Modern.az

Elman Babayev: “Jurnalist işləyəndə siyasi yazar olduğumdan mətbuat xidmətləri ilə əlaqəm yox idi” - MÜSAHİBƏ

Elman Babayev: “Jurnalist işləyəndə siyasi yazar olduğumdan mətbuat xidmətləri ilə əlaqəm yox idi” - MÜSAHİBƏ

17 May 2012, 15:14


Modern.az saytı Dövlət Sosialı Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayevlə müsahibəni təqdim edir.
Elman Babayev əvvəllər “Kaspi” qəzetində, “Trend” İnformasiya Agentliyində müxbir işləyib. Bununla yanaşı, bir sıra mətbuat orqanları ilə də əməkdaşlıq edib. 

- Jurnalistikadan məmurluğa aparan yol, məmur olmaq ideyası haradan irəli gəldi?

- Dövlət Sosial Müdafiə Fondunda çalışmazdan öncə ayrı-ayrı mətbuat orqanlarında işləmişəm. Əsas iş yerim isə “Kaspi” qəzeti və “Trend” İnformasiya agentliyi olub.  2008-ci ildə Dövlət Sosial Müdafiə Fondunda çalışmaq təklifi aldım. Açığı 4 il bundan öncə, 30 yaşımda bu təklifi alarkən bir qədər tərəddüd etdim. İşlədiyim kollektivdən ayrılmaq, tamamilə yeni bir mühitdə özümü doğruldub-doğrultmayacağım müəyyən tərəddüdlər yaradırdı. Amma indi verdiyim bu qərardan peşman deyiləm. Burada çalışmağım əlavə biliklər qazanmağım, təcrübə toplamağım üçün stimul yaratdı. Sosial sferanı, dövlətin sosial siyasətini onun öz strukturları içərisində dərindən mənimsəmək doğrudan da çox maraqlıdır. Sualınızın ikinci hissəsinə gəldikdə isə mənim indiki fəaliyyətim də jurnalistika ilə müəyyən bir bağlılıq daşıyır. Digər tərəfdən, dövlət qulluqçusu adını daşımaq böyük şərəfdir. Bu adı daşımaq həm də insanın üzərinə böyük məsuliyyət qoyur. 

- Necə düşünürsünüz, tanınmış jurnalist olmaq çətindir yoxsa mətbuat xidmətinin rəhbəri?

- Hər bir sahənin öz çətinlikləri var. Jurnalist də, mətbuat xidmətinin rəhbəri də cəmiyyət qarşısında, öz rəhbərliyi qarşısında məsuliyyət daşıyır.

- Məmur olduqdan sonra keçmiş jurnalist dostlarınızla əlaqə saxlayırsınız? Yeni işiniz buna maneçilik törətmir ki?

- Özümə dost hesab etdiyim jurnalistlərlə əvvəlki əlaqələrim qalır. Onlar özləri də etiraf edərlər ki, mənimlə ünsiyyətdə olmaq baxımından hansısa maneçiliklə üzləşmirlər. Digər tərəfdən, mənim işimin əsas ağırlığı elə jurnalistlərlədir və bu baxımdan mənim həmin dostlarımla əlaqəm intensiv xarakter daşıyır.  

- Özünüzü məmur yoxsa jurnalist kimi hiss edirsiniz?

- Mən özümü necə hiss etməyim o qədər də önəmli məsələ deyil. Dövlət Sosial Fondunda ictimaiyyətlə əlaqələrə, məsul sektora rəhbərlik edirəm. Fəaliiyyətimlə dövlət qulluqçusu adına layiq fəaliyyət göstərməyə çalışıram. Düşüncəmə görə, hər bir insan daşıdığı vəzifənin məsuliyyətini hiss etməli və dövlətə, cəmiyyətə fayda verməlidir.

- Çox vaxt jurnalistlər mətbuat xidmətlərinin fəaliyyətindən narazılıq edirlər, yəni onlardan vaxtlı-vaxtında informasiya ala bilmədiklərini qeyd edirlər, buna sizin fikriniz necədir?

