələbə gənclərə maddi yardımlar olundu. Əlbəttə, çoxluq maddi cəhətdən çətinlik çəkmir, ancaq həmin insanlara mənəvi dəstək olunur. İnsanların böyük qruplar halında toplaşmasına məhdudiyyət qoyulduğu üçün biz, diaspor təşkilatları, həm müxtəlif təşkilatlar arasında, həm də öz cəmiyyət üzvlərimizlə internet üzərindən əlaqələr qururuq. Onu qeyd etmək istəyirəm ki, ABŞ-da yaşayan həmvətənlərimizin ən çox mənəvi dəstəyə ehtiyacı var”.

 

M.Vahabova təxliyə olunmaq istəyənlər arasında ABŞ-da daimi olaraq yaşayanların da yer aldığını qeyd edib:

“Azərbaycan Amerilka Qadın Cəmiyyəti olaraq biz nəinki burada yaşayan soydaşlarımıza, həmçinin Azərbaycanda ehtiyacı olan həmvətənlərimizə maddi və mənəvi yardım kampaniyalarında iştirak etmişik. Hazırda yeganə arzumuz bu bəlanın dünyanın başı üzərindən tezliklə getməsi və insanların əvvəlki həyat tərzinə qayıtmasıdır. Mən tez-tez səfirliyimizlə, konsulluq şöbəsi ilə əlaqə saxlayıram. Azərbaycana qayıtmaq istəyən insanlar mənə də müraciət edirlər. Mən də bu insanlar haqda konsulumuz Emil Muradzadəyə xəbər vermişəm. Bu günə qədər təxliyə üçün çarter reysini gözləyən yüzlərlə həmvətənimiz var. Son məlumata görə iyun ayının 9-da Nyu-Yorkdan Bakıya çarter reysi ilə təyyarə uçacaq. Ümid edirəm ki, ən çox ehtiyacı olan insanlar tezliklə vətənə qayıdacaqlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir