Media Hüququ İnstitutu (MHİ) 68 dövlət qurumunun internet saytının monitorinqini başa çatdırıb. MHİ monitorinqin nəticələri əsasında hazırladığı “Dövlət qurumlarının Onlayn Şəffaflıq hesabatı”nı 17 May Ümumdünya İnformasiyalı Cəmiyyət Günündə ictimaiyyətə təqdim edib.
“Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nı hazırlayan Eksperlər Qrupunun rəhbəri Xalid Ağalıyev hesabatı təqdim edib. Onun bildirdiyinə görə, hesabat 68 dövlət qurumunun - nazirliklərin, dövlət komitələrinin, komissiyalarının internet saytlarının 3 ay davam edən monitorinqi əsasında hazırlanıb. Təqdim olunan hesabat 5 bölümdən ibarətdir. Birinci bölüm ön sözə, hesabatın məqsədlərinə həsr olunub. Növbəti bölümdə bilgi azadlığı qanunvericiliyi şərh olunur, 3-cü bölümdəsə internet saytlarının monitorinqinin metodologiyası yer alıb. Metodologiyaya görə, monitorinq zamanı 200 növə qədər bilginin saytlara daxil edilib-edilmədiyi araşdırılır. Hansı ki, həmin bilgilərin açıq tutulmasını Azərbaycan Respublikasının Konstitusiyası, İnformasiya əldə edilməsi haqqında Qanun, İnformasiya əldə edilməsi haqqında Qanunun tətbiqi ilə bağlı Fərmanlar və digər əlaqəli hüquqi sənədlər, dövlət orqanlarının və bələdiyyələrin internet resurslarının yaradılması və formalaşdırılması Qaydaları tələb edir. Monitorinq zamanı 200 növə qədər bilginin tamlığı, aktuallığı, habelə çatım rahatlığı da araşdırma obyekti olub. Araşdırmalar bitdikdən sonra əldə edilən bilgilər elektron hesablama proqramına daxil edilir, həmin proqramsa saytların şəffaflıq indeksini hesablayır. Şəffaflıq indeksi 3 mərhələləidir - tələb olunan bilgilərin 30%-ə qədəri sayta daxil edilibsə, bu aşağı şəffaflıq, 30%-70%-i daxil edilibsə orta şəffaflıq hesab edilir. Tələb edilən bilgilərin saytlara daxil edilmə faizi 70%-dən yüksək olduqda bu yüksək şəffaflıq səviyyəsi hesab olunur.
X.Ağaliyev bildirib ki, heç bir sayt yüksək şəffaflıq səviyyəsinə malik deyil. Azərbaycanda ən qabaqcıl saytın şəffaflıq göstəricisi 46%-dir. Monitorinq zamanı şəffaflıq faizi 30-dan yüksək olan saytların sayı cəmi 17 olub. 51 saytın şəffaflıq dərəcəsi 30%-dən aşağıdır.
X.Ağaliyevin bildirdiyinə görə, monitorinq zamanı bəlli olub ki, saytlara daha çox qurumlarla bağlı ümumi xarakterli və strukturla bağlı informasiyalar daxil edilir. Belə informasiyaların şəffaflıq faizi ortalama 35-40% təşkil edir. Saytları monitorinq edilən qurumların əksəriyyəti satınalmalarla, tenderlərlə bağlı bilgiləri açıqlamaqdan çəkinirlər. Belə bilgilərin şəffaflıq faizi 8% civarındadır. Büdcə, maliyyə məsələləri ilə bağlı bilgilər ən qapalı bilgilər sırasında öndə durur. Dövlət qurumları belə bilgilərin orta hesabla 6% -ni açıq tuturlar.
Hesabatın 4-cü bölümündə dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələri üzrə reytinq sıralaması ifadə olunub. Sıralamaya 68 dövlət qurumu daxildir. Sonuncu beşlikdə Ali Attestasiya Komissiyası, Milli Təhlükəsizlik Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Bakı Metropoliteni İdarəsi və Müdafiə Nazirliyinin saytları yer alıb. Həmin qurumların şəffaflıq dərəcəsi 4-11% təşkil edir.
İlk beşliyə Mərkəzi Bankın (5), Dövlət Sosial Müdafiə Fondunun (4), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (3), Baş Prokurorluğun (2) saytları daxildir. Həmin qurumların şəffaflıq dərəcəsi 36-40% arasında dəyişir. Monitorinqin nəticələrinə görə ən şəffaf qurum Vergilər Nazirliyinin saytı olub. Bu qurumun saytın 46% şəffafdır.
Hesabatın son bölümündə MHİ-nin hökumətə tövsiyyələri yer alıb.
Qeyd edək ki, MHİ internet saytlarının monitorinqinin nəticələrini açıqladıqdan sonra ön pillədə dayanan qurumları “Şəffaf Açar” mükafatı ilə təltif edir. Bu mükafat öndə gedən qurumların şəffaflıq indeksinin 50%-in altında qalmasına görə təqdim olunmayıb.
Modern.az