- Bu gün dövlət-mətbuat münasibətlərində ümummilli lider Heydər Əliyevin siyasəti, ənənələri uğurla davam etdirilir və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Xatirinizdədirsə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir qrup KİV rəhbəri və icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin rəhbərləri ilə görüş keçirmişdi. Həmin görüşdə cənab Ramiz Mehdiyev bu tədbirin Azərbaycan Prezidenti, cənab İlham Əliyevin göstərişi ilə keçirildiyini vurğulamışdı və hamını açıq diskussiyaya dəvət etmişdi. Bu görüşdə mövzu ilə bağlı hərtərəfli müzakirələr aparılmışdı və KİV rəhbərlərinin təklifləri dinlənilmişdi. Məhz həmin görüşdən sonra mətbuat xidmətlərinin fəaliyyətində ciddi dönüş yarandı, dövlət qurumlarının mətbuatla iş sahəsində çatışmazlıqlar aradan qalxdı. Mənim qənaətimə görə hazırda informasiya almaq baxımından ciddi problemlər yoxdur. Hər bir dövlət qurumunun saytı, informasiyanın açıqlanmasına məsul şöbəsi var. Lakin bəzən elə suallar olur ki, onun araşdırılması müəyyən zaman tələb edir və bunu da normal qarşılamaq lazımdır. Mən konkret olaraq Dövlət Sosial Müdafiə Fondunun bu sahədəki fəaliyyətindən danışa bilərəm. Birincisi, Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi mətbuatla sıx əməkdaşlığa önəm verir. Fondun sədri, cənab Səlim Müslümov bu əməkdaşlığın daha da inkişaf etməsində maraqlıdır və onun bu istiqamətdə verdiyi tapşırıqlara uyğun olaraq KİV-lə əlaqələrimizi inkişaf etdiririk. Bunun nəticəsidir ki, demək olar hər gün KİV-lərdə sığorta-pensiya sistemi ilə bağlı informasiyalara rast gəlməkdəyik. İnformasiyanın açıqlanmasında saytımızın imkanlarından da istifadə edirik. Fondun 2004-cü ildən saytı fəaliyyətdədir və son illər sayt daha da təkmilləşdirilib. Saytımızda Fondun fəliyyətinə aid gərəkli bilgilərin hamısı təqdim edilib. Üstəlik elektron xidmətlər sahəsində də ciddi irəliləyişlər əldə olunub və bunu hər bir vətəndaş saytımıza daxil olmaqla görə bilər.  Saytda statistik məlumatlar hamısı açıqlanır və ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə isə qurumun büdcəsi və onun icrası haqqında məlumatlar da burada yer alıb. Çox vaxt jurnalistlər müraciət etmədən Fondla bağlı məlumatları sayt vasitəsilə əldə edirlər. Mən özüm hər gün saat 8-dən günün sonuna kimi bəzən axşam saat 8-ə kimi işdə oluram. İmkanım daxilində jurnalistlərin bütün zənglərinə cavab verirəm.

- Belə hallarda olur ki, jurnalist sual hazırlayır, mətbuat xidmətinə verir. Mətbuat xidməti isə ona bir-iki saat gözləməyi tövsiyyə edir. Üstündən bir az keçməmiş həmin suala cavab press-reliz formasında hazırlanıb bütün mətbu orqanlara göndərilir. Buna sizin fikriniz necədir? Bu düzgün addımdırmı? 

- Qısaca cavab verim, bunu düzgün addım hesab etmirəm. 

- Jurnalist olarkən jurnalistlərin və mətbuat xidmətlərinin fəaliyyətlərini necə qiymətləndirirdiniz?

- Jurnalist olarkən mətbuat xidmətlərindən narazılığım olmayıb. Bəlkə də bu daha çox ondan irəli gəlib ki, onların əksəriyyəti ilə elə bir ünsiyyətim olmayıb. Jurnalist işləyərkən siyasətdən yazmışam. Ən çox əlaqə saxladığım siyasi partiyalar, digər siyasi qurumlar olub və onlarla da elə bir problem yaşamamışam. Jurnalist olarkən jurnalistlərin fəaliyyətini yüksək dəyərləndirmişəm və bu, indi də belədir.

- Mətbuat xidmətinin rəhbəri olaraq jurnalistlərin və mətbuat xidmətlərinin fəaliyyətlərini necə qiymətləndirirsiniz?

- Jurnalistika çətin, məsuliyyətli və şərəfli bir peşədir. Bu sahədə çalışan bütün peşəkar jurnalistlər hər cür yüksək qiymətə layiqdirlər. Mətbuat xidmətlərinin fəaliyyətləri ilə bağlı isə mənim hər hansı qiymətləndirməm səmimi qarşılanmaz. Ümumilikdə isə hər bir sahədə fəaliyyəti normal qarşılanmayan insanlar olur və fərdi şəklidə kiminsə özünü doğrultmaması, həmin sahədə çalışanların hamısının fəaliyyətinin qiymətləndirilməsi üçün əsas ola bilməz. İstər jurnalistlər, istərsə mətbuat xidmətləri arasında fəaliyyəti cəmiyyət tərəfindən qənaətbəxş qiymətləndirlməyən insanlar ola bilər və bu da təbiidir. 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir