Modern.az

Parlament sədrinin beynəlxalq təşkilatlardakı rəhbərlərlə ilk görüşü: Beynəlxalq tədbirlərin hesabatı veriləcək

Parlament sədrinin beynəlxalq təşkilatlardakı rəhbərlərlə ilk görüşü: Beynəlxalq tədbirlərin hesabatı veriləcək

Parlament

14 İyun 2020, 14:40

Bir neçə gün bundan qabaq Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

 

Görüş videokonfrans formatında baş tutub.

 

Modern.az Milli Məclis sədri ilə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərlərinin görüşünün bundan sonrakı əhəmiyyətini öyrənməyə çalışıb.

Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib ki, görüş çox maraqlı keçib:

 

“Altıncı çağırış Milli Məclis fəaliyyətə başladıqdan sonra ilk dəfə Milli Məclis sədrinin parlamentin beynəlxalq təşkilatlarda nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilən görüşü çox maraqlı oldu. Görüş 2 saata yaxın keçdi. Hörmətli Sahibə xanım giriş sözündə möhtərəm Prezidentimizin mart ayının 10-da parlamentin birinci plenar iclasında çıxışının bizim üçün yol xəritəsi olduğunu vurğuladı. Bildiyiniz kimi, cənab Prezident çıxışı zamanı beynəlxalq təşkilatlarda olan nümayəndə heyətlərinin fəaliyyəti ilə bağlı çox önəmli fikirlər söyləmişdi. O fikirlərdən biri də o idi ki biz artıq hücum strategiyasından istifadə etməli, beynəlxalq təşkilatlarda aktiv olmalıyıq. Həmçinin beynəlxalq səfərlər turist məqsədi daşımamalıdır. Təəssüf ki, belə hallar da olub. Hesab edirəm ki, müəssisələrin, təşkilatların tədbirlərində aktiv iştirak üçün getməliyik və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmalıyıq. Əsas fikir mübadiləsi də cənab Prezidentin qarşımızda qoyduğu vəzifələr və bu vəzifələrin icra yollarınının müzakirəsi istiqamətində oldu. Eyni zamanda gələcək fəaliyyətimizlə bağlı fikir mübadiləsi apardıq. Nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər. Həm parlamentdə fəaliyyət göstərən dostluq qruplarının, həm də beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyəti rəhbərlərinin verə biləcəyi faydadan danışıldı. Hesab edirəm ki, görüş gələcək fəaliyyət üçün çox önəmli keçdi.

 

Belə qərara gəldik ki, həm parlamentlərarası işçi qrupları,həm də beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri arasında koordinasiya olmalıdır. Fəaliyətimizi, məlumatlarımızı bölüşməliyik. Həm Milli Məclis, həm də seçicilərimiz qarşısında hesabat verməliyik”.

 

GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev də bu görüşün çox vacib olduğunu deyib:

“Cənab Prezident İlham Əliyev VI çağırış Milli Məclisin açılış iclasında biz deputatların qarşısına yeni vəzifələr qoymuşdu. Bunların bir qismi beynəlxalq təşkilatlardakı fəaliyyətimizə, parlament diplomatiyasına aid idi. Dövlət başçısı həm nümayəndə heyətlərinin rəhbərlərindən, həm də deputatlardan parlamentlərarası qrupların toplantılarında və beynəlxalq təşkilatlarda aktiv olmağı, milli maraqlarımızdan irəli gələn məqsədlərə çatmaq üçün ciddi səy göstərməyimizi istəyir. Çünki bildiyiniz kimi, biz zaman-zaman Azərbaycana qarşı yönəlmiş qərəzli addımların şahidi oluruq. Bunların neytrallaşdırılması üçün qanunvericilik sahəsində, parlamentlərarası əlaqələrdə fəallıq göstərilməlidir. Parlament Sədrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü məhz bu baxımdan çox önəmlidir və ehtiyacdan irəli gəlirdi. Çünki, qeyd etdiyim kimi, artıq bizim qarşımızda mahiyyətcə yeni çağıdırşlar durur. Sədr konkret məqsədlər qoydu. Əvvəla, fəaliyyətimizin dəqiq müəyyən edilmiş strategiyası olmalıdır. Bu strategiyanın son məqsədi qoyulmuş hədəfə çatmaqdır. Hər bir səfərin səhih gündəliyi olmalıdır. Fəaliyyətimizin səmərəli olması üçün ciddi səy göstərməliyik. Hücum diplomatiyası cənab Prezidentin bizim qarşımıza qoyduğu ən mühüm vəzifədir. Eyni zamanda, bu fəaliyyətə dair hesabat verilməlidir. Məqsəd nə olub, nəyə nail olmuşuq, hansı hədəfə çatmamışıq və ona çatmaq üçün nə etməliyik. Ən vacib tələb isə təbii ki, xalqımızın ağrılı problemi olan torpaqlarımızın işğalıdır. Hansı təşkilatda olur olsun, görüşün xarakterindən asılı olmayaraq nümayəndə heyətləri mütləq halda Ermənistanın Azərbaycana qarşı təcavüzü faktını qabartmalı, həqiqətlərimizi yerli ictimaiyyətə çatdırmağı bacarmalıdır. Başqa sözlə, parlament diplomatiyamızın bir nömrəli vəzifəsi Dağlıq Qarabağ probleminin beynəlxalq təşkilatların gündəminə gətirilməsi, Ermənistanın torpaqlarımızın işğalına haqq qazandırma cəhdlərini neytrallaşdırması, təcavüzün gerçək mahiyyəti və fəsadlarının dünya ictimaiyyətinə çatdırılması olmalıdır. Bildiyiniz kimi, mən GUAM PA-dakı nümayəndə heyətimizə rəhbərlik edirəm. Bu görüş bizim də fəaliyyətimizə yeni ruh verəcək, nümayəndə heyətinin üzvləri ilə birlikdə dövlətimizin maraqlarının GUAM PA kimi perspektivli geosiyasi və iqtisadi platformada təmin olunmasına və bu fəaliyyətdən ölkəmizin mənafeləri naminə maksimum yararlanacağımıza əminəm. GUAM PA vasitəsilə biz Baltik Assambleyası və Benilüks Parlamenti ilə sıx təmasdayıq. Burada təmsil olunan dövlətlər həm də Avropa Birliyinin üzvləridir. Fikrimcə, GUAM PA bu baxımdan da bizim Avropadakı maraqlarımızın təmin olunması üçün əlverişli platformadır. Yeri gəlmişkən, Azərbaycan bu il GUAM PA-da sədrlik edir. Pandemiya təbii ki, bizim də fəaliyyətimizə təsirsiz ötüşməyib. Bu səbəbdən ilk toplantımız onlayn rejimdə video formatda keçiriləcək. Bir məqamı da qeyd edim. Bu görüş Milli Qurtuluş Günü ərəfəsində keçirildi. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin GUAM-ın ərsəyə gəlməsində müstəsna təşəbbüsləri və xidmətləri olub. Hesab edirəm ki, biz də GUAM PA-da ümummilli liderimizin müəyyən etdiyi strateji kursun hədəflərinə nail olmağa çalışacağıq”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev  görüşü yüksək qiymətləndirib:

“Bilirsiniz ki, bu ilin mart ayının 10-da parlamentin ilk iclasında cənab prezidentin proqram formasında böyük çıxışı oldu. Çıxışı zamanı beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyəti rəhbərlərinə və üzvlərinə tapşırıqlar verdi. Əsas məsələ turist kimi gedib-gəlməməklə bağlı idi. Hər beynəlxalq tədbirlərdən gələndən sonra həm parlamentə, həm də seçicilərə nə iş gördüyünüzlə bağlı hesabatlar verək. Hörmətli sədrlə görüş zamanı da vacib məqamlara toxunuldu. Bundan sonra işimizi necə quracağımızı müəyyənləşdirdik. Dostluq qruplarında işlərin canlanması ətrafında söhbət apardıq. Milli Məclisin 83 dövlətlə dostluq əlaqəsi var. Görüşdə qərar kimi bir məsələ də qənaətbəxş hesab edildi. Beynəlxalq tədbirlərdən qayıdan nümayəndə heyətlərinin rəhbərləri hesabat verməlidirlər. Hesab edirəm ki, bu çox önəmli faktordur”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür