Modern.az

Qarabağ məsələsində susmaq “qızıl” deyil...

Qarabağ məsələsində susmaq “qızıl” deyil...

17 İyun 2020, 15:30

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Görəsən nədən bu yolunu azmışlarla diplomatik yol getməkdə hələ də yoldaşlıq edən Azərbaycan rəsmilərini bu yolun "toz-tozanaq" olduğu bezdirmir?


Azərbaycanın işal edilmiş ərazilərini ermənilərdən azad etmək üçün oturub nə vaxtsa yaranacaq münbit siyasi şəraiti gözləməsi, düşmənə nəinki yerdə, hətta göydə də yol salmasına rahat şərait yaradır.

Şübhəsiz ki, Azərbaycan fikirləşincə, işğalçı Ermənistanın Cəbrayıldan vurub Arazı keçməsi və separatçı rejimin "başına" yenicə oturan Araik Arutyunyanın Ermənistanla Qarabağı birləşdirəcək yeni üçüncü yolun çəkilməsi barədə verdiyi qərar hər kəsə bəllidir. Bu yolun hansı məqsədlə tikilməsinə gəlincə isə, əgər erməni bloger David Simonyanın sözlərinə inansaq, Kəlbəcər və Ağdərədəki qızıl yataqlarından Ermənistana doğru asfaltlanmış rahat yol olduğu kimi, burda da əsas məqsəd Qarabağın cənubundakı digər qızıl yataqlarından Azərbaycan qızılının  asan daşınmasını təmin etməkdir.

 

Ancaq Qarabağda bütün var-yoxu talan edilən Azərbaycanın yalnız sözdə yüngül bəyanatlar verməsi, hayları heç də Azərbaycan siyasətbazlarının tez-tez dedikləri kimi "acından ölən erməni" etmir, əksinə, onları getdikcə daha çox zər-zibaya bürüyür. Qollarındakı qızıl saatların əqrəblərinin də anbaan onların xeyrinə işləməsindən olduqca məmnun olurlar.

 

Doğrudur, iyunun 10-da Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla, Ermənistanın Qafan rayonunu Azərbaycanın işğal olunmuş Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə Dağlıq Qarabağın Hadrut rayonuna birləşdirəcək üçüncü yolun inşa edilməsini kəskin şəkildə pisləsələr də, ancaq bu, düşmən tərəfinin heç vecinə də olmadı.

 

Əksinə, onlar özlərini o qədər arxayın hesab edirlər ki, hətta Ermənistanın "Mənim addımım" fraksiyasının deputatı Mikael Zolyan bu bəyanatı Avropa parlamentinin və Avropa birliyinin mövqeyi kimi qəbul etmir. O, bu bəyanatı vur-tut 3 deputatın adından edilən müraciət hesab edərək, "bizə nə qədər yol lazımdırsa, o qədər də çəkməliyik", - deyə, özünəgüvənlik nümayiş etdirir.

 

Zolyandan heç də fərqlənməyən Ermənistan prezidentinin köməkçisi, Tevan Poqosyan isə Avropa parlamentinin məlum bəyanatına ümumiyyətlə heç "vız" atmır. O, bu bəyanatı tənqid edərək, Azərbaycana sanki, qıcıq verirmiş kimi Xocalı aeroportunu nəzərdə tutaraq, "Yerevan Qarabağa yalnız quru yolu deyil, hava nəqliyyatını da işə salmalıdır", - deyir.

 

Ancaq, maraqlı burasıdır ki, istər Zolyanın, istərsə də Poqosyanın nə demələrindən asılı olmayaraq, erməni mediası "quyruğunu bullayaraq" dayanmadan hay-həşir salır ki, "Avroparlament Bakı rejiminə müharibəyə başlamaq üçün yaşıl işıq yandırır". Onlar bunu 2016-cı ilin 26 yanvarında Avropa Şurası Parlament Assambleyasının Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi qətnamə ilə əsaslandırırlar. Ermənilərin fikrincə, güya, o vaxt Ermənistan Avrasiya İqtisadi Birliyinə məcburi halda birləşdirildikdən bir qədər sonra Azərbaycan üçün müharibəyə başlamağa legitimlik lazım idi deyə, Avropa Şurası Parlament Assambleyası tərəfindən bu qətnamə qəbul olundu və Bakı müharibəyə başladı. İndi haylar bu minvalla hesab edirlər ki, Avroparlament yenidən Bakının müharibəyə başlamasına "hüquqi" əsas yaradır. Erməni yazarlar müharibənin başlanacağına o qədər inanırlar ki, hətta hər iki tərəfdən olacaq itkilərə görə, bütün məsuliyyəti indidən bu qurumun üstünə atmaqdan da utanmırlar.

 

Utanmaq demişkən, baxın, bu utanmazlar Azərbaycanın 1930-cu ildə yaradılmış keçmiş Şaumyan, indiki Goranboy rayonunu Ermənistan dövlətinin ayrılmaz hissəsi hesab edir, güya, onun Azərbaycan tərəfindən 28 ildir "işğal" edildiyini və Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi prosesində masaya qoyulmasını istəyirlər. Rəsmi İrəvan bu "işğalı" pisləyərək, qondarma "dqr"-nın "Şaumyan" rayonunu "geri" alması iddiasını dəstəkləyir. Təzada baxın ki, Rusiyanın əli ilə Azərbaycanın 20%-ni işğal edənlər ya çaşaraq, ya da "quş" buraxaraq qeyd edirlər ki, "Şaumyan rayonunun işğalı azərbaycanlılar tərəfindən deyil, həmişəlik yaddaqalan general Şamanovun komandanlığı ilə Rusiya Silahlı qüvvələrinin 4-cü ordusunun 23-cü diviziyası tərəfindən işğal olunub". 

 

Göründüyü kimi, ermənilər bütün işlərində Azərbaycana qarşı hücumdadırlar. Burada ən dəhşətli və dözülməz hall odur ki, onlar Azərbaycana qarşı tarix boyu etdikləri bütün vəhşilikləri hər bir halda tam əksinə çevirib dünyaya təqdim edirlər. Azərbaycan tərəfinin isə bu hücumlara yüngül bəyanatlarını nəzərə almasaq, az qala hər dəfə susmaqla yola verməsi görünür. Belə olan halda əlbəttə ki, ermənilər nəinki yerin yeddinci qatına soxulub Azərbaycan qızılını çıxarıb öz "haykanuşlarına" qızıl saraylar, asfalt yollar tikəcək, hətta lap göyün yeddinci qatına da qalxıb özlərinə yol çəkəcəklər.

 

Görəsən nədən bu minüzlü, yolunu azmışlarla diplomatik yol getməkdə hələ də yoldaşlıq edən Azərbaycan rəsmilərini bu yolun "toz-tozanaq" olduğu bezdirmir? Azərbaycan xalqı ermənilər tərəfindən nə qədər talanmağa, aşağılanmağa, yurd-yuvasına həsrət qalmağa dözməlidir ki, Ordu torpaqları azad etmək üçün hərəkətə keçsin?!

Rəsmi Bakının ATƏT-in ermənilərə "əl verən" vaxtöldürücü danışıqlar prosesində iştirakı və onların tutduqları "yerli-göylü" bu yollara od ələmək əvəzinə quru bəyanatlar verməsi, Qarabağı azad etmək üçün, artıq heç bir işə yaramır. Azərbaycan ordusunun əməli işdə "Danışmaq gümüşdürsə, susmaq qızıldır", atalar sözünə indiyədək riayət etməsi isə onu təsdiqləyir ki, Qarabağ məsələsində susmaq "qızıl" deyil.

Aydın məsələdir ki, vaxt ötdükcə könlündən Qarabağ keçənlərin sayı azalır. Ancaq Azərbaycanda könlündən qızıl keçənlərin sayını isə heç pandemiya da azalda bilməz. Odur ki, könlü qızıl istəyən gərək ürəkli olsun, başını Kəlbəcərə, Ağdərəyə, bir sözlə hazırda talanan, dağınıq vəziyyətdə gözü yol çəkən Dağlıq Qarabağa vursun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir