Modern.az

“Azərsu” içməli su qıtlığının SƏBƏBLƏRİNİ açıqladı

“Azərsu” içməli su qıtlığının SƏBƏBLƏRİNİ açıqladı

19 İyun 2020, 09:44

“Azərsu” ASC hazırda Bakıətrafı bəzi ərazilərdə müşahidə edilən içməli su çatışmazlığının səbəblərini açıqlayıb.

 

Qurumun mətbuat katibi Anar Cəbrayıllı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bunun obyektiv səbəbələri var və bir səbəb Kürdə suyun azalmasıdır: “Bildiyiniz kimi, Kürdən suyu götürüb emala vermək üçün üzən nasosstansiyalarımız var. Bir müddət su səviyyəsi azaldığından əvvəl suyu götürmək çətinləşdi, həmin qurğular quma oturdu. Ona görə də iyunun əvvəllərində Kürdən Bakıya saniyədə 1 kubmetr az su vermək məcburiyyətində qaldıq. Dərhal əraziyə xüsusi texnika yeridildi, üzən nasostansiyaların ətrafı və alt hissəsi qumdan, lildən təmizləndi və hazırda çaydan normal su götürə bilirik”.

 

A.Cəbrayıllının sözlərinə görə, ikinci səbəb suya tələbat kəskin artmasıdır: “İyunun əvvəlindən kəskin istilər düşdü. İnsanlar pandemiya ilə bağlı evdə qapandığından sudan daha çox istifadə etməyə başladılar. Bakıdan çıxış məhdudlaşdırıldığından insanların böyük əksəriyyəti bağ evlərinə köçdü, bağ evi olmayanlar kirayə bağ evlərinə üz tutdular. Üstəlik içməli suyun daha çox suvarma suyu kimi istifadə olunması, həmçinin üzgüçülük hovuzlarının su ilə doldurulması da səbəblər sırasındadır. Əgər üzgüçülük hovuzunun uzunluğu 7 metr, eni 3metr olarsa, ora 2 metr hündürlüyündə su yığılsa, bu, avtomatik olaraq 42 kub su edir. 42 kub suyu 15-200 mm diamterli borularla doldurmaq üçün 2 sutkadan artıq vaxt tələb olunur, deməli ən azı 50 saat dayanmadan hovuza su axmalıdır ki, hovuz dolsun. Bu da tələbatın kəskin artmasına səbəb olub”.

 

“Azərsu” rəsmisi qeyd edib ki, su çatışmazlığı daha çox paytaxtın şərq hisssəsində müşahidə edilib: “Əsas çətinlik Suraxanı, Sabunçu, Xəzər və Abşeron rayonunda və Bağ massivlərində müşahidə edildi. Qaradağda, Səbaildə, Yasamalda, Nəsimidə, Nərimanovda su ilə bağlı elə də çətinlik yaşamadıq. Kürdən, eyni zamanda Ceyranbatandan suyun verilişini artırdıq, rejim tənzimləmələri apardıq. Artıq sistemi stabilləşdirmişik. Bu gün Suraxanı rayonunda, Xətai, Abşeron, Xəzər və Binəqədi rayonunda (Kənd Binəqədi istinsna) problemləri həll etmişik. Sabunçunun bəzi hissələrində (Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, Balaxanı qəsəbəsi, Pirşağı qəsəbəsi) lokal problemlər qalmaqdadır ki, bunun da həlli üçün tədbirlər görürük”.

 

 

A.Cəbrayıllı deyib ki, rejim tənzimləmələri daha çox su alan ərazilərdə müəyyən saatlarda su verilişinin azaldılması hesabına, şəhərin digər istiqamətlərinə yönəldilməsilə aparılıb: “Eyni zamanda, Layihə və istismar departamentinin əməkdaşları su çatışmazlığı olan ərazilərdə həll variantları tətbiq etməyə başlayıblar. Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivində, I Mədən ərazisində bir kilometrə yaxın yeni şəbəkə xətləri çəkirik ki, ərazidə içməli sudan əziyyət çəkən insanların problemlərini həll edək. Su təchizatında problem yaşanan əsas ərazilər “Azərsu” ASC tərəfindən mərkəzləşmiş su şəbəkəsi qurulmayan ərazilərdir. Fərdi qaydada, tikinti normalarına uyğun olmayan, qonşudan su çəkənlər, kollektorlardan istifadə edənlər və s.dir. Tikinti normalarına uyğun olmayan ərazilərdə təzyiqin formalaşdırılmasında problem yaranır, ən çox israfçılıq və itki də oradadır. Ona görə də insanlara səslənirik ki, qlobal istiləşmə şəraitində sudan qənaətlə istifadə etsinlər. Əsas da bağ evlərində içməli sudan suvarma suyu kimi istifadə edənlər məsuliyyətli olsunlar. Biz onları da başa düşürük, alternativ suvarma suları yoxdur. Amma bu gün böyük əksəriyyət ənənəvi suvarmadan, şlanqla suvarmadan istifadə edir. Yaxşı olar ki, vətəndaşlarımız çiləmə, damcı üsulundan istifadə etsinlər”.

 

O qeyd edib ki, “Azərsu” ASC bağ massivlərində, qəsəbələri inkişaf etmiş ərazilərdə mərkəzləşmiş şəbəkə işlərini hələ tam yekunlaşdırmayıb: “Həmin ərazilərdə 70 faizdən çox şəbəkə fərdi şəbəkələrdir ki, bu da suyun optimal idarə olunması, rejim tənzimlənməsində bizə böyük çətinliklər yaradır. Bir daha deyirəm ki, əksər ərazilərdə nəticələr əldə edilib. İndi isə əsas diqqət lokal problemlərin qeydə alındığı ərazilərdə tənizmləmə işlərinin aparılması və suyun təminatının yaxşılaşdırılmasına yönəldilib".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir