Modern.az

Ermənistana gedəcək azərbaycanlı deputat: “Bu razılıq verildiyinə görə sevinirəm”

Ermənistana gedəcək azərbaycanlı deputat: “Bu razılıq verildiyinə görə sevinirəm”

17 May 2012, 22:47

Millət vəkili Jalə Əliyeva mayın 21-də Ermənistana səfər edəcək. Bu barədə deputat Modern.az saytına  məlumat verib. J.Əliyeva bildirib ki, o, mayın 21-dən 24-dək İrəvanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının 39-cu plenar iclasında iştirak edəcək. J.Əliyevanın sözlərinə görə, Ermənistana səfər etmək Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün çox əhəmiyyətlidir.

 “Bu assembleyaya ev sahiblik etmək 6 aydan bir növbə ilə bir ölkəyə düşür. Bu  dəfə də ev sahiblik etmək Ermənistanın payına düşüb. Azərbaycan da bu beynəlxalq təşkilatda öz nümayəndə heyəti ilə Ermənistanda olan toplantıda iştirak edəcək. Düşünürəm ki, bu səfər  mənim üçün,  Azərbaycanın mövqeyini  dolayısı  yolla,  beynəlxalq təşkilatların  vasitəsi ilə deyil, birbaşa qarşı tərəfə üzbəüz çatdırmaq baxımından  çox əhəmiyyətlidir.20 ildən artıq  Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etmək istiqamətində apardığı haqlı mübarizə təbii ki,  göz önündədir. Azərbaycan Prezidenti  keçirdiyi bütün görüşlərdə Azərbaycanın mövqeyini  ortaya qoyub. O da məlumdur ki,  Ermənistan bu  günə  qədər BMT Təhlükəsizlik şurasını heç bir  qətnaməsinə məhəl qoymayıb. Bu günə qədər Azərbaycanın bu məsələni sülh vasitəsi ilə yoluna qoyması ilə bağlı addımlarına  Ermənistan tərəfindən heç bir zaman adekvat cavab verilməyib”-deyə millət vəkili qeyd edib.

Deputat  Ermənistana  səfərlə bağlı  bildirib ki, beynəlxalq təşkilatın nizamnaməsinə əsasən görüşlərdə siyasi məsələlərə  toxunmaq qadağan olunsa da Azərbaycan  öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq:

“Bu təşkilatın nizamnaməsində siyasi məsələlərə yer verilmir və siyasi məsələlərə toxunmaq qadağandır. Buna baxmayaraq, Azərbaycan hər bir iclasda  fürsətdən istifadə edərək,  bir daha haqsız olaraq düçar olduğu müharibə və müharibənin  acı nəticələri haqqında üzv olan 12 ölkəyə, bu təşkilatda qonaq, dinləyici qismində iştirak edən digər beynəlxalq təşkilatlara da  öz problemlərini,mövqeyini qırmızı  hərflərlə altından xətt çəkərək bildirib. Əgər bu təşkilatda qoyulan məsələlərdən biri ətraf mühitin çirklənməsi, ətraf mühitin mühafizəsi ilə bağlıdırsa, biz  burada Azərbaycanın  müharibə  nəticəsində  işğalı altında qalan torpaqlarındakı  meşələrin məhv edilməsi, çayların  zərərli  maddələrlə çirkləndirilməsi kimi məsələləri qaldırmışıq. Əgər söhbət qadınların zorakılığa məruz qalmasından gedirsə, birinci növbədə,  müharibənin qadınlara vurduğu ziyandan  danışmaq lazımdır. 20 ildən artıq müharibə şəritində, çadırlarda yaşayan, girovluqda qalan qadınların vəziyyətini diqqətə çatdırmışıq”.

Millət vəkili düşmən ölkəyə səfər etmək üçün özü şəxsən can atdığını  və belə bir razılığa gəlindiyi üçün xoxbəşxt olduğunu vurğualayıb. Deputatın fikrincə, Ermənistana  səfər Azərbaycanlı xanım üçün çox məsuliyyətli olsa da o, bu səfətə özünü tam hazır hiss edir.

 “Düşünürəm ki, heç bir xalq müharibə istəmir. Bu səfər mənim üçün  məsuliyyətli, cavabdehlik daşıyan bir səfərdir. Mən heç bir qorxu, təhlükə, həyəcan haqqında düşünmürəm. Əgər bir qadın, ziyalı, ana kimi, ölkəmizin mövqeyini çatdırmaq imkanına nail olmuşamsa, bu şərəfə layiq görülmüşəmsə, çox şadam. Düşünmürəm ki,  beynəlxalq təşkilata üzv ölkə digər bir ölkədən gələn millət vəkillərinə  qarşı hər hansı bir problem yarada bilməz. Qısaca olaraq deyim ki, əgər gedib orada içimdən gələn sözü deyə biləcəyəmsə bu, elə mənə kifayət edir. Bir tərəziyə qoysaq, qorxu, həyəcan,  bunlar hamısı daha aşağıda qalır. Qadının ora getməyi bir o qədər də arzuedilən deyildir, amma buna baxmayaraq, mən ora getmək üçün can atmışam. Təbii ki,  rəhbərlik tərəfdən də razılıq verilib. Bu razılıq verildiyinə görə, mən xoşbəxtəm”-deyə J.Əliyeva əlavə edib

Qeyd edək ki, 20 ildən bəri bu, azərbaycanlı xanım deputatların Ermənistana ilk səfəridir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir