Modern.az

Ülvi Quliyev: “AŞPA ikili standart pandemiyasına yoluxub”

Ülvi Quliyev: “AŞPA ikili standart pandemiyasına yoluxub”

Parlament

8 İyun 2020, 12:56

“Azərbaycan hər zaman beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib. Bunun da əsas məqsədi ölkəmizin sürətli inkişafının qarşısını almaq və dünyada nüfuzunun artmasına imkan verməməkdir. Anti-Azərbaycan mövqeyi tutan və ölkəmizə qarşı qərəzli siyasət yürüdən beynəlxalq təşkilatlar arasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi “fəallığı” ilə seçilir. AŞPA ikili standart pandemiyasına yoluxub və ciddi müalicəyə ehtiyacı var”.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

 

O qeyd edib ki, Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı bir sıra məsələlərlə yanaşı beynəlxalq təşkilatların Azərbaycanla bağlı tutduqları ədalətsiz mövqeyə, ölkəmizin üzləşdiyi ikili standartlara da toxunub.

 

Deputat deyib ki, dövlətimizin başçısı belə siyasət həyata keçirən beynəlxalq təşkilatları və dövlətləri ifşa edib: “Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycana qarşı qərəzli mövqe tutan qurumlardan biri də AŞPA-dır. Bu təşkilat daimi ölkəmizə ədalətsiz münasibət göstərir, əsassız, heç bir fakta söykənməyən qərar və qətnamələr qəbul edir”.

 

Ü.Quliyev vurğulayıb ki, AŞPA-nın Azərbaycanla bağlı qərəzli mövqeyi əsasən iki məsələdə özünü büruzə verir: “Bunlardan birincisi ölkəmizdə demokratiyaya, insan hüquqlarına, söz və mətbuat azadlığına, korrupsiyaya qarşı mübarizəyə və şəffaflığın təmin olunmasına olan münasibətdir. Sözsüz ki, Azərbaycan son illərdə bu sahələrdə uğurlu inkişaf yolu keçib, böyük nailiyyətlər qazanıb. Ölkəmizdə insan hüquqları qorunur, bunu pozanlara qarşı ciddi tədbirlər görülür. Söz və mətbuat azadlığı təmin edilir, jurnalistlər sərbəst fəaliyyət göstərə bilirlər, heç kim fikrinə görə təqiblərə məruz qalmır, həbs olunmur. Azərbaycanda minlərlə mətbuat orqanı var, internet məkanı azaddır, sosial şəbəkələrə heç bir məhdudiyyət qoyulmayıb, onlayın media geniş yayılıb.

 

Eyni zamanda Azərbaycanda demokratik dəyərlərə hörmət olunur, sərbəst toplaşmaq azadlığı təmin edilir, seçkilər tam azad və şəffaf şəraitdə keçirilir, demokratik təsisatların - siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xüsusən də Qeyri-Hökumət Təşkilatları sərbəst işləyə bilirlər. Büdcədən hər il siyasi partiyalara, QHT-lərə və KİV-ə vəsait ayrılır, bu sahələrə dövlət qayğısı göstərilir.

 

Bundan başqa, korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Son illərdə bu sahədə böyük dəyişikliklər baş verib. Cənab Prezident korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı barışmaz mövqe tutub. Görülən tədbirlər nəticəsində şəffaflıq təmin edilir.

 

Ölkəmiz sosial-iqtisadi inkişafla yanaşı bu sahələrdə də böyük uğurlara imza atıb. Azərbaycan demokratiya, insan hüquqları, söz və mətbuat azadlığı sahəsində digər ölkələrə nümunə ola bilər. Buna baxmayaraq, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın qərəzli mövqeyi ilə rastlaşır. Hansı ki bu qurum digər ölkələrdə, xüsusən də Ermənistanda insan hüquqlarının pozulmasına, seçkilərin saxtalaşdırılmasına, dinc nümayişçilərə qarşı güc tətbiq olunmasına, qəddarlığa göz yumur, belə halların qarşısında heç bir əməli addım atmır”.

 

Ü.Quliyev bildirib ki, AŞPA-nın Azərbaycanla bağlı qərəzli mövqe tutduğu ikinci məsələ Dağlıq Qarabağ münaqişəsidir: “Azərbaycan və Ermənistan 2001-ci il yanvarın 17-də Avropa Şurasına üzvlüyə qəbul olunublar. Həmin dövrdə hər iki ölkə Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürüblər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Öhdəliklərin həyata keçirilməsinin monitorinqini isə Avropa Şurası həyata keçirir. Azərbaycan hər zaman öhdəliklərinə sadiq qalıb.

 

Ermənistan isə bir sıra öhdəliklərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliyə də əməl etmir. Amma Avropa Şurası buna görə Ermənistana heç bir söz demir, irad bildirmir və işğalçı ölkə haqqında tədbir görmür. Bu da son nəticədə Avropa Şurasının öz ziyanına işləyir, onu bir beynəlxalq qurum kimi nüfuzdan salır. Çünki Avropa Şurası özünün dəyərlərinə və öhdəliklərinə əməl etmir”.

 

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı AŞPA-Azərbaycan münasibətlərinə də toxunub: “Dövlət başçısı qeyd etdi ki, son vaxtlar AŞPA-da Azərbaycana qarşı nifrət aşılanır və mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqe nümayiş etdirilir. Cənab Prezident vurğuladı ki, heç kəsə sirr deyildir ki, son vaxtlar AŞPA tamamilə nüfuzdan düşən bir quruma çevrilib. Hesab edirəm ki, bu tamamilə obyektiv və reallığı əks etdirən qiymətləndirmədir. Ona görə də AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. Heç kəsə sirr deyil ki, bu qurumda son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, müzaakirələr sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar Avropa Şurasının əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.

 

AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

 

Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən Avropa Şurası və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cəsarət etmirlər”.

 

Ü.Quliyev hesab edir ki, AŞPA nüfuzunu bərpa etmək istəyirsə, Azərbaycana münasibətdə qərəzdən əl çəkməli və ədalətli mövqe tutmalıdır: “Çünki Azərbaycan böyük ölkə olmasa da, güclü dövlətdir. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş və güclü dövlətidir. Dünyada ölkəmizə, onun liderinə böyük hörmət göstərirlər, sözünü dinləyirlər. Çünki Azərbaycan dünyada sülhə, əməkdaşlığa, təhlükəsizliyə, xüsusən də enerji təhlükəsizliyinə böyük töhfələr verir.

 

Koronavirus pandemiyası da Azərbaycanın nə qədər önəmli dövlət olduğunu təsdiqlədi. Rəsmi Bakı dünyada pandemiyaya qarşı mübarizədə fəal rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirak ediblər. Bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.

 

Azərbaycan bu qədər iş gördüyü halda bəs Ermənistan nə edib? Heç nə. Bu ölkə heç öz vətəndaşlarını pandemiyadan qorumaq üçün ciddi addım ata bilməyib, ölkədə acınacaqlı vəziyyət hökm sürür. Baş nazir Nikol Paşinyan özü etiraf etdi ki, xəstəxanalarda boş yer qalmayıb, xəstələri qəbul edə bilmirlər. Yəni Ermənistan koronavirus məsələsində də dünyaya yük olub. Amma bir sıra beynəlxalq təşkilatlar bunu görmürlər”.

 

Deputat AŞPA-ya çağırış da edib: “Bu qurum Azərbaycanın region və dünya üçün əhəmiyyətini anlamalı və tutduqları səhv mövqedən çəkilməlidir. Azərbaycan və Ermənistan heç bir halda tərəzinin eyni gözünə qoyula bilməz. Çünki Azərbaycan işğala məruz qalan, Ermənistan isə işğalçı, Azərbaycan dünyada əməkdaşlığa, sülhə, təhlükəsizliyə töhfə verən, Ermənistan isə bunların əksinə fəaliyyət göstərən, Azərbaycan inkişaf edən, Ermənistan isə iqtisadiyyatı çökmüş vəziyyətdə olan ölkədir. AŞPA bunları nəzərə alsa, bir qurum kimi hörmət qazanar, nüfuzunu bərpa edər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi