Modern.az

Jurnalist Araşdırmaları Mərkəzi KİV-in özünütənzimləməsi sahəsindəki vəziyyəti öyrənib

Jurnalist Araşdırmaları Mərkəzi KİV-in özünütənzimləməsi sahəsindəki vəziyyəti öyrənib

13 Yanvar 2010, 19:15

Modern.az xəbər verir ki, Jurnalist Araşdırmaları Mərkəzi ölkədə kütləvi informasiya vasitələrinin özünütənzimləməsi sahəsindəki vəziyyətə dair media ekspertləri, müstəqil jurnalistlər, KİV təmsilçiləri və ictimaiyyət nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə dair hesabat təqdim edib.
Mərkəzdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Jurnalist Araşdırmaları Mərkəzi ölkədə kütləvi informasiya vasitələrinin özünütənzimləməsi ilə bağlı vəziyyəti, bu sahədəki tendensiyaları müəyyənləşdirmək üçün media ekspertləri, müstəqil jurnalistlər, KİV təmsilçiləri və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 100 respondent arasında sorğu keçirib. Sorğu üzrə tərtib edilən anketlərdə mövzu ilə əlaqədar 6 sual yer alıb. Rəyi soruşulanlara anketlərdəki konkret sualları cavablandırmaqla yanaşı müxtəlif məsələlərə dair fikir və təkliflərini bildirmək imkanı da yaradılıb.

Azərbaycanda medianın özünütənzimləməsi ilə bağlı vəziyyəti necə qiymətləndirisiniz?

Sualı müsbət cavablandıran respondentlərin əksəriyyətinin fikrincə, son illər ölkədə medianın özünütənzimləməsi ilə bağlı vəziyyətdə müəyyən irəliləyişlər var və bu sahədəki mövcud meyllər nəzərə alınmalıdır. Bununla belə onlar vəziyyətə əsaslı təsir göstərən bir sıra vacib məsələlərin həllini tapmadığını vurğulayırlar.
Azərbaycanda medianın özünütənzimləsi sahəsindəki durumun qənaətbəxş səviyyədə olmadığını düşünənlər ölkədə bunun üçün gerçək əsasların mövcudsuzluğunu önə çəkiblər. Onların qənaətincə, hazırkı vəziyyətin hələ bir neçə il davam etməsi təbii və qaçılmazdır.

Sizcə, hazırkı dövrdə Azərbaycan mediasının müstəqillik dərəcəsi özünütənzimləməyə imkan verirmi?

Sualı «xeyr» deyərək cavablandıranlar hesab edirlər ki, KİV-lərdə müstəqillik dərəcəsinin azlığı, bəzən isə müstəqilliyin tamamilə olmaması özünütənzimləməyə mane olan ən mühüm səbəblərdən biridir. Onların qənaətincə, dünyanın bir sıra qabaqcıl ölkələrindəki aparıcı media orqanları müstəqil fəaliyyətlərini bazarın tələblərinə uyğun olaraq qurduqlarından özünütənzimləməni asanlıqla həyata keçirirlər. Azərbaycanda media biznesi sahəsindəki, vəziyyət, eləcə də digər amillərin təsiri KİV-lərin özünütənzimləməsinə yol vermir.
Sualı pozitiv cavablandıranlar fikirlərini əsaslandırarkən vəziyyətə müqayisəli yanaşmağı vacib sayır, ümumən ayrı-ayrı problemlərin mövcudluğunu bildirir, hansılarının aradan qalxdığını və aradan qalxması yaxın perspektiv üçün mümkün ola bilən məsələləri vurğulayırlar.

Hazırkı dövrdə medianın özünütənzimləməsi sahəsində problemlər yaradan daha çox hansı amillər mövcuddur?

Respondentlərin məsələyə yanaşmasında ümumən yaxınlıq var. Yəni, göstərilən kriteriyalar üzrə cavablardakı fərqli faiz dərəcələri bir-birindən o qədər də yüksək sayıla bilməz. Əslində, iqtisadi amilin medianın özünütənzimləməsində mühüm rol oynadığını düşünənlər fikirlərini bildirərkən məsələyə heç də birmənalı yanaşmır, problematik səciyyəli digər cəhətlərin təsirini də önə çəkirlər. Bu mənada ictimai-mənəvi, sosial və siyasi amillər arasında olan fərqləndirmədəki rəqəmlərə diqqət yetirmək kifayətdir. Başlıcası isə respondentlərin böyük əksəriyyəti bu qənaətdədir ki, siyasi faktorlar medianın özünütənzimləməsinə əvvəlki illərdəki kimi maneçilik törətmək gücünü itirməkdədir.

Azərbaycanda medianın özünütənzimləməsi və müstəqilliyinin artırılması sahəsində həyata keçirilən tədbirlərin effektvliyi Sizi qane edirmi?

Sualı pozitiv cavablandıran respondentlərin fikrincə, son illər Azərbaycanda medianın funksiya və vəzifələrinə baxış dəyişilməkdədir. Əgər əvvəlki dövrlərdə konkret olaraq iqtidar və müxalifət mediası deyilən anlayış var idisə, artıq bu tendensiya sıradan çıxıb. Təbii ki, müəyyən siyasi məqsəd güdən və qruplaşmalara xidmət edən kütləvi informasiya vasitələri mövcuddur. Hər bir halda Azərbaycan iqtidarı məsələyə kompleks şəkildə yanaşır və medianın özünütənzimləməsi və müstəqilliyini artırması üçün zəruri addımlar atır. Bu mənada mövcud təşəbbüsün özü, hələlik gözlənilən nəticəni tam verməsə belə, ictimai-mənəvi planda effektiv təsir bağışlamaqdadır.

Sizcə, ölkədə medianın özünütənzimləməsinə xidmət edən fəaliyyət dedikdə daha çox nəyi fərqləndirmək olar?

Sualı cavablandıranların 40 faizi belə düşünür ki, dövlətin media sahəsindəki fərman və sərəncamları ölkədə KİV-lərin özünütənzimləməsinə xidmət edən başlıca fəaliyyətdir. Respondentlərin bu qrupunun fikrincə, prezidentin xüsusilə Azərbaycanda KİV-lərin inkişafına xidmət edən sənədi – Konsepsiyanı təsdiqləməsi, Konsepsiyadan irəli gələrək KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasına yönələn fərman və sərəncamları son nəticə etibarilə dövlətin medianın özünütənzimləmə imkanlarının genişləndirilməsinə və müstəqilliyinin qorunmasına istiqamətlənən kompleks fəaliyyətinin vacib tərkib hissələrindəndir.
Rəyi soruşulanların 31 faizi medianın özünütənzimləməsinə xidmət edən işlər dedikdə Azərbaycan Mətbuat Şurasının fəaliyyətini qeyd edir. Onların fikrincə, Mətbuat Şurası ötən müddət ərzində Azərbaycan mediasının əhəmiyyətli hissəsinin, xüsusən də qəzet, curnal və informasiya agentliklərinin peşə fəaliyyətlərini yerinə yetirmələri sahəsindəki vəziyyətə ictimai nəzarəti həyata keçirməklə mühüm özünütənzimləmə orqanına çevrilə bilib. Respondentlərin bu qurupu eyni zamanda belə düşünür ki, ayrı-ayrı KİV-lərin özünütənzimləməsindən fərqli olaraq Mətbuat Şurasının mövcud istiqamətdəki iş prinsipi daha çox ictimai-mənəvi məzmun daşıyır.
Respondentlər Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Ninamnaməsindən irəli gələn tələbləri və fəaliyyət istiqamətlərini medianın özünütənzimləməsinə xidmət baxımından əhəmiyyətli saysalar da, qurumun hazırkı iş prinsipinin bu cəhətdən daha da təkmilləşdirilməsinin vacibliyi qənaətindədirlər.
Rəyi soruşulanların 8 faizi hesab edir ki, beynəlxalq təşkilatların KİV-lərin özünütənzimləməsi və müstəqilliklərinin artırılması sahəsindəki fəaliyyəti daha əhəmiyyətlidir. Bununla belə onlar ümumən mövcud tendensiyada müəyyən geriləmələrin olduğunu önə çəkir və bildirirlər ki, əvvəlki illərdə beynəlxalq qurumların ölkədə söz və mətbuat azadlığının dərinləşməsi, o cümlədən KİV-lərin müstəqilliklərinin artırılması istiqamətindəki səyləri özünü daha qabarıq göstərirdi.

Sizcə, ölkədə medianın özünütənzimləmə mexanizmlərini gücləndirmək üçün ilk növbədə hansı tədbirlər həyata keçirilməlidir?

Sualı cavablandıranların 27 faizi mediaya dövlət qayğısının artırılmasının vacibliyini əsas tutaraq bunun KİV-lərin özünütənzimləmə mexanizmlərinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Onların fikrincə, dövlət daha çox ölkənin region və bölgələrindəki media orqanlarının fəaliyyətinə kömək göstərməli, onların yerli hakimiyyət orqanlarından asılılığını aradan qaldırmağa çalışmalı, həmçinin yerli həyatın bilavasitə region KİV-ləri üçün önəm daşıyan spesifik cəhətlərinin təbliği istiqamətindəki layihələri dəstəkləməlidir.
Mətbuat Şurasının özünütənzimləmədəki rolunu önə çəkən 24 faiz respondent belə düşünür ki, qurum bu prosesdə daha çox mənəvi tərəfdən çıxış etməlidir. Yəni, Şuranın fəaliyyəti özünütənzimləməyə maneə olan mediadaxili amillərin sıradan çıxarılmasına yönəlməlidir. Mövcud mənada özünütənzimləmənin təkcə iqtisadi proses olmadığını bildirən respondentlər MŞ-nin «reket curnalistika»ya qarşı apardığı mübarizənin bu cəhətdən önəm daşıdığını, hazırkı şəraitdə belə xoşagəlməz meyllərin aradan qaldırılmasında Mətbuat Şurası haqqında ayrıca qanunun vacibliyini vurğulayırlar.
Mövcud sahədəki beynəlxalq təcrübənin tətbiqi işinin gücləndirilməsini əhəmiyyətli sayan respondent qrupu mövcud istiqamətdəki fəaliyyətdə də dövlət tərəfindən göstərilən təşəbbüslərin səmərəliliyinə inanır.

Azərbaycan Mətbuat Şurasının medianın özünütənzimləməsi sahəsindəki fəaliyyəti Sizi qane edirmi?

Rəyi soruşulanların 39 faizi Mətbuat Şurasının medianın özünütənzimləməsi ilə bağlı iş prinsipini tam razılıqla qarşıladıqlarını bildirərkən qurumun hazırkı şəraitdə daha artıq fəaliyyətə üstünlük verməsinə maneə olan bir sıra obyektiv cəhətlərin mövcudluğunu önə çəkirlər.
Şuranın fəaliyyətindən qismən razı olanların əksəriyyətinin fikrincə, Mətbuat Şurasının ən təqdirəlayiq işi «reket curnalistika»ya qarşı mübarizədir. Qurumun digər işlərinin bu cəhətdən tam təkmil olmadığını vurğulayan respondentlər MŞ-nin daha geniş miqyaslı fəaliyyət göstərə bilməsinin mümkünlüyünü bildirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir