Modern.az

“Mühacirət həyatı 30 il sonra məni də “əzdi”” - MÜSAHİBƏ

“Mühacirət həyatı 30 il sonra məni də “əzdi”” - MÜSAHİBƏ

16 İyun 2020, 12:39

Cavad İsmayıl: “İqtidardakı bəzi qruplar kənardan durub seyr edirlər ki, hakimiyyət nə isə səhv buraxsın”

 

Xarici ölkələrdə yaşayan, lakin buna rəğmən öz vətənini düşünən, xalqa uzaqdan da fayda vermək istəyən insanlar az deyil. Belə şəxslərdən biri də artıq uzun illərdir ki, ABŞ-da yaşayan, əslən Cənubi Azərbaycandan olan jurnalist Cavad İsmayıldır. ABŞ-a köçdükən sonra 15  ilə yaxın cənubi azərbaycanlıların yaratdığı “GünAZ TV” kanalında çalışan C.İsmayıl bu yaxınlarda sırf azərbaycanlılar üçün nəzərdə tutulan yeni Youtube” televiziya kanalı yaradıb. Kanalda vətəndaşlarımız üçün aktual olan sağlamlıq və mədəniyyət mövzularına toxunulur.

 

Yaradılan kanal və digər məsələlər haqqında sualları Modern.az-a müsahibəsində kanalın rəhbəri, jurnalist Cavad İsmayıl cavablandırıb:

 

- Cavad bəy, ilkin olaraq özünüz haqqında qısa məlumat verərdiniz…

- 1963-cü ilin 11 sentyabrında Cənubi Azərbaycanın Biləsuvar şəhərində doğulub,  orta təhsili orda almışam. Orta məktəbi bitirdiyim dövr İran-İraq savaşı dövrünə düşdüyünə görə məktəbi bitirən kimi əsgərliyə apardılar. Həyatımın ən acınacaqlı 30 ayını da məhz əsgərlik dövründə yaşadım. Hətta bizim evə xəbər göndərmişdilər ki, mən ölmüşəm, ailəm də bu xəbərdən yasa batmışdı. Əsgərlik bitdikdən sonra ali təhsil almaq üçün imtahan verdim. İdman sahəsi mənə yaxın olduğundan elə o sahədə də oxumaq istəyirdim. İmtahan verib universitetə qəbul olundum. İran İslam İnqilabı dönəmi idi və “Səlahiyyət” deyilən bir idarə var idi. Gərək namaz qılardın, oruc tutardın ki, səni universitetə qəbul etsinlər. Mən isə elə indi də olduğu kimi, o vaxt ibadətdən uzaq idim. Buna görə də ibadət etmədiyim halda universitetə qəbul olunduğum üçün qəzetlərdə, xəbərlərdə adım dərc edildi. Belə olandan sonra mənə səlahiyyət verilmədi. Mən də düşündüm ki, gənclik illərim gedir. Qərar verdim ki, gəlim Azərbaycanda öz ana dilimdə təhsil alım. Tehranda Azərbaycana viza alıb dostlarımla Bakıya gəldik. Bakıya gələn kimi təhsil məsələsi ilə maraqlandım. Açığı məni çox get-gələ saldılar. Sonra Təhsil Nazirliyində o zamankı millət vəkili Ədalət Rəhimov məni qarşıladı. Onun köməyi ilə sənəd hazırlandı, hazırlıq kursuna başladım. Sonra Bakı Dövlət Universitetində Radio-televiziya jurnalistikası ixtisasına yiyələndim. Universitetdən sonra magistr təhsili aldım. Sonra müxtəlif qəzetlər üçün yazılar verir, Qulu Məhərrimlinin rəhbərlik etdiyi “Səhər” kanalı ilə əməkdaşlıq edirdim. Şirməmməd Hüseynovla tez-tez arxivə gedirdik, ona əski əlifba ilə yazılmış məqalələri oxuyurdum, müəllim də qeydlərini edirdi. Bununla bərabər “Qədim musiqi alətləri” ansambılının üzvü idim, ney ifa edirdim. İndi AzTV kanalında neylə ifa etdiyim musiqiləri zaman-zaman yayımlayırlar. Yəni ölkədə həm mətbuatda, həm də mədəniyyət sahəsində fəaliyyətim olub. Sonra qərar verdim ki, mühacirət etmək lazımdır. Ona görə də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlarla İş üzrə Ali Komissarlığının Bakı ofisinə müraciət etdim. Daha sonra ABŞ-a gedə bildim. Amerikada qərara gəldik ki, televiziya yaradaq. Həmin istəyimiz reallaşdı və bu istəyimiz,  yəni “Günaz TV” indi də fəaliyyət göstərir. Həmin kanalda 15 il aparıcılıq etdim. Daha sonra müəyyən səbəblərdən həmin televiziyanı tərk etməyə məcbur oldum. Televiziyadakı işimdən sonra təcili yardım olmayan tibbi transport şirkəti yaratdım. Amma indi həmin iş də karantin rejimi ilə əlaqədar olaraq dayandırılıb.

 

- Cavad bəy, ABŞ-da insanlar karantin rejiminə əməl edə bilirlərmi? Ölkədə ümumi mənzərə necədir?

- Təəssüflər olsun ki, ABŞ karantin rejimini gec tətbiq etdi, sərhədləri gec bağladı. Amma iqtisadi imkanlar geniş olduğu üçün lazımı tədbirlər görüldü. Hardasa 2-3 ay  bundan əvvəl yardım məqsədi ilə büdcədən 2 trilyon dollardan çox pul ayrıldı. Adambaşına 1200 dollar birdəfəlik ödəmə təyin edildi, uşaqlara isə 500 dollar civarında pul verildi. Bundan başqa, işsizliklə əlaqədar müraciət olunursa  həftəlik ödəniş edilir, ərzaq yardımı istəyənlərə ərzaq payı verilir. Yəni xalq üçün burda vəziyyət çətin deyil. Lakin ölkənin iqtisadiyyatına ciddi şəkildə ziyan dəyib. Artıq mövcud virusa yoluxanların sayı 2 milyonu keçdiyi üçün sanki hələ indi insanlar bu xəstəliyi ciddiyə almağa başlayırlar.


- Bildiyimiz qədəri ilə sizin təşəbbüsünüzlə yeni internet televiziyasl “SMTV” fəaliyyətə başladı. Maraqlıdır, yeni kanal yaratmaq ideyası necə formalaşdı?

- “Günaz TV”ni məcburi tərk etdikdən sonra düşündüm ki, müstəqil “Youtube” kanalı yaradım. “Youtube” kanalı yaratmağı ona görə istədim ki, ümumiyyətlə artıq ənənəvi televiziya sıradan çıxır. Burda televizorda hər hansı sevimli verilişinizə baxmaq üçün gərək evdə olmaq, televizor, peyk anteni, çöl anteni və s. qurğu alasan. Amma olduğun məkandan aslı olmayaraq “Youtube” vasitəsilə istədiyin verilişə baxa bilərsən. Bu baxımdan ABŞ-da televizordan çox bu tip kanallara baxmaq ənənəsi formalaşıb. Buna görə də düşündüm ki, texnologiyanın bu cür inkişafı ilə mədəniyyətimizin carçısı olaq. Çünki gec-tez Azərbaycanda da televizora baxmaq ənənəsi sıradan çıxacaq. Burda azərbaycanlı həkimlərdən 2 nəfər mənə təklif verib bildirdilər ki, kanalda sağlamlıq mövzusuna toxunaq, onlar da güya dəstək göstərəcəklər, təsəssüflə 4 ay zamanımı aldılar, sonda isə sözlərini tutmadılar.

Əvvəllər işin texniki tərəfini bilmədiyim üçün təbrizli bir ailə dostumuz bu məsələlərdə mənə yardımçı oldu. Elə indi də mənə hansısa problem olanda yardım edir. Verilişlərimiz siyasətdən kənardır, sağlamlıq mövzusunu seçməkdə əsas məqsəd isə odur ki, bəzən vətəndaşlarımız yalnış həkimlərin yanına gedib, yalnış müalicə götürürlər. Bu da dünyada yaşayan əksər həkimlərimizi narahat etdiyi üçün onlar istədi ki, öz məsləhətlərini xalqımıza çatdıra bilsinlər, vətəndaşlarımızın da nə sualı olsa, onlara rahatlıqla ünvanlaya bilərlər. ABŞ-da, bütün dünyada azərbaycanlıların sayı artır. Azərbaycanlı ailəsinin dəyərlərinin qorunması, ənənələrimizin təbliği üçün də sağlamlıqdan əlavə mədəniyyət sahəsini seçməli olduq.

 

- Sizcə, “Youtube” kanalı yaratmaq təşəbbüsünün formalaşmasına karantin rejimi ilə əlaqədar olaraq insanların daha çox evdə vaxt keçirməsi də səbəb ola bilər?

- Xeyr, qətiyyən. Kanal yaratmaq haqqında düşünəndə ümumiyyətlə koronavirus məsələsi gündəmdə deyildi. Təxminən 3-4 ay əzrində kanalın formalaşması ilə bağlı fikirlərimizi müzakirə etmişik, ondan sonra addım atılıb. Yəni evdə qaldığım üçün, insanların da boş vaxtı çox olacaq deyə bu ideya formalaşmadı. Sadəcə, belə bir kanalın olması ehtiyacını duydum və dostların da təşəbbüsü ilə istəyim reallaşdı.   


- Hazırda kanalın neçə işçisi var? Yoxsa bütün yük sizin üzərinizdədir?

- Bütün yük mənim üzərimdədir. Çünki veriliş ssenarisini mən yazıram, qonaqlarla mən danışıram, eyni zamanda kanalın piar məsələsi ilə də məşğul oluram. Təsəvvür edin ki, veriliş yayımlanan zaman belə qonaqların adının, mövzunun ekranda yazılması kimi məsələlərə də mən diqqət etməli oluram, həm də sual verə-verə… Demək istədiyim odur ki, bütün verilişin çətinliyi mənim üzərimdədir. Amma bununla bərabər məsləhət aldığım  bəzi dostlar var ki, könüllü dəstək göstərirlər.


- Gördüyümüz qədəri ilə qonaqlarınız da Azərbaycanda və İranda yaşayan azərbaycanlı mütəxəssislər olur. Verilişlərdə xarici qonaqları görməyəcəyik?

- Sırf səhiyyə ilə bağlı ABŞ-da yaşayan xarici həkimlərin də verilişlərə çağırılmasını nəzərdə tutmuşduq. Lakin çox təəssüf ki, həkimlərə müraciət olunsa da, verilişlərə gəlmədilər. Çünki dövlət bildirmişdi ki, dezinformasiya yayılmaması üçün həkimlər özbaşına açıqlama verməkdən imtina etsinlər. Burda yaşayan insanlar isə qanun qarşısında acizdirlər və qanuna tabe olmasalar, ciddi zərbə alacaqlarını bilirlər. Amma gələcəkdə nəzərdə tuturuq ki, xarici mütəxəssisləri verilişlərə dəvət edək.

 

- Sağlamlıq və mədəniyyət… Sizcə geniş izləyici kütləsi üçün iki istiqamət az deyil ki?

- Bəli, çox doğru vurğuladınız. Televiziyanın gələcəkdə daha da genişlənməsi üçün adının da belə olması məhdud imkanlar yaradacaq. Amma mənə görə hazırda ad önəm daşımır, ideya önəm daşıyır. Çalışırıq siyasi həyatdan uzaq olaq, məqsədimiz Azərbaycanı ucaltmaqdır. Bizim öhdəmizə mədəniyyət və sağlamlıq bölümü düşüb, təbii ayrı istiqamətdə də iş görənlər olacaq. 


- Kanalda çalışan əməkdaşlar da Cənubi Azərbaycandandır? Yoxsa xaricilər də olacaq heyətdə?

- Qeyri-azərbaycanlı olan əməkdaşımızın olması real deyil. Onlar yalnız qonaq kimi çıxış edə bilərlər. Mənə görə yaxın gələcəkdə də xarici əməkdaşımız olmayacaq. Amma Azərbaycanın istər cənubu, istərsə də şimalından olan vətəndaşlarımız əməkdaş qismində bizlə çalışa bilər.


- Diaspor Təşkilatının fəal üzvlərindən birisiniz. Bu istiqamətdə işlər necə gedir?

