Modern.az

Müxalifət partiyalarından Milli Şuraya SƏRT CAVAB

Müxalifət partiyalarından Milli Şuraya SƏRT CAVAB

9 İyun 2020, 18:09

Ötən gün Milli Şura üzvlərinin “zoom konfransı”ndan yayılan yeni görüntülər sosial şəbəkələri yenə bir-birinə qatıb. Belə ki, görüntüdə digər partiyaların ünvanına təhqiramiz ifadələr yer alıb. Milli Şuranın sədri Cəmil Həsənli müxalifət partiyalarını “tryapka” adlandırıb. Onun bu fikirləri digər müzakirə iştirakçıları tərəfindən də məmnunluq və təbəssümlə qarşılanıb.

Şura üzvlərinin bu addımı haqqında Modern.az-a danışan müxalifət partiyalarının təmsilçiləri də onları tənqid ediblər.

ReAl Partiyasının icra katibi Natiq Cəfərli qeyd edib ki, əslində Milli Şuraya cavab vermək yersizdir:

“Çünki marginallaşmış, söyüş və təhqir üzərində qurulmuş, ideyası, nüfuzu, cəmiyyətdə deyiləsi sözü olmayan və ancaq siyasi qeybətlə məşğul olan bir təşkilatdan söhbət gedir. Hədəfləri isə “müxalifət naziri” olmaqdır. Həqiqi müxalifət təşkilatı olsaydı, gələcək təklifləri, iqtidarın səhvlərini, hökumətin atmalı olduğu addımları müzakirə edərdilər. Buna isə bilikləri, bacarıqları çatmır deyə, yeganə bacardıqları şeyi, qeybəti və insanları aşağılamağı həyata keçirirlər. Mənə elə gəlir ki, cəmiyyət artıq hər şeyi aydın gördü. Bu təşkilatın nə intellektual potensialı, nə də gələcəklə bağlı bir proqramı, vizyonu yoxdur. Nüfuzdan düşmüş quruma çevrilib”.  


Ümid Partiyasının sədri İqbal Ağazadə
də düşünür ki, insanlar öz aralarında olsa belə, başqaları haqqında kobud, təhqiramiz ifadələrlə danışması heç bir ədəbə, etikaya sığmayan hərəkətdir:


“Amma söz ki, ağızdan çıxdı, adamların özünün tərbiyəsini və düşüncəsini göstərir. Bu tipli hadisələr qətiyyətlə qınayırıq.

Partiyalar haqqında söylənənlər isə daha eybəcərdir. Bunun etik olmaması bir yana, amma bir də var ki, siyasi institutlar haqqında belə fikirləri işlətmək heç bir əndazəyə sığmır. Bu şəkildə yanaşmaq, partiyalara belə qiymət vermək ayıbdır. Biz dialoqun tərəfdarıyıq. Çağırılan yerə gedəcəyik, söhbət edəcəyik. Xalqın dövlətin, bizim maraqlarımız təmin olunmayacağı təqdirdə dialoq nəticəsiz olacaq. Amma mən adamlarla görüşməkdən, danışmaqdan niyə qorxmalıyam?. Bunu etməsəm deməli, adamlara qarşı müharibə etməliyəm. Bunun tərəfdarı deyiləm. Azərbaycanda barışın, dialoqun, vətəndaş həmrəyliyinin tərəfdarıyam. Ona görə, insanların uzun müddət keçdiyi yola hörmətsiz davranmaq, qeyri-etik ifadələrlə təhqir etmək insanların nə yaşına nə başına, nə də etikaya sığır. Hesab edirəm ki, cəmiyyət özü belə məqamlardan bu gün də olmasa, gələcəkdə nəticə çıxaracaq”.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
da bu məsələdə sərt mövqeyini ifadə edib:

“Milli Şurada hər kəs öz şəxsiyyətini göstərir. Cəmil Həsənli də özünün kim olduğunu nümayiş etdirir. Əgər iqtidarla siyasi dialoqa getmək “tryapkalıq”dırsa, Cəmil Həsənli kimdir? O dəfələrlə iqtidarla dialoqa gedib, 3 dəfə mandat alıb, iqtidardan bəhrələnib, biznes qurub, həm Heydər Əliyev, həm də İlham Əliyev haqqında kitablar yazıb. İnsan gərək özünün keçdiyi yola, etdiyi hərəkətlərə baxa, ondan sonra başqası haqqında fikir səsləndirə”.

Müsavat Partiyasının rəsmiləri isə bu hadisə ilə bağlı reaksiya bildirmək istəməyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir