Arxiv
23 İyun 2020, 10:45 | ƏDƏBİYYAT
Ulu Kudansa - Yazarın qeydi

Saxa-Yakut türkü olan böyük mütəfəkkir Platon Oyunskinin “Ulu Kudansa” mifik əsəri əslində bu gün cəmiyyətdə baş verənləri göstərir. Bu əsər  1 əsr bundan əvvəl 1929-cu ildə qələmə alınıb.
Tərcüməsi Aida Eyvazlınındır.
 

 

Bu rəvayəti mən, Pyetr Vonifatiyeviç Slepts­o­vun əlyazmaları əsasında qələmə almışam. Bizi qədim bir xalq rəvayəti ilə tanış etdiyi üçün P.V.Sleptsova dərin minnətdarlıq edirəm. Ulu Kudansa rəvayətindən bəlli olur ki, olaylar feodal toplumunun tənəzzülə uğradığı vaxtlarda baş verir. Kudansa öldükdən sonra, ana tərəfinin nəslindən olan tayfalar ayrı-ayrı ailələrə bölünür. O vaxtın varlı feodalları belə hesab edirdi ki, baş verən ayrılıq və qarma-qarışıqlığa görə Kudansanın ruhunun qüdrətinin cazibəsi, müdrikliyi və ağlı insanların beyinini və ağılını qarışdırır. İnsanlar bir-birini anlamadıqlarından, bəhsə və rəqabətə girdiklərindən, dava, müharibə etdiklərindəndir ki, həyatın bütün dəyərləri itib. Bu fikirləri şaman Çaçıqıra Taasının moizələrində də görmək olur. O deyir ki, İblis görünməmiş bir qüvvə ilə insanların qəlbinə girərək, bütün dəyərləri və mənəviyyatı dağıdır.

Belə rəvayət edirdilər ki, Kudansa ölməzdən öncə, insanların günahını öz böynuna götürərək, bu dünyanı əzablarla tərk edib. Lakin böyüklərimizdən, müdriklərimizdən, hətta varlılarımızdan bəziləri belə nəticəyə gəlməyi yanlış sayır, belə uydurmalarla bizim cəsarətli, bacarıqlı igidlərimizi yolundan sapdırdığımızı söyləyirdi. Deyilənlərə görə, kasıb bir insan həyat tərzini dəyişmək istədikdə, Kudansanın ruhunu köməyə çağırır, adını-ruhunu tərif edirdilər. Deyirdilər ki, onun ruhu çox güclüdür, ağıllıdır; varlı-kasıb mübahisələri başlayır, bu da tayfalar və qohumlar arasında ayrılıqlara, münaqişələrə səbəb olurdu.

Rəvayətlər əsasında qələmə aldığım bu nağılda da varlıların, həm də kasıb insanların fikirlərindən və son aqibətindən ibarət söhbətlər qələmə almışam.

Kudansanın doğulduğu tarix dəqiq bəlli olmadığından, bəzi yazılı məlumatlardan belə nəticəyə gəlmək olur ki, o, Böyük Pyotrun hakimiyyətdə olduğu illərdə yaşayıb. Kudansanın həyatı haqqında rəvayət yakutların –saxalıların məişətini özündə çox gözəl əks etdirdiyindən, əsərdə baş verən olayların bugünkü həyatla uzlaşdığını görürük. Saxa xalqını öyrənən bütün alimlərə bu rəvayət çox bilgi verə bilər...

 

 

BİRİNCİ DAİRƏ

 

Siz nə zamansa, özünüzə  saxalıların bir-birinin  al qırmızı qanlarına susayaraq tayfalar arasında dava-dalaş saldığının, aclar və toxlar, qullar və ağalar sinfinə ayrılmaq kimi pis xüsusiyyətləri əxz elədiklərinin nədən yaranması haqqında sual verdinizmi?

Ona görə də, bilməyənlərin bilməsi, eşitməyənlərin eşitməsi üçün, dünyadan köçən ata-babalarımızdan eşitdiyimiz və ağızdan-ağıza keçən, müdriklərin xatirələrində saralmış vərəqlər kimi qalan, soyuqların, boran və çovğunların süpürüb apara bilmədiyi, boz küləklərin qoparıb itirmədiyi, boz yağışların yuyub aparmadığı, yaddaşlarda sonradan əfsanəyə çevrilən Ulu Kudansa haqqında rəvayətlər itməsin deyə, mən onu tarixləşdirmək üçün qələmə almalı oldum.

Bir üzü sərt, bir üzü münbit, həm də güclü olan Ana Torpaq, Göy Səmanın hökmü ilə çox möcüzələr yaradır. Yaratdığı otlar, çiçəklər fərqli olduğu qədər, yaratdığı insanlar da ağlı, fikri, düşüncəsi ilə fərqlidir: müdrik və ağıllı, sərsəri və dərviş, padşah və ya dilənçi... Böyük Yaradan və torpaq nə qədər insanı yetişdirib və saysız insanları da yenə ana kimi qoynuna alıb. Bu dünyaya gələn bilir ki, bir gün getmək də var...

Bizim yaşadığımız dünyanın gözündən uzaq böyük çöllərdə, Ana Sibirin qoynunda, onun sahillərində, dərələrində bilirsinizmi nə qədər azadruhlu, gözəl danışıq qabiliyyətinə malik olan, odlu-alovlu çıxışlar etməyi bacaran, güclü və cəsarətli, müdrik insanlar doğulub və ölüb?!

Deyilənlərə görə, belə Ulu Ruhun daşıyıcısı, kəskin ağıllı, çox cəsarətli Ulu Kudansa adlı bir bahadur qədim vaxtlarda Sibirdə yaşayıb. Zəmanəsinin ən ağıllı adamı olduğuna görə də lənətlənib və rədd edilib.

Onu hətta şamanlar da ram edə bilmədilər, buna görə torpaq da onu qəbul etmədi. Xəyal kimi, vicvicə kimi, kabus kimi öz fikirləri ilə insanların beyninə, qəlbinə yol taparaq, evlərə od saldı, qulların beynini silkələdi, oyatdı və dava-dalaş, ayrılıq toxumu səpdi...

Hələ keçmiş zamanlarda bizim tayfalar ana nəslinin xətti ilə hərəsi çayın bir sahilində yurd salar, ətrafda bitən yaşıl otlarla mal-heyvanlarını bəsləyər, onların südündən-qaymağından, kımızından içər, quyruq yağını yeyər, ətindən kabab çəkərdilər. Ana torpaq bütün səxavəti ilə insanları da, heyvanları da doyurardı, bu yerlərdə mal-qaranın sayı hesaba gəlməzdi, çəmənlərdə, otlaqlarda otlayan at ilxısının, sürüsünün nə sayı bilinərdi, nə də ucu-bucağı görünməzdi. Beləcə, qərinələr, əsrlər boyunca tayfanın adət ənənələri, sənətkarlıq və peşələr  atadan oğula, nəsildən nəsilə ötürülərdi.

O dövrün qayda-qanunlarına görə hər tayfanın bir müdrik ağsaqqalı olardı. Tayfa ana nəslinin adı ilə çağrılardı. Mahala gələn hər kəs, doqquz yol ayrıcından həmin yurdun yiyəsinin, ağsaqqalının kim olduğunu bilərdi. O tayfanın xələfləri eyni qan daşıyıcısı olduğundan, özlərini bir nəslin, bir ata-ananın oğlu-qızı sayardı. Uca boylu igidlər bu çöllərdə, güzərgahlarda gəzməyə çıxar, qohum olmayan digər tayfanın qızları içərisindən özlərinə nişanlı axtaradı.

Bu tayfanın durnaboğazlı, çinarboylu, sarışın qızlarını cəsur oğlanlar alıb, öz el-obalarına gəlin aparardı.

Biclik və hiyləgərliklərdən uzaq bu insanlar tayfa başçısının qanunlarına tabe olar, ona ağsaqqal kimi, yolgöstərən kimi hörmət edər, qul olduqlarını ağıllarına belə gətirməzdilər. Ona görə də öz atalarına “xan”, analarına “xanım” deyərdilər.

Kişilər yay-qış fəsillərində atları yaylaqdan qışlağa aparar, mal-qaranın artımı ilə məşğul olar,  kimisi ov edib, quş quşlayar, kimisi də çəməndə-çöldə göyərən otları biçib, qış ehtiyatını tutardı. Qadınlar da heyvanların altını-üstünü təmizlər, südündən-qatığından, kımızından yemək-içmək hazırlayar, palaz toxuyar, qız-gəlinlərə ev-məişət işlərini öyrədərdilər. Bu bilgilər və adət-ənənələr əsrlərdən-əsrlərə ötürülərək, nəsil-nəsil yaşamaqdaydı. Bu yerlərin insanları dava-dalaş, mübahisə nə olduğunu bilməzdi. Çünki hər kəs öz işi ilə məşğul idi; tayfa başçısının sözü, tayfanın qanunları hər şeydən üstün idi. Beləcə burada həyat çox sakit şəkildə, öz axarında davam edərdi.

İnsanlar bir-biri ilə xoş xəbərləri paylaşar, kimsə digərindən haradan gəlib-haraya nə üçün getdiyini, kimin neçə arvadı, kimin neçə ərinin olub-olmadığını soruşmazdı. Burada heç bir mübahisə yox idi, dava yox idi.

O zamanın, o torpağın xanımlarının paltarları bahalı ipək və qumaşdan deyildi, onlar göbək rəqsi oynamazdılar, yüngül qu tükü ilə bürünməzdilər, onlar samur xəzinə bürünər, məxmər kimi baş örtükləri geyinər, isti havada milçəkləri dəvə quyruğu ilə qovalayardılar.

Ulu və güclü mərd kişiləri, bu günkü modabazlardan fərqli olaraq, kətan parçaya mahuddan yamaq vurmazdı, onların inək ürəyi kimi parıldayan çəkmələri də yox idi, o kişilər canavar dərisinə bürünər, sərt maral dərisindən kürk, ayaqlarına isə maral dərisindən tikilmiş torbasa ( - çəkmə) geyinərdi. Güclü kişilər qollarını güləş, oxatma, güc meydanlarında sınayardı; ayaqdan iti olanlar qaçmaq yarışlarında fərqlənərdi. Beləcə, firəvan bir şəkildə, oynaya-gülə günlərini keçirərdilər.

Gənclərin və yeniyetmələrin ən çox sevdiyi oyunlar “diringə”, “kulun kurulsun”, “anna berde”, “harax simsii”, “atax təpsii”, “çuxa-çuxa” idi. Balaca qızlar sümükdən düzəldilən gəlinciklərlə, ağacdan yonulan inəklərlə oynar; oğlanlar isə söyüd budaqlarından “at düzəldər” və axşamlar qaladıqları ocağın ətrafında o baş-bu başa “söyüd at”larını çaparaq, səslərini başlarına atardı. Qızlar və oğlanlar bir yerə yığılanda “Beres tebii” oyunu oynayardı. Bu oyunun qaydasına görə, qızlar qayçıdan, oğlanlar isə ox və nizədən istifadə edərdilər. Qayçı oyununda da, nizə atışında da əllərin itiliyi əsas idi. Kim əldən və gözdən iti idisə, o da qalib gələrdi. “Xabılık”, “Xalbas xara” oyunlarını indi kimsə xatırlamır. Belə oyunlar, yarışmalar kəndlərin-obaların arasında təşkil olunardı. Əslində oyunlar bəhanə idi. Belə mərəkələrin qurulmasında məqsəd insanların, tayfaların aralarında mehribanlıq yaratmaq idi. Həm də, cavanlar vaxtlarını boş keçirməzdi. Mən hələ Olonxonun ( - ozanın) danışdığı nağılları, dastanları demirəm... Ən ağıllı və müdrük gənclər tapmaca oyunlarında qalib gələrdi. Bizim əcdadlarımız və babalarımız belə böyümüş, belə yaşlaşmışdılar; biz də onlardan öyrənmişdik.

 

***

Özünü insan tayfasından sayan, tayfasının simgəsini bilən, Günəşli, işıqlı nəsillərdən gələn Saxanın ən məzlum insanı belə keçmişdə dünyanın, Yerin və Göyün 6 gün ərzində yaranmasından xəbərsiz idi. Günah edən insanın cəhənnəmə, yaxşılıq edənin isə cənnətə düşəcəyi haqqında nağılları isə nə yuxularında görmüş, nə də ruhları ilə hiss etməmişdilər. Belə uydurma nağıllar sonradan yarandı. Qədim Saxanın sakinləri gələcək nəsillərin günaha bata biləcəklərindən, var-dövlət üçün hər cür cinayət edə biləcəklərindən xəbərsiz idi. Onlar bilmirdi ki, zaman gələcək, insanların ruhuna bəd qüvvələr hakim olacaq, insanlar bir-birini didib-parçalayacaq. Saxanın sakinləri və sahibləri Tanrı ilə, Torpaq ilə, Göy Səmanın hökmü və himayədarlığı ilə birlikdə xoşbəxt həyat sürməkdəydi. Balıq kimi səssiz, daş kimi lal və kar idilər.

Qədim Saxa bilginlərinin düşüncəsinə görə nəslin yaradıcısı, başında samur dərisindən papaq olan, hər nəfəs aldıqca yerdə isti izlər qoyan, süd gölünün köpükləri üzərində gəzən müdrik qoca Yuryunq Aar Toyondur ki, o da Nurlu Yaradan Göyün üçüncü qübbəsində yaşayır.

Günlərin bir günü, Saxa çöllərinə bir bəd xəbər yayıldı. Şaman və olonxo eli başlarına yığıb, həyəcanlı şəkildə ərz etdilər ki, yurdun güney tərəfindən Göylərin doqquzuncu qatından, Güney tərəfin dar boğazından gələn pisniyyətli, pisnəfisli, acgöz Böyük Suorun yaxınlaşmaqdadır. Göy Səmanın doqquzuncu qübbəsində təlatümlər başlayıb. Şaman tas qurub, ayin oxudu, ruhları köməyə çağırdı. Özünə gələndən sonra dedi ki, Olonxo və toyuklarda bu haqda bilgi var. Şamanın bu xəbərdarlığından saxalıların ürəyi titrədi. Və Şaman rəvayətinə belə davam etdi:

“O zaman Göydən enən qaniçənin bətnindəki cin dünyaya gələndən sonra, insan sifəti alaraq, dünyaya xəstəliklər, pisliklər yaymağa başlayacaq, sonra da şamanın ayaqlarına gəlib deyəcək ki, məni bu bəladan, bu xislətdən, bu dərddən xilas eylə. Başıbəlalı Alt Dünyada, Göy Səmada Ay və Günəş qəmə-kədərə büründü. Dünyanın lap qurtaracağında yaşayan Buor Manqalay, Luoqayar Xaan və qoca Arsan Duolay da, deyilənə görə, şamanın söylədilklərinə inanmışdı”.

Şaman deyirdi ki, həmin o dəhşətli qiyamət başlayanda, bədheybətin ağzından ölüm və düşmənçilik qığılcımları püskürəcək, gözəl və cənnət Saxanın başına bəlalar, dərdlər enəcək. Başı dərddə olan Saxa şamanlardan, onların kamlan və ovsunlarından nicat gözləyəcək.

Deyilənlərə görə, həmin qərinələrdə yaşayan, öz dövrünün ən ünlü insanı olan, ağıllı və güclü ruh sahibi, əzəmətli Ulu Kudansaya da xəbər çatmışdı.

 

***

Ulu Kudansanın ana torpağın cənnət yeri sayılan, Tanrının məhəbbət və sevgi ilə müjdələdiyi Mayı Baalı gölünün ətrafında yaşayırdı. Burada sünbüllər saçlarını hörər, göy qurşağı çiçəkləri salamlayardı. Taattı Anadan Günbatara qədər Günəş qızılı rəngdə şəfəq saçardı, qışın soyğundan sivrilib çıxan dağ silsilələrindəki buzlar, gömgöy göllərin üzərini örtən buz qatları da yaz günəşinin işığında narın-narın əriyər, ipək kimi çəmənlərdə, otlaqlarda, düzənlərdə quşlar səs-səsə verər, torağaylar öz nəğmələrini oxuyar, ­yumurtadan təzəcə çıxmış sarıdimdik ətcə quş balaları da ağızlarını göyə açıb yem gözləyərdi. Şöhrətli Kudansanın Vətəni belə gözəl bir məkan idi.

Kudansanın ana nəsli çevrədəki bütün tayfalardan daha tanımış və şöhrətli idi. Tanrı qisməti ilə onların at ilxıları daha çox artardı, doqquz çayın ətrafındakı mal-dövlətləri, mal-qaralarını saymaqla qurtarmazdı. Ətrafda olan qonşu ana tayfaları öz toy-düyünlərini, mərəkələrini nə qədər coşğun və fərqli qeyd etmək istəsələr də, Ulu Kudansa tayfasının bütün toyları, yığıncaqları daha maraqlı və coşğulu keçərdi. Bu yerlərdə onların şöhrəti ildən-ilə artar, qonaqları, gəlib-gedənləri, süfrələrinin ətrafına yığılanlarının ardı-arası kəsilməzdi. Kudansa nəslində dünyaya gələn uşaqların da hamısına Tanrı güclü qol-bilək, iti ayaq vermişdi, Saxanın ən cəsarətli igidləri də bu nəsildən olanlar idi.

Kudansa tayfasının artıb çoxalması, varlanması, şöhrətlənməsi, el-oba, mahal içərisində sayğı ilə yaşamaları bəzi qonşularda qorxu və qısqanclıq yaradırdı. Çünki artıq bu tayfanın adamlarına kimsə “Ayağın yandı, geri çəkil” - deyə bilmirdi. Onlar yurdda söz sahibinə çevrilmişdi.

Hər yerdə, hər mərəkədə, toy-düyündə özlərini birinci görmək, Kudansa tayfasının əqrabalarını özləri haqqında yüksək düşünməyə sövq etdirmişdi. Hər yerdə sayılıb, məclisin -mərəkənin baş tərəfinə keçirilən Ulu Kudansa artıq diqqət mərkəzində və birinci olmağa öyrəşmişdi. Onun əqrabaları, qocaları-cavanları, özlərini daha yüksək tutur, qaravaş qulları da bu şöhrətdən qürrələnib: “Orta dünyada bizə tay daha kimsə doğula bilməz” - deyirdi. Təsəvvür edin ki, əgər Kudansanın hətta uşaqları və qulluqçuları belə fikirəşirdisə, görün, indi onların böyüyü Ulu Kudansa özü nələr düşünürdü?!

 “Bu səkkizqütblü dünyada, Günəşin şəfəqləri yayılan hər yerdə Odun Xanın izni, Dılqa Toyonun əmri, Çingiz xanın təyinatı ilə, mənə bu qədər yetkilər verilib ki, mən hamıdan baş olum, deyən” Ulu Kudansa özünə güvənməkdəydi.

Artıq onun sözünün qarşısında söz deyən, fərmanını geri oxuyacaq bir kimsə yox idi. O ağlına gələn bütün fikirlərini, əməllərini həyata keçirirdi.

 

***

İnsanlar öz həyatlarını və ömürlərini yaşamaqdaykən, təbiət də öz növrağını davam etdirirdi. İnsanların onları gözləyən böyük fəlakətlərdən xəbəri yox idi.

Qış fəsli artıq özünün soyuq nəfəsi ilə isti havaların kələyini kəsirdi, ara-sıra yağan qarı havaya sovurur, sonra topa-topa qar dənələrini ətrafa səpələyir, sazaq-soyuq gətirmək istəyirdi. Çolbon ( - Zöhrə ulduzu) da öz xasiyyətinə uyğun olaraq, ayazlı-şaxtalı havalarda daha parlaq görünürdü. Şaxtadan bərkiyən buzlar adi təmasdan, kiçik bir hənirtidən, nəfəsdən belə xırçıldayıb sınır və ya bu xışıltı səslərini ətrafa yayırdı. Çolobon ulduzu yerə yaxınlaşdıqca, şaxtaların çoxalacağı bəlli idi. Sümüklərə işləyən şaxatanın başlamasından sonra, bu az imiş kimi, günbatardan gələn soyuq hava axını ətrafa yayıldı və elə həmin andaca quzeydən gələn qar fırtınası əcaib bir qüvvə ilə yeri göyü bir-birinə qatdı. Qar çovğunu ətrafda hər şeyi görünməz etmişdi. Günbatardan və quzeydən gələn soyuqlar çəkilməmiş, ac canavar kimi güney tərəfdən də dəli küləklər əsməyə başladı. Dünyanı ağ rəngli bir tufan bürüdü ki, gəl görəsən. Göz-gözü, ağ qaranı seçmədi.

Quru ağaclar, şaxtanın və küləyin davasına dözməyib ikiyə bölündü, ağcaqayınların gövdəsi çartdağ-çartdağ oldu, qol-budqları sınıb yerə töklüdü. Elə bir soyuq başladı ki, Yer üzü yaranışından belə şaxta-sazaq görməmişdi.

Buz bağlamış göllərin üstü şaxtadan çilik-çilik oldu, çatlamış su hövzələrindən sevinclə üzə çıxmaq istəyən sular da həmin dəqiqə gölün üzərində donub buz dilimləri, buz təpəcikləri əmələ gətirdi.

Otlaqlardakı atlar orda, ev heyvanları tövlələrdə donmuşdu; dananın biri gövşəyə-gövşəyə buza dönmüş, başqa bir heyvanın isə quyruğu şaxtadan qopub düşmüşdü; şaxta inəklərin buynuzlarını da  çatladıb sındırmışdı.

Saxa sakinləri, kənd əhli, evlərinin qapısını açıb çölə çıxmaq iqtidarında deyildi. Çünki şaxta gözə görünən nə varsa hamısını kəsirdi. Saxta adlı bu bədbəxtlik kimsəyə aman vermirdi, qabağına keçəni sovurub aparırdı, qış bütün təbiətə hakim kəsilmişdi. Qışın belə qəzəbinin səbəbini kimsə anlamırdı, insanlar evlərində əlacsızlıqdan, susuzluqdan, aclıqdan, soyuqdan donub ölürdü, sağ qalanların da yaşamaq eşqi tükənmişdi. Elə bil ki, ana torpaq can üstəydi, ağır-ağır nəfəs almaq istəsə də, nəfəsi gəlmirdi, çünki boy-boy uzanan ot biçənəkləri, taxıl zəmiləri buza dönmüşdü, ətrafda ancaq şaxta xışıltısı eşidilirdi. Hərdən-bir tək-tək görünən insanlar da bir-birinin kölgələrindən qorxurdu.

“Bu nədir? Ah! Nə baş verdi? Nə oldu? Sanki qış bu yerlərə əbədilik gəlmişdi və bir daha getməyəcəkdi. Sanki Tanrı insanlardan üz döndərmişdi, dünyanın sonu idi. Dünyanın gülən üzü dəyişmiş, buzlaşmışdı. Daha kimsə nə vaxtsa yaşıl zəmiləri görəcəyinə inanmırdı.

Təbiətin bu gərdişi Ulu Kudansanın yuxusunu və rahatlığını ərşə çəkmişdi. O müdrik ağıla və güclü ruha malik olsa da, indi xalqını düşdüyü bu fəlakətdən çıxarmaq üçün, var-dövlətini qorumaq üçün bir yol tapa ­bilmirdi.

Təbiətin belə şıltaqlığı onu yaman təşvişə salmışdı. Bu düşüncələr, fikirlər içərisində o, dirəyə bağlanmış, hirs və hikkəsindən gözləri qanla dolmuş öküzə bənzəyirdi. Taxtında belə rahat otura bilməyən, gah o tərəfə, gah bu tərəfə əyilən Ulu Kudansa qan rənginə dönmüş üzünü ağsaqqallara tutub soruşdu: “Elimin-obamın müdrik qocaları, ağsaqqalları, biriniz mənə deyin görüm, bu nə havadır? Bu nə soyuqdur? Bu nə qışdır belə? Bu fəlakətdən necə qurtara bilərik?”

Ulu Kudansanın səsini eşidənlərin ürəyində bir ümid işığı yarandı və dərhal fikirləşdilər ki, bu fəlakətdən çıxış yolunu yalnız Ulu Kudansa özü göstərə bilər. Ağsaqqallar, qocalar bir səslə: “Bizim başçımız, sərkərdəmiz yeganə padşahımız! Şiddətli soyuqlar Çolbon ulduzunun həddindən artıq böyüməsi səbəbindəndir. İndiyə kimi bizi dədə-babadan nə belə soyuq gördük, nə də belə bir qış fəsli haqqında eşitdik. Bütün Yer üzündə və Göy üzündə dəyişən təkcə həmin ulduzdur”. Bu sözlər Kudansanı daha da qəzəbləndirdi.

Bununla belə, qəzəbini göstərməməyə çalışıb, sakitcə hər kəsi dinləyirdi. Rəiyyətin onun qərarını gözləməsini hiss etdikcə, çiyinləri aşağı enir, ruhdan düşürdü. Elə bil şaxta onun beynini də dondurmuşdu.

Onunla bir yerdə böyüyən dostları cəsarətlərini güclə toplayıb, Kudansaya yaxınlaşdı: “Bizim uzunhörüklü bərk dırnaqlı atlarımız var idi, dopdolu doqquz çayımız var idi, quruyur; malımız-heyvanımız var idi, çay qırağında otarardıq, çaylar yoxa çıxdı... İndi çox çətin durumdayıq, sən isə bizim böyüyümüzsən, hamıdan müdrik və ağıllısan. Bizi bu bəladan yalnız sən qurtara bilərsən! Savab iş gör! Böyüklərlə, qocalarla məsləhətləş! Bizi məhv olmaqdan xilas eylə. Hər halda bu fəlakətin bir çıxış yolu olmalıdır. Səni Odun Xan təyin etdi, Çingiz Xan yol göstərdi. Dılqa Toyon səni yaratdı ki, sən bu Saxada millətinin, elinin-obanın yiyəsi olasan. Əgər sən də xilas etmirsənsə, sən də bir yol bilmirsənsə, onda biz üzümüzü haraya tutaq? Bizi səndən başqa kimsə xilas edə bilməz” - deyib, ona təzim etdilər. Bütün bu eşitdikləri onun könlünü qüssə və kədərlə doldurdu. Qüdrətli Kudansa dərin fikrə getdi.

El-oba içərisində sağ qalanlar, yenə gecəni ötüşdürdü, səhər açıldı. Ulu Kudansa meydana çıxıb, əl ağacını üç dəfə yerə vurub, dedi: “Mənə baxın! Məni eşidin! Artıq gənəşmələrə, müzakirələrə son qoyuldu. Mən sanki yuxudan oyandım. Elə bil ki, öncələr xalqımın mənə güvənini, etibarını itirdiyini görmürdüm, hiss etmirdim. Çox böyük səfehlik edərək, var-dövlətimi çoxaltmaq haqqında fikirləşirdim. Yaxşı deyiblər, ki, bədbəxtlik gələndə adamın gözləri kor, qulaqları kar olur, ağlı gedir. İndi Sizə yardım etmək istəyirəm”.

Onun bu sözlərini eşidən insanalrın arasında bir uğultu keçdi: “Uruya eşq olsun!!! Biz ancaq səndən kömək gözləyirik, bizi bu fəlakətdən sən qurtara bilərsən!!!”-deyib, onu bir ağızdan alqışladılar.

Xalqının bu etimadını görən Ulu Kudansanın həyəcandan alnına tər gəldi, sevinc içərisində dedi: “Siz deyən yox, bizi qoruyanın, Yaradanın dedikləri olacaq”- deyib, Soruk Bollurun dalınca atlı göndərdi. Heç beş dəqiqə keçməmiş, onun ayaq səsləri eşidildi. Kudansa gözünü açıb yumunca, Soruk Bollur qarşısında peyda olub, ona təzim etdi. Ulu Kudansa zəhimli səsi ilə ona: “Oğlan, küləklərdən qanad al, atlardan ayaq al, haradan olursa-olsun, Çaçıqıra Taas şamanı mənə tap gətir. Onu yolda şaxtadan-soyuqdan qoru, özünlə ayı dərisi götür, canavar dərisindən örtük götür”. – Söz Kudansanın ağzından çıxınca, Soruk Bollur yerindən tərpəndi və uzaqlarda görünməz oldu.

 

 

***

Elin-obanın insanları şam yeməyinə hazırlaşanda, meydandan Soruk Bollurun səsi gəldi: “Qapılarınızı açın, şamanı gətirmişəm, ona dincəlməyə yer hazırlayın”. Kudansanın sarayaındakı xidmətçilərin hamısı hərəkətə keçdi. Kimisi qapını açdı, kimi gedib şamanın əlini öpdü, kimi onun üçün ayı və canavar dərisi gətirib, oturduğu yerə sərdi.

Bütün el-oba şamanı görməyə gəlmişdi. Onlar Kainatın, Yaradnın sirrlərinə bələd olan ünlü şaman Çaçıqır Taasın necə bədheybət olduğu haqqında rəvayətlər eşitmişdi; lakin indi qarşılarında ağ saçlı, qəddi bükülmüş, əlində əsa tutan bir ixtiyar qocanın dayandığını görüb təəccübləndilər. Qoca səssiz və dinməz baxışlarıyla onları seyr edirdi. Ulu Kudansa da bu qoca, əldən düşmüş şamana baxıb, özünə arxayın şəkildə danışmağa başladı:

–Məsələ belədir də, qoca. Səni babamın yerində qoyub, özümə doğma ata sayaraq, çəkdiyim sarsıntıları bəyan edirəm. Belə bir zərb-məsəl var: yalvarış az olar, xahiş hər zaman yerinə yetirilməz. Çaçıqır Taas, sən böyük şamansan, dünyaya sənin qüdrətində ikinci bir şaman gəlməyib. İnsan övladları arasında yeganə insan sənsən ki, bizim başımıza gələn bu fəlakətdən çıxış yolunu söyləyə bilərsən. Yaradan səni bizim aramızadn ən ali mərtəbəyə seçərək, səni özünə ən yaxın edib, yalnız sən bizim xalqın ümid yerisən. Ona görə də ardınca çapar göndərdim ki, səni bizə yetirsin. Yuxu yozanlarımız, ozanlarımız, müdrik qocalarımızla çox məsləhət-məşvərət etdik, onların da hamısı bir ağızdan dedi ki, Çolbon ulduzunun böyüyüb, Yerə yaxınlaşması səbəbindən başımıza bu fəlakət gəlib; təbiət bizdən üz döndərib. Buna görə də yurdumuzu güclü soyuq və qış ağuşuna alıb. Müdriklər deyir ki, bu soyuqlar, şaxtalar bizim yerləri daha tərk etməyəcək. Özün də baxıb görürsən ki, insanlar necə acizləşib, yazıqlaşıb, yurdumuz viran qalıb. Nəsil-kök kəsilmək üzrədir. Sən – böyük şaman, məgər o parlaq ulduzu yerə düşürüb, bu güclü şaxtanın buynuzunu sındıra bilməzsən? Soyuqlar sinsə, o zaman Saxanın da öncəki gözəl həyatı başlayar, yenə çöllərimiz, yamaclarımız yaşıllanar, insanlarımız torpağın nəfəsini duyar, onu əkib-becərər. Nə deyirsən? Bizə yardım edə biləcəksənmi?

