Modern.az

Türkiyədən Azərbaycana köməyə gələn həkimlərin iş müddəti uzadılmayacaq

Türkiyədən Azərbaycana köməyə gələn həkimlərin iş müddəti uzadılmayacaq

19 İyun 2020, 12:00

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Azərbaycan ofisi, Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə həyata keçirdiyi REACT-19 layihəsi əsnasında 19 nəfərlik hıkim heyəti koronavirusla mübarizə üçün aprel ayından Azərbaycandadır. Paytaxt və eləcə də bir neçə bölgədə qruplar halında çalışan həkimlərin ölkədə fəaliyyət müddəti isə layihənin əvvəlindəki qərarlara görə, iyunun sonunda tamamlanmalıdır.


Azərbaycanda virusa yoluxma sayı artır və tibb işçilərinə də tələbat çoxalır. Maraqlıdır, belə vəziyyətdə Türkiyədən gələn mütəxəssislərin Azərbaycandakı  fəaliyyəti uzadıla bilər? Bu haqda onlara təklif olubmu?


Məsələ ilə bağlı Modern.az-a REACT-19 layihəsinin kordinatoru Nəsiman Alılı Azərbaycanda artıq onlar üçün son iş həftəsinin olduğunu deyib. Bildirib ki, heyətin ölkədə fəaliyyətinin uzadılması ilə bağlı hər hansı fikir yoxdur:


“Bizim layihənin hardasa 3 aydan az müddəti var idi. Apreldə İzmirdə təlimlərə başladıq və Azərbaycana gəldik. Artıq iyunun sonu layihə müddəti bitir və 19 nəfərlik heyətdə olan həkimlərin hamısı Türkiyəyə qayıdacaq. Çünki onların da hər birinin orda öz işləri var. Bildiyiniz kimi, Türkiyə də pandemiya ilə mübarizə aparır və həkimlərimizin çalışdıqları xəstəxanalarda öz funksiyaları var. Bu baxımdan məcbururq ki, geri dönək. Azərbaycanda olduğumuz müddətdə əlimizdən gələni etdik, həkimlərimizə dəstək olduq. Amma indi də koronavirus Azərbaycanda pik həddədir, ölüm sayı artır. Səhiyyə Nazirliyi, TƏBİB yenidən düşünməlidir ki, əlavə hansı tədbirlər görülsə, uğurlu nəticələr əldə etmək olar. Amma yenə də ölkədə aidiyyətı qurumlar əlindən gələni edir”.


N.Alılı 19 nəfərlik qrupdan heç kimin virusa yoluxmadığını da qeyd edib:


“Çox sevindirici haldır ki, 19 nəfərlik heyətdən heç kim bu müddət ərzində virusa yoluxmadı. Təbii ki, burda peşəkarlıq da öz sözünü dedi. Xəstəxana şəraitində bütün qorunma qaydalarına riayət etdik, sosial aləmdə də lazımı məsafəni gözlədik. Artıq layihədə sonuncu həftəyə girmişik və hər şey yaxşıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi