Modern.az

Tariximizi təhrif edən icra başçıları cəzalandırılmalıdır

Tariximizi təhrif edən icra başçıları cəzalandırılmalıdır

Aktual

9 İyun 2020, 16:40

Son zamanlar müxtəlif qurumlarda nümayiş olunan xəritələrdə tariximizin təhrif olunması ilə bağlı hallar mətbuatda gündəmə çevrilib. Ölkə başçısının rayonlara səfəri zamanı da dəfələrlə belə hallar aşkar olunub və Prezident müvafiq qurumlara, icra başçılarına bununla əlaqədar irad bildirib.

Bəs xəritələrdə, dərsliklərdə, bu və ya digər əhəmiyyətli vasitələrdə tariximizi təhrif edən qeyri-peşəkarları, xüsusuilə də vəzifəli şəxsləri hansı cəzalar gözləyir?

 

Bununla bağlı Modern.az-a danışan tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın fikrincə, tarixin təhrif olunması, hazırlanan xəritələrdə səhvlərin aşkarlanması zamanı tək cəzalandırmaq üzərində düşünməyə ehtiyac yoxdur:

“Əsas odur ki, biz tariximizi, keçmişimizlə bağlı məsələləri dərindən bilək, bunun əsasında Azərbaycan həqiqətlərini beynəlxalq səviyyədə əsaslandırıb, qəbul etdirək. Xəritələr qeyri-peşəkar hazırlanırsa, yanlışlıqlara yol verilirsə, bu artıq səhv informasiya deməkdir. Azərbaycan tərəfindən tərtib, təqdim və təbliğ olunan xəritələrdən, dərsliklərdən istifadə edib, bizə qarşı əks təbliğat aparılır.

Digər tərəfdən insanların öz tarixi, keçmişi ilə bağlı yanlış informasiyalar alması ilə nəticələnə bilər. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycana qarşı olan qüvvələr, torpaqlarımızı mənimsəmək istəyən şəxslər tərəfindən xaricdə hazırlanmış xəritələrdə ölkəmizlə bağlı “təsadüfi” yanlışlığa yol verirlər. Bu informasiya müharibəsi deyilən prosesin tərkib hissəsidir. Həmin xəritələr siyasi, elmi nəşr halında dövriyyəyə buraxılır və belə Azərbaycana qarşı istifadə oluna bilər. Dəfələrlə bu cür yanlışlarla etirazımızı bildirmişik”.

 

 

Tarixçinin sözlərinə görə, ölkənin daxilində bu kimi qüsurlara yol verilməsi isə ümumiyyətlə qəbuledilməzdir:

 

“Ona görə, xəritələri tərtib edərkən, təsdiq olunmuş strukturun baxışından sonra dövriyyəyə buraxılması şərtdir.

Bəzən xəritələrin tərtibatı zamanı onun aid olduğu dövr göstərilmir. Bu da yanlış nəticələrə gətirib çıxara bilər. Azərbaycan ərazilərinin müxtəlif dövrlərdə müxtəlif statusda dəyişdiyini bilirik. Ona görə dövr mütləq göstərilməlidir ki, qarışıqlıq yaranmasın. Çünki bu kimi hallardan da bizə qarşı məharətlə istifadə olunur.

Yaxşı olar ki, qurumlar muzey, sərgi, guşə təşkil edərkən xəritə seçimində məhz rəsmi dövlət qurumları tərəfindən tərtib olunmuş xəritələrə üstünlük versinlər. Ola bilər, bu kimi əhəmiyyətli məqamlarda şəxsi təşəbbüslə nəşr olunmuş dövriyyəyə buraxılmış nəşrlərdən istifadə edilsin. Burada isə qərəzli, məqsədli şəkildə təhrif olunmuş xəritələri görə bilərik. Bu öz təsdiqini taparsa, müvafiq qurumlara qarşı da iddia qaldırıla bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?