Modern.az

Karantinə görə Gürcüstanda ziyana düşən soydaşımız: “Banka borcumu necə ödəyəcəm, bilmirəm”

Karantinə görə Gürcüstanda ziyana düşən soydaşımız: “Banka borcumu necə ödəyəcəm, bilmirəm”

Aktual

11 İyun 2020, 12:42

Leyla Sakitovanın yüzə yaxın gəlinlik paltarını aylardır heç kim geyinməyib və vitrinlərdə əl dəymədən durur…

Söhbət Marneulidə yaşayan və gəlinlik biznesi ilə məşğul olan həmyerlimizdən gedir.

 

Modern.az xəbər verir ki, məlum karantin səbəbi ilə Leyla Sakitova artıq bir neçə aydır ki, daim dəyişən müştərilərindən uzaq qalıb, heç bir gəlir əldə edə bilmir. Çünki nə toy var nə nişan…

 

Rəhbərlik hər gün salonu açır, tətbiq edilmiş tövsiyələri də nəzərə alır və müştəriləri gözləyir. Özünü gəlinlik paltarlarının kirayə verilməsi ilə idarə edən biznes sahibinə xeyli zərər dəyib. Leyla deyir ki, 15 illik iş təcrübəsində heç vaxt bu qədər zərəri olmayıb. İndi bankdan götürdüyü minlərlə dolları necə ödəyəcəyini bilmir:

 

“Toylar dayandı və biz də dayandıq. Çox pis vəziyyətə düşdük, hamımızın ehtiyacı var, banka borcluyuq. Heç olmasa 100 nəfərlik toya icazə verələr. Bunların hamısı bizə çox pis təsir etdi. Bizim bütün gəlirimiz bu donlara xərclənib. Bu gəlinliklər də yavaş-yavaş dəbdən düşür və borc salonun boynunda qalır. Mən, məsələn, hər ay banka 600 dollar ödəyirəm. Ödəmələri üç ay dayandırdılar, amma bundan sonra nə edəcəyəm, bilmirəm. Bu iş üçün 32 000 dollar kredit götürmüşəm və 15 000 dollarını hələ ödəməmişəm. Bu müddət ərzində 5 000 lari ziyana düşdüm”.

 

Gürcüstanda salonların əksəriyyəti maddi zərərdən danışır. Deyirlər ki, gəlinliklərdən əlavə geyimlərin vacib hissəsi olan aksessuar və atributlara çox pul xərclənir. Samirə Qaracayeva Marneulidəki salonlardan birində işləyir. O, deyir ki, hər gün ümidsiz şəkildə müştəriləri gözləyir.

 

“Bizim salonlar açıldı, amma toylar yoxdur, işləyə bilmirik. Toyları qadağan edirdilərsə, ümumiyyətlə salonu niyə açırdıq? İcarə pulunu ödəməliyik, buranın sahibləri deyir ki, salonu artıq açıbsınız, pul da ödəməlisiniz. Yaxşı olardı, açmazdıq. Demək olar dörd aydır işləmirik. Böyük zərərdir, əməkdaşların maaşını ödəyə bilmədik. Mən dövlətdən də yardım almıram. Çünki Azərbaycan vətəndaşıyam. Ancaq Azərbaycan vətəndaşı olmağım vergi ödəməyə mane olmurdu, təqaüd fonduna da qoşulmuşam. Belə böhranda mənə heç kim yardım vermir.”

 

Marneulidəki salonların əksəriyyətində vəziyyət belədir. İndi hamının bir məqsədi var, vergiləri ödəmək və böhrandan çıxmağa ümid edirlər.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar genişmiqyaslı tədbirlərin keçirilməsi, eləcə də toy və ad günlərinin qeyd edilməsi qadağandır. Tədbir keçirən halda fiziki şəxslər 2000 lari, hüquqi şəxslər isə 10 0000 lari cərimələnəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar