Modern.az

Zamanın çayları üstündə salınan yeddi tağlı sənət körpüsü

Zamanın çayları üstündə salınan yeddi tağlı sənət körpüsü

9 İyun 2020, 11:45

RafiqYusifoğlu,
Əməkdar mədəniyyət işçisi, şair,
filologiya elmləri doktoru, professor.


(Xalq şairi Qabilin yeddi cildliyi haqqında düşüncələr)

 

Nakam getdi, ürəyində sözü, söhbəti...

Yaradardı, əcəl möhlət versəydi əgər.

Ucalmadı, parlamadı, şanı, şöhrəti

Hamı Sabir, hamı Vurğun olurmu məgər?

 

Bu misralar Qabil İmamverdiyevin 1958-ci ildə şair Bəbir Məmmədzadənin xatirəsinə həsr elədiyi “İlk qafiyələr” şeirindəndir. Doğrudan da, hər şairin, yaradıcı insanın öz taleyi var. Ən istedadlı adamların belə tale üzünə gülməyəndə uğur qazana, ad-san sahibinə çevrilə blmir. Bu baxımdan yanaşanda Qabil taleyi üzünə gülən, naxışı gətirən qələm sahiblərindəndir. Onun sağlığında sayılıb-seçilən, yaşadığı dövrün ədəbi prosesində özünəməxsus yeri olan şair kimi tanınmasında, Əməkdar İncəsənət Xadimi, Xalq şairi fəxri adları almasında, Dövlət Mükafatı laureatı olmasında da istedadla bərabər, bəxt məsələsi də aparıcı amillər sırasındadır. Elə ilin-günün bu məqamında, ədəbiyyata, sənətə marağın azaldığı bir dövrdə  Qabilin əsərlərinin 7 cildliyinin nəfis şəkildə çap olunması da sənətkarın xoşbəxt taleyinin cismani ömründən sonra da davam etməsi kimi dəyərləndirilə bilər. Kaş öz övladlıq borcunu ləyaqətlə yerinə yetirən, dünyasını dəyişən atasına belə bir dəyərli abidə ucaldan Mahir Qabiloğlunun sağ əli cismani həyatını başa vurandan sonra unudulan, nəinki cildləri, heç kitabları da çap olunmayan istedadlı şair və yazıçılarımızin övladlarının başına olaydı...

İndi haqq dünyasında olan Qabil müəllimin yeddi cildliyini vərəqləyə-vərəqləyə onunla tanış olduğum günlərin tarixçəsini xatıtlayıram. Bu haqda “Oğuz eli” qəzetinin Qabilə həsr olunmuş xüsusi buraxılışında gedən öz yazımı oxuyuram. “Qabil əmi” adlanan bu kiçik yazı belə idi:

         
“Qasım Qasımzadədən sonra mənim şəxsən tanış olduğum ilkşair Qabilolub. 1965-ci ildə Qubadlıda orta məktəbin doqquzuncu sinfində oxuyanda dedilər ki, şair Qabil oxucuların görüşünə gəlib. Bizi də həmin görüşə apardılar. Ədəbiyyat müəllimimiz İmamqulu Şahmuradovun çıxışından sonra məktəblilər adından danışmaq üçün mənə də söz verdilər. Qabil çıxışında məni tərifləyəndə sevincimdən uçmağa qanadım yox idi. Bu tərifdən sonra onun oxuduğu ”Küləkli havalarda, yağışlı havalarda”adlı şeirinin ahəngi indi də yadımdadır.

         
Tələbəlik illərində Qasım müəllim məni redaksiyaya aparıb Qabillə tanış elədi və o vaxtdan demək olar ki, hər həftənin birinci günü ”Ədəbiyyat və incəsənət” qəzetinə gedib-gəlməyə, Qabil müəllimin şeir-sənət haqqında söhbətlərinə qulaq asmağa başladım.  ”Ədəbiyyat və incəsənət” qəzetində ilk şeirlərim çap olunanda sevincimin hədii-hüdudu yox idi… Qabil müəllim ”Azərbaycan” jurnalında şöbə müdiri, baş redaktor müavini işləyəndə də onunla tez-tez görüşür, duzlu-məzəli söhbətlərinə qulaq asırdım.

         
Qabil avtoqrafla mənə bir neçə kitabını bağışlayıb. ”Dostlarım, tanışlarım” adlı kitabına 26 yanvar 2003-cü ildə belə bir avtoqraf yazmışdı Qabil müəllim: ”Gözümün qabağında ədəbiyyata gələn, gözümün qabağında şair, alim, jurnalist, əsl kişi olan Rafiq Yusifoğluna – Qasım yadigarına Qabildən”…

         
“Yaradıcılıq şəxsiyytdən başlayır” deyənlərin sözlərində böyük həqiqət var. Özü yaxşı, maraqlı, kamil insan olmayanın böyük sənətkara çevrilməyinə adamın inanmağı gəlmir. Qabil müəllimin poeziyasının ən birinci məziyyətini şərtləndirən amil səmimiyyətdir. O, çoxsadə, duzlu, məzəli, sözü üzə deməkdən çəkinməyən, mənəviyyatca təmiz bir insan idi. Bu tanınmış şairin müxtəlif səpkili şeirləri, poemaları onun daxili dünyasının poetik aynasıdır. Qabil müəllimin müxtəlif səpkili şeirləri, poemaları ayrıca tədqiqat mövzusuna çevrilə bilər. Mən istər namizədlik,  istərsə də doktorluq dissertasiyası yazanda digər görkəmli sənətkarlarla birlikdə Qabil müəllimin poemalarının da şərhinə xeyli yer ayırmışdım.

         
Bir dəfə Qabil müəllim bizim redaksiyaya gəlmişdi. Həmişə açıq olan qapımı bağlayanda hiss elədim ki, şair nəsə mənimlə ciddi bir söhbət eləyəcək. Elə də oldu. Dedi ki, Yazıçılar İttifaqında sənin  poema haqqında monoqrafiyanı gördüm. Özün yaxşı bilirsən ki, mən sənin həmişə xeyirxahın olmuşam. Bəs necə olur ki, mənim poemalarım haqda bir kəlmə də  yazmamısan?       Təəccübləndim. Haqqında söhbət gedən kitabımı açıb Qabil müllimin poemaları haqqında  yazılan səhifələri göstərdim və həmin monoqrafiyanı ona bağışladım. Ayağa durub məni öpdü və özünəməxsus səmimiyytlə dedi ki, məni fitləyib sənin üstünə davaya göndərmişdilər. ..

         
Qabil müəllim əlinə keçən yazılarımı, kitablarımı oxuyanda zəng eləyib mənə xoş sözlər söyləyəndə çox sevinirdim. Onun qayğı və diqqəti həmişə məni riqqətə gətirirdi. ”Nəsimi” poeması ayrıca kitab şəklində nəşr olunanda onun üstünə daha ərkyana bir avtoqraf yazmışdı Qabil müəllim: ”Əziz dostum RafiqYusifoğlu! Bu əsəri indiki ağlınla, zövqünlə, dünyagörüşünlə oxu! Bildin?! Qabil əmi”… Doğrudan da, Qabil heç nə yazmasaydı belə, mükəmməl struktura, bədii sənətkarlıq xüsusiyyətlərinə malik “Nəsimi” poeması onun adını ədəbiyyat tariximizə əbədi həkk edəbiləcək bir əsər idi… Qəbri nurla dolsun Qabil əminin”…

Bu kiçik məqalə 2014-cü ildə yazılıb çap olunmuşdu. İndi isə 2020-ci ildir. Qabilin 7 cildliyində çap olunan istər mövzu və problematika, məzmun, istərsə də bədii səntkarlıq, dil və ifadə baxımından əhəmiyyətli dərəcədə fərqli yazılarını oxuya-oxuya şairin keçdiyi ziqzaqlı yaradıcılıq yolu timsalında onun yaşadığı mühitin ümumi mənzərəsini xəyalımda canlandırır, həmin dövr ədəbiyyatının, eləcə də Qabilin əsərlərinin məziyyət və nöqsanları haqqında düşünürəm. Tarix həm ibrətamiz həyat hadisələri, həm də o dövrün düşüncə tərzini, indi məqbul sayılmayan bədii nümunələri ilə zəngindir. Bu mənada kitabın tərtibçisi Mahir Qabiloğlunu alqışıayıram ki, bu günün reallığını nəzərə alıb bəzi yazıları çıxdaş, ixtisar eləmir, bütün əsərləri necə var eləcə təqdim etməklə ədəbiyyat tariximizin keçdiyi yol haqqında bəzək-düzəksiz real təsəvvür yaradır.


Məlumdur ki, insanın daxili dünyasının, onun hiss və həyəcanlarının bədii əksində poeziyanı heç nə əvəz edə bilmir. Ona görə ki, poeziya təkcə həyatın görünən yox, görünməyən tərəflərini də əks etdirmək gücündədir. Poeziya şair ürəyinin sehrli kardioqramıdır. Elə bir kardioqram ki, onu ancaq poetik duyumu yüksək səviyyədə olan ədəbiyyatşünaslar “oxuya” bilir.  Bu əyiş-üyüş xətlər ürəyin ritmini müəyyənləşdirmək imkanı verdiyi kimi, ayrı-ayrı zamanlarda, ayrı-ayrı ovqatlarda yaranan poetik nümunələr də şairin daxili dünyası, onun keçirdiyi “xəstəlıklər”, “sağalmalar” haqqında da müəyyən təsəvvür formalaşdırır. Bu nöqteyi-nəzərdən yanaşdıqda Qabilin 7 cildliyində toplanan şeir və poemalar onun keçdiyi ömür yolunun ziqzaqlı mənzərəsini göz önündə canlandırır. O dövr üçün səciyyəvi “sosializm, kommunizm virusu” Qabilin şeirlərinin də canına, qanına, iliyinə hopmuşdur. Lenin,  sovet döyüşçüsü, fəhlə, kolxozçu,  əkinçi, biçinçi, neftçi haqqında olan şeirlər bu qəbildəndir və bu şeirlərə, orada səsləndirilən fikirlərə görə qətiyyən şairi qınamaq haqqımız yoxdur. Fikrimizcə, bu tipli şeirlərin külliyyata daxil edilməsi bir qələm adamının taleyi timsalında insanların keçdiyi yolu təsəvvür etmək baxımından əhəmiyyətlidir.



Ən maraqlı fakt isə odur ki, həssas bir ürək sahibi, gözəllik aşiqi olan Qabilin poeziyasında Azərbaycan təbiətinin təsviri və tərənnümü ön plandadır. Bu baxımdan onun yaradıcılığının ayrı-ayrı dövrlərində yazdığı “Mənim romantikam”, “Ərəb dərəsi”, “Səhər açılır”, “Səfalı şəhər”, “Dağlar”, “Bahar”, “Göyçay narı”, “Lalə”, “Qaranquş”, “Ay doğar”, “Azərbaycan torpağı”, “Quba bağları”, “Göygöl”, “Qoy danışsın təbiət”, “Astara yolları”, “Payız düşüncələri”, “Külək, göl və dəniz” və s. şeirlər diqqəti cəlb edir. Bu şeirlərdə ayrı-ayrı fəsillərin də, konkret ünvanlı məkanların da təsvirinə rast gəlirik. Bu tipli yazılarda təbiətə lirik qəhrəmanın həssas münasibəti özünü göstərməkdədir. Maraqlı cəhətlərdən biri də odur ki, Qabil başqa mövzuda yazdığı şeir və poemalarında da qəhrəmanların düşdüyü əhvali-ruhiyyəyə uyğun peyzaj cizgilərindən istifadə edir ki, bu da istər-istəməz şeirin emosional təsir gücünü artıran vasitəyə çevrilir.


Qabilin təbiət şeirlərində klassik ədəbiyyatımızdan gəlmə təbiət cisimlərinə müraciət etməklə fikir söyləmək üsulundan – təcəssümdən istifadə əsas poetik fiqurlar sırasındadır. Məsələn, “Bənövşə”, “Şəlalə”, “Bülbül”, “Qaranquş”, “Ay meşə”, “Xəzri, əs” və s. şeirlər bu baxımdan maqraqlıdır. Təbiət cisimlərinin obrazlaşdırılması olduqca vacib məsələlərdən biridir və poeziyamızın bu sahədəki ənənələrini Qabil öz şeirlərində uğurla davam etdirə bilir. Həyat hadisələrini bədii mənalandırma ustalığı hər bir şair üçün çox vacib məsələdir. Qabilin şeirlərində də maraqlı bədii mənalandırmalar var. Məsələn, Xızı dağlarının özünəməxsus rəngi hamıya məlumdur.Müşfiq ocağı önündə düşüncələrə dalan Qabilin bu rəngi Müşfiqin sevimli həyat yoldaşı Dilbərin toy xınasına bənzətməsi maraqlı detaldır.


Xınalı saçlardan silinər xına,

Gedər əl-ayaqdan, yeri bilinməz.

Müşfiqin, Dilbərin o toy xınası

Xızı dağlarından heç vaxt silinməz.

 

Yaxud, “Ulduzlar” şeirinin bu son misralarına diqqət yetirək:

 

Bir teleskop şüşəsi, bir də şair gözü var,

Hansına keyfinizdir, ona da inanın siz...

 

Döğrudan da, yaşanan ömrün, dövrün hadisələrinə şair gözüylə baxmaq, onları şair fəhmi ilə mənalandırmaq dünyanın poetik dərkinin ən vacib məsələləri sırasındadır.

Poetik xatırlama, ömrün ötən günlərinin bu günün reallığı prizmasından bədii dillə mənalandırılması – retrospeksiya poeziyada əhəmiyyətli yer tutan bir məsələdir. Bir var ömrün ötən günlərini sadəcə olaraq xatırlayasan, bir də var həmin günləri xatirələr işığında mənalandırmağa, hətta özünün belə bir vaxt görə bilmədiyin mətləbləri poetik düşüncələr vasitəsi ilə nəinki oxuculara, hətta özün üçün də aydınlaşdırmağa çalışasan. Bu mənada poeziya həm də dünyanın intuitiv dərki prosesidir. Həyat hadisələri poetik biçimdə olanda onun qavranılması xeyli dərəcədə asanlaşır. Dünya poeziyasında xatirələrin təsviri lirik qəhrəmanın keçdiyi həyat yoluna ömrün zirvəsindən qayıdıb baxmaq imkanı verir. Bizim Azərbaycan poeziyasında da, elə Qabilin yaradıcılığında da belədir. Ötən günlərin xiffəti - nostalgiya poetik libasa bürünəndə daha cazibədar görünür. Şair “tənhalıq vadisində” qulaqları cingildəyəndə ötüb-keçənləri xatırlayır, poetik sözün gücü ilə o dövrün mənzərələrini əks etdirməyə, oxucularına da göstərməyə çalışır. “Odunçular”, “Kənd müəllimi”, “Mənim məktəb yoldaşım”, “İlk qafiyələr”, “Ağrı”, “Xırman”, “Gecə keçir”, “Xatirə”, “Sən gedirsən”, “Sonuncu kibrit çöpü”və sair şeirlərdə Qabil keçdiyi ömür yolunu həyəcanla, ürəyi əsə-əsə, qələmi titrəyə-titrəyə xatırlayır.

Qabilin səfərə getdiyi ölkələrlə bağlı şeirlərində dünyaya “sosialist realizmi” pəncərəsindən baxmaq istəyi olsa belə, gəzib-gördüyü ölkələrlə bağlı onun poetik xatırlamaları da maraqlıdır.

Xalqın milli birliyi məsələsi Qabilin əsərlərində aparıcı yer tutan poblemlərdəndir... Təbrizdən yazıçılarımıza göndərilən ayrı-ayrı “salam məktubları”ndan təsirlənən Qabilin 1967-ci ildə yazdığı “Aldım salamını” adlı şeiri vətən həsrəti ilə alışıb yanan tanınmış qələm sahiblərinin şeirləri ilə səsləşməkdə idi:


Aldım salamını şair qardaşım,

Gəldin göz önümə, gözüm ağladı.

Savalan qarıtək ağardı başım,

Dilləndim, dilimdə sözüm ağladı.

 

...Bu taydan o taya lalə gətirrəm,

Bağrı qapqaradır hicran dağından.

Qəhər boğa-boğa salam yetirrəm

Mən öz torpağıma, öz torpağımdan.

 

Yaşadığımız müstəqillik illləri dövründə ağrı-acılarımızın, tale yüklü problemlərimizin bədii əksi Qabilin ədəbi irsinin ən yaxşı nümunələri sırasındadır.

Uşaqlığı müharibə illərinə düşən Qabilin ömrünün ixtiyar çağlarının da müharibə illərinə təsadüf etməsi taleyin işidi. Böyük Vətən müharibəsi illərində, 1944-cü ildə yazıb çap etdirdiyi “Gəl, baharım” adlı ilk mətbu şeirində “Yolunu gözləyir artıq qızıl əsgər, baharım” söyləyən şair müstəqil Azərbaycanımızın ərazi bütövlüyünün bərpası üçün də ümidi əsgərə bağlayır, ancaq “sovet əsgərinə” yox, Azərbaycan əsgərinə!


Uzanır danışıqlar,

İmzalanır sənədlər.

Xəritədə aləmə

Göstərilir sərhədlər...

Səsimizə səs verir

Dünya başbilənləri;

Ümid sənədir ancaq

Azərbaycan əsgəri.


İlk şeirlərində böyük vətən müharibəsi qəhrəmanının faciəsini əks etdirərkən “qolunun biri boş pencək” detalından istifadə edən Qabil müstəqillik illərində Azərbaycan əsgərinin, vətən uğrunda həlak olan, sağlamlığını itirən qazilərimizin bədii obrazını yaradır. “Uçur tək qanadlı durna qatarı, Qoltuq ağacıyla uşaqlar gedir” tipli misralar oxucunun ürəyini göynədir.

 

“Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı, millətimi gülləbaran eylədilər! – misraları ilə başlayan məşhur mərsiyəsində bir zaman ümid bəslədiyimiz “xilaskar ordu”nun iç üzü açılır.

İmam Hüseyn müsibətindən bəhs edən “Şahi-xəndan” (2004) şeirinin son bəndinin belə bitməsi də təsadüfi deyildir:

 

Solmur şəhid qəbrindəki çiçəklər,

Solmaz gülüstan deyilir adına.

Haqq yolunda kəfən geyib bir ölkə,

Azərbaycan deyilir adına.

 

Ümumiyyətlə, Qabilin müstəqillık illərində yazdığı hərbi vətənparvərlik mövzusunda şeirləri ayrıca bir tədqiqatın predmeti ola bilər. “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Çalma, qaboy”, “Nisbi sakitlik nədir”, “Özgədən çək gözünü”, “Bu gün idman vaxtı deyil”, “Xəcalət”, “Qərənfillərdən uzaq”, “Çadırlar”, “Çadırlara alışmayın”, “Belə olmaz”, “Nəsimi bazarında”, “Rəqs”, “Hava necə olacaq”, “Haray, tələsin, gəlin” ,  “Lazım gəlsə...”, “Oda düşərlər, yada düşərlər”, “Bağlı qapılar”, “İki dağ” və sair şeirlərdə Azərbaycanı dərin məhəbbətlə sevən narahat, vətənpərvər, üsyankar bir şairin ürək döyüntülərini eşidirik. “Nəsimi”ni yazarkən şairin ürəyindəki mübarizlik, üsyankarlıq ruhu yeni bir çalarda onun poeziyasına qayıdır.

Bu məqamda yadıma Qabilin xarakterini açmaq baxımından şahidi olduğum maraqlı bir əhvalat düşdü. Azərbaycan Yazıçılarının yeddinci qurultayında SSRİ Yazıçılarının Moskvadakı qurultayında iştirak etmək üçün nümayəndələr seçilirdi. Təqdim olunan siyahıda Qabilin adı yox idi. Mirzə İbrahimov “kimin nə təklifi var?” deyəndə, Qabil əlini qaldırıb söz istədi və çıxışına bu sözlə başladı:

- Xalq yaxşı deyir ki, ağlamayana süd yoxdur. Mənim 60 yaşım var, Əməkdar incəsənət xadimiyəm, Dövlət Mükafatı laureiatıyam. Bunlar hamısı heç. Hamı bilir ki, mən yaxşı şairəm. Bilmək istəyirəm ki, bəs mən nə vaxt qurultaya nümayəndə seçiləcəyəm?

Hamımız diqqətlə Mirzə İbrahimovun şairin məntiqli sualına verəcəyi cavabı gözləyirdik. Mirzə İbrahimov uzun-uzadı danışdı, nümayəndələrin seçilmə mexanizmi, yer sayı, mehmanxana və sair bu kimi məsələlərdən söhbət açdı, axırda ona sual ünvanlayan şairdən soruşdu:

  • Qabil, başa düşdün?

