Modern.az

Baş infeksionist: “Qaydalara əməl etsəydik, vəziyyət bu cür olmazdı”

Baş infeksionist: “Qaydalara əməl etsəydik, vəziyyət bu cür olmazdı”

18 İyun 2020, 11:18

İki həftədir Azərbaycanda narıncı zonaya daxil olan şəhər və rayonlarda vətəndaşların küçəyə çıxma qadağası – sərt karantin rejimi tətbiq olunur. İlk qapanma 6-7 iyun tarixlərini əhatə edib və üzərindən 12 gün keçib. Amma hələ də koronavirusa yoluxma sayında azalma müşahidə edilmir.

Təəssüf ki, kütləvi məsuliyyət hissi tam formalaşmayıb, ictimai nəzarət də həmçinin. İnsanlar sosial məsafə gözləməyə laqeyd yanaşır, polis-vətəndaş qaçdı-tutdusuna təsadüf olunur. İctimai nəqliyyatda – konkret olaraq avtobuslarda maskasızların sayı maskalılardan daha çox müşahidə olunur. Digər qapalı yerlərə maska ilə girmək çoxlarının ağlına gəlmir. İnsanlar növbələrdə distansiya gözləmirlər...

Belədə tətbiq edilən qadağalar effektli olmalıydımı?..

Bu barədə Modern.az-ın suallarını cavablandıran respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hələlik Azərbaycanda yoluxma sayında stabillik var:

“Yaxşıdır ki, yoluxma sayı 300-dən o tərəfə keçmir. Ümumi xəstələnənlər cəmi 10991 nəfərdir. Bu isə ümumi əhalinin 0,1 faizidir. Statistikaya əsasən, ölüm faizi 1,2-yə bərabərdir. Bunlar çox da böyük göstərici deyil. Bizim çalışdığımız odur ki, bu göstəricilər artmasın. Ona görə də çox müxtəlif tədbirlər sistemi işlənilib hazırlanıb. Yoluxma sayının artıb-azalması isə birbaşa vətəndaşların məsuliyyətindən asılı olan məsələdir. İnsanların verilən tövsiyələrə əməl etməsi burada əhəmiyyətli rol oynayır”.

Baş infeksionist hazırkı qadağaların martdakı qadağalardan az effektli olmasının səbəbini də vətəndaşların məsuliyyətilə əlaqəndirib:

“Yumşalmalara qədər vəziyyət çox yaxşı idi. Yumşalma barədə qərar verilən kimi insanlar düşündü ki, artıq koronavirus yoxdur, biz necə istəyirik elə də hərəkət edə bilərik. Məhz bu da indiki nəticələrlə üz-üzə qalmağımıza gətirib çıxardı”.

C.İsayev “yumşalmalara tez gedildi” fikirlərilə razılaşmayıb:

“Hər şey planlı şəkildə həyata keçirildi. Amma insanlar tövsiyələrə əməl etmədi, maska, sosial təcrid qaydalarına riayət olunmadı. Əgər biz qaydalara əməl etsəydik, vəziyyət bu cür olmazdı. Hələ də maskadan istifadə etməyənlər də çoxdur”.


Həftəsonu qadağalarının effektivliyinə gəlincə, o, bunun təhlillərdən sonra məlum olacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir