Modern.az

O, hər iki qadınını sevir - “Mənə zarafatla deyirdilər ki, ürəyin karvansara qapısıdı” - Məşhur memarla MÜSAHİBƏ

O, hər iki qadınını sevir - “Mənə zarafatla deyirdilər ki, ürəyin karvansara qapısıdı” - Məşhur memarla MÜSAHİBƏ

21 İyun 2020, 10:08

Memar Fəxrəddin Miralayı, nədənsə, həmişə dərvişlərə oxşadıram. Yəqin, hal əhli olmağındandı. Elə bilirəm, onunçün dünyanın qayda-qanunu, ölçü-biçisi anlamsızdı. Beləsi həmişə sevdalıdı...

- İkinci sinifdə oxuyandan vurulmuşam. Leyla adlı qəşəng bir qızıydı. Dördüncü sinifdə də, beşdə də, altı da da, sonra da institutda...sevirdim.


- Leylanı?


- Yox, kim gözəliydi, onu...Cavanlıqda özüm də pis deyildim.  Evdə mənə zarafatla deyirdilər ki, Fəxrəddinin ürəyi karvansara qapısıdı. Mən də həmişə evdəkilərlə mübahisə eləyirdim ki, gözəli sevməmək qəbahətdi. Bəziləri deyir ki, sevgi bircə dəfə olur. Mən bunu anlamıram, ömrünün axırına kimi birini necə sevə bilərsən? Rəhmətlik atam hər məclisdə tost deyib qadınların sağlığına içərdi. Onlara  şeir yazardı. Anam da atamı qısqanıb- eləmirdi. Əksinə, bundan ləzət alırdı ki, ərim qadın gözəlliyini, dəyərini anlayandı.  Atam hərbçiydi, cüssə, qamət...nə desən vardı onda. Qoçaq, cəsur adamıydı. Əsl klassik kişilərdəniydi. Sözümün canı odur ki, qadınlar da atama vurulurdu. Amma bunların heç biri anamla atam arasında söz-söhbət yaratmırdı. Anam tək bircə dəfə ondan inciyib. 60-70 yaşları vardı. Bir gün mübahisələri düşür, atam ona “az danış” deyir, anam bu sözə görə küsüb qardaşıgilə gedir. Yəni  mən gözümü açıb qadına belə münasibət görmüşəm. Peyğəmbərimizin bir sözü var, deyir, kişilərin qadınlar üzərində haqqı böyükdür. Amma qadınların kişilər üzərində haqqı ondan da böyük. Bu, İslam aləmində qadının haqqını göstərən ən böyük kəlamdı. Deyirlər, qadınlarımız əzilir, hüquqları tapdanır. Mən bununla razılaşmıram. Onlar Sovet hökumətindən sonra əzildilər. Guya, azadlıq uğrunda mübarizə aparırdılar. Əksinə, ondan sonra qadınlar ucalıqdan endilər. Amma mən yenə qadınları kişilərdən üstün bilirəm. Öz xanımımı da. Ona şeir qoşuram...


- Şairliyiniz də varmış?


- Mənim şeirlərim ancaq sevgidəndi. Deyim ki, yoldan keçənə şeir qoşuram, yox! Təkcə qadınıma ithaf eləyirəm. Qadınımçün  mahnı da oxuyuram. Məncə, qadın təkcə xörək bişirən, paltar yuyan deyil. Bundan ötrü evlənməyə dəyməz. Qulluqçu da tutmaq olar. Qadın sənin sirdaşın olmalıdır. Bizdə belədi, övladlarımla, qadınımla dostam.


- Ailə sizi sıxmır ki? Nəzərə alsaq ki, tez-tez vurulansız...


- Yox. Ailə bir növ cəmiyyətdi. Bir-birinə əhdi-peyman bağladın, deməli, üstünə məsuliyyət götürdün.


- Mən də onu deyirəm də. O məsuliyyət “qanadlarınızı” qırmır?


- Mən indi də cavanlığımdakı kimi vurulmayacam ki! Yox...belə də ola bilər. Heç gizlətmirəm də. Kinoda hansısa qadından xoşum gəlir, açıqca deyirəm. Yoldaşım zövqümə də bələddi, bilir ki, hansı qadınlar ürəyimə girə bilər.


- Bizə də deyərsiz?


- Qadın danışana qədər onun haqqında bir söz deyə bilmərəm. Ancaq ağzını açandan sonra bilirəm nə karədi. Cismani gözəllik məni o qədər də maraqlandırmır.  


- Bəs gözəlləri sevdiyinizi deyirdiz?


- Mən gözəlliyi kompleks şəkildə qəbul eləyirəm. Onun məlahəti, incəliyi yoxdusa, qaşı-gözü ha gözəl olsun. Bir misal çəkim: Flora xanımı tanımırdım. Bir dəfə iş yerimə gəlmişdi. İnanın ki, onun qadınlığına vuruldum. Evdə də demişəm. Onda nə qədər məlahət, zəriflik varmış! Bir də görürsən, deyirlər, filankəs kişi kimi qadındı, mərddi. Bu, mənə çatmır. Qadın niyə kişi kimi olsun?!

Həə, bir də, iki dəfə evlənmişəm. Birinci yoldaşımla indi də dostam. Gediş-gəlişimiz var.


- Bəs niyə ayrıldız?


- Aramızda yaradıcılıqdan gələn bir təzad vardı.


- Sizi başa düşmürdü?


- Yox, o da elm adamıydı. Evimizdə həmişə Azərbaycan mədəniyyətindən, tarixindən mübahisələr düşürdü. Bunun üstündə bir yerdə yaşaya bilmədik. İki qoçun başı bir qazanda qaynamadı. Böyük oğlumun anasıdı. Özü də abırlı nəsildəndi. Onlara inqilabdan əvvəl Orucov qardaşları deyərdilər.


- Həə, tanış soyaddı...

- Onların nəvəsidi. Ayrılandan beş il sonra ikinci dəfə evləndim. O, da memardı. İki uşağımız var,  xoşbəxt yaşayırıq. İndikiynən, uşaqlarımla gedirik birinci yoldaşımın evinə qonaq. O, bizə gəlir. Uşaqlar bir yerdə oturub-dururlar.


- Qadınlar sizi qısqanmır?

- Zərrə qədər də.


- Maraqlıdı.


- Mən olmayanda da bir yerdə kinoya, konsertə gedirlər.


- Yəqin, bütün bunlar sizdən gəlir?


- Həə. Oğlumu atmayacaqdım ki.  Görüşməliydim, dərd-sərini bilməliydim. İstəmirdim ki, bunlar gizli olsun. Onsuz da  ikinci yoldaşım gec-tez xəbər tutacaqdı. Ona görə də  onu da özümlə apardım, tanış elədim. Bir-birimizin yanında günahsızıq. Bir az...təəssüf eləyirəm. Fikirləşirəm ki, kiminsə bədbəxtliyinə səbəbkaram, gərək  möhkəm olardım, ayrılmayardım...


- O qadın özünü bədbəxt sayır?


- Yox! Biz bir-birimizi bu gün də sevirik. Amma...nəysə, bu, illərin  söhbətidir.


- Yəqin, ikinci dəfə ağılla evlənmisiz?


- Yox! Mən heç vaxt ağılla ailə qurmamışam.


- Bəs bir ürəkdə iki sevgi necə olur?


- Hər iki qadınımdan üzr istəyirəm, ən böyük sevgi Allaha məxsusdu. Allahımı hər şeydən artıq sevirəm. Füzuli də, Nəsimi də sevgidən yazanda Allaha xitab eləyib. Bəndə sevgisi ondan sonra gəlir. Allahı dəlicəsinə sevdiyimdən, onun bəndəsini də dəli kimi sevirəm. Heç vaxt sabahı fikirləşməmişəm.  Qardaşım deyərdi ki, Allah sevən insanı gözdən, qulaqdan, bir də ağıldan eləyir. Mən də həmişə sevinmişəm ki, nə yaxşı, Allah məndən də bunları alıb! Gözümü yumub palçığı keçirəm, batsam, batacam, batmasam da, heç...


- Amma bu, sualımın cavabı olmadı...

Gözlərini məndən yayındırır. Sonra bir nöqtə tapıb, dinməz-söyləməz ora baxır. Elə bil sualın cavabı qaçıb o nöqtədə gizlənib.


- Bilirsiz, sevginin də kateqoriyaları var. Məişət sevgisi də ola bilər, qadını gözəl  xörək bişirdiyinə görə də sevə bilərsən. Zahiri gözəlliyinə görə də. İndiki yoldaşıma...sozsüz ki, intim sevgim də var.   Bu, elə bir şeydi ki, bizim müsəlman aləmində belə şeylər açıqlanmaz. Sırf insani, övladımın anası olmaq baxımından hər ikisinin statusu eynidi.  Amma məsələ ondadı ki,  pasportumda  bugünkü qadınımın  adı yazıldığından, onun qarşısında daha çox məsuliyyət daşıyıram.


- Heç ağlım kəsmir ki, sizinçün sənəd, pasport çərçivəsi var.

(Gülür)


- Ağlıma versə, istədiyim vaxt papağımı götürüb, cıxıb gedə bilərəm. Yaşa-filana baxmadan. Bunlar bir yana,  qocalmaq fikrim yoxdu.  Mənə “dayı”, “əmi” deyəndə xətrimə dəyir. Özümü hələ cavan oğlan sayıram. Məşədi İbad demişkən, nə qədər qoca olsam da, dəyərəm min cavana.

Qoy bir şeyi də deyim.Tez-tez vurula bilərəm, amma ailəmi heç nəyə satmaram. Xəyalımda sevərəm, barmağım o qadına dəyməz! Bunu ağlıma belə sığışdırmıram. Ruhumsa həmişə azaddı.


- Onun ağıl adlı nəzarətçisi varsa?


- Ağıl zülmə tabedi. Dövlət var, onun qayda-qanunu var. Ağıl bunlardan çıxarsa, cəzalanırsan. Bundan başqa  mənim özümün ruhani dünyam var. Bu dünyanın prezidenti də mənəm, süpürgəçisi də. Orda Günəş də, Ay da başqa cürdü. İstəsəm, özümü şah elan eləyirəm, istəsəm, hərəmxana açaram, qiyabi şəkildə...


*** 

Jurnalist Səfurə Çərkəzqızının Modern.az-a təqdim etdiyi məşhur memarın müsahibəsi ilk dəfədir internet mediada yayımlanır.

 

1999-cu il

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?