Modern.az

Möcüzəli Ayasofya - məscid, kilsə, yoxsa muzey? - VİDEO

Möcüzəli Ayasofya - məscid, kilsə, yoxsa muzey? - VİDEO

Aktual

12 İyun 2020, 16:00

YUNESKO-nun Ümumdünya irsi obyektləri siyahısında olan 1500 illik tarixi abidə uzun illərdir ki, Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur.

29 mayda, İstanbulun fəth edilməsinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə Ayasofyada Fatihə surəsinin oxunması bu gərginliyi daha da artırdı.

Yunanıstan Xarici İşlər Nazirliyi, Ayasofyada Quran ayələrinin oxunmasını xristianların dini hisslərini təhqir etdiyini bildirsə də, Türkiyə tərəfi heç bir beynəlxalq konvensiyaya qarşı gəlmədiyini söylədi.

Türkiyə Böyük Millət Məclisinin 9 iyun tarixindəki iclasında isə İYİ partiyası Ayasofyanın yenidən ibadət üçün açılmasını təklif etdi.  Hakim partiya AKP bunu rədd etdi. Partiyanın qrup başkan vəkili Mehmet Muş lazımı addımların iyulda atılacağını bildirdi.

Bəs müzakirələrə səbəb olan tarixi bina əslində kimə məxsusdur və nə kimi fəaliyyət göstərməlidir?

 Ayasofya 80 ildən çoxdur ki, muzey kimi istifadə olunur. Türkiyəyə gələn qonaqların ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir.

360-cı ildə Bizans imperatoru Konstantinin dövründə inşa edilsə də, 404-cü ildə binanın taxta damı yanır. Məbəd indiki formasını 532-537-ci illərdə əsaslı şəkildə təmir olunaraq alıb.

Bir sıra təbii fəlakətlərlə sınanan Ayasofya 1204-cü ildə Səlib yürüşlərinin qurbanı olur. Həmin tarixdən 1261-ci ilədək bina Roma Katolik Kilsəsi kimi fəaliyyət göstərir.

Lakin İstanbulun yenidən Bizans imperatorluğunun tərkibinə qatılmasıyla bina pravaslav kilsəsinə çevrilir. Ayasofya həmin illərdə xristian dünyasının ən böyük kilsələrdən biri sayılırdı.

1453-cü il 29 mayda, Osmanlı padişahı Fateh Sultan Mehmet İstanbulu fəth edir. O zaman Ayasofya yaralı bizans əsgərlərinin, qadın və uşaqların sığınacaq yeri idi.

Fateh Sultan Mehmet 1 iyunda Ayosofyada ilk cümə namazını qılaraq, binanın bundan sonra məscid kimi fəaliyyət göstərəcəyini bildirir.

Sultanın əmri ilə mehrab və minbərlər tikilir, mozaiklərin üstü qapadılır. 1481-ci ildə Ayasofyanın ilk minarəsi ucaldılır, sonradan müxtəlif tarixlərdə 3 minarə də inşa edilir.

Ayasofya 1616-cı ilədək, Sultan Əhməd məscidinin açılmasına qədər ölkənin əsas ibadət mərkəzi idi.

1847-1849-cu illərdə aparılan təmir işləri zamanı Ayasofya bağlı qalır, 1849-cu ildən məscid kimi fəaliyyətini davam etdirir.

Türkiyədə Cümhuriyyət qurulduqdan sonra da Ayasofya 8 il müsəlmanların ibadət yeri olur, lakin 1935-ci ildə Mustafa Kamal Atatürk məbədin muzey kimi istifadəyə verilməsinə qərar verir.

Xülasə,  Ayasofya zaman-zaman kilsə, məscid və muzey kimi istifadə olunub, bundan sonrakı taleyi isə Türkiyə Cümhuriyyətinin verəcəyi qərarlardan asılıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır