Modern.az

Azərbaycanlılar hansı ölkədə yaşamaq istəyir?  - Yeni Zelandiya, İslandiya, Avstraliya, Altay...

Azərbaycanlılar hansı ölkədə yaşamaq istəyir?  - Yeni Zelandiya, İslandiya, Avstraliya, Altay...

Aktual

13 İyun 2020, 16:47

Harda yaşamağından asılı olmayaraq ki, yəqin ki, hər kəsin səyahətlə bağlı istəyi olur. Ya da ümumiyyətlə birdəfəlik yaşamaq üçün başqa ölkələri arzulayan insanlar da az deyil. Məşhur bir bayatıda deyilir, “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”.

 

Maraqlıdır, görəsən indi bizdə necə, birdəfəlik yaşamaq, səyahət etmək üçün başqa ölkələri azrulayan var?

 

Modern.az bu sual ətrafında bir sıra sahələrin nümayəndləri arasında sorğu keçirib. Cavablar da öz növbəsində müxtəlif oldu:

 

 

 

İqtisadçı-ekspert Natiq Cəfərli Yeni Zelandiyada yaşamaq istəyinin olduğunu qeyd edib:

 

“Yeni Zelandiyada yaşamaq istərdim. Çünki virusa ən az yoluxma halı orada oldu və sosial rifahın  yaxşılaşması üçün göstərilən maddi məbləğin dəyəri də ən yüksək məhz o ölkədə idi. Karantin müddəti bitməsinə rəğmən yeganə ölkədir ki, xaricdən turist qəbul etmir. Amma bu yaşdan sonra  hansısa ölkəyə köçüb getmək fikrim yoxdur. Onu da deyim ki, Avstraliya, Kanada və Yeni Zelandiya həmişə maraq dairəmdə olub”.

 

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda yaşamaq və elə burada da ölmək istəyir:

 

“İstənilən halda Azərbaycanda qalmaq istəyərəm. Elə burada, öz ölkəmdə də ölüb qalmaq istəyirəm. Azərbaycandan gözəl ölkə, yer tanımıram. Həm gəzməyə, həm yaşamağa vətənimiz xaricində tək bir yer istəmərəm”.

 

 

Deputat Səbinə Xasayeva da Azərbaycanda yaşamaqdan çox məmnun olduğunu bildirib:

 

“Azərbaycandan kənar hansısa ölkədə yaşamaq fikrim yoxdur. Vətəndə yaşamaqdan çox məmnunam. Hansısa ölkəyə səyahət etmək haqda isə düşünməmişəm”.

 

 

 

Əməkdar artist, müğənni Elza Seyidcahan səyahət üçün də olsa, ölkədən kənara çıxmaq istəmədiyini deyir:

 

“Mən öz ölkəmə çox bağlıyam. Öz dövlətimə, xalqıma qurban olaram. Azərbaycandan başqa hansısa ölkədə yaşamaq istəmərəm. Mənə elə gəlir ki, bütün dünyanı gəzmişəm. Mənim bacım uzun illər Türkiyədə, ABŞ-da, Çində və Birləşmiş Ərəb Əmirliklərində yaşayıb. Amma mən heç vaxt onun yanına getməmişəm. Əvvəllər istəyirdim ki, sənətimlə, konsertlərlə bağlı hansısa ölkəyə səyahət edim. Amma indi onu da istəmirəm. Elə öz ölkəmdə bağçalı bir evim, heyvanlarım olsun və orda da konsert verim, sevənlərim gəlib məni izləsin”. 

 

 

Xalq artisti, kinoaktyor Rasim Balayev öz evini heç bir ölkəyə dəyişmək istəmədiyini qeyd edib:

 

“Bəlkə də 20-25 yaşım olsaydı, hansısa başqa ölkədə yaşamaqla bağlı fikir ağlımdan keçərdi. Amma bundan sonra öz evimdən başqa heç yerdə qalmaq istəmirəm. Tamaşalarla əlaqədar olaraq vaxtilə bir çox ölkələrdə olmuşam, ona görə də hansısa ölkəyə səyahət etməklə bağlı da istəyim yoxdur” .

 

 

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı yaşamaq üçün öz ölkəsini istəyir, amma səyahət istiqaməti başqa ölkələrdir:

 

“Karantin müddətində öz ölkəmdə, öz rayonumda, öz kəndimdə yaşamaq istərdim. Çünki bu günün sabahını bilmək olmaz, ölüm-itim dünyasıdır. Doğmaların, əzizlərin yanı daha təhlükəsiz və hüzurvericidir. Karantindən sonra isə dünyanın görməli yerlərinə getmək istərdim, amma yaşamaq üçün yox, səyahət üçün. Məsələn, son illərdə məni artıq Avropa cəzb eləmir, Altay tərəflərdə, Baykal həndəvərində, Özbəkistan, Qırğızıstan kimi ölkələrdə olmaq istəyirəm. Bir də adamın könlü hərdən Taiti və Buenos-Ayres tərəflərə uçur. Alyaska və Yakutsk da səyahət etmək istədiyim yerlərdəndir, amma yayda. Təki salamatlıq olsun, heç Ələt-Zarat arası da pis deyil”.

 

 

Dünya çempionu Eduard Məmmədov pandemiyadan Azərbaycanın üzüağ çıxdığını deyərək, istənilən halda başqa ölkədə yaşamaq istəmədiyini bildirib:

 

“Ətraf ölkələrə baxanda görürük ki, koronavirusa yoluxma sayı ən aşağı bizdədir. Bu da prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsündən irəli gəlir. Ölkədə görülən işlər, tətbiq edilən karantin qaydaları yaşamaq üçün ideal ölkə olduğumuzu göstərdi. Bu baxımdan, başqa ölkədə yaşamaq fikrim yoxdur, Azərbaycanda yaşamaqdan məmnunam. Onu da deyim ki, tələbələrim arasında da koronaviruslu xəstələrə könüllü yardım edənlər oldu və mən bununla fəxr edirəm”.

 

 

Təhsil eksperti Elçin Əfəndi birdəfəlik Azərbaycanda yaşamaq istədiyini deyərək, səyahət üçün İslandiya və Norveçə getmək istədiyini qeyd edib:

 

“Karantin və ondan sonrakı dönəmdə yaşamaq istədiyim ölkə elə vətənim Azərbaycandır. Amma səyahət planlarımda İslandiya və ya Norveçdir. Bu iki ölkədən ya hər ikisinə, ya da birinə səyahət planlayıram. Hər iki ölkənin təbiəti və zəngin mədəniyyəti diqqətimi çəkir”.

 

 

Rəqqasə Fatimə Fətəliyeva karantin bitən kimi İstanbula səyahət etmək istədiyini deyir:

 

“Karantin müddətini bağda keçirdim, işlərim olduqca şəhərə gəlirdim. Karantin bitən kimi İstanbula səyahət etmyəyi çox istəyirəm”.

 

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi Semra Ələkbərova istənilən səyahətin sonunda vətənində yaşamağı üstün tutur:

 

“Fikrimcə, səyahət etmək, yeni məkanlar görmək hər kəsə maraqlı gələr. Mənim də ən çox səyahət edib görmək istədiyim yerlərdən biri də Amsterdamdır. Dünyanın ən çox turist cəlb edən yerlərindən biri olmasına baxmayaraq, həm də sakitlik, hüzur var orada. Oradakı qırmızı kərpicli evləri, tramvay yollarını, kanalları canlı görməyə dəyər, lakin bu səhayəti 2-3 günlük düşünürəm, yaşamaq üçün Bakı mənə doğmadır, hər ehtimalda qısa səyahətlər sonrası evimə qayıtmaq, burada yaşamaq istəyərəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır