Modern.az

Laçından aralı

Laçından aralı

17 May 2012, 15:39

İmdad Əlizadə

Atam Əli Əliyev Laçınla Kəlbəcərin arasında mühasirədə qaldığı əlli dörd gündə anam Zeynəb Əliyeva ağır zəhmətə qatlaşmışdı. Evində məskunlaşdığımız kiçik dayım Həsən Talıbovun həyətyanı sahəsində tərəvəz əkib-becərir, həm də pambıq tarlasında, soğan sahəsində işləyirdi. Aran Qarabağın qorabişirən istisində səhərdən axşamadək günün altında kətmən vurmaq, alaq eləmək asan iş deyil. Ancaq səkkiz nəfərlik ailəni saxlamaq, yaşayışını təmin etmək lazım idi. Çünki atamdan bir xəbər çıxmırdı, sağ olub-olmadığını bilmirdik, ev, əmlak, mal-heyvan əldən çıxmış, erməniyə qalmışdı, düzün ortasında ümidsiz duruma düşmüşdük. Buna baxmayaraq acından ölmək olmazdı, işləmək, ağır zəhmət hesabına olsa belə, yaşamaq lazım idi.

 Bütün çətinliklər bir yana. Anamı və bizi üzüb əldən salan atamın yoxluğuydu. Anam sanki özünü və bizi buna hazırlayırdı, onu qarşıda hansı çətinliklər gözlədiyini yaxşı bilirdi. Atamdan ayrılmağımızdan günlər, həftələr keçmişdi, amma ondan heç bir səs-soraq yoxdu. Hər ötən gün onu bizdən bir qədər də uzaqlaşdırırdı. Beş-on gün xəbər bilməsən, dözmək olar, atamdan ayrılmağımızdan iki aya yaxın vaxt ötürdü.

 Lakin qohumların əksəriyyətində, xüsusən də nənəmdə (Rəhimə İbrahimova) və atamın və anamın dayısında (İbrahim İbrahimov) qəribə bir əminlik vardı: Əli sağdır, gələcək. Özləri ağlayır, günlərlə çörək yemir, su içmirdilər, söz düşəndə isə bəlkə də gündə on dəfə deyirdilər ki, Əli sağdır, gələcək. Həsən dayım istixanada xiyar əkmişdi, məhsul vermişdi, amma dəymirdi, uşaqlar yığmaq istəyəndə də imkan vermirdi, deyirdi ki, dəyməyin, Əli gələndə yığarıq.

 Hər gecənin bir gündüzü, hər zülmün bir sonu var. Şükürlər olsun ki, atasız qaldığımız günlərin də sonu oldu, əlli dörd gündən sonra....

 Mayın 24-ü günü gözəl bir yaz havası vardı, göyün üzü buludsuz, göz oxşayan mavi rəngdəydi, gecə yağış yağmışdı, səhər gün çıxmışdı, yer hələ tam qurumamışdı, ağacların yarpaqlarından su damırdı. Kiçik Qafqaz isə ənənəsinə sadiqiydi, dağların başı dumanla örtülmüşdü. Səhər tezdən qaldığımız evin qapısında “Niva” dayandı. Gələnlər oğuldərəli İmamverdi və qonşu Zağaltı kəndindən Soltan idi. Maşından düşüb böyük sevinclə və uca səslə “Muştuluğumuzu verin, Əli müəllimgil mühasirədən çıxıb gəliblər. Gözünüz aydın olsun” dedilər.

 Bunu eşidən kimi İmamverdigilə tərəf qaçdıq, qayıdıb anamı səslədik, o da  evdən çölə çıxdı. Nənəm həyətdə ağacların altında oturmuşdu. Xəbər gətirənlər ona tərəf getdilər, boynunu qucaqlayıb gözaydınlığı verdilər. Nənəm isə qəribə bir soyuqqanlılıq göstərdi, tövrünü dəyişmədi. Xəbər ona qətiyyən təsir etməmişdi. İmamverdigilin sözlərinə inanmadığını söylədi: “Nə vaxt gələr, özünü görərəm, onda inanaram”.

 Xəbər gətirənlər bildirdilər ki, biz onları öz gözlərimizlə görmüşük, amma xeyri olmadı. Nənəmin belə düşünməsi, reaksiyası səbəbsiz deyildi, atamgilin mühasirədən çıxması xəbəri bir neçə yol yayılmışdı, amma düz çıxmamışdı. Ona görə də İmamverdigilin nənəmi inandırmaq cəhdləri, neçə dəfə and içmələri heç bir fayda vermədi... Biz isə inanmışdıq.

 Nənəm sonralar gileylənirdi, özünü qınayırdı ki, niyə itkin oğlum haqda xəbər gətirənlərin qarşısında ayağa durmadım, onların muştuluqlarını vermədim. Amma, deyəsən, muştuluq sonra sahiblərinə çatmışdı...

 Mayın 27-də atam Hüsənliyə, olduğumuz evə gəldi. Həyətdə oturmuşduq, yenə İmamverdinin maşını qapıda dayandı, maşına tərəf qaçdıq, qapı açıldı, atam düşdü, bizi qucaqlayıb bağrına basdı. Sanki xeyli qocalmışdı, amma iki aydır ayrı qalmasına baxmayaraq balaca övladlarını görəndə yenə də təmkinli və soyuqqanlıydı.

 Nənəm isə heç yerindən tərpənmirdi, atam ona tərəf getdi, nənəm oturduğu yerdən qalxdı, “Bizi oyuna saldın...” dedi, qucaqlaşdılar.

 Sükutu İmamverdi pozdu, nənəmə xitabən “Gördün, mənə inanmırdın, indi ver muştuluğumu” söylədi. Bir qədər sonra həyətdə adam əlindən tərpənmək olmurdu.

 Ailəmizin taleyində böyük bir dönüş baş verdi, iki aydır qəm-qüssə çökən ürəyimizə, gözümüzə sevinc, təbəssüm gəldi, evimizdəki kədər çəkildi, şənliklə əvəzləndi.

 Azərbaycanın hər yerindən qohumlar, dostlar, tanışlar Hüsənliyə gəlib atamla görüşürdülər, qurbanlar kəsir, sevincimizə şərik olurdular. Atam harada və necə mühasirəyə düşdüklərini, ermənilərlə necə döyüşdüklərini, kimləri itirdiklərini, Kəlbəcərdən kəndimizə - Oğuldərəyə necə qayıtdıqlarını, orada necə yaşadıqlarını, mühasirədən necə və hansı istiqamətdən çıxdıqlarını nəql edir, ermənilərin kəndləri qarət etməsindən, evləri yandırmasından danışırdı, dinləyənlər göz yaşlarını saxlaya bilmirdilər. Atam isə bağların gələnləri sakit, təmkinlə danışırdı, onu dinləyənlərə təskinlik, təsəlli verirdi, sanki bunları danışdıqca yüngülləşirdi.

 Hüsənliyə gəlib atamla görüşənlərin böyük hissəsi övladlarını, bacı-qardaşlarını, qohumlarını axtaranlardı. Laçın-Kəlbəcər ərazisində itkin düşən, aylardır bir sorağı çıxmayanlardan xəbər tutmaq ümidi ilə gəlir, axtardıqları insanı təsvir edir, haqqında məlumat verirdilər.

 Laçında döyüşən və itkin düşən oğlunu axtaran bir ata-ananın fəryadı isə indi də gözlərimin önündən getmir. Günlərin birində qapıda göy rəngli bir avtomobil dayandı, bir qadın, iki kişiydi, mühasirədən çıxan oğuldərəli Əli Əliyevin harada yaşadığını soruşdular, atam dedi ki, düz gəlmisiniz, qonaqları evə dəvət etdi.

 Tərtər rayonundan dəlmişdilər. Laçında döyüşən, iki aydan artıqdır bir yeri-yurdu bilinməyən, itkin düşən Vüqar adlı cavan oğlanı axtarırdılar. Gələnlər itkin döyüşçünün ata-anası və dayısıydı. Oğlanın əlamətlərini söylədilər, anası qoynundan bir şəkil çıxarıb göstərdi, nə vaxt müharibəyə getdiyini, hansı cəbhələrdə döyüşdüyünü, sonuncu dəfə evə nə vaxt gəldiyini, anasına tezliklə qayıdacağına söz verdiyini dedilər. Məlum oldu ki, əslən Laçındandırlar, babaları köçüb Tərtərdə məskunlaşıb.

 Atam şəkli götürüb diqqətlə baxdı. Deyəsən, bir neçə döyüşçünün birgə fotosuydu. Əlini şəkildəkilərdən birinin üzərinə qoydu, övladlarını axtaranlardan soruşdu ki, bu oğlanı axtarırsınız, dedilər, bəli.

 Həmişə soyuqqanlı və təmkinli olan atam həyəcanlı görünürdü, alnı qırışmış, sifəti qap-qara olmuşdu. Atam siqaret çəkən deyil, o gün ilk dəfə əlində siqaret gördüm. İtkin oğlanın atası, dayısı isə siqaretləri bir-birinin közündə yandırırdılar. Atam bütün varlığı ilə cavan övladlarını axtaran tərtərlilərin dərdinə şərik olmuşdu.

 Söhbət uzun çəkdi, atam başlarına gələnləri danışdı. Söylədi ki, Laçından Kəlbəcər istiqamətində Vüqarla birlikdə gəliblər. Yol yoldaşlıqları Kəlbəcərin Quzey Çirkin kəndinədək davam edib. Quzey Çirkində körpüyə enəndə ermənilərlə döyüşüblər, onlarla azərbaycanlı yaralanıb, həlak olub. Ondan sonra Vüqarı görməyib.

 Həyətə çıxdılar, atam gələnləri maşının yanına kimi yola saldı. Vüqarın ata-anası maşına oturandan sonra atam dayısını kənara çəkdi. Dedi ki, həyatdır, hər kəsin bir qisməti var, kimin başına nə vaxt nə iş gələcəyini bilmək olmaz, bunlar Allahın qismətidir. Ona görə də səbirli olmaq lazımdır, əlimizdən bir şey gəlmir. Vüqarın dayısı işin nə yerdə olduğunu anlamışdı, buna baxmayaraq atama dedi ki, bildiklərini söylə.
 
 Atam danışdı ki, Quzey Çirkinə çatanda Vüqar körpüyə enən ilk dəstədə olub. Orada döyüş başlayıb, hamı geri çəkilmək məcburiyyətində qalıb. Səhər yoldaşlardan bir neçəsi ilə rastlaşıblar, onlar deyiblər ki, ermənilər Vüqarı vurdular, xaçmazlı Tərlan da düşmən gülləsinə tuş gəldi. Vüqar orada həlak olub, Tərlan isə yaralıymış, zəif səslə deyirmiş ki, məni də aparın, amma ermənilər onu döyüş meydanından çıxarmağa imkan verməyiblər.

 Atam bu qara xəbəri övladlarını axtaran valideynlərin üzünə deyə bilmədi, dayısına söylədi. O elə bir nalə çəkdi ki, maşındakılar düşdülər. İnsanın ürəyini ağrıdan, tüklərini biz-biz edən, göz yaşının sel kimi axıdan mənzərə yaranmışdı. Vüqarın anasının ürəyi getdi, anam su gətirdi, onu toxtatmağa çalışdı. Atam-anam onlara təskinlik verməyə çalışırdı, amma gənc övladını itirən, onun qara xəbərini alan valideynə təsəlli vermək mümkündürmü?

 Laçının Dambulaq kəndindən olan Əhliman iki qızı, oğlanları ilə birlikdə itkin düşmüşdü, onlardan da bir soraq yoxuydu. Əhlimanın həyat yoldaşı Maral Hüsənliyə gəldi. Günlərdir ac-susuz olan, yemək yeməyən, su içməyən bu qadın havalanmaq həddinə çatmışdı, dayanmadan ağlayır, qızlarını, oğlanlarını çağırırdı. Atam Əhlimangili görmədiyini söylədi, onunla xeyli danışdı. Qadını heç olmasa bir stəkan çay içməyə razı salmaq üçün atamla birlikdə nənəm və anam da ona yalvarırdılar. Bir neçə gün əvvələdək, atam mühasirədən qayıdanadək günlərlə ac-susuz qalan nənəm indi bu qadını yemək yeməyə, su içməyə razı salmağa çalışırdı. Amma heç bir nəticəsi olmadı. Yayın isti günündə ağlaya-ağlaya Hüsənliyə gələn qadın əliboş və ümidsiz, ağlaya-ağlaya geri qayıtdı. Sonralar onun qızları və oğlanları mühasirədən çıxıb gəldi, Əhliman kişi isə ermənilərlə döyüşdə həlak olmuşdu.

 Atamın gəlməyi qayğılarımızı xeyli azaltmışdı, indi özümüz arxalı hiss eləyirdik. O, ailəmizin dolanışığını təmin etmək üçün çalışırdı. Hüsənlidə çətinliklərlə dolu, amma sakit həyat yaşayırdıq. Bu sakitliyi yenə də ermənilər pozdu, düşəm göz açmağa, özümüzə gəlməyə imkan vermədi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır