Modern.az

Bakıdakı şadlıq evləri və restoranların oğurluğu

Bakıdakı şadlıq evləri və restoranların oğurluğu

22 May 2012, 15:55

 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,
son vaxtlar nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, hələ də bəzi abunəçilərin içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə etməsi təəssüf doğurur.

“Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşları mütəmadi olaraq belə hallar aşkarlayır. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində təkcə may ayının birinci yarısında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Bakı şəhərinin müxtəlif rayonlarında 220-ə qədər fakt aşkarlanıb. Bunların 70-i su xəttinə qeyri-qanuni qoşulma, 150-i isə sayğaclara müdaxilələrlə bağlı olub. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və beton istehsalı məntəqələrində rast gəlinir.

Aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən “Aylı gecə” istirahət mərkəzində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Məlum olub ki, obyektdə içməli sudan müqavilə bağlanılmadan, qeyri-qanuni çəkilmiş 25 mm diametrli xətt vasitəsi ilə istifadə edilirmiş. Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və su təchizatı dayandırılıb.

Binəqədi rayonunda fəaliyyət göstərən “Montana İnvestment Group” şirkətinə məxsus beton istehsalı sexində CSS-40 markalı su sayğacının “Azərsu” ASC və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən vurulmuş möhürlərinə müdaxilə edilib.

Nərimanov rayonu, M.Nərimanov 2072 ünvanında yerləşən “NRS” MMC –yə məxsus “Sabirabad” kafesində cari ilin mart ayında quraşdırılmış STB-50 markalı su sayğacı özbaşına çıxarılıb.

“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə qanunsuz hərəkətlərə yol verən istehlakçıların içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla dəymiş ziyanın məbləği hesablanacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?