Modern.az

Karantin dövründə qəzetlərin satışı azalıb? - “İnsanlar indi can hayındadır...”

Karantin dövründə qəzetlərin satışı azalıb? - “İnsanlar indi can hayındadır...”

22 İyun 2020, 16:07

Mövcud pandemiyanın yaratdığı şəraitdən dolayı artıq bir neçə aydır ki, ölkədə karantin rejimi tətbiq edilir. Bu müddət ərzində əksər müəssisə və təşkilatların nümayəndələri kimi KİV təmsilçiləri, qəzet işçiləri də fəaliyyət göstərdi.

Maraqlıdır, uzun müddət köşklərin bağlı olması və insanların şəhərdə hərəkətinə məhdudiyyət qoyulması ənənəvi media növü olan qəzetlərə hansı şəkildə təsir göstərdi? Karantinin çap mediasının əməkdaşlarının iş rejiminə təsiri necədir?

 

Modern.az məsələ ətrafında ölkədə fəaliyyətdə olan qəzetlərin redaktorları arasında sorğu keçirib:

 

 

"525"-ci qəzet"in baş redaktoru Rəşad Məcid son aylar qəzetin tirajının aşağı salındığını bildirib:

 

"Karantin tətbiq edildiyi bütün aylarda qəzet öz fəaliyyətini davam etdirib. Amma işçilərin əksəriyyəti bu müddətdə evdən çalışdılar. Son aylar ərzində köşklər işləmədiyi üçün məcbur olub tirajı aşağı saldıq. Əsasən bu müddət ərzində qəzet abunəçilərə çatdırıldı və poçtla oxuculara təqdim edildi. Köşklər fəaliyyətə başladıqdan sonra isə əvvəlki fəaliyyət bərpa olundu. Ümumiyyətlə son illər qəzetin tirajı aşağı düşüb və qəzetə maraq azalıb. Əksəriyyət indi onlayn variantda xəbərləri oxumaq istəyir. Amma bununla belə "525-ci qəzet"in oxucuları və onu gözləyənləri var. Bu baxımdan çalışdıq ki, qəzetin fəaliyyətini dayandırmayaq. İndi də karantindən əvvəlki qaydada qəzet tirajlanır. Amma köşklər çalışmasa məcbur olub qəzeti ancaq abunəçilərə çatdıracağıq və poçtlar vaitəsilə satış həyata keçiriləcək".

 

 

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli redaksiyada məhdud sayda işə davam etdiklərini və karantin dönəmində bir ay qəzetin çap olunmadığını deyib:

 

"Pandemiya dövründə bütövlükdə medianın üzərinə ağır yük düşdü. Həm əhalinin koronavirusla bağlı doğru məlumatlandırılması, maarifləndirilməsi, həm də bu dönəmdə maraqlı yazılar təqdim etmək mətbuatın əsas işi oldu. Aprel ayındakı sərtləşdirilmiş karantin dövründə qəzetlərin çapı mümkün olmadı, çünki o dövrdə yayım firmaları, qəzet köşklərinin fəaliyyətinə icazə yox idi. Ona görə də qəzetlər çap olunmadılar. O dövrdə təbii ki, satış da olmadı. İndiki sərtləşdirilmiş karantin rejimində isə çalışırıq, çap olunacağıq, sabahdan "Yeni Müsavat" köşklərdə olacaq. Məhdud sayda əməkdaşlarımız redaksiyaya gəlirlər, digər əməkdaşlar isə evdən işləyir. Əlbəttə, pandemiya bütün iqtisadi sferaya, o cümlədən çap mediasına da ciddi zərər vurub. Əvvəlki dövrlərlə müqayisədə satışın da müəyyən qədər azalması müşahidə olunur. Ancaq əsas məsələ bu çətin dönəmdə dövlətin, xalqın mənafeləri naminə çalışmaqdır və biz də bu istiqamətdə əlimizdən gələni edirik".

 

 

"Şərq" qəzetinin redaktoru Yusif Nəzərli karantin müddətində ciddi satış problemi yaşamadıqlarını bildirib:

 

"Əvvəla onu qeyd edim ki, xəstəxanalarda həkimlərimiz, yollarda polislərimiz və KİV nümayəndələri istənilən fövqaladə vəziyyətlərə hazırdır. Həmişə  iş başında olublar, olacaqlar. Bizim peşəmizin istiqaməti elədir ki, bütün çətinliklərə rəğmən cəmiyyətin informasiya tələbatını ödəmək zorundayıq. O ki, qaldı pandemiya dönəmində işimizdə çətinliklərə, təbii ki, biz də bu cəmiyyətin bir parçasıyıq,  ölkədəki durum fəaliyyətimizə təsir etməyə bilməzdi. Əməkdaşlarımız nəqliyyat problemləri ilə qarşılaşdı, obyektlərlə təmas qurmaqda müəyyən çətinliklərlə üzləşdi. Bütün bunlara baxmayaraq  "Şərq" qəzeti Operativ Qərargahın bütün qərarlarına əməl edərək işini qurdu. Qəzetimizin əksəriyyəti abunə yolu ilə yayıldığına görə ciddi satış problemi yaşamadıq. Qaydalar çərçivəsində çatdırılma yolu ilə qəzetimiz oxucularımızın görüşünə getdi. Əvvəl hansı tirajla çıxırdıqsa, eyni qayda ilə "yolumuza davam" dedik. Bütün hallarda işimizdə ciddi axsamalar  olmadı. Qəzetimizin 24-25 illik tarixi var, bundan da artıq şərtlər altında çalışıb qəzetimizi çıxarmışıq. Xatırladım ki, eyni adlı saytımız da  fəaliyyətdədir. Karantinin ən sərt günlərində də internetin  imkanlarından yararlanıb, oxucularımızı ən yeni, operativ xəbərlərlə təmin etdik".

  

 

"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, indi insanlar qəzet yox, can hayındadır:

 

"Karantin dönəmində müəyyən  çətinliklər olsa da qəzet fəaliyyətini davam etdirdi. Mart ayından müxbirlər evdən işləyir, amma texniki heyət işə həmişəki qaydada gəlir, çünki onların gəlməsi mütləqdir. Ancaq arada fasilələrlə qəzetin yayımında müəyyən çətinliklər oldu. Eyni zamanda, elə günlər oldu qəzetin tirajı, bəzi vaxtlar satış azaldı. Təbii ki, qəzetə tələbatı pandemiyadan əvvəlki dövrlə müqayisə etmək olmaz. İctimai tələbat aşağı düşüb, çünki insanlar can hayındadır. Amma sevindirici haldır ki, tirajda azalma olsa da, fəaliyyəti dayandırmadıq. Bundan da ağır vəziyyətlə qarşılaşsaq, yaşadığımız təcrübədən dolayı daha az itki ilə sınaqdan çıxmağı bacaracağıq".

 

 

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz növbəti yarım il üçün qəzetin tirajında azalmanın olacağını bildirib:

 

"Sərt karantin günlərində elə oldu ki, qəzet tirajlanmadı, bəzi günlər əməkdaşlarımız evdən çalışdı. Təbii olaraq karantin rejimi həm qəzetin satışına, həm də abunə sayına təsir etdi. Martdan bu yana qəzetə abunə olmaq istəyənlər də azalıb, çünki hər kəsin gözünün önünə indi polis və həkim gəlir. Düzdür, tirajda azalma olmadı, amma növbəti yarım ildə tiraj sayı azalacaq".

 

 

"Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev satış firmalarının onlara aylardır ki, pul ödəmədiyini deyib:

 

"Pandemiya bütün dünya iqtisadiyyatına zərbə vurduğu kimi mətbuata da təsirsiz ötüşmədi. Pandemiya dövründə biz çap mediası olaraq daim qəzet çıxarmışıq, hətta köşklər işləməsə belə. Çüki 30-a yaxın beynəlxalq təşkilatlar, səfirliklərdən abunəçilər var və özümüzüə borc bildik ki, bu insanlara qəzetləri çatdıraq. Aprel ayında daimi qəzet tirajlansa da bizdə satış olmayıb. May ayında da satış 30 faizdən çox azaldı. İndi də iki saatlıq çölə çıxmağa icazə olsa da, insanlar bu müddət ərzində zəruri ehtiyaclarını qarşılayacaq, qəzet almayacaq. Düzdür, abunə olan şəxslərə qəzet çatdırılacaq, amma qəzet abunə ilə yox köşklərdə satışla yaşayır. İyun ayının sonu və iyul ayının əvvəlində də sözsüz ki, yenə qəzetimizin satışında azalma müşahidə olunacaq. Onu da deyim ki, satış firmaları bizim pulları fevral ayından bu yana verə bilmirlər. Karantin müddəti olduğu üçün onlar qəzetləri vaxtında çatdırıb pulları yığa bilmirlər və beləliklə bizə pul ödənilmir. Təbii ki, bu da bizdə maddiyata təsir göstərir. Amma yenə də bu gün qəzet olaraq fəaliyyətimizi davam etdiririk".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi