Modern.az

“Qaragüruhçular dövlətin dağılmasına maraqlıdırlar” - Deputatdan müxalifətlə bağlı TƏKLİF

“Qaragüruhçular dövlətin dağılmasına maraqlıdırlar” - Deputatdan müxalifətlə bağlı TƏKLİF

Aktual

13 İyun 2020, 11:56

Ötən gün Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zaman Azərbaycanda olan bütün siyasi partiyaların hüquq sistemi içinə qaytarılmalı olduğunu və müxalifət haqqında qanun qəbul edilməsi fikrini irəli sürüb.

 

Deputatın təklifinə əsasən istər radikal, istər də ideoloji, istər də konstruktiv müxalifət partiyalarının fəaliyyətinin hüquqi çərçivəsi bu qanunla tənzimlənməlidir.

 

Maraqlıdır, qanun özündə nələri ehtiva edəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa təklif etdiyi qanun layihəsinin qəbulu üçün dialoq mühitinin olmasının zəruriliyini vurğulayıb:

 

“Hazırda təklif etdiyim qanun layihəsinin həyata keçməsi üçün real zəmin yoxdur. Çünki dialoq mühiti formalaşmalıdır və onun əsasında müxalif partiyaların təklifləri nəzərə alınaraq normal müxalifət fəaliyyəti ilə bağlı qanun qəbul olunmalıdır. Burada da təbii ki, cəmiyyətdə radikal mövqe tutan partiyaların da qəbul edə biləcəyi bir modeldə siyasi partiyalar üçün hüquqi çərçivə müəyyən olunur. Həmin çərçivə əsasında da bütün proseslər tənzimlənir. Kimlər ki, bu qanuna razılıq veriib prosesdə iştirak edəcəklərsə, bu, siyasi münasibətlərin daha mədəni formada olmasına şərait yaradacaq. Ümid edək ki, qanunun qəbulu həm də müəyyən mənada parlamentin iş keyfiyyətini də artıracaq. Müxalifətin qeyri-rəsmi formada da olsa təmsilçiliyi məsələsində irəliyə doğru addım atılıb və bu addım genişlənməlidir. Biz elə etməliyik ki, müxalifət adı ilə siyasi fəaliyyətlə məşğul olan qüvvələr sırf qaragüruhçuluqla və ölkəni dağıtmaq istəyən qüvvələrlə birləşməsinlər, onlar daha çox ölkə həyatı üçün məsuliyyət daşısınlar. Bunun üçün də platforma verərək onları küncə sıxışdırmaq və fəaliyyətinə imkan verməmək kimi məsələlərdən yayınmaq lazımdır və hər kəsin siyasi prosesdə aktiv iştirakı üçün səy göstərilməlidir, qanunda da bu istiqamət əsas götürləcək".

 

Deputat təklif etdiyi qanun layihəsi ilə bağlı siyasi partiya liderlərindən münasibət almadığını və bunun müzakirəyə çıxarılmasının labüd olmadığını qeyd edib:

 

“Qanun layihəsi ilə bağlı siyasi partiya liderləri ilə hələ ki, danışıq olmayıb. Çünki bu ümumi fikirdir və ola bilsin ki, müzakirəyə də ehtiyac yoxdur. Ona görə ki, Prezident Administrasiyanın təmsilçiləri dialoq məsələsini aparır. Yəqin ki, bu istiqamətdə də bizlərin çalışmaları davam etməlidir ki, proses gerçəkləşsin. Əgər bu proses baş verərsə, bütün Azərbaycan üçün müsbət nəticə olacaq. Çünki partiyalar nə qədər pis olsa da, dövlətçilikdən yanadırlar. Azərbaycandan kənarda, xarici xüsusi xidmət orqanlarının nəzarətində olan qruplar və qaragüruhçu dəstələr dövlətin dağılmasına maraqlıdırlar və istəyirlər ki, təki narazı olduqları şəxs hakimiyyətdə olmasın. Bu da çox narahatedici amildir. Ona görə ki, insanlar bilavasitə dövlətin qorunması məsələsində həssas olmalıdırlar. Hakimiyyətə münasibət, narazılıq nə dərəcədə olur-olsun, bunu dövlətə qarşı nifrətə çevirmək olmaz. Bunu ən azı siyasi partiyalar anladığına görə əsas təhlükə qaragüruhçular tərəfindəndir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?