Modern.az

Dünyada yeni borc dövrü başlayır - “Müflis elan edilən ölkələr var”

Dünyada yeni borc dövrü başlayır - “Müflis elan edilən ölkələr var”

10 İyun 2020, 13:25

 

"Bu ilin əvvəlinə birbaşa xarici dövlət borcumuz 8,32 milyard ABŞ dolları, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dolları, ümumilikdə xarici dövlət borcu 9,1 milyard ABŞ dolları olub. Bizim təhlil göstərir ki, prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici dövlət borcu barədə danışarkən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

 

Onun sözlərinə görə, hətta dövlətin borc strategiyasında qeyd olunur ki, xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz olacağı proqnozlaşdırılır:

 

"İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Bizdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan 10-luğun sırasında olmağımızı göstərir. Müqayisə üçün deyim ki, bu göstərici üzrə dünyada lider Yaponiyadarır - 238 faiz. Bizim bölgədə də ölkələr üzrə xarici dövlət borcu ÜDM-in orta hesabla 40 faizindən çoxdur. COVİD-19 pandemiyası səbəbindən BVF, Dünya Bankı, AYİB, AİB, Böyük 20-lik və s. qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-ə çatıb, artıq müflis elan edilən ölkələr var. Dünyada yeni borc dövrü başlayır.

Azərbaycanda ötən il dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 6,2 faiz olub ki, bu da borc strategiyasında nəzərdə tutulan – 15 faizdən əhəmiyyətli şəkildə aşağıdır. Dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət üçün yaradılan Təminat Fondu ciddi bir institutsional altyapıdır.

Dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması hədəflənir ki, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və  bu da faiz risklərini aşağı salır. Azərbaycanın xarici dövlət borcunun və strateji valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin eyni valyutada – ABŞ dollarında saxlanılması da valyuta risklərimizi azaldır".

 

 

V.Qasımlı bildirib ki, qlobal olaraq dövlət borclarının bu il ərzində 13 faiz bəndi qədər artaraq, dünya ÜDM-nin 83 faizindən 96 faizinə qalxacağı proqnozlaşdırılır:

 

"Azərbaycanda bu göstərici orta dünya səviyyəsindən beş dəfə aşağıdır. Eyni zamanda, fiskal balansın  inkişaf etməkdə olan ölkələrdə kəskin mənfi olacağı, orta gəlirli və aşağı gəlirli ölkələrdə isə müvafiq olaraq ÜDM-in -9.1 və -5.7 faizinə qədər çataçağı gözlənilir.

İnkişaf etməkdə olan ölkələrin qeyri-rezidentlərinin portfelindən maliyyə çıxarılmaları bu ilin yanvar ayının sonlarından başlayaraq artım tendensiyası ilə 100 milyard dollara çatıb. Qlobal faiz dərəcələrinin çox aşağı olmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün borclanmanın xərci artıb: inkişaf etməkdə olan ölkələrin suveren istiqrazları üzrə kredit spredi ilin əvvəlindən aprel ayına qədər iki dəfədən çox artaraq 600bps-ə (6%) çatıb. BVF-yə 100-dən çox ölkə sürətli maliyyələşdirmə alətindən (RFİ) istifadə edərək təcili maliyyə yardımı almaq üçün müraciət edib.

Bundan başqa, BVF tərəfindən Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına daxil olan 76 inkişaf etməkdə olan ölkə və 13 ada ölkəsinə, eyni zamanda, 25 ən yoxsul ölkəyə  borcların restrukturizasiyası və ödəmələrin qismən saxlanılması təklif olunub".

 

İcraçı direktor Azərbaycana kredit verilməsi üçün beynəlxalq maliyyə qurumları niyə bu qədər maraqlı olmasına da aydınlıq gəririb.

 

"Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə bir rəy yaradır. Təsəvvür edin ki, bu gün dövlətin strateji ehtiyatları onun xarici borcundan beş dəfə çoxdur. Üstəlik, ölkədə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Region üçün yüksək sayıla biləcək kredit reytinqlərimiz də qiymətli kağızların emissiyasına, dövlət zəmanətli kreditlərin faizinin və sığorta mükafatlarının azalmasına səbəb olur.

Kommersiya banklarının xalis xarici aktivləri 2016-cı ildə mənfi işarəylə dörd milyard manatdan hazırda müsbət işarəylə dörd milyard manata çatıb. Üstəlik, kommersiya banklarının xarici öhdəliklərin məcmu aktivlərə nisbəti də 2016-2020-ci illərdə 211 faizdən 27 faizədək azalmışdır.

Bütün hallarda Azərbaycan xarici borclanmanı fiskal dayanıqlığın tərkib hissəsi kimi nəzərdən keçirir və səmərəlilik prinsipini əsas götürür.

Beləliklə, dünya dövlətlərinin əksəriyyəti xarici borc üçün müraciət etdiyi halda, Azərbaycana aparıcı maliyyə qurumları özləri belə bir təkliflə çıxış edirlər", - deyə V.Qasımlı bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!