Qabilin “Mirzə müəllim, başa düşmədim, amma Siz düz deyirsiniz” sözü salonda gülüşlə qarşılandı...

Neçə illər sonra Qabilin “Əsərlər”inin üçüncü cildində  1960-cı ilin yanvarında Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə olmuş əhvalat əsasında 1999-cu ildə yazılan “Teymurləngin şərəfinə” şeirini oxuyanda Azərbaycan Yazıçılarının qurultayında onun Mirzə İbrahimova verdiyi sual, Mirzə müəllimin diplomatik cavabının mahiyyəti və şairin ilk nəzərdə sadəlövh təsiri bağışlayan sözünün sətiraltı mənası mənə tamamilə aydın oldu. Məlum oldu ki, Qabil nəyə görə çox zaman mötəbər nümayəndə heyətinin tərkibinə daxil edilmirmiş. Banketdə çıxış etmək üçün Qabilə söz verəndə o, Teymurləngin şərəfinə badə qaldırır ki, bu da məclisdəkilərin narazılığına səbəb olur.


Biri dedi: – Səni nahaq

Gətirmişik bu gün bura.

Nə “Teymurləng” başlamısan

Kommunistlər dura-dura?


Yeddi cildlikdə Qabilin istər mövzu və problematika, istər həcm, istər ədəbi növ, janr, istərsə də bədii sənətkarlıq baxımından bir-birindən seçilən yaradıcılıq nümunələri verilmişdir. İki, dörd misralıq şeirlərdən əzəmətli “Nəsimi” mənzum romanına, bir neçə cümlədən ibarət düşüncələrdən, məqalələrdən “Ömür həbləri” romanına kimi... Yaşadığı ömür yolunda insan həmişə eyni ovqatda olmadığı kimi, eyni səviyyədə də əsərlər yarada bilmir. Külliyyatında şairin güclü, ortabab, zəif əsərləri də, kiməsə zarafatla ünvanlanan misraları da var... Ancaq bunların hamısı bizə Qabıilin yaradıcılıq yolundakı qabarma və çəkilmələri, onların obyektiv və subyektiv səbəblərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Ömrünün ixtiyar çağında öz yazdıqları bəzi nümunələri, ithaf şeirlərini özü də bəyənməyən şairin “Nəsimi” poemasını yazarkən ürəyində olan sənətkarlıq şövqünü arzulaması da Qabilin sənətə estetik münasibətini göstərmək baxımından maraqlıdır.


Nə yazım ki, yaşıllaşsın

Xəzəllər.

Mənə baxıb aşıb-daşsın

gözəllər.

Nə yazım ki, təzələnsin

Əzəllər.

Köhnə hörmət-ehtiramı

Qaytarım.

Nəsimilik bir ilhamı

Qaytarım.

 

Ancaq necə olur olsun, bütün yazılarında dillər əzbəri olan “Səhv düşəndə yerimiz” şeirinin müəllifi Qabil elə həmişə Qabildir, “Avtoportret” şeirində olduğu kimi insandır:

 

Qibləgahım – həqiqət.

Səcdəgahım – sədaqət.

Daş-tərəzim – ədalət.

Qətiyyətim – cəsarət.

Riyadan-xəyanətdən

Uzağam yeddi iqlim,

Əyilləm haqq önündə,

Bilsəm ki, nahaqam mən...

 

Qabilin yeddi cildliyi mənə yeddi tağlı bir körpünü xatırladır. Altında zamanın çayları qıjıltıyla axan bu körpünün əhəmiyyəti ondadır ki, yeni nəsil məhz onun vasitəsi ilə tarixə səyahət edə biləcək, bənzərsiz bir şairin həyat və yaradıcılığı ilə, düşüncələri ilə tanış ola biləcək. Ümid eləyirəm ki, bu yeddi cildlik həm Qabilin yaradıcılığını, həm də o dövrün ədəbiyyat tarixini tədqiq edəcək ədəbiyyatşünas və dilçi alimlərimizin tez-tez müraciət və istinad edəcəyi ən mötəbər qaynağa çevrilə biləcəkdir.


05.06.2020 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu