Modern.az

Bir il əvvəlki ağır itki - Şirmməməd Hüseynov adlı “yüksələn bayraq”

Bir il əvvəlki ağır itki - Şirmməməd Hüseynov adlı “yüksələn bayraq”

22 İyun 2020, 22:48

Tanınmış ziyalılar Cümhuriyyət tariximizin və mətbuatımızın görkəmli araşdırmaçısını vəfatının ildönümü ərəfəsində xatırladılar; həyat yoldaşı alimdən bəhs edən ikinci kitabını çapa hazırlayır.

 


“Söz vermişəm, 100 illiyi bayram eləməmiş bu işdən əl çəkən deyiləm. Gündə ən azı 8 saat o tarixi öyrənməklə, yazmaqla məşğulam”. Bu sözləri ömrünün 90-ı adladığı zaman deyirdi. Təsəvvür edin, ömrün bu çağında bir an belə usanmadan, yorulmadan özü dediyi kimi, həm öyrənirdi, həm də tarix yazırdı...

Azərbaycan Demokratik Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində  və təbliğində, milli mətbuatımızın araşdırılıb çağdaş nəslə çatdırılmasında böyük xidmətləri olan Şirməmməd Hüseynov belə bir ömür yaşadı. Özü də qane olmurdu, deyirdi, yazmadıqlarım yazdıqlarımdan on qat çoxdur. “A kişi, Cümhuriyyətin 23 aylıq tarixinin hər günü bir əsrə bərabərdir! Məhəmməd Əmin yazırdı ki, 28 mayda Azərbaycan xalqı bir gündə qərinələrin sevincini yaşadı”-deyirdi ürəyində yanğı, gözlərində işıq olan ziyalımız... Həm də təmənnasız xidmət göstərirdi xalqına, nəinki qonorarsız, həm də cibindən xərcləyərək.



Yeni nəşrdən çıxmış kitabını nəvə-nəticəsi kimi əlində əzizləyərək göstərər, ön hissəsindəki qeydə işarə edərdi: “Yazmışam ki, kitab onu sifarişsiz və təmənnasız hazırlayan Şirməmməd Hüseynovun vəsaiti ilə də nəşr olunur. Mən heç vaxt gedib nə heç kəsin qapısını döyənəm, nə də heç kəsdən bir manat pul alan. Ayda 1000 manat Prezident təqaüdü almıram? Həm də universitetdə tam ştatda işləyirəm. Ona görə də nə xərci var özüm verirəm. Mənim gündəlik yeməyim 6-7 manat tutur. Yerdə qalanı sərf edirəm Cümhuriyyətçilərə”.


Şirməmməd Hüseynov xanımı ilə

Bax, belə kişi idi Şirməmməd müəllim! “Mən Cümhuriyyətin 100 illiyinə 50 ildir hazırlaşıram”. Bu da Şirməmməd müəllimin sözləri idi. Əhdinə sadiq qaldı, Cümhuriyyətin 100 illiyini bayram etdi, özü də necə? Xoşbəxtlikdən bu böyük ziyalı ilə vaxtaşırı evində görüşmək qismətim olub. Əski əlifba ilə nəşr olunmuş “Azərbaycan”ın nüsxələrini latın qrafikasına çevirəndə hər işarə üstündə əsdiyini görürdüm, sözün mənası dəyişər, deyə... 95 illik ömrünün 75 ilini bax belə, fəal həyat keçirdiyini deyirdi həmişə.


Ş.Hüseynov həm də fenomenal şəxsiyyət idi. 95 yaşında  mükəmməl, çox güclü yaddaşa malik idi ki... Hər sözündə, söhbətində konkret mənbələrə, faktlara istinad edirdi, sitatlar gətirirdi. Elə bil ki, elektron beyinə sahib idi, yazılanlar heç vaxt silinmirdi. Hətta küçədə gedəndə tanıyanlar yaxınlaşıb onun əlindən öpürdülər. Şirməmməd müəlllim o məhəbbəti qazanmışdı...

Belə əvəzolunmaz insan bir il öncə, 2019-cu ilin 24 iyununda həyata vida etdi... Ş.Hüseynova olan xalq məhəbbəti onun dəfn mərasimində yaşanan izdihamdan da bir daha aydın göründü. Hətta onun dəfn mərasimindəki izdihamı Həsən bəy Zərdabinin dəfn mərasimindəki izdihamla eyniləşdirənlər də oldu.



Bu itkidən hər kəs sarsıldı, amma ən çox sarsılan, hər zaman onu qoruyan ömür-gün yoldaşı Ülkər xanımdır. Qeyd edək ki, 45 il “Elm və həyat” jurnalında şöbə müdirliyindən baş redaktor vəzifələrinədək çalışmış Ülkər xanım hazırda AMEA-nın Ədəbiyyat İnstitutunda çalışır. Ülkər xanım Şirməmməd müəllimin vəfatından sonra ona həsr etdiyi 350 səhifəlik “Sizdən bir də olmayacaq. Əlvida” kitabını hazırlayıb nəşr etdirib. Kitabda iyunun 24-dən (Şirməmməd müəllimin vəfat etdiyi gündən-E.P.) avqustun 2-dək, 40 gündə Azərbaycan mətbuatında Ş.Hüseynov haqqında yazılmış məqalələr toplanıb. Şirməmməd müəllimin yaradıcılığından bəhs edən ikinci kitabı - “Haqqın səsi”ni Ramiz Övsər (BDU-nun Şəki filialının müəllimi) hazırlayaraq nəşr etdirib. Bu kitab tədqiqat işidir. Ülkər xanım “Yeni Müsavat”a dedi ki, hazırda Şirməmməd müəllimə həsr etdiyi ikinci kitabı hazırlayır. Deyir, virus imkan vermədi, yoxsa indiyə nəşr olunardı. “Cümhuriyyət adamı-olduğu kimi” adlanın 500 səhifəlik kitabda Ş.Hüseynov haqqında sovet dövründən başlayaraq yazılmış məqalələr toplanıb. Ülkər xanım özü də 60 illik ömür yoldaşı barədə düşüncələrini, avtobioqrafik məlumatları həmin kitabda, “Uzun ömrün qısa anları” bölümündə çap etdirəcək.

Ramiz Abutalıbov: "Rusiyada Azərbaycan diasporunun gələcəyi bu ...


Ramiz Abutalıbov

“Şirməmməd müəllim müdrik insan, böyük alim, müəllim və el ağsaqqalı idi”. Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında birinci dərəcəli müşavir-diplomat, ictimai xadim, araşdırmaçı alim Ramiz Abutalıbov söylədi. Ramiz müəllim özü də böyük araşdırmaçı ziyalımız olduğu halda, Ş.Hüseynova yüksək dəyər verdi: “Mən şəxsən çalışmışam ki, onun xeyir-duasıyla iş görəm”.

Millət vəkilindən məktəbli qızın intiharı ilə bağlı şərh

 


Deputat Fazil Mustafa dedi ki, Şirməmməd Hüseynov Azərbaycanın nadir rastlanan biliyə malik aydın və çalışqan şəxsiyyət idi: “Həm də məqsədyönlü, sistemli çalışa bilən az sayda elm adamlarından sayılırdı”. Millət vəkili bir xatirəsini də bölüşdü: “1998-ci ildə “Azadlıq” qəzeti redaktorunun təklifi ilə köşə yazıları yazırdım. Razılaşdıq ki, rahat yazmam üçün psevdoimza variantını seçək və bununla həm özümə, həm də qəzetə də hücumları azaldaq. “Toğrul Oruc” imzası ilə xeyli köşə yazılarım dərc olundu. Bir gün qəzetin baş redaktoru Gündüz bəy (Tahirli-E.P.) yanıma gəldi ki, bəs, Şirməmməd müəllim gəlmişdi, deyirdi  Toğrul Orucu mənimlə tanış edin. Öncədən razılaşdığımız kimi kimliyimi bildirməmişdilər. Şirməmməd müəllim demişdi ki, mənim arzuladığım publisistikanı onun qələmində sezdim, hər dəfə də yazılarını təkrar oxuyuram. Sonradan bunu Şirməmməd müəllimə xatırladarkən, təəccübləndi və o vaxt söylədiklərini təsdiq etdi. Vəfatından bir neçə ay əvvəl də evində ziyarət etmişdim, çox maraqlı söhbətimiz olmuşdu. Allah ruhunu şad etsin!”

“Keçmiş irslə müasirliyi sintez etməyi bacaran alim, görkəmli tədqiqatçı  Şirməmməd Hüseynovla 20 ildən çox jurnalistika fakültəsində eyni kafedrada çalışmışıq”.

Bu fikirləri tarix elmləri doktoru, BDU-nun professoru Nəsiman Yaqublu söylədi. Bildirdi ki, Şirməmməd müəllimdə diqqət etdiyi başlıca cəhət zəhmətsevərliyi, çalışqanlığı və daima öz üzərində çalışmağı idi: “Son illərdə isə öz fəaliyyətini bütövlükdə keçmiş irsin öyrənilməsinə, toplanılıb gənc nəslə çatdırılmasına həsr etmişdi. O, bu işin də maraqlı bir üsulunu tapmışdı, yəni keçmiş irsi müasirliklə əlaqələndirib oxuculara çatdıra bilirdi. Məsələn, Rəsulzadə o zaman nə yazıb və indi necədir? Ü.Hacıbəyli o zaman nə yazıb, indi necədir və s. Bu, çox vacib problemdir ki, Şirməmməd müəllim elmimizdə və jurnalistika tariximizdə sistemləşdirib insanlarımıza təqdim etdi”.

 



N.Yaqublunun sözlərinə görə, onun bir üstünlüyü də auditoriyanı ələ almaq və diqqətli saxlamaq baçarığında idi: “Dövrün, çox zaman günün olduqca aktual bir məqamını tapıb söyləyirdi və auditoriyanı maraq dairəsində saxlayırdı. Dəyərli bir araşdırmaçımız idi.”

“Professor Şirməmməd Hüseynovu bizdən ayıran bir illik zaman onun araşdırmaçı-alim, millət yaddaşının keşikçisi, pedaqoq və publisist kimi miqyasını, həm də dəyərini bir daha göstərdi”.

Bu fikirlər isə professor Qulu Məhərrəmliyə məxsusdur.  Şirməmməd Hüseynov haqda danışan həmsöhbətimiz dedi ki, o ilk növbədə mətbuat tariximizin, bu mətbuata hopmuş milli məfkurə, ictimai düşüncə və istiqlal tariximizin araşdırmaçısı idi: “Gerçək elmi mühit görmüşdü, Moskva Dövlət Universitetinin aspiranturasını bitirmiş, peşəkar tədqiqatçılıq məktəbi keçmişdi, bu səbəbdən də fərqli idi. Tarixi bilikləri, bu tarixə aid olan milli problemləri ustalıqla populyarlaşdıra bilirdi. Ensiklopedik zəka sahibi olan Şirməmməd müəllimin bir üstünlüyü də araşdırmaçı-alim fəhmi ilə publisist məharəti ustalıqla birləşdirməyi bacarmasında idi. Onun bizə zəngin irs kimi qoyub getdiyi bütün əsərlərində bu keyfiyyət özünü göstərir. Bu gün internetdə tez-tez qarşılaşdığımız, ustadın canlı nəfəsinin duyulduğu televiziya-radio çıxışları da məhz bu səbəbdən xeyli populyardır”.

 




Q.Məhərrəmli qeyd etdi ki, Şirməmməd müəllim bu xalqın yaddaşında həm də Cümhuriyyət tarixinin, onun qurucusu Rəsulzadə irsinin tədqiqatçısı və təbliğatçısı kimi qalıb: “Ona görə də professor Şirməmməd Hüseynovun adı həmişə Cümhuriyyətlə, istiqlal düşüncəsi ilə, öz əsərləri ilə həmin milli istiqlal düşüncəni qidalandırmış Zərdabi, Əli bəy Hüseynzadə, Əli bəy Ağaoğlu, Üzeyir Hacıbəylinin adları ilə birgə assosiasiya olunacaqdır”.




Vəfatının birinci ildönümü ərəfəsində həmkarlarla birlikdə böyük müəllimimizin məzarı başındayıq, II Fəxri Xiyabanda... Mərmər sinə daşının üzərində ən çox sevdiyi fikirləri həkk olunub: “Ata-babalarımız bizə bu Vətəni – cənnət məkanı Azərbaycanı əmanət ediblər. Biz də onu göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə əmanət etməliyik”. Bu fikirlər həm də bizlərə nəsihətdir...





Qəbrüstü abidəsi o qədər canlıdır ki... (Qəbrüstü abidəni Natiq Əliyev  - Bəxtiyar Vahabzadə, Cavad Heyətin və digər nəhəng insanların da qəbrüstü abidələrin də müəllifi odur- hazırlayıb.) Sanki adamla bu dəqiqə danışacaq, sonra da gözəl intonasiya ilə “bildin”-soruşacaq. Sağlığında “canlı əfsanə” deyərdik. İndi abidəsi də canlıdır elə bil...

Ruhun şad, məkanın cənnət olsun, böyük ustad!

Elşad PAŞASOY 
Musavat.com

 



 



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir