Modern.az

Deputatlar sərt karantin rejimində nə etdilər? - “Özünümüalicə ilə məşğul oldum”, “Xəmir yoğurub çörək bişirdim”

Deputatlar sərt karantin rejimində nə etdilər? - “Özünümüalicə ilə məşğul oldum”, “Xəmir yoğurub çörək bişirdim”

Parlament

8 İyun 2020, 13:56

İyunun 6-7-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində sərt karantin rejimi tətbiq edilib. Mağazaların, apteklərin fəaliyyəti dayandırılıb, bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Maraqlıdır, həftənin şənbə-bazar günləri tətbiq edilən karantin qaydalarına Milli Məclisin deputatları necə riayət ediblər?

Modern.az mövzuya münasibət öyrənməyə çalışıb.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin  sədri Musa Quliyev
ailəsi ilə evdə olduğunu bildirib:


“Heç birimiz evdən çölə çıxmadıq. İki günümüz də rahat keçdi. Kitab oxudum, medianı, televiziyanı izlədim. Hesab edirəm ki, insanın psixoloji hazırlığı olmalıdır. Psixoloji hazırlıq olandan sonra problem də olmur. Ancaq televiziyadan və mətbuatdan izlədiklərimə təəssüf də etdim. O insanları anlamıram ki, iki günün içərisində dama çıxıb kabab bişirir, yaxud da orda samovar qaynadır. Axı nə olub?! Hesab edin ki, müharibədir və heç kim evdən çölə çıxa bilməz. Baxmayaraq ki, həmin şəxslər özlərinə bərabət qazandırıb deyə bilərlər ki, “heç kimə mane olmuruq”. Ancaq bu çox pis ənənəyə çevrilə bilər. Təsəvvür edin ki, hər kəs manqalını götürüb evin damına çıxır. Şəhəri tüstü bürüyər. Hesab edirəm ki, belə gərgin zamanda həkimlərimizin və polislərimizin əməyini başa düşmək lazımdır. Ancaq vətəndaşlarımızın böyük əksəriyyəti 2 günlük karantin rejiminə çox ciddi əməl etdilər”.


Deputat Anatoli Rafaelov
həyatında ilk dəfə evdən çölə çıxmadığını deyib:


“İki gün ərzində özümü müalicə etməklə məşğul olmuşam. Həyatımda ilk dəfədir ki, iki gün ard-arda evdə qalırdım. Darıxmadığımı da deyə bilərəm. Hər şey qaydasında keçdi”.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı
da evdən çölə çıxmadığını qeyd edib:


“İki gün anam və ailə üzvlərimlə birgə olduq. Evdən çölə çıxmadıq. Hesab edirəm ki, hər birimizin borcu qaydalara əməl etməkdir. İki gün ərzində həm dincəlmişəm, həm də  layihələrimlə məşğul olmuşam. Həmçinin, iki gün evdə qalmağı çox yaxşı fürsət kimi dəyərləndirirəm. İş günündə hər şeyi planlaşdıra bilmirik. Sərt karantin günlərində həm partiyamızın işləri ilə məşğul olduq, həm də seçiciləri onlayn qaydada qəbul edə bildik”.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini  Jalə Əliyevanın
sözlərinə görə, qoyulan qaydalara əməl etmək məcburiyyətindəyik:


“Birinci növbədə özümüzün və ailəmizin sağlamlığı üçün bu çox önəmlidir. Bunu anlayışla qarşılayan hər kəsə təşəkkür edirik. Düşünürəm ki, məsələnin fəlsəfəsinə varsaq, böyük insan ömrünün xilas olunması naminə bir neçə gün evdə oturmaq elə də böyük hadisə deyil. İnsanlarımız bunu anlamalı və əməl etməlidirlər. Yanlış anlaşılmasın, COVID-19 hardasa,  elan olunmamış müharibədir. Biz anlamalıyıq ki, əgər müharibənin silahı varsa, pandemiyanın da silahı bizim bədənimizə yeriyən virusdur. Bu müharibəyə qarşı özümüz mübarizə aparmalıyıq.
Mənə gəlincə, onu deyə bilərəm ki, hamı kimi evdə oldum. Küçəyə çıxmadıq. Hətta zibilimizi belə bloka atmadıq. Qaydalara riayət etmək formasında işlərimizi gördük. Hətta dünən xəmir yoğurub çörəyimizi də bişirdim. Düşünürəm ki, hər bir insan oğlu gözlənilməz hadisələrə hazır olmalıdır. Dövlətimiz əlindən gələni edir. Biz də vətəndaş olaraq bu məsələlərə daha məsliyyətli yanaşıb dövlətimizin yanında olmalıyıq”.


Deputat Fəzail Ağamalı
  evdə qalmaqla yaxşı istirahət edə bildiyini vurğulayıb:



“Bildiyiniz kimi, bir neçə ay bundan qabaq hər birimiz “evdəqal” kampaniyasına qoşulmuşduq. Uzun müddət də evdən çölə çıxmadıq. Eləcə də iki gün sərt karantin qaydalarına riayət etdik. Evimizdə dincəldim, yaradıcılıqla məşğul oldum. Eyni zamanda,  illərdən bəri planlaşdırdığımız bəzi məsələləri həll etməyə çalışdım. İki  gün normal keçdi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?