- Mənim diaspor fəaliyyətim ABŞ-la bağlı olan məsələ deyil. Hələ Azərbaycanda yaşadığım dövrdə Diaspor Komitəsinin rəhbərliyi seçilməmişdi, o zaman Dünya Azərbaycanlıları Konqresi var idi. Düzdür, orda heç bir vəzifə tutmurdum, amma əməkdaşlığı davam etdirirdim. Sonradan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Komitə yaradıldı. Komitəyə rəhbərliyə gətirilən adam dağıdıcı funksiya daşıyırdı, onun işi nəticəsində fəal adamlar da komitədən uzaqlaşdı. Nəhayət sonradan Fuad Muradovun Diaspor Komitəsinin sədri seçilməsi çox uğurlu addım oldu. Onun seçdiyi nümayəndələr də fəal, işini bacaran kadrlardır. Hiss edirəm ki, təkcə yaşadığım Çikaqo şəhərində yox, digər şəhərlərdə də diaspor gücü, fəaliyyəti hiss olunur. Diaspor fəaliyyəti hakimiyyəti tərif etməklə olmur. Sadəcə dövlət bu təşkilata dəstək verir və icmalar aktiv olmalıdır. Bu məsələ indi öz yolunu tapıb.   


- Bir az fərqli istiqamətə gedək… ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Millerin həyat yoldaşı Keti Millerdə koronavirusun aşkarlandığı məlum oldu. Ümumiyyətlə, ölkə başçısının ətrafında koronavirusa yoluxan çoxdur. Bu Trampın da virusa yoluxma ehtimalını çoxaltmır ki?

 

- ABŞ cəmiyyətində kimsə bu məsələyə önəm vermir. Əgər sabah xəbər yayılsa ki, Donald Tramp koronavirusa yoluxub, inanın ki, o xəbər olaraq bir dəfə yayımlanacaq və söhbət orda da öləcək. Yəni bu cəmiyyət üçün virusa yoluxmaq və ondan qurtulmaq məsələsi pul ilə həll olunur ki, Tramp üçün də bu xəstəlik problem həddində deyil. Ona görə də heç bu məsələdən uzun danışmasaq yaxşıdır…


- Cavad bəy, əksər ölkələrin liderləri belə çətin vaxtlarda mətbuat qarşısına, xalq qarşısına çıxmaqdan çəkindi. Amma görünən odur ki, ABŞ prezidenti demək olar ki, hər gün mətbuat qarşısına çıxır, ölkədəki ümumi vəziyyət barədə məlumat verir, medianın suallarını cavablayır. Sizcə Trampın bu “yaxınlığına” səbəb qarşıdan gələn prezident seçkiləri üçün mövqeyini möhkəmləndirmək ola bilərmi?

- Tramp nə qarşıdan gələn prezident seçkilərinə görə, nə də hər hansı səbəbdən media qarşısına çıxır. Mətbuat qarşısına çıxmaq məsuliyyət tələb etdiyindən Tramp bu cür davranır. Bu ölkədə insanlara o cür açıqlamalar verilməsə, vəziyyət daha da çətin olacaq. Çünki bu böyüklükdə ölkənin iqtisadiyyatına çox ciddi ziyan dəyib. Hazırda 40  milyondan çox insan işsiz kimi qeydiyyata alınıb və onlar dövlətdən həm ərzaq alırlar, həm də pul. Trampın liderlik dövrü çətin dövrə təsadüf etdiyi üçün hər şeyin şəffaf olduğu ölkədə daimi olaraq media qarşısına çıxmaq lazımdır. Bundan başqa, bəzi iqtidardaxili qruplar kənardan durub seyr edirlər ki, hakimiyyət nə isə səhv buraxsın və o səhvlə hər şeyi dəyişdirsinlər.


- Son olaraq, Cənubi Azərbaycan üçün, ümumilikdə Azərbaycan üçün darıxırsınızmı?

- Mən Cənubi Azərbaycanı 1 çanta ilə tərk etmişəm. Azərbaycana gələndə isə heç darıxmırdım, çüniki doğma yurdda idim, yaxşı dostlar qazandım, çevrəmdəkilər akademik insanlar idi və indidə onlarla əlaqələri qoruyub saxlayıram. ABŞ vətəndaşı olsam da, əvvəllər tez-tez Azərbaycana gedib-gəlirdim. Amma mühacirət həyatı 30 il sonra məni də “əzdi”. Ona görə də indi desəm ki, dərin darıxmaq hissi var, yalan olar.  Amma qəlbimdə vətən eşqi, vətən sevgisi var ki, bu mənim üçün ana sevgisindən də ötədir…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?