Ulu Kudansanı diqqətlə dinləyən qoca şaman Çaçıqır Taas, qamətini düzəldib, ciddi səslə cavab verdi: “Bəsdir! Bəsdir! Belə danışma!.. Sən ağlasığmayan bir söz danışırsan. Çolbon ulduzu dünya yaranandan göyün üzündədir, o əlçatmaz göy üzünün ayrılmaz bir hissəsidir. Əgər fəlakət baş veribsə, mal-qara, heyvanat qırılıbsa, deməli, onu gərək olduğundan çox artırmısan, belə əməllər dünyanın məhvərini əyir; yalanla, oğurluqla, ulduzu parçalamaqla kainatın düzənini pozursan, bunu da nə Yer götürür, nə də Göy qəbul edir. Günah dolu sözlər danışma!”

Lakin Ulu Kudansa o adamlardan deyildi ki, onun sözünü, fikrini yarıda kəsəsən. O öz sözünü, fikrini hər zaman sona qədər deyirdi. Buna görə də qocanı dinləyəndən sonra, yenə sözünə davam etdi: “Qoca! Məni sona qədər dinləmədən, günahlandırmağa başladın! Əgər bizim yurdumuzun üzərində o ulduz böyüməsəydi, buralarda soyuq-sazaq olmayacaqdı, isti, məhsuldar yay keçəcəkdi. O zaman xalq da, camaat da yayın bizi tez tərk edəcəyi haqqında düşünməzdi. Amma indi, gecə yatmır, gündüz dincəlmirlər; iş yox, güc yox, vaxtlarını boş-boş söz-söhbətlərlə keçirirlər. Hamını bir məsələ düşündürür ki, bu pis ruhun nəfəsindən, onun gətirdiyi xəstəliklərdən, bəlalardan canımız nə zaman qurtaracaq? Bu başımıza gələnləri nə zaman unudacağıq..? İnsanlar yenə də öncəki həyatlarına, bolluğa, firəvanlığa qayıtmaq istəyir.

Qış və şaxta, soyuq sovuşub gedərsə, insanlar yenə xoşbəxt həyat sürər, nəsillərini artırar, nəsildən-nəsilə, ildən-ilə çiçəklənib, pərvazlanıb çoxalarlar. Həəəə... Qoca! Çalış, mənim narahatçılığımı, sözlərimi başqa səmtə yönəltmə, onları diqqətlə dinlə və nəticə çıxart. Sənin kimi bir şaman üçün, bir ulduzu bölmək çətin məsələ deyil axı...”- deyərək, fikrini sona çatdırdı.

Şaman yenə hirsli və titrək səslə ona cavab verdi: “Belə danışma! Böyük toyon-hökmdar! Bu sözlərin qarşılığı qaçılmazdır... Bir gün özünə qayıdar. Bizdən öncəki bütün tayfalar, Günəşli aləmin yiyələrinin hamısı Saxa camaatından üz döndərər. Göy Səma bu danışdığın günahlara görə təkcə səni deyil, sənin nəsil- nəcabətini də ağır cəzalandırar. Mən ulduzu iki yerə bölə bilmərəm.”

Ulu Kudansa qəzəbləndi, kar adamlar kimi bağırmağa başladı, gözlərindən qığılcım püskürdü, sifəti göm-göy göyərdi, üzündə gümüşü sayrışmalar göründü, onun qəzəbindən elə bil, göydəki ulduzlar da dondu. Və bağırtıyla birdən şamanın üzərinə hücum çəkdi: “Hamı üz döndərəcək deyirsən.?! Deyirsən ki, Yaradanın bütün tayfalarının ruhu, Günəş aləminin yiyələri deyirsən ki, mənim fədakar, layiqli xalqımı, camaatımı lənətləyəcək?!. Onlar canlıdır, insandır, yaşamaq-yaratmaq istəyirlər. Əgər bu bəla başımızın üzərindən gedərsə, biz yenə öncəki kimi şad-xürrəm, var-dövlət içərisində, qayğısız yaşayacağıq; yenə bu yerlərin görkəmi dəyişəcək, yenə bu yerləri cənnətə döndərəcəyik. İnsanlar güləcək, sevinəcək. Əgər Yer üzündə həyat düzgün davam etmirsə, gedişat pozulubsa və siz bu pozulmuş düzəni yerinə qaytara bilmirsinizsə, onda şamanları Tanrı niyə yaradıb?! Onda Yer üzünə niyə gəlmisiz? Belədirsə, biz elə siz olmadan da, kainatın hökmü ilə yaşayrıdıq da... Ey, dördgözlü, məkrli, hiyləgər, sən mənim sözlərimi özün bildiyin kimi çevirmə, mənim dediklərimi yaxşı dinlə! Səni bura ona görə çağırmamışam ki, mənim tapşırığımı müzakirə edəsən, mənim həyəcanlarımı, nitqimi yayındırasan. Çolbon ulduzunu parçalamağı mən sənə məcbur edəcəm... De görüm, əmrimi yerinə yetirəcəksənmi? Onu necə paraçalamağı mən göstərəcəm, kürəyin döyülməkdən zoğ-zoğ olanda, ipək kimi yumşalacaqsan... – deyib, əlindəki qırmancını şamanın üzünə qaldırdı.

Qəzəbli Kudansanın onu şallaqlayacağından qorxan şaman Çaçıqar Taas, öz gücünə, qüdrətinə baxmayaraq, həyəcanlandı, təlaşa düşdü. Bədənində qanı dondu, elə bil, canına qarışqalar doluşdu, tükləri ürpəndi... O öncələr də eşitmişdi ki, Ulu Kudansa çox möhtərəmdir, əgər o bir sözü dedisə, hər hansı bir hərəkət etmək istədisə, ona etiraz edən adamın kürəyində qırmanclar yol açır, ona etiraz edəni o qədər döydürür ki, dərisinin parçalanmış yerindən damarları görünür, bir sözlə, qəzəbləndiyi adamın bədənindən ciyərini çəkib çıxardır... Bu düşüncələr içərisində şamanın ürəyi sıxıldı, vücudu titrədi, elə bil, üzərinə buzlu su tökdülər...

Çaçıqır Taas karıxmış halda hamının eşidə biləcəyi yüksək səslə: “Mənim toyon hökmdarım! Bir dəqiqə məni dinlə! Qəzəbini ram elə. Öncki dövrlərdə insanlar belə günahlar işlətmirdi, insanlar bir-birinin ayağının altını qazmırdı, bir-birinin yoluna keçmirdi. Ötən dövrlərdə də mənim sənin qarşında heç bir günahım olmayıb, məni bağışla! Bacarcağammı, bacarmayacağammı, ona söz vermirəm. Ayini keçirəcəm, görək axırı necə olur. Əgər alınsa, qoy bütün günahlar sənin boynuna yazılsın!” - dedi.

Bunu eşidən Kudansanın qəzəbi azaldı, şamanın yanından geri çəkilib: “Nə olacaqsa, olsun. Mən səni ona görə çağırmamışam ki, hansısa günahdan-qəbahətdən qorxaq. Di başla, işini gör” - deyərək, hirslə taxtına əyləşdi.

 

 

***

Saraya qaranlıq çökdü, Çaçıqır Taasın da titrətməsi keçdi, beyni aydınlandı və dedi: “Bütün pəncərələri-qapıları, bacaları bağlayın. Hamı yerində dinməzcə və sakitcə otursun. Mənim qabağıma çıxmayın, mənim geniş yolumu daraltmayın, mane olmayın, uzaq yolumda mənə toxunmayın..!”

–Biz gizlincə kainatın axarını dəyişmək istəyirik, ona görə də nəbadə həyətə çıxıb Çolbon ulduzuna baxmayın. Sizin gözlərinizlə başqaları baxmaq istəyəcək, sizin qulaqlarınızla başqaları eşitmək istəyəcək... Biz Çolbonu oğurlayanda, qəbahət-günah işlətdiyimizdən xəbər tutsalar, niyyətimizi həyata keçirə bilmərik, səyahətimiz uğursuz olar, işimiz boşa gedər” - sözləri ilə üzünü göyə tutub danışmağa başladı.

Qapılar kilidləndi, bacalar örtüldü, pəncərələr bağlandı, hərə sakitcə öz yerində oturub, gözləməyə başladı. Get-gedə kölgələr uzandıqca, qaranlıq qatılaşdı. Qorxaq və ağciyər adamlar divarların küncünə çəkildilər, ürəkli və cəsarətlilər isə daha ön cərgədə oturub, maraqla şamanı izlədi. İçəridə səssizlik vardı. Milçək uçsa vızıltısı eşidilərdi. Ocağı söndürüb, ora qətran atdılar, külünü hamarladılar.  Ocağına ətrafına od rəngli ayı dərisi gətirib, şaman üçün oturmağa yer hazırladılar. Bir köhnə, ağzı küt sümük baltanı şamanın dəmir sinisinin yanına qoydular. Öləziyən işıqda kölgələr tək-tək hərəkət etdi. Qaranlıqda hamı nəfəsini içərisinə çəkib, nə baş verəcəyini gözləyirdi.

Şaman Çaçıqır Taas qorxulu səslər və haraylar çıxararaq, əlindəki qavalına üç dəfə döyəclədi, ac canavar kimi səslər çıxarmağa başladı. Elə bil, yuxulu-yuxulu torpaqdan, doğma yurdundan, Yerdən imdad diləyib, dua edərək, bağışlanması üçün  toyuk* oxuyurdu, daha sonra özünü söyüb, qınayıb alçaldaraq, ruhlardan bağışlanmasını istədi. Bu hərəkətləri edəndə gah fırlanır, gah əyilib-durur, başını o yan bu yana döndərir, müxtəlif səslər çıxarararq, haldan-hala düşürdü...

Əlindəki qavallar çalındı, cırıqqalar, şaxşaxlar cingildədi, sinilər döyülməyə, telli saçaqlar əsməyə başladı, elə bil, onun bətninin içərisindən qorxulu səslər çıxırdı, o dayanmadan fırlanırdı... Ocaqdakı közün içərisindən qığılcımlar ətrafa saçıldıqca, ətrafdakılar da Çaçıqıra Taası müşahidə edirdi...

Tamaçaşılar özləri də gördü ki, şaman sözün həqiqi mənasında uzaq, soyuq bir aləmə keçdi – soyuqdan onun sifəti ağ-appaq ağarmış, dodaqları göm-göy göyərmişdi, qaşları və kiprikləri qırov bağlamışdı. O hər dəfə başını əsdirdikcə, qaşlarından, saçlarından, əlindəki qavalından, çax-çax və şax-şaxlarından yerə qar dənəcikləri tökülürdü. Getdikcə şamanın səsi dərindən və daha aydın eşidilirdi, gözlərinin işığı artır, içərisində nur titrəyirdi, onun dövrə vurub oynadığı bu məqamda, ətrafda dayanan cavanlardan heç biri yaxınlaşıb ona əli ilə toxunmağa cəsarət etməzdi...

Şaman çox uzaqlara getmişdi, gedib çatdığı məkanda baş verənləri, nə üçün gəldiyini ruh aləmindəkilərə, Yuxarı Dünyadakılara danışdı və əlindəki ­sümük ­baltası ilə havanı döyəcləməyə başladı; o havaya baltasını vurduqca, ağır səslər eşidilirdi, elə bil, daşı-daşa döyürdün.

Ətrafa mavi rəngdə qığılcımlar yayılır, qar ələnir, gah da ki, elə bil, xırçıltıyla buzlar sınırdı; ya da, alov dilimləri görünürdü. Bunları görən və seyr edərək qorxanlar, evdə qurulmuş kamelyekin ( –daş sobanın) arxasında gizlənməyə çalışırdılar və heyrətdən yerlərində donub qalmışdılar. Cəsarətli cavanlar isə evin bir qırağında, sol tərəfdə dayanıb, baş verənləri seyr edirdi. Tamaşaçıların səs-səmiri kəsilmişdi, onların aldığı nəfəs də havada hiss olunurdu.

Şaman uzun müddət kamlal deyə-deyə balta ilə havanı, alovları döyməkdə davam etdi; o bu duaları oxuduqca tullanıb düşür, bütün bədənini silkələyirdi. Birinci mərhələ sona yetdi, qorxan insanlar nəfəslərini dərindən dərib, asta-asta, pıçıltı ilə söhbət etməyə başladı:

“Lənətlənmiş, gör necə mənfurdur ki, kamlal edəndə buna görə də ətrafı qatı sazaq-qırov bürüyür. Gör necə bədheybət və qorxuncdur! Onun kamlalını eşidəndə adamın bədəni əsir, tükümüz biz-biz durur.” - deyən, seyrçilər gördüklərini pıçıltıyla müzakirə edirdi. Qorxu və həyəcanları keçib gedəndən sonra isə, hamısını bir sual düşündürürdü: “Görəsən Çolbon ulduzu indi nə edir? Görəsən indi biz boylanıb burdan ona baxsaq, nə baş verər?”. Elə o vaxtdan bu günə qədər, insanlar həmişə qadağan olunmuş tabulara tərəf gedib,  qanunları pozaraq, onları icra etmək həvəsində və arzusunda olublar. İndi ətrafa yığılanları təkcə Çolbon ulduzu düşündürürdü...

Bir cavan qadın özünü saxlaya bilmədi, elə bil, vücudunda nəsə vardı, elə bil, ətrafda dayanan insanların hamısının ürəyi onun sinəsinin altında döyünürdü; bədəninə ağrılar doldu, havası çatmadı, elə bil, bədəninə biz batırırdılar, sümükləri gizildəyirdi, qaranlıq onu sıxırdı; o nəzərlərdən yayınaraq, sürünə-sürünə pəncərəyə yaxınlaşdı, pərdəni qırağa çəkdi və birdən göy üzündə parlaq mavi-qırmızı rəngində parlayan ulduzu gördü...

Şaman sümük baltasını havaya çaldıqca, ulduzdan qopan hissəciklər ətrafa dağılırdı, qığılcımlar oynaşırdı... onun hər hərəkətindən sonra ulduzdan qopan hissəciklər sürətli şəkildə ətrafa yayılaraq, işıq seli və qığılcım topası yaradırdı...

Və birdən qadın başını döndərəndə Çaçıqır Taasın büdrəyərək, tarappıltıyla yerə çırpıldığını gördü... Sonra şaman qışqıraraq yerindən dik atıldı, sonra isə... heç bir səs eşidilmədi, nə ocaq yandı, nə də ətrafa qırov düşdü...

...Şaman uzun müddət tövbələtmə etdi, özünü günahlandırdı, dualar oxudu, ağladı, sonra lənət duaları oxudu və yerə endi, öz nimdərinin üstünə düşərək, dedi: “Mən bu qədər əziyyət çəkdim, iş gördüm, tas qurdum, ocaq qaladım, ayinlər oxudum, bütün zəhmətim boşa getdi. Kainatın taleyini və düzənini oğurluqla, gizlən-qaçla dəyişə bilmədik. Bir qadının gözü ilə, qulağı ilə hər işimiz faş oldu, deməli, saxa xalqı hər zaman dava-dalaş, hərc-mərclik içərisində yaşayacaq. Siz öz güzəranınızı düzənləyə bilməyəcəksiz... tayfalar hər zaman bir-biri ilə davada olacaq, bir-biri ilə bəhs edəcəklər...”

Şaman sözünü deyib bitirəndən sonra, adamlar, tövlədən açılmış at kimi qapıdan çölə çıxdı və bir anlığa göy üzündə parlayan ulduza baxdı. Gördülər ki, ulduzun yarısı yoxdur... onun yanında yeni bir ulduz əmələ gəlmişdi. Bu ayindən sonra, artıq hamı bilirdi ki, böyük ulduzun yanında kiçik ulduz görünərsə, deməli, qış fəsli sərt və fəlakətli olacaq.

O gündən ki, Ulu Kudansa şaxtaları dəf etmək üçün Çolbon ulduzunu parçalamağı əmr etmişdi, həmin gündən etibarən soyuqlar ayazıdı, heyvanların qırılması dayandı, insanlar öncəki həyata qayıtmağa başladı. El arasında belə bir rəvayət yarandı: “Bizim uca Odun Xanın, Çingiz xanın, Dılqa Toyonun razılığı ilə bizə hökmdar, başçı olan Kudansa belə mötəbər insandır! Onun sayəsində saxa xalqı yer üzündən silinmədi! Bizi xilas edən, yaşadan mərhəmətli Ulu Kudansa oldu!”

Kudansanın el içərisində şöhrəti, hörməti gündən günə daha da artmaqdaydı.

 

 

İKİNCİ DAİRƏ

 

Bir də görərsən ki, ixtiyar bir qoca kimi qaşqabağını açıb, nəzərlərini ətrafa gəzdirib, açılan sabahları salamlayar əsrarəngiz Saxa... Başı üzərində səkkiz rəngli göy qurşağı örtük salar, Günəş onun rəngarəng şəfəqləri ilə çölləri bəzəyər, Günəşin zərrin şəfəqlərində göllər və gölməçələr zümrüd rəngli suları ilə Göy Səmaya göz vurar, gülümsəyər. Qırmızı qumların üzərindəki miçətkənə bənzəyən dağlar yaşıllanar, çiçəklənər, ana torpaq öz səxavətini Göy Səmaya belə göstərər. Bəzən adama elə gələr ki, buzlanmış göllər buzu əridikcə dərindən nəfəs alır, nəfəsi istiləndikcə köksündən kənara su püskürər, təbiət min bir gözəllikdən öz xalqını və Saxanı xali etməz.

Şaxtalar sındımı, buzlar əridimi, üc məcrası olan ana Lena çayı da silkələnib qışdan çıxır, məlhəm suyunu səxavətlə çöllərə, səhralara, tarlalara, bağlara paylayır. Paylayır ki, insanların ruzisi-bərəkəti çoxalsın.

Ötən illərin, ayların içərisində Böyük Kudansanın da yüzlərlə at ilxısı, yüzlərlə mal-qarası daha da artıb çoxaldı. Olonxonun dediyi kimi, qaralan uzaqlara baxanda qara köhlənləri gördüm, ağ görünən tərəfə baxanda ağ köhlənlər kişnədi. Bu illər içərisində Ulu Kudansanın da nəsli-tayfası artıb, çoxaldı. Tayfası çoxaldıqca, xalqı da artdı.

Böyük Kudansa göy üzünü bəzəyən Çolbon ulduzunu yarıb parçalamağı ona görə əmr etdi ki, Saxa qərinələrlə yaşayıb, əsrlərə yoldaş olsun. Saxanın ruzi-bərəkəti artsın, Günəş bu yerlərdən istisini əsirgəməsin. Ona görə də, Ulu Kudansanın adı gələndə hamı deyirdi ki, o qəzəblənəndə ulduzu ikiyə bölər, bu dünyada onun qarşısına çıxan, kürəyini yerə vura biləcək, biləyini əyən kimsə yoxdur!

Qarşısına çıxan bütün əngəlləri yox edən bu bahadurun yolundan keçmək istəyən ancaq dünyadan xəbərsiz səfehlər ola bilərdi.

Əgər Kudansa bircə dəfə “Hıımmm...” etsəydi, hamı bilirdi ki, o qəzəblənib; əgər “Ehey!” desəydi, hamı bilirdi ki, yenə də xeyirli, faydalı bir məsləhəti, sözü, əməli var, yox, əgər “Həəəə.!?” desəydi, deməli, hər kəs dinməz-söyləməz onun əmrini yerinə yetirməliydi. El-oba, camaat onunla hesablaşır, onun bir sözünü iki etmirdi. Çünki, bu adam Günəşi yatırdıb, Ayı yerindən oynatmışdı. Beləcə yurd içində və öz yaşadıqları yerlərin hüdudlarında da, insanlar onu adını yüksəldib, şöhrətini el ilə bir etmişdi.

Bütün bu hadisələrin fövqündə Kudansanın qüdrətli ruhu da təzələnir, möhkəmlənirdi. Özünü o qədər güclü hiss edirdi ki, deyərdin bu dəqiqə əli ilə dağı yerindən oynadacaq.

“İnsanların başına gələn bəlalardan onları hifz etmək, uzaqlaşdırmaq üçün, onlara xoş günlər, səadət bəxş etmək, onları dərdi-sərdən uzaqlaşdırmaq, lənətləri, pis nəfisləri və niyyətləri aradan götürmək üçün, göy üzündə olan bir çox düzənləri dəyişib, Yerin də altını üstünə çevirmək istəyirdi. Özlüyündə fikirləşirdi ki, doğrudur, mən Göydən gələn o bəlanı – Çolbon ulduzunu sıradan çıxardım, bundan sonra xalqımın güzəranı düzəldi, yenə də var dövlət, mal-mülk yiyəsi oldu; etdiyim yaxşı işlərin xoşniyyətli tayfalara da, lənətlənmiş tayfalara da xeyri oldu. Belə düşünürəm ki, heç bir günah işlətməmişəm. Yazıq şamanlar da ağıllarının azlığı səbəbindən mənə qarşı ədalətsiz davrandı”.

Beləcə, Ulu Kudansa hər yerdə şöhrətləndi, qəhrəmanlığı, əməlləri dillərdə əzbər oldu. Nə yazıqlar olsun ki, bu xoş, firəvan dövr az çəkdi ya çox çəkdi? – bunu dəqiq bilən yoxdur; lakin əfsanəyə görə, o yaşadığı firəvan günlərin birində yenə də yurda-yuvaya bədbəxtlik və xəstəlik yayıldı.

Adı bilinməyən bu azar heç bir ailədən yan ötmədi, ölkədə elə bir adam, ailə qalmadı ki, göydən gələn, adı bilinməyən bu bəlaya, bu ağır azara tutulmasın. İnsanlar toyuq kimi qırılmağa başladı, elə bir ailə olmadı ki, qapısından tabut çıxmasın, elə bir ailə olmadı ki, odu-ocağı sönməsin, onların isti yuvalarında yenə soyuq-sazaq qırovları görünməyə başladı.

Bütün evlərdən ah-nalə, inilti səsləri ucalırdı. Arvadı ölən kişilər: “Mən xanımsız qaldım, mən uşaqsız qaldım, nəslim yox oldu, ocağım söndü, tifaqım dağıldı” – deyib ah-nalə çəkdi. Qadınlar isə: “Dağ kimi ərim getdi, başımın tacı getdi, gül kimi balalarım məhv oldu, kimsəsiz qaldım, yurdum-yuvam boş qaldı... vay-vayyyyeeee, ay vayyyyy eeee” – deyə, qan-yaş töküb ağladı, sızladı, ah-nalə çəkdi.

Onları bu gələn bəladan qurtaran, qoruyan, ancaq yenə də Ulu Kudansa olacaqdı. Bu böyüklükdə dərd və fəlakətlərdən çıxış yolunu Kudansadan başqa kim bilər ki? Xalqı üçün, yurdu üçün, ölkəsi üçün ondan başqa kim yardım edə bilər?

 Hər evdən, hər mahaldan sağ qalan insanlar yenə də sözü bir yerə qoyub, Kudansanın hüzuruna gəldi:

“Möhtərəm hökmdar, bizim başımızın sərkərdəsi! Tanrı səni bizi qorumaq, çətin vaxtlarımızda bizə kömək etmək üçün yaradıb. Sən həmişə bizi hifz etdin, başımıza gələcək bəlalardan, dərdlərdən, fəlakətlərdən qurtardın. Bu dəfə də bizə bir yol göstər!

Bizim tayfamızı, nəslimizi xilas edənimiz, Tanrı səni Saxa xalqına yol göstərən, bayraqdar yaradıb, bizi məhv olmaqdan xilas etmək üçün Yer üzünə göndərib. Bir dəfə bizi yox olmaqdan, ölümdən qurtardın. Bizim tayfaların, nəsillərin şahı sənsən, sərkərdəsi sənsən, Saxanın xilası sənin əlindədir, bizi xilas etmək üçün hətta Yaradanın, Kainatın ulduzunu iki yerə parçalatdın. Göydən gələn bu növbəti bəlanı bizim başımızın üstündən qovmasan, bizi səndən başqa kimsə xilas edə bilməz. Öz millətini, xalqını Günəş işığından məhrum etmə, yerdə qalanlarımıza yazığın gəlsin, bizi bu torpağın üstündə nəfəs alıb gəzməkdən məhrum etmə. Bizə kömək ol! Özün görürsən ki, daha bacalarımızdan tüstü çıxmır, od-ocağımızda qazanlar qaynamır, yurdlarımız, evlərimiz boş qalıb”...

Fəlakət o qədər böyük idi ki, şamanlar– baxıcılar da tas qurub, ocaq qalayıb, kamlal oxusa belə, ayinlərinin nəticəsi olmurdu... Ölüm isə bir kabus kimi bu elin, bu yurdun insanlarının qapısından ayaq çəkmək istəmirdi, elə bil, sevinə-sevinə qapıları güdürdü.

Ulu Kudansanın yaxın tayfa qohumları da xahişə gələnlərə qoşulub, qarşısında diz çöküb, ayaqlarını qucaqladılar, qan-yaş töküb, yalvardılar: “Başımıza bu qədər fəlakət gəlib. Niyə yaxanı qırağa çəkmisən? Niyə bizə yazığın gəlmir? Bir dəfə də olsun sənin yoluna çıxmadıq, sənin hörmətini saxladıq; indi bu nə küskünlükdür? Bizdən niyə üz döndərmisən? Niyə o nur üzünü bizdən gizlədirsən? Bizim arxamız-dayağımız, böyüyümüz, atamızsan! Bizə yazığın gəlsin, bizə kömək elə!”

Əslində, Ulu Kudansa da gizlində xiffət çəkirdi, elə bil, onun ruhu öncəki güc-qüdrətində deyildi. Sanki o qüdrətli ruh Kudansanı tərk etmişdi. Gecələr yata bilmir, gündüzlər yemirdi... Qara fikirlər, ağrılı fikirlər günü-gündən onu daha da kədərləndirir, qəm-qüssəsini artırırdı. Beləcə, öz iqamətgahında bir qırağa çəkilib, əlindəki dəmir əsasına söykənib, dərin fikirlərə getmişdi...

Neyləsin? Necə kömək etsin? Neçə vaxtdır ki, millətin xilası üçün yol axtarırdı, fikirlərində, dağı arana, aranı dağa daşısa da, heç bir nəticə hasil olmurdu. “Neyləyim? Xalqım ölümə məhkum olub, ona necə yardım edim? Bəlkə belə? Bəlkə elə? Bəlkə...” - “eh... bəlkələr içərisində qalmışam” – deyib dodaqaltı mızıldanmağa başladı. Daxili ağrılarından sifətinin rəngi ovqatına uyğun olaraq gah göyərir, gah da ağarırdı... Artıq qara saçlarına da dən düşmüşdü, elə bil, qışın qar-qırovu qonmuşdu başına. Bilirdi ki, düşdüyü durumdan çıxış yolu tapmaq çox çətindir.

Əslində onun dərdi böyük, əzabları dözülməz idi. Çünki dünyanı başına alan bu bəlanı aradan götürmək üçün, ondan xilas olmaq üçün bir insan oğlu tapa bilmirdi. Hər yerə çapar göndərib, aləmi ələk-vələk etsə də, dərdə çarə qılacaq birini tapa bilmirdi ki, bilmirdi.

“Bu dərdi-bəlanı hər kəs Göydən gələn bəla adlandırır, deyilənlərə görə şad-xürrəm yaşayan insanlarımızın ürəyinə və cisminə, göydən yerə enən və qorxulu ruhlar girərək, xalqımızın Yer üzündən silinməsinə, yamanlıqların Yer üzündə çoxalmasına çalışırlar. İstəyirlər ki, Saxanın xoşniyyətli insanları məhv olub, getsin. Onları bu dünyadan necə qovaq, necə kənarlaşdıraq, onları necə zəiflədək ki, bizim Saxanın – Uranxayın öğullarının nəsli tükənməsin?!

Bəlkə də ən adi şaman belə çox kiçik bir ödüllə bu bəlanı yenidən geriyə, gəldiyi Güneyə qova bilərdi... Bu lənətə gəlmiş şamanların da gözləri doymur, onları razı yola salmaq olmur ki, olmur...

Belə fikirləşirəm ki, bəlkə mən cinlərin məmləkətinə baş vurub, onların böyükləri ilə dilbir-əlbir olum, onların göydə bərqərar olan buz saraylarına girib bu soyuq ruhları bir sınağa çəkim, mən nə zamana qədər gözləməliyəm ki, cinlərin başçısı Böyük Suorun millətimizi şam ağacı meşələri kimi qırıb qurtarsın..? Necə yəni, bunlar bizi bitirib tükəndirsinlərmi? Bu ola bilməz axı..! Yəqin ki, bu cinlərin də içərisində bir ağlı-düşüncəsi, mərhəməti olanı var. Bəlkə mən onun qızını öz oğluma alım, öz qızımı isə onun oğluna verərərək, qohum olaq..? Bəlkə qohumluq bağlarımız yaranandan sonra, onlar daha mənim xalqımı rahat buraxacaq, bu bəlaları başımıza endirməyəcəklər?! O, yeni məqsədini həyata keçirmək üçün sarayının qapılarını bağlayıb, yollar cızmağa başladı. Bir neçə gündən sonra dəbilqəli papağını başına qoyub, saraydan çıxdı, əsasını yerə vurub yüksək səslə xalqına müraciət etdi: “Biz ya ölüb qurtaracağıq, ya da yenidən doğulacağıq... Gəlin bəxtimizi sınayaq. Eheyyy! Soruk Bollur! Haradan olursa olsun, bir göz qırpımında tez şaman Çaçıqır Taası tap gətir!

Soruk Bollur Ulu Kudansanın qarşısında peyda olub, “Baş üstə” deyərək, ona təzim etdi və yerindən tərpəndi...

Kudansa onu axtaranda, şaman Çaçıqır Taas Amgə dərəsində Kutuyaxanın qonağı idi. Birdən qapılar taybatay açıldı, elə bu vaxt Kudansanın elçisi Soruk Bollur ev yiyəsinin qarşısında dayanıb, ona təzim etdi və sonra da şamana tərəf dönüb dedi: “Böyük toyon başçımız, bizim sərkərdəmiz, böyüyümüz Ulu Kudansa səni çağırır; dedi ki, bir andaca səni onun hüzuruna aparım... Gedək... nə dayanmısan?!” – “Ay amannn! Deyirəm axı, bir neçə gündür rahatlıq tapa bilmirəm; pis yuxu görmüşdüm, hiss edirdim ki, nəsə yaxşı hadisə olmayacaq. Necə də üşüyürəm, əsirəm, bədənimdə tüklərim biz-biz durur...” - deyib, dodaqlarının altında narazı-narazı mızıldamağa başladı, əyri və qısa ayaqları üstə qalxıb, geyindi.

Səhər açılar-açılmaz onlar təngnəfəs halda gəlib, Kudansanın sarayına yetişdi. Geniş darvazalar açıldı, şaman üçün taxt hazırlandı, oturacaq quruldu, şamanı qollar üstündə gətirib taxtda otuzdurdular; yol yorğunluğunu çıxarmaq üçün qarşısında süfrə açıb, hər cür naz-nemət düzdülər.

Sarayın digər başında oturan Kudansanın səsi eşidildi: “Qoca! Sən şamanların ən qüdrətlisisən, ən güclü ruh səndədir, o biri aləmdəkilər sənin səsini və sözünü tez eşidir, sənin oxuduğun toyuklar, etdiyin dualar oralara tez çatır, sən yerin altındakıların da, göyün qatındakıların da dilini yaxşı bilirsən. Cinlərin də harada nə ilə məşğul olduğundan yaxşı xəbərin var.

Eşitdiyimə görə, Ağ Səmanın güney tərəfində doqquzbaşlı əjdahanın qəzəbli boğazından keçib, mədəsindən ağzına düşüb, Güneydə, Yuxarı Aləmdə gəzən cinlər tayfasının böyüyü yaşayır, deyirlər, onların başçısının adı əzəmətli Böyük Suorundur. Əlbəttə, mən də bizim yurdun, bizim aləmin toyon-sərkərdəsiyəm. Ona görə istəyirəm ki, mənim qızımı onun oğluna verəsən, onun qızını da mənim kiçik oğlum nişanlayasan.

Şaman Çaçıqır Taasın təəccübdən boğazı qurudu, o kəkildəməyə başladı. Çünki bu yaşa gəlib çatmışdı, bir insan oğlundan belə bir tələb, arzu eşitməmişdi. Eşitdiklərindən, gözləri az qala hədəqəsindən çıxmışdı:

–Böyük toyon, bu nə sözlərdir sən danışırsan?! – Kəs səsini! Sus! Belə ağlasığmaz söhbətlər eləmə!!! Bunların hamısı günah olan işlərdir. Yer üzündə hələ bir insanoğlu öz övladını cinlərlə evləndirməyib, bir insanın ağlına bu fikr gəlməyib, Saxaya bu günə qədər kimsə cinlərin-şeytanların gəlməsinə imkan ver­məyib. Yox, yox..! Bu ola bilməz, bunun cavabını nə ilə ödəyərik?! – Bu çox ağır bədəldir.

– Cavab verəcəyik, deyirsən... Çolbon ulduzunu iki yerə bölməyini tələb edəndə də, sən deyirdin ki, ­olmaz... Ulduzu böləndən sonra soyuqlar ayazıdı, havalar isindi, fəsil dəyişdi, insanlar yenə də firəvan yaşamağa başladı. İndi də “yox” deyirsən. Eyyy... şaman, sənə sözüm budur, mənim bu dünyada hələ bir sözümü iki eləyən olmayıb. Mən nə edirəmsə, xalqımın güzəranı üçün edirəm. Mən Saxanı və onun övladlarını, xalqımı göydən yer üzünə gələn bəlalardan qurtarmaq üçün çalışıram. Mənə maraqlı deyil ki, bunun əvəzini sonra nə ilə ödəyəcəm. Əgər mən Cinlər aləminin padşahı Böyük Suoronla qohum olsam, o özündən törəyən qohumlarının həyatına qəsd etməyəcək. O zaman insan oğlu da, Saxanın övladları da rahatlıqla artıb-törəyəcək, daha qan tökülməyəcək, başqa xalqlar gəlib bizə hücum etməyəcək. Görmürsənmi, saxalılar durduqları yerdə təsadüfi hadisələrdən belə, qırılıb gedir. Ona görə də, məni yaxşı dinlə, sözlərimdən nəticə çıxart!

Ulu Kudansa danışdıqca Şaman Çaçıqıra Taasın bədəninə üşütmə dolur, qorxudan ürəyi sinəsində tir-tir əsirdi.

–Mən haradan bilim, haraya gedim, haradan öyrənim Cinlər Aləminin olduğu yeri..? Elə bilirsiz asandır?! Mən necə əmin ola bilərəm ki, onlarla qohumluqdan sonra insanoğlu daha ölməyəcək? Yəqin ki, elə bununla da bizim sonumuz gəlir, yer üzündən insanlıq və insanlar silinib gedəcək, - deyərək heyrətlə başını əllərinin arasına aldı.

–Mən xalqımı düşündüyüm halda, sən heç məni anlayırsanmı? Elə bilirsən mənim ürəyim yoxdur? Mənim canım ağramır? Mən ən əziz var-dövlətim olan oğlumu və qızımı qurban verirəm ki, bu qanı aradan götürək, xalqım qırılmasın. Xalqımı balalarımdan üstün tutaraq, öz övladlarımdan belə keçirəm. Mən bu dəqiqə kamandan açılmış yay kimiyəm, bu kədərli halımda məni özümdən çıxrma! Ağlını başına yığ, asta-asta cavab ver görüm, kamalat edəcəksən, ya yox? Yox əgər, etməsən, onda bilirsən ki, səni buna məcbur edəcəm. – Bunu deyib, dəmir əsasını sol əlinə alıb, sağ əlində isə qamçısını havada yellətdi və yenə də şamanı başdan-ayağa hirsli-hisrli süzdü.

Şaman Böyük Çolbon ulduzunu bölməyə razı olmayanda artıq bir dəfə, hökmdarın qamçısının gücünü görmüşdü. Ona görə də, əlini göyə qaldırıb:

–Aləmlərin yiyəsi, sağ olsun, öz hirsini boğ, sakitləş. Bizim uca hökmdarımız, böyük və Ulu toyon! Hirslənmə, əsəbiləşmə... Nə olacaqsa, o da olacaq... Əvəzini sən ödəyəcəksən... Örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər. İndi sən 7-ci ayın 7-ci gecəsinə qədər mənə yeməyə ancaq ilik, içməyəsə ağ inəyin südündən hazırlanmış kımız ver. Bunları yeyib-içəndən sonra beynim qatılaşacaq, qocalmış sümüklərim də bir az özünə gələrək, bərkiyəcək, - deyib, təlatümlər içərisində geri çəkildi.

Bundan sonra Kudansa da, oturduğu taxtdan düşüb, dumanlı fikirlərini dağıtmaq üçün iqamətgahının yanındakı meşəyə gəzməyə çıxdı.

 

 

***

7-ci ayın 7-ci gecəsindən gündüzünə qədər Çaçıqıra Taas şamanı quşların və heyvanların iliyi ilə yedirib, qısır inyəyin südündən hazırlanmış kımız içirdilər. Şaman o qədər kökəldi ki, cismi dərisinə sığmırdı. İnsanlar hamısı maraq isçərisində gözləyirdi... Onların bir çoxu 7-ci ayın 7-ci gününə yetişmədi; qəfil ölüm onları da haqladı.

7-ci ayın 7-ci günündə, şamanın dediyi vaxtda – axşamüstü, eldə-obada qalan, ölməyən, ölümün pəncəsindən qurtulan insanlar hamısı şəhərin baş meydanına toplaşdı. Müqəddəs saydıqları Kerex ağacına at tükündən hörülmüş kəndiri – salamanı  bağladılar. Sonra 9 yaşlı, qırmızı dərili, ağ xalxallı,  ağ ayaqları boyuna daha da yaraşıq verən, beli incə bir ayğırı da gətirib həmin kəndirə bağladılar. Sonra isə şamanın ağacdan hazırlanmış quşlarını və heyvanlarını da həmin yerdə torpağa batırdılar. Meydanın qırağındakı alaçığa girib, alaçığın ortasında közərən ocağa odun parçaları atdılar ki, otaq bir azca isinsin. Çıtır-çıtır yanan ocağın ətrafına qoca ayının od rəngində olan sarı dərisini tulladılar. Şamanı qolları üzərinə qaldırıb ocağın yanına gətirdilər, onun üçün qurulan taxtda otuzdurdular, ona böyürlərindən zınqırovlar sallanan balaca qaval və çaxçax verdilər.

Evdə milcək ucsa səsi eşidilərdi. Qaranlıq düşdü, insan kölgələri uzanmağa başladı, ocağın közünün ­altından ara-sıra qığılcım sıçrayırdı; həmin qığılcımların işığı insanların üzündə yanıb-sönür, qaranlıq və işıq kölgəsində maraqlı insan siuletləri görünürdü. Kölgələr artdıqca, buraya yığışan insanların həyəcanı da çoxalırdı. Hər kəsə elə gəlirdi ki, bu tərpənən kölgə deyil, otaqda dolaşanlar səssiz ruhlardır.

Şaman Çaçıqır Taas, aç canavar kimi ulamağa başladı, müxtəlif heyvan və quş səsləri çıxararaq, gah hündürdən, gah alçaqdan uladı, bəzən də yuxuda sayıqlayan adamlar kimi sərsəm sözlər danışdı. Yurdun od-ocaqlarını, evlərini qorumaq üçün Tanrıya dualar etdi.

Özünü qarğadı, lənətlədi, elə bil, bədənini buzlar örtdü, tükləri biz-biz oldu, elə yalvardı, elə ağladı ki, ona tamaşa edən insanların da ürəyi sızladı.

Sonra qurduğu teştin qabağında, arxasında, ətrafında basdırdığı heyvanlara və quşlara aid mahnılar oxudu, onları göylərə dua etməyə səslədi. Sonra dayandığı yerdən durub otağın baş pəncərəsinə tərəf gəldi, ovcunu açdı, üç dəfə bərkdən kəndirlə dirəyə bağlanmış atı səslədi, köhlən at kəndiri qırıb, pəncərəyə yaxınlaşdı, başını pəncərədən içəri salıb bərkdən kişnədi və birdən yerə yıxıldı.

Bundan sonra şaman Çaçıqır Taas çevrəsinə yığılan bütün cin və şeytanları atın bədəninə yeritdi. Atın və digər heyvanların, quşların ruhlarını müxtəlif səslər çıxararaq, başı üzərindən qovmağa başladı, onları cinlərin aləminə göndərdi, cinlər səltənətinin padşahı Kextiye Xatunu çağıraraq, bu ruhlara yiyə durması üçün yalvardı və dualar etdi. Əlindəki zınqırovlu qavalı çalaraq, çaxçaxlarını oynadıb, ruhlarla danışmağına davam etdi.

 

***

Çaçıqır Taas şaman doğma torpaqdan – yerdən ayrılıb, göyə qalxdı, iki qartalbaşlı, müqəddəs göyün güneyinin uca qatlarında burulğanlardan keçib, göyün xortumunun içərisinə, oradan da mədəsinə düşdü, orada gözəl bir səslə şirin toyuk nəğmələri oxumağa başladı; o dayanmadan oxuyur, tullanıb-düşür, müxtəlif ayin rəqsləri edirdi.

Beləliklə, göyün ən yuxarı qatında özünün ən güclü, iri cüssəli, od baxışlı, üzlərində ağ damğaları olan dəliqanlılarını da ətrafından qovaladı. Tək başına üç gün, üç gecə ağ bir yol ilə irəlilədi. Yolun nə əvvəli var idi, nə də sonu görünürdü. O, bu uzun yol boyunca Göy Səmaya dualar edib, toyuklar oxumaqdan, atlanıb-düşməkdən, rəqs etməkdən yorulmadı.

Uzun yolun yolçuluğundan yorulub əldən düşən, güclə ayaq üstündə dayanan şaman, axır ki, Qüdrətli və Möhtəşəm Suorunun buz məmləkətinə çatdı. Sarayın qapısında taqətdən düşüb yerə yıxıldı. Yenidən özündə güc tapıb, dedi: “Ən bahalı hədiyyələrlə, ipəklə-qumaşla, ən yumşaq xəzlərlə, Luo-Balıq körfəzindən keçərək, Bil-Balıq sularını arxada qoyub, aşağıdakı dünyanın dar boğazından adlayaraq, küləklərdən, oddan-alovdan sıyrılıb, mən Çaçıqır Taas şaman sizin hüzurunuza gəldim. Qapınıza uzun baçeva –salama döşədim, köhlən atı isə müqəddəs qurbangah dirəyinə bağladım. Bu 9 yaşlı, qırmızıdərili, ağxallı, ağ ayaqları boyuna daha da yaraşıq verən, incəbelli köhlənin gözəlliyinə baxın, gülümsəyin! O dağlarda, qayalarda şimşək kimi çaxır, yellərdən qanad alıb, uçur. Deyirəm, bəlkə mənə iltifat göstərib, taxtınızdan enib, bir bu köhlən ata yaxınlaşasız. Sizə elə gəlmir ki, üzünüzdəki örtüyü açıb bizə göstərməyin zamanı yetişib?! Bir məndən soruşun ki, niyə mən Yer üzünü tərk edib, cəhənnəmin qapılarından keçib, ağlayıb-sızlayaraq, fəryadlar-dualar edərək, bizə məxsus olan gözəllikləri aşağıda qoyub hüzurunuza gəldim? Deyim, xəbəriniz olsun: məni sizin hüzurunuza Saxa yurdunun qəhrəmanı, böyüyü Ulu Kudansa göndərdi. Mən gəldim ki... Bir az nəfəsini dərdi ki, Suorunu intizarda saxlasın.– Həəə... O istəyir ki, sənin kiçik qızını öz oğluna alsın. Sənin kiçik oğluna isə öz qızını nişanlasın... Bir de görüm, bu elçiliyə sənin cavabın nə olacaq? Zaman gözləmir, tez xəbər öyrənib, Yer üzünə – Orta Aləmə qayıtmalıyam.

Ağzından hər zaman od püskürən, boğazında qalın qılınc yarasının yerləri görünən, gözləri hədəqəsindən parçalanmış qaya kimi çıxan, qapqara şişib sallanan dodaqları çopur dağa bənzəyən Qüdrətli Böyük Qoca Suorun, həmişə olduğu kimi dəmir kimi soyuq və qəzəbli baxışları ilə ona baxıb ağzını açdı, bu zaman onun ağzındakı yeddi dənə paslanmış dişi də göründü. Mis rənginə çalan üzündə bəlirsiz bir ifadə yarandı. İçi qanla dolu ovuclarını açıb, öz böyür-başında gəzdirdi və bir əli ilə ağzını tutub, o biri əlini havada yellətdi: “Eyyyy, lənətə gəlmiş, bu nə sözdür danışırsan? Rədd ol! Rədd ol!!! Bu nə nağıldır danışırsan? Necə yəni ki, hər şeyin sonu ölüm olan bir məmləkətdə, rütubəti və dumanı əksilməyən Saxa bizim od saçan nəfəsimizi və yükümüzü daşıya bilər? Rədd ol, rədd ol...” - deyərək, onun sözünü ağzında qoydu.

Cinlər səltənətinin sultanı, mən ona bunların hamısını başa saldım; lakin o mənim onurğamı sındırmaq, damarımı kəsmək, ölənə qədər qırmancla döyməklə hədələdi. Ona görə də bu qədər ağır yolları qət edib, hüzurunuza gəldim ki, əhvalatdan xəbərdar olasız. Uzun və uzaq illərdən bu yana sizə görə mən özümə var -dövlət, mal-qara toplamadım, arvad-uşaq sahibi olmadım, ancaq sizin yolunuzu, məqamınızı tərifləyib, ucaltdım, sizə xidmət etdim. Kürəyimdə zoğ-zoğ qırmanc yaraları cığır açanda, sizin yanınıza gəldim, təmtəraqla qarşılayıb, məni dilə tutub, başımı tumarladınız, ağır vaxtlarımda, çətin zamanlarımda mənə dayaq olacağınızı dediniz. İndi gözlərimdən qan-yaş axıdaraq qapınızı döymüşəm, ağlayıb-fəryad edərək Sizdən mərhəmət gözləyirəm, məni cavabsız qoymayın!

Əgər aşağıya əliboş qayıtsam, üzüm qaralacaq, məni məngənəyə salıb, ciyərimi çıxaracaq, ölənə qədər döyəcək, hələ bəlkə öldürəcək də... – Onu bil ki, Yer üzündə yaşayan insanlar içərisində, Saxada Ulu Kudansa çox böyük hörmət və izzət sahibidir, sən bir onun hüzuruna gəl, bacasından içəri keç” - deyən şaman ahu-zar edib, hiyləgərcəsinə inildəməyə başladı.

Şamanın bu sözlərini eşidən Böyük Sourunun qohum-əqrabası bir-birinin yanına düzülüb, ilan dilinə oxşayan alovlu haça dillərini bayra çıxarıb, öz çiyinlərini yaladılar. Nəfisləri özlərinə güc gəldi, doyumsuz gözlərində işartılar görünməyə başladı, bir-birini dümsükləyib, bic-bic gülümsədilər. Suorunun qızı, bütün bədənini əyib-bükərək, özünü daşlara-divarlara sürtdü, oğlu isə hara gəldi hoppanıb-düşməyə başladı. Eyni zamanda bütün qohumlar səs-səsə verib: “Gedək, gedək! Razı ol, razı ol!” deyərək, yerbəyerdən səs-səsə verdi.

Lakin göylərin güney tərəfdə olan düzəngahlarının və dağ döşlərinin yollarında dayanan 99 böyük şaman odlu yollarda doxsan doqquz düyün vurmuşdu, həmin düyünləri gözləri doymayan, hiyləgər və məkirli, alçaq xislətli, acgöz Xatun Xuoxtuey üçün saxlamışdılar. Xatun Xuoxtuey əlini belinə qoyaraq, qöcasına tərəf dönüb, yırtıcı quş kimi onu süzdü və dedi: “Qoca, çox düşünmə, gəl fikrindən daşın, enək aşağı, yəqin ki, Kudansanın bir bildiyi mətləb var ki, bizə elçi göndərib”– deyərək, tez əli ilə iylənmiş ağzını yumdu. Qüdrətli və həşəmətli Böyük Suorun irişə-irişə arvadının üzünə baxaraq, yaltaqcasına belə cavab verdi: “Yaxşııııı... İndiki belədir, siz deyən olsun!” – Və tez də əlavə etdi:– Biz Yer üzünə doqquzuncu ayın doqquzuncu gecəsində düşəcəyik. Get, onlara de ki, bizi qarşılamağa hazırlaşsınlar”.

Hökmdarının verdiyi tapşırığı yerinə yetirən şaman Çaçıqır Taas baş əyib, minnətdarlıq etdi: “Yuxarı Güney Aləminin möhtərəm şahənşahı, sən mənim sözümü yerə salmadın. Qət etdiyim uzun və yorucu yollar, min bir əziyyətim boşa getmədi, məni diqqətdən kənar etmədin, verdiyin sözə sahib çıxıb, dayağım oldun; həyatımı təhlükədən qurtardın. Sən həqiqətən də dəliqanlıların dəliqanlısısan! Öz sözünə sahib çıxdın! Mənə bir nişanə ver ki, Kudansanı inandırım, yoxsa boş sözlə onu inandıra bilməyəcəm. Olmasa, məni yerlə yeksan edər, külümü göyə sovurar, bir də məni görə bilməzsiniz! Qara üzünüz, odlu sifətiniz, alov saçan gözləriniz bir də məni görməz olar!” – deyərək, ah-nalə çəkib, yenə ağlamağa başladı.

Onun bu sözünü eşidən cinlər və əcinnələr səltənəti sultanının qara polad rəngidnə olan üzündən od çaxdı, sifətində qırışlar çoxaldı, burnunu sıxaraq, dedi: “Həəəə! Bizim bu yazıq şaman doğru söyləyir. Bu işin isbatı kimi gərək ona nəsə verək ki, Kudansaya göstərsin, yoxsa, burada danışılanların, onun buraya gəldiyinin heç birinə inanmayacaq... İndi o çox məşhurdur, adı qulağında səslənir. Eybi yoxdur, qoy olsun! Biz də onun özünə layiq qonaqlarından olacağıq. Hələ bizimlə onun çox azar-bezarı olacaq” – deyib, qızının və oğlunun mindiyi köhlən atların hər birinin quyruğundan bir tük qopartmağı əmr etdi. Qızın və oğlanın atlarının quyruğundan qoparılan hər tükün səkkişgüşəli və doqquz yerdən iti və düz bucaqları vardı.

Çaçıqır Taas Şaman at quyruqlarından qoparılan tükləri alıb, üç dəfə barmaqlarına doladı və bu məmləkətin sultanına baş əyib, sevinə-sevinə, öz yoluna çıxaraq, geri qayıtdı. Bir andaca doğma yurduna –Yerə enib, barmağına doladığı tükləri Ulu Kudansaya verdi.

Ətrafda toplaşan insanlar isə gördüklərindən təəccüblənərək, dəhşətə gəlmişdi. Və bir-birinə baxaraq, heyrətlə deyirdilər: “Dünyaya bir də belə qüdrətli şaman gəlməyəcək”.

 

 

ÜÇÜNCÜ DAİRƏ

 

Deyilən vaxt – doqquzuncu ayın doqquzuncu gecəsi və gündüzünə qədər Sibirin bu cənnət yerlərində, ən gözəl meşələr və çaylar axan, dərələr, dağlar olan guşələrinin hər yerində bu təbiətin insanlara verdiyi bütün naz-nemətdən ibarət ən gözəl yeməklər hazırlandı, süfrələr salındı. İnsan oğlunun cinlər və əcinnələr ilə nişanlanması üçün hər cür toy tədarükü görüldü. Yüzlərlə at-heyvanı bir axura yığıb ağzını bağladılar, yurdun güney tərəfində kəsilən heyvanların ətini, quyruğunu və yağını topladılar, gündoğar tərəfdə ərinmiş quyruq çəlləklərini yığdılar; nə qədər heyvan dəriləri soyuldu, nə qədər heyvan əti kəsilib bölündü, həyətlərin hamısından ət-yağ, quyruq qoxusu gəlirdi.

Yuxarıdan Yerə enən qonaqlar üçün hədiyyəlik köhlən atların axtarışına başlandı. Hamı bilirdi ki, bu möhtəşəm Kudansanın qonaqları da adi qonaq deyil, onları dəvət edən də sıradan biri – adi kəndçi deyildi.

Göydən gələnlərin cin-əcinnə olmaları insanların içərisinə qorxu salmışdı. Arada-bərədə üz-üzə gələn insanlar, kənd-şəhər əhli əcaib qonaqlar haqqında danışıb, maraqlarını gizlətmirdi.

Yazıq Saxa o gündən öz doğmaları ilə ayrıldı; ixtiyarı, azadlıqları yad əllərə keçirdi, Günəşli ana yurdun sonu yaxınlaşırdı. Böyük və dibsiz dərələrin arasından axan ana Lena çayının üç qaynağı var idi; onun coşub-daşan qolları, köpüklənən suları, buzlu dənizləri dirildən axar çayları heç zaman gözləməzdi ki, nə vaxtsa, ətrafına bu qədər insan toplana bilər; bilməzdi ki, insanların və ana təbiətin qoynunda var-dövlət çoxalıb bu qədər arta bilər. Saxanın insanları, digər canlılar çayın ətrafındakı çöllərdə, düzənliklərdə belə gəzib-dolaşdıqca, təbiət və Yaradan sevinirdi. Yurd-yuvanın belə şöhrətlənməsi, insanların güzəranının firəvanlaşmasının səbəkarı Ulu Kudansa idi, o hara gedirdisə, orada ruzi-bərəkət aşıb-daşırdı.

 

***

Doqquzuncu ayın doqquzuncu gününün ikinci yarısında ağacların başına bir kölgə endi. Güney tərəfdən, ağ səmanın ortasından iylənmiş yumurta qoxusu ətrafa yayılmağa başladı; axşama doğru, nəfəs almaq daha da çətinləşdi, evlərin, həyətlərin üzərində sanki qara buludlar baş-başa verdi. Hər yerdən bədheybət səslər eşidilirdi. Yaşayış yerləri zülmət qaranlığa qərq oldu. Havanın belə dəyişməsindən qorxan el-oba sakinləri hamısı öz evinə çəkilib, qapı-pəncərəni bərk-bərk bağladı.

Şaman Çaçıqır Taas özünün ayin paltarlarını geyinib, zınqırovlu qavalını əlinə alaraq, boyun-boğazına muncuqlarını taxıb, quş lələkləri ilə bəzəndi, belini də dəri ilə bərk-bərk bağladı. Çaxçaxını alnına qoyub, ocağın ətrafında özünə yer düzəltdi, nəzərlərini diqqətlə evin divarlarına zillədi. Bir xeyli belə oturduqdan sonra, üç dəfə qavalını döydü və hamının eşidə biləcəyi bir səslə dedi: “Sizin qohumlar, çağırdığınız qonaqlar, elçilər gəldi. Darvazaları, qapıları açın, xaltalarınızı, cilovlarınızı əlinizdə hazır tutun, oturmağa yer hazırlayın!

Qapılar, darvazalar dərhal açıldı və ev sahibləri nə gördü?! – Həyətlər, dağ döşləri, çəmənlərin hər tərəfi bir dəqiqədə atlılarla dolmuşdu. Qapıda dayanan bu yad qonaqlar əyilib-büzülür, hoppanıb-düşürdü. Ətrafı üfunət iyi bürümüşdü. Onlarla gələn Sorunun qızı və oğlu toy gərdəyinə yollandı, onlar toy gərdəyinə keçəndən sonra, dayandıqları yerdə göy zolaqlar əmələ gəldi. Cin və əcinnələr Kudansanın oğlu və qızı yatan otağa keçdi.

Toy musiqisinin səsi dörd yana yayılmışdı, hamı yeyib-içməkdə idi... Kənddə yaşayan insanlar gördüklərindən heyrətə gəlib, elə oturduqları yerdəcə donub qalmışdı; bəziləri də çox çətinliklə nəfəs alırdı, birinin rəngi ağarmış, digərinin rəngi göyərmişdi. Əcinnə qonaqlar isə insanların eşitmədiyi, Yer üzündə olmayan əcaib səslər çıxarır, min cür oyun törədirdi. El-oba, camaat Kudansanın üzünə dayanıb, onu qınayır, bir səslə deyirdi: “Bu nə oyundur gətirdin başımıza? – Dünya yaranandan Yer üzü belə əcaib-qəraib məxluq görməmişdi; bizə rəhmin gəlsin, bu zir-zibil yığınını buradan yığışdır”. Kudansa indi nə qədər böyük yanlışlıq etdiyini anlayıb, şamanı yanına çağıraraq, pıçıldadı: “Bax gör, əgər gücün çatarsa, bunları geriyə - öz səltənətlərinə yola sal!”

Şaman Çaçıqır Taas elə bil ki, bu sözü eşitməyə bənd imiş. Tez zınqırovlu qavalını əlinə alıb, döyəcləməyə başladı, qavalın səsinin ahəngi ilə birlikdə toya gələnlərə xeyir-dua verib, toyuk oxudu, arada çox təsirli sözlər də dedi: “Aar-tatay! Belə, belə işlər...!!! Gör başımıza nələr gəldi... köpüklənən dalğalar, yurdumuzun solan ağacları, Saxanın dumanla-çiskinlə dolu çölləri bu ağır nəfəsləri, bu od saçan dəliqanlıları üstündə gəzdirə bilmir! Sizin nəfəsiniz bu yerləri yandıracaq. Niyə özünüzlə bu qədər qohum-əqraba gətirdiniz? – Biz bu qədər insanı qarşılamağa hazır deyildik, ona görə də bu sıxlığı görən itlərimiz bir azdan ulamağa, hürməyə başlayacaq. Göy Səmanın yiyəsi də, sizi qınayacaq ki, gör, bunlar nə qədər acgözdürlər ki, məmləkətlərində bir nəfər cin belə saxlamayıb, hamısını Yer üzünə gətiriblər; Kudansaya da acığı tutacaq ki, bu qədər qonaq çağırıb onları yedirib-içirə bilmədi. Ona görə həm siz, həm də biz abırsız, adıyaman olacağıq. Əziz qonaqlarımız, sayğılı qohumlarımız, ona görə də sizin artıq öz məmləkətinizə qayıtmaq vaxtınız yetişib. Mən bilirəm ki, siz öz səltənətinizə çox asanlıqla qayıda biləcəksiz. Mən də sizə yardımçı olacağam. Elə isə, evinizə qayıdın, həəəə, tez olun görək!!! – deyərək şaman onları yola salıb arxalarınca xeyir-dualar oxudu.

...İnsanoğlunun oxuduğu toyuk nəğmələri deyəsən əcinnələr aləminin ruhlarına da sirayət etmişdi. Çaçıqır Taas dua və lənətlərini bitirəndən sonra, ətrafdakı səs-küy, əcaib səslər və lax yumurta qoxusu da azalmağa başladı. Şəhərəin üzərinə enən qara buludlar seyrəlib, dağılışdı; rütubət də çəkilib getdi.

 

 

***

Bütün təbiət, canlılar, insanlar özünə gəlməyə başladı. Kudansanın oğlu və qızı dayandıqları küncdən çıxdı, yazıq uşaqların gözlərinin qarası gedib, ağı qalmışdı. Onları əsməcə tutdu və huşlarını itirdilər, ağızları köpükləndi...

Bu gördüyü mənzərədən Ulu Kudansanın tükü də tərpənmədi, sifətində bir əza belə titrəmədi. Uşaqlarının qıc olduğunu görən Kudansa, sevincək dedi: “Mən doğrudan da çox böyük müdrikəm və ağıllıyam! Deməli, burulğanlı göy üzünün sahibi dualarımı eşitdi, övladlarım əcinnələr səltənətinin ruhunu oğurlaya bildi. Bundan sonra Saxanın övladları havadan, küləkdən, qəfildən ölüb-itməyəcək, qırılmayacaqlar. Bundan sonra əcinnələr, cinlər və şeytanlar bizim insanların qəlbinə girib onları incitməyəcək, insanlarımız uzunömürlü olub, dünyada firəvan yaşayacaqlar, artıb-çoxalacaqlar!

–Bax bu xoşbəxtliyin, səadətin, xeyirin təntənəsidir! – O, “Uruy! Uruy-tusku!”– deyərək, yumşaq papağını əlinə alıb havada yellətməyə başladı. Kudansa çıxışını təzəcə bitirmişdi ki, damlarda, tövlələrdə ağır-ağır zarıltı, inilti, böyürtü səsləri eşidilməyə başladı. Həyət-bacada işləyən qulluqçular da öskürə-öskürə səs gələn tərəfə qaçdı. Tövlədəki inək, camış, mal-qaranın hamısının dilləri dişlərinin arasında kilidlənmiş şəkildə yerə yıxılıb zarıyırdı; ağızlarından köpük daşır, qan qusurdular. Qıc olmuş heyvanlar son nəfəslərini verirdi.

Heyvanları bu gündə görən qulluqçuların da qorxudan ayaqları-əlləri titrəməyə başladı, gördükləri mənzərəni, qaçaraq, Kudansaya danışdılar:

–Yenə başımız üstünə bəlalar gəldi! Yazıq atlarımıza, yazıq ayğırlarımıza, göy ot otlayan heyvanlarımıza yazıq..! Hamısı qırılır... Oyyy!!! Vayyy!!! Bu nə oyundur, bu nə dərddir biz düşdük!? İndi neyləyək, başımızı hara götürüb-gedək? – deyib, qan-yaş tökərək, ağlamağa, ağı deməyə başladılar.

Dərdlər yenicə unudulur, yaralar qaysaq bağlamağa başlayırdı ki, Kudansa tayfasının ən sayğılı, müdrik insanları bir-birinin ardınca həyata əlvida dedi. Birinin qarnına sancı doldu, biri inək kimi şişdi, digərinin gözlərinə ağ gəldi, birini də xırıltı tutdu... digəri qanaxmadan, başqa biri boğulmadan əzab-əziyyət çəkərək can verdi.

Vaxt var idi ki, Kudansanın evi eyş-işrət, kef, xoşbəxtlik yuvası idi. Buradan ancaq mahnı, çalğı səsləri gələr, insanların sevnci darvazanı aşıb mahala yayılardı. İndi isə, ah-nalə, qışqıırıq, zarıltı səsləri bu həyətədən əskik olmurdu. Daha Kudansa da qəmə-kədərə batmışdı, heç yerindən tərpənə bilmirdi, elə bil, əl-ayağı bağlanmış, sanki bir bədheybət qüvvə onu sıxmağa başlamışdı. Onu seyr edənlər bu halını görüb qan-yaş tökürdü.

Bir gün Kudansa özünü toplayıb, ətrafına nəzər saldı, dişlərini qıcayıb, barmaqlarını ovuclarında sıxıb, sükutu pozaraq dedi: “Bu nə səs-küydü? Bu nə ağlaşmadı? Bəsdirin, qurtarın ağlayıb-sızılamağı. Nə olsun ki? Bəs siz nə bilmişdiz? Elə bilirdiz ki, mənim yeganə oğlum və qızım cinlərin ailəsinə qohum-əqrabasız, mal-dövlətsiz, kalımsız gedəcək? Ya da ki, onların özü ilə apardıqlarına heyifsilənirsiz? Heyifsilənirsiz ki, kiminsə ala danası, kiminsə köhlən atı getdi? Yəqin ki, onların dünyasında bütün bu olanları yaxşı bilirlər. Aramızdakı tanınmış, müdrik insanların getməsi pis əlamət deyil. Məgər göydən bizim tayfamıza-əqrabalarımıza şikəst, bir gözü kor, bir ayağı şil, bir qolu qısa övladlar göndərməyiblər? Hansımızın nəslində belə uşaqlar doğulmayıb ki?! Sevinməkdənsə, ağlayırsız?!

 Məgər eşitməmisiz ki, o Yuxarı Aləm hər zaman olduğu kimi qalmır, dünyanı dəyişir, dəyişdirir. Ona görə də, bizim məqamı mübarək elçilərimizin də ruhları uçub getdi, ağlamaqdansa, kişiləri bir tərəfə, qadınları bir tərəfə ayırın. Göyə uçan ruhlar üçün süfrələr açın, pay hazırlayın. Yəqin, o ruhlar bir gün aşağı enib, diriləcək, yenidən dünyamıza enəcək... onu da bilin ki, qulluqçu kimi apardıqlarının ruhları isə bir daha yerə qayıtmayacaq, onların cismi çürüyəcək, sonra biz biləcəyik ki, onların yerində kimlər qalıb. Biz də ölənlərimizin qızıl sümüklərini yığıb, necə lazımdırsa, el adəti ilə Aranqasda dəfn edəcəyik... Özünüz fikirləşin, mənim bir cüt gözəl balam doğma torpaqlarından mal-qara, doğma insanlarından o biri dünyaya heç nə aparmamalıdır?! Bəsdirin! Boş yerə ağlamayın! – deyib, nitqini bitirdi Ulu Kudansa. O yurdda baş verən fəlakətləri, ölümlərin heç birini qıraqdan gələn ruhların törətdiyini ağlı­nını ucundan belə keçirmək istəmirdi.

 

***

Bu sərt, sarsılmaz ana torpağın, ana yerin göbəyində yaşayan insanlar nə qədər xeyirxah işlər görüb, torpağı əkib-becərsə də, tikib-qursa da, gördükləri işlərin heç birisi bəhrə vermirdi. Əkdikləri göyərmir, fikirləşdikləri həyata keçmir, hazırladıqları alınmırdı.

Kudansanın sağ qalan qohum-əqrabası öz doğmalarının azalması ucbatından ruhdan düşdü və sonda belə nəticəyə gəldilər: “Başımıza gələn bəla və qəzaların hamısı Böyük Kudansanın ucbatındandır. Əgər o Çolbon ulduzunu iki yerə bölməsəydi, öz elini-gününü qoyub, övladlarını insan oğlu ilə deyil, cinlərlə evləndirməsəydi, onaları özünün günəşli tayfasından uzaqlaşdırmasaydı, bu bədbəxtliklər olmayacaqdı. Onu başımızın böyüyü etdik, o isə gedib cinlər-əcinnələrlə qohum oldu, üstümüzə günah gətirdi, indi ona görə də, biz həmin etdiklərimizin əvəzini veririrk. Onu qoruyan, müdafiə edən Yuryunq Aar Toyon da üz döndərdi; yəqin ki, Kudansa artıq lənətlənmiş biridir, yəqin, indi onu mühakimə edirlər... Onun yanında olan, evinə girən, onun tərəfini tutan hər kəs onun kim lənətlənəcək. Daha yetər, onun dalınca getməyək! Çünki ölüm-fəlakətlər, ayrılıqlar onun dalıncadır. Onun bu bəlalarına ortaq olmayaq, onun taleyini yaşamayaq”- deyərək, daha bir neçə gün gözlədilər və baxdılar ki, Kudansanın vəd etdiyi kimi, ölənlərin heç biri dirilmədi, və qohum-əqrabanın hamısı onu tərk etməyə, başqa-başqa yurdlara köçməyə başladı.

Bir zaman onun şəninə tərif deyənlər, onu göyə ucaldıb, Günəşə tay tutanlar, yoluna çıxmağa cəsarət etməyənlər, Kudansanın Odun Xan tərəfindən təyin olunduğunu deyənlər də, çəkilib getdi. Hamı Kudansaya lənətlənmiş kimi baxdı; qorxulu və yoluxucu bir xəstəlik kimi hamı ondan yan keçməyə başladı.

Bir neçə ay keçəndən sonra Ulu Kudansa ətrafına baxanda, daha yanında kimsəni görmədi. O tək qalmışdı. Tayfa qohumları, əzizləri yaxınları, doğmaları... – ölən ölmüş, bir çoxu da onu tərk edib getmişdi, dağdan axan şəlalənin köpüyü yerdə itən kimi itmişdilər. Tövlədə bircə dana da qalmamışdı, boğazına xalta salmağa bir ayqır da yox idi. Çəmənlərdə, düzlərdə, dərələrdə ölüb qalan, şişmiş heyavnların leşindən üfunət iyi gəlirdi. Üfunətin iyindən nəfəs almaq olmurdu. Ətrafda ancaq goreşən böcəklər, milcəklər, qarışqalar, qurdlar, bir də leşə daraşan qara qarğalar vardı. Hər yer kir-pasın, çirkin içərisində qaynayırdı.

İnsanlar Kudansanın yurdu yerləşən Alas düzündən gen gəzməyə başladı, daha onun adını, günahlarını heç yerdə dilə gətirmirdilər. Saxanın insanları həmin hadisələrdən sonra gələn illərin 9-cu ayında heç bir xeyir iş görmədi, ailə qurmadı, toy etmədi; bu ayda xeyirli iş görməyi günah saydılar.

Deməli, belə...!!! Yaxşı... Bəli, təqsirimiz-cəzamız böyükdür, dərdimiz ölçüsüzdür, fikirlər və iztirablar tükənmir. Bu fikirlər, dərdlər ən güclü insanoğlunu da əldən, gücdən salır, dərd içərisində qovrulan insan başını belə qaldıra bilmir. Lakin güclü insan hər bir dərdin içərisindən yol tapıb, qurtuluş arayıb, olub-keçənlərdən nəticə çıxarıb, yenidən ayaq üstə dayana bilər, güclənə bilər. Yenidən öz əməli, düşüncəsi, xeyirxahlığı ilə ətrafdakılara yardımçı olub, yol göstərə bilər. Bu düşüncələr, fikirlər içərisində Ulu Kudansa yazıqlaşmış halda, dumanlar içərisində yol axtarırdı. Lakin artıq onun gözlərindəki işıq öləzimiş, ağlı azalmışdı, fikirlərini bir yerə toplaya bilmirdi, beli bükülmüş, özü isə artıq çox qocalmışdı.

Əynində nimdaşlaşıb, əskiyə dönmüş paltar, pırtlağ və tikanlarla dolu idi, bədənini çirk basmış, saçları kirov bağlamışdı. Doğmalar, qohumlar yoxa çıxmışdı, heç birinin izi-tozu qalmamışdı; ətrafdakı sular da kif bağlamışdı, hər yerdən çirk iyi gəlirdi; qarın-yağışın altında qalan evlərin damları da uçulub tökülürdü. Onun doğma evi, ocağı xarabalığa bənzəyirdi, böyük sarayından bir əsarət belə qalmamışdı. Uçulmuş və dağılmış xarabalıqda hörümçəklər tor qurur və siçanlar gəzişirdi.

Ulu Kudansa, çox yazıqlaşmışdı, evinin uçmayan bir dirəyinin altında qurumuş otlardan mağara düzəldib, onun içərisində qışda soyuqdan, qardan-şaxtadan, yayda isə istidən qorunurdu. Ancaq mədəsindən bərk ağrı tutanda, acıyanda dəmir əsasını əlinə alıb, güclə mağaradan çıxaraq, bir zamanlar Günəşin altında bərq vuran Alas gölünün qırağına gedib, orada su siçanı tutardı ki, onunla qarnını doyursun. Qurumuş otları, budaqları yığıb ocaq qalayar, tutduğu siçanları həmin ocaqda bişirib yeyərdi. Siçanı yeyəndən sonra isə, ­boğazı quruyar, su içmək istəyərdi. Bu zaman su içmək üçün yenə həmin gölün yanına enər, at kimi başını əyib həmin sudan içərdi. O boyda Ulu Kudansa, qocalığında belə dəhşətli iztirablar, əzablar içərisində yaşamaqdaydı...

 

***

Xoşbəxtlik və tale ondan üz çevirmiş, onun var dövləti dağılmış, səadəti əlindən getmişdi. Kudansa həyatla ölüm arasında azmı-çoxmu əlləşdi, – bunu kimsə deyə bilmir, lakin bir gün şaman Çaçıqır Taas həmin yerlərdən keçəndə Kudansanı yadına saldı. Onun malikanəsinə tərəf baxdı, həmin malikanənin yerlə yekasan olduğunu gördü. Saxanın ən adlı-sanlı övladı Ulu Kudansa isə nimdaş paltarların içərisində... arıqlayıb əldən düşmüş, beli bükülmüş, xəstəlik və səfalətdən rəngi saralıb-solmuş halda, otlardan özünə bir mağara qurub, orada oturmuşdu. Qarşısında qurumuş otlardan qaladığı ocaqda bişmiş siçan-siçovul var idi. Qoca oturduğu yerdə yuxuya getmişdi. Onun bu halına şaman Çaçıqırın ürəyi ağrıdı. Acı-acı göz yaşları yanaqlarından sinəsinə axdı. O səssizcə yaxınlaşıb Kudansanın yanında oturdu. İki müdrik, saçları ağappaq ağarmış qoca uzun müddət səssizcə bir-birinin üzünə baxmağa başladı və xeyli xəyala daldılar...

Xeyli beləcə oturmuşdular ki, birdən Kudansa zarıltılı səslə dayanmadan öskürməyə başladı, sonra ağır-ağır nəfəs aldı və elə bil bundan sonra dili açıldı: “Həəə... dostum mənim, sən görürsən də, haradan haraya gəlib çıxdım, varımı-dövlətimi, həmin günlərimi yəqin yaxşı xatırlaylırsan, ilxı-ilxı atlarım, hesaba gəlməyən varım-dövlətim, çəmənlərim-düzlərim, ətrafımda olan elim-obam, xalqım...– Yadındadır da, necə sayğılı idim.– Heç demirsən hardan gəlib, hara getdi? İndi bax gör, nə gündəyəm, yeməyə azuqəm yox, geyinməyə libasım. Havalar soyuq olanda bir heyvan dərisi də tapmıram ki, çiynimə atıb, bürünüm. Quru otlardan özümə kaha düzəltmişəm. Bu yerlərdə ruh kimi dolanıram, yanımda bir kimsəm qalmayıb... Dostum mənim, nə deyirsən? Neyləyim? Mənə bir məsləhət ver.”

–Bu dünyanı, kainatı idarə edən Uca göylərin, Odun Xanın, Dılqa Toyonun hökmünün əksinə gedərək öz var dövlətinə, öz qüdrətinə güvəndin, dünyanı, kainatı dəyişmək istədin, öz əməllərinlə çox uzağa getdin, cinayət törətdin, nə var idisə dağıdıb tari-mar etdin. İndi mən sənə nə deyim, nə məsləhət verim? Günahlarını günü-gündən çoxaltdın, indi isə etdiklərinin əzabını və əvəzini çəkirsən. Məgər bilmirsən ki, bizim atalar sözündə olduğu kimi, “nə əkərsən, onu da biçərsən” – deyən Çaçıqır Taas danışdıqca səsi gümrahlaşmağa başladı, gözlərində işıq çoxaldı.

Çaçıqır Taasın səsi ucadan gəldikcə, Ulu Kudansa büzülüb bir az da balacalaşır, çirk tutmuş ağ saçlı başını az qala çiyinləri arasında gizlədirdi. O dünyadan bezmiş, əlacsız halda, yorulmuş əllərini aşağı sallayaraq, şamanı dinləyirdi. Və birdən səsi quyudan gəlirmiş kimi sakit-sakit şamandan soruşdu: “Əgər tövbə edib, ­günahlarımın bağışlanmasını istəsəm, elim-obam məni bağışlayarmı, günahlarımdan keçərmi?”

–Onlar səni necə bağışlasın? Tanrı qanunları üç aləmin insanları və canlıları üçün ona görə yazmır ki, Yerdə və yaxud da Göydə insanlar, digər canlılar onu dəyişsinlər. Kiminsə əmri ilə nəyi isə yerindən götürüb harayasa qoysunlar. Təbiətin öz qanunları, öz qaydaları var. Onun qaydalarını, fərmanlarını pozanı gec-tez özü cəzalandırır. O üç aləmin, təbiətin, canlıların və göylərin qayda-qanunu pozulanda, üçü üz-üzə gələrsə, toqquşarsa fəlakət baş verir. Yer üzündə həyat dəyişir, bundan daha çox Yer üzündəki insanlar və digər canlılar ziyan çəkirlər – deyən, Çaçıqır Taasın səsi ətrafa yayılıb cingildəyirdi. Ancaq vaxt var idi, onun Ulu Kudansanın bir sözünü iki etməyə cürəti çatmırdı.

Onun belə özünəarxayın danışması, Ulu Kudansaya təsir etdi, yenə də öncələr olduğu kimi, başını qaldırıb qəzəbli-qəzəbli şamana baxdı.

Yerində halsız və gücsüz oturmasına baxmayaraq, elə bil, birdən içərisində nəsə tərpəndi, ruhu oyandı, beyni və fikirləri avazıyıb, aydınlaşdı. O kürəyini dikəldib, başını dik tutdu, dəmir əsasını bərkdən yerə vurub, sərt tərzdə dedi: “Demək, belə..! Odun Xanın qanunlarına görə biz öləni xilas etməməli, batanı çıxarmamalıyıq? Yananın odunu söndürməməliyik? Yardım etmək, çıxış yolu tapmaq yazılanların ziddinədir? Bəli, dünya böyükdür, varı-dövləti tükənməzdir. Mən də o var dövləti çoxaltmaq, qorumaq üçün Çolbon ulduzunu parçaladım, dəhşətli soyuqdan-şaxtadan insanları xilas etdim. İndi buna görə əvəz ödəyirəm? Uot Deseqey canlıları – köhlən atları, Ayıısıt İyə Xatun inəkləri yaratdı, hifz etdi? Yəni deyirsən ki, Yer üzərində yaşayan insanlar, digər canlılar, təbiət tərəfindən başlarına gələn müsibət və bəlalardan qorunmamalıdır? – Başlarına Göydən nə bəla gəlsə, əllərini əllərinin üstünə qoyub, oturub gözləməlidirlər? Bəli, mən insanoğlunu cinlərin-əcinnələrin hücumundan qurtarmaq üçün günaha girdim, günah işlətdim. Bəs onda nəyə görə Ayıısıt İyə Xatunun himayə etdiyi, Aan Aqtaxçının qoruduğu Aar Toyonun günü-gündən gözəlləşən bu aləmində, insana bənzəyən qüdrətli və ucu-bucağı görünməyən Saxaya İeyexsit xanımın ruhu hakim oldu? Niyə Saxada insanları artıb-çoxaltdıq; ev-ev çoxaldıb, ocaqlar yandırdıq; oğul-uşaq sahibi olub, nəslimizi artırdıq? Görünür, sən özün insanoğlunun dünyaya nə üçün gəldiyini hələ anlamamısan və bu sənə hələ də bəlli deyil.

Mən belə düşünürəm ki, hər üç aləmin qanunlarına görə hər kəs öz gücü çatan qədər, ağlı yetən qədər xeyir verməlidir. Yer üzündə yaşayan insanlar bir-birinə arxa durmalı, bölüşməli-çoxalmalıdır, bu ən azı təbiətin qanunlarına görə belədir. Yoxsa, Yer üzərində yaşamağın nə anlamı var?! Yoxsa, bu dünyanı necə idarə etmək olardı?! Bax, sizin kimi doğru düşünməyən bir qism insan, doğru düşüncəliləri də yolundan sapdırır, ayırır, bu isə düzgün bir əməl deyil” – deyərək, Ulu Kudansa dərindən köks ötürdü.

 

***

Aar tatay! Yaxşı, yaxşı!!! Bir insan oğlunda ruhun gücünə bax ki, ən ağır çağlarında, ən pis vaxtlarında belə onun beyni düşünməkdən dayanmır. Şaman Çaçıqır Taasın elə bil, ağzının üstündən vurmuşdular, elə hey susurdu, təəccübdən özünə gələ bilmirdi, bir az bundan öncə zibilliklərin içərisində çirkli yumağa bənzəyən Ulu Kudansa dil boğaza qoymurdu, yenə də ötən zamanlardakı kimi odlu çıxışlar edir, səsini yüksəldirdi.

Odlu çıxışlarını bitirəndən sonra, başı müsibətlər çəkmiş Ulu Kudansa, bir az ara verib dincəldi, sonra yenə də danışmağa başladı: “Dostum mənim, indi de görək, kim ötən çağlardakı kimi mənim nazımı çəkib, yeməyimi verər?! – Heç kim! – Mən ancaq dəmir əsama söykənib, siçan-siçovul tutub yeməkdən başqa heç nə bacarmıram. Günlərin birində də, elə bu komamda, hamıdan xəbərsiz ölüb, çürüyəcəm, qurd-quşa yem olacam... İnsan qocalanda, əldən düşəndə xəyalları çox uzaqlara gedir, ancaq onu bil ki, mən öləndən, bu dünyanı tərk edəndən sonra, sənin yenidən məni canlandırmağın çətin olacaq. Yadındadırmı, qədim zamanlarda deyərdilər ki, insan dünyasını dəyişəndə, bir neçə aləmin qatından keçir, boşluğa düşür. Cəhənnəmdən keçir, səkkiz çayın kəsişməsində dayanır, doqquz çayın üç qaynağından – səsli-küylü Ketteenidən, bulanıq sulu Baaltaanıdan, hirsli Kıtay Baxsıdan keçir. İndi mən qocalıb, gücdən düşmüşəm, daha əmr verə bilmirəm, lakin səndən xahiş edirəm, mənim ölüm ayağında son vəsiyyətimi yerinə yetir, hər üç aləmi yaradan və idarə edənlərin hüzuruna get, onlara de ki, mənim üçün sehirli gücə malik olan, özükəsən qılınc hazırlasınlar. Bu mənim onlardan son xahişimdir, son ərkimi – vəsiyyətimi ürəyimdə qoymasınlar”.

Demək, belə? Sən bu qədər günahlar, cinayətlər edib, yenə də ruhdan düşmədin..? Yenə də nəsə qaynatmaq istəyirsən? Harada deyilib ki, o biri aləmdə sehirli ov silahı hazırlanır, kim öz üzərinə belə qanlı bir işi götürər? – deyərək şaman onu qınamağa başladı.

     –Ehhh... dostum mənim, mən sənə dedim axı, bu mənim son vəsiyyətim və arzumdur, yəni sən mən yazığın, gözlərindən qan-yaş tökülən biçarənin, əzabkeşin ölümqabağı arzusunu həyata keçirməkdən imtina edəcəksən? Başa düş, yaxşı fikirləş, mənim ölüm saatım, ayrılıq vaxtım yetişib, tezliklə aclıqdan öləcəm... İndi bu ayrılıq saatımda, sənə başa salmaq istəyirəm ki, mənim düşündüklərim yenə də xalqım, elim-obam üçündür, ömrümdən illər keçsə də, bu arzu və fikir məni tərk etməyib, istəyirəm, insanlar mənim həyatımdan nəticə çıxarsın... çünki mənim kimi qəddi əyilmiş, müflisləşmiş, aclıqdan ölən insanlar qarşıdakı illərdə, qərinələrdə hələ çox olacaq; ona görə də, mənim bu ağrılı-əzablı fikirlərimi, başıma gələnləri danışmaq günah deyil, cinayət deyil, - deyib, əli ilə üzünə tökülən kirkli saçlarını geri çevirdi.

Şaman Çaçıqır Taas, gördüklərindən heyrətə gə­lərək, Ulu Kudansanın ötən illərini xatırladı. O illərdə kimsənin ağlına gəlməzdi ki, nə zamansa, ­Kudansanın var-dövləti tükənə bilər, xoşbəxtliyi onu tərk edər. Bu düşüncələrin içərisində boğazını arıtlayıb dedi: “Yaxşı, qoy, bu dəfə də sən deyən olsun! Gəl, bir ətrafı gəzək, bəlkə burada yeməyə bir heyvan tapdıq...”

Onlar əl ağaclarından tuta-tuta oturduqları mağaradan çıxdı, salama asıb, müqəddəs dirəyi torpağa bərkitdilər, şaman üçün ağaclardan quş-heyvan yondular, üç gün-üç gecə ətrafı gəzib dolaşdılar, nəhayət ki, yataqdan çox-çox uzaqlarda xına rəngində, 5-6 illik, alnının ortasında ağ xalı olan bir öküz tapdılar.

Sonra isə meşədə qollu-budaqlı, iri gövdəli, yarpaqları ətrafa uzanmış bir ağacı qurbanlıq kerex üçün seçdilər, 6 ədəd kuoçay yondular, onu ağacın üstündən asıb, səmtini ox ilə quzeyə tərəf çevirdilər.

Şaman Çaçıqır öz nimdərinin üstündə oturmazdan öncə, qorxmuş, tövbə etmiş adam kimi yalvarmağa başladı: “Sənin xahişini rədd edə bilməyib, kamlata başlayıram... Çox uzaq dövrlərdə hər üç aləmi dövr edib, şamanlar ilə danışırdım, getdiyim yollardan, etdiyim dövrələrdən ən çətin, ən ağır yolum, üç aləmin tayfa ustadlarının və başçılarının yanına etdiyim səfər idi. Bu yolda odlarda, atəşlərdə özümü yandırdım, yanan dəmir parçalarını ətrafa atdım, dayanmadan, çəkiclə havanı yardım, maşa ilə ətimi didik-didik elədim, elə ağrıdım, tutduqlarımı elə ağrıtdım ki... İndi qorxuram, çox qorxuram!” – sözlərini deyib, Çaçıqır Taas yenə də döşəkcəsinin üstündə oturdu. Dualarının və yalvarışlarının ikinci hissəsinə başlayaraq, özünü lənətlədi, evinə-ocağına xeyir dua verdi, ana torpaqdan, tanrıdan bağışlanmasını istədi, sonra isə əlindəki qırmancı müqəddəs dirəyə bağladığı öküzə çırpmağa başladı, daha sonra öküzü yerə yıxıb, kəsdi: onun ayaqlarını bədənindən ayırıb, tez-tez aşağı-yuxarı fırladaraq, yerlərini dəyişib ayinlərin mahnısını oxudu, öküzün bədənini quzey tərəfə yerləşdirib, öküzün qanını isə ağacdan yonulmuş doqquz kasaya tökdü, sonra bir də dairə vurub, qurbanlıq ağacına yaxınlaşdı və oradan öküzün dərisini asdı. Ancaq bundan sonra o şaxşaxını havada yelləyib, zəncirli qavalını çalaraq, ağacın başına fırlanmağa başladı, atılıb-düşdü, hoppandı, başını dayanmadan o yan-bu yana tərpətdi. Zınqırovların səsi ətrafa yayıldı, bu dünyadan xəbərsiz şəkildə o öz kamalatını oxuyurdu...

İllər keçsə də, şaman Çaçıqır Taas qüdrətini itirməmişdi, kamlanlarını oxuyanda, o daha da qüdrətli olur, gücü yenə özünə qayıdırdı. O hər üç aləmə aparan yolları uğurlayır, gah əlində tutduğu dəmir balığı titrədir, gah yanan ocağın üzərindən tullanır, gah da sanki dənizlərin üstündən keçirdi. Bu halında tayfa başçılarının ruhunu çağırır, onlardan günahlarının bağışlanmasını diləyirdi; gah da, kimlərisə lənətləyir, təkrar-təkrar eyni şaman duaları və toyuk oxuyurdu.

Sonra da, sanki bir dar yolla getdi, elə bil, bədənində qamçılar zolaq-zolaq yol açdı; döyülmüş bədəninin yaralarından qan axırdı; o bəzən də bir vəhşi heyvana dönüb, müxtəlif qorxulu səslər çıxarır, sonra da sanki qaynayan mis dənizinin içindən keçirdi. Bütün bu ayinləri bitirəndən, ağrıları keçəndən sonra, yenə asta-asta bədənini o tərəf-bu tərəfə əyməyə başladı. Yenə də, ulu ruhlara bağışlanması üçün dualar edib, yalvardı, ağladı, göz yaşı tökdü. Lakin dəmirçilər tayfasının ruhunun yanına getmək, o aləmə düşmək heç də asan məsələ deyilmiş. Oraya gedən yol atəşlər, odlarla dolu idi, sanki bu isti, bu cəhənnəm əzabı heç vaxt bitməyəcəkdi. Getdikcə isti daha da dözülməz olurdu, şaman qışqırır, inildəyir, qıyya çəkirdi: “Ayyyy... yanıram, istidir..! Yandım, öldüm!!! Dəmirçi ustaların mötəbər tayfa başçıları, sizin gözlərinizi çıxarmadılar, onlar ovcunuza tökülmədi, gözlərinizin qarşısında alovlar, atəşlər olmadı, onlar sizin qulaqlarınızı dişləyib, deşik-deşik etmədi, sizi dibi görünməyən dərələrə tullamadılar, aşağıdakı dünyanın ruhlar aləminin pəriləri-qızları sizin bədəninizi irinli-çirkli qamçılarla döymədi, ona görə də, indi bir mənə diqqət edin, mənə tərəf baxın, mən çox yorulmuşam, çox gücdən düşmüşəm, mənim yalvarışlarımı, imdadlarımı dinləyin, onu sıradan çıxarın! Odunuzu-atəşinizi azaldın! Bir azca səbr edin, qəzəbinizi basın! Məni yad kimi qəbul etməyin, baxmayın, qərəzlə üzümə baxmayın! Ömrümün son saatlarında mən şaman Çaçıqır Taas vəsiyyətimi və tövbəmi edirəm, sonuncü kamlanımı oxuyuram.” – O, yalvarış və dualarına davam edərək,  toyuk oxudu.

Beləcə, ruhlar aləminə özünün gəldiyi barədə xəbər göndərdi. İtlər hürdü, səsə bir oğlan, bir qız çıxdı, onlar Yer üzünün insanları kimi başlarını qaldırıb Göy Səmanı seyr edə bilmirdi, çünki gözləri korunlaşmışdı, əllərini alınlarının üstünə qoyub, göyün üfüq xəttinə tərəf baxırdılar, uzaqdan görünən dağların arasından gələn şamanı görmək istəyirdilər, lakin onlar şamanı düz istiqamətdə axtarmırdılar, şaman Çaçıqır Taas onların yumulmuş ovuclarının altından uçub, üç dəfə soyuq ruhlar aləminin dəmirçi ustalar tayfasının qapısında dövrə vurdu və hoppanıb evin içərisinə keçdi, evin tən ortasında peyda oldu. Üç böyük ustad kar kimi oturmuşdu, onlar sanki ayaqlarındakı və əllərindəki ağrının təsirindən oturduqları yerdən nə tərpənir, nə nəfəs alır, nə də hərəkət edirdi. Balıqların şahı Luo-Balıq da evin ortasına uçub gəldi, bayaqdan bir kənarda oturan üç aləmin başçısı – hamısı bir ağızdan “Xeyir-dua ver!” – deyərək, onun üzərinə atıldı, əyri-üyrü ağac budaqlarına oxşayan barmaqları ilə onun üzünü didməyə başladılar. Bu məmləkətin qayadaları başqa idi – ona görə də şaman  yenə dayanmadan lənət oxuyur, müxtəlif ayin nəğmələrini səsləndirirdi: “Sənin əyilmiş barmaqların biləkdən çürüyəcək, sənin əllərin çürüyüb ovuclarından yerə ­toküləcək”...

Onun bu mahnısından sonra uç ustad ona minnətdarlıq edib dedi: “Sən bizə çox kömək etdin” – bunu deyəndən sonra, hər üç ustadın üzündə sevinc işartıları göründü.

Orta Aləmin şamanı buraya nədən gəlməsinin səbəbini uç ustada anlatdı. Dedi ki, doqquz ağ cığırı olan yoldan keçib gəlib ki, onlardan xahiş etsin. Onun nədən gəldiyini eşidən şamanların üçü də birdən, üzlərini yana döndərib: “Əl çək bizdən, get-get, uzaqlaş, bu günah haqqında danışma, o etdiklərinin əvəzini verməlidir, belə işlərə görə bizimlə danışma... Bizim hazırladığımız sehirli və güclü qılınc yer üzünün insanları üçün deyil: biz ancaq üç böyük tayfanın sakinlərini öyrədə bilərik, bizdən belə xahiş eləmə, qadağan olunmuş, qaniçən bir silahı sizə verə bilmərik, çıx, buralardan get!”

     –Siz doğru deyirsiniz, mən də Ulu Kudansanı dilə tutub dedim ki, belə bir işi görmək olmaz, o isə məni eşitmədi, ağlaya-ağlaya məni dilə tutdu və bu yola gəlməyimə razı saldı... Yoluma uzun salama açdı, qurbanlıq dirəyini basdırdı, yanında qalan uca dağların, sıx meşələrin, zəmilərin yeganə ağ qaşqa, xına rəngində öküzünü dirəyə bağlatdırdı, böyük yarpaqlı-budaqlı ağacların içərisindən Kerex ağacı seçdi, sizin üçün yağ-quyruq hazırladı. Əgər həmin yağı-quyruğu yesəniz, özünüzü doyursanız aclıqdan əziyyət çəkəcəksiz, əgər o öküzün ətini yesəniz, əriyib  gücdən düşəcəksiz – deyərək, şaman Çaçıqır Taas onlara bəd dualar etdi. Onun bu sözlərini eşidən qız və oğlan dil-dodaqlarını yaladı, onların boğazları qurudu, xırıldamağa başladılar, ağızlarından köpük və tüpürcək axdı, boğuldular, öskürdülər, sonra da öyüməyə başladılar və belə olan halda mənəvi atalarına tərəf dönüb, “Onun dediyini elə, onun dediyini yerinə yetir” - nidalarıyla atalarını və dəmirçi ustanı dümsükləməyə başladılar.

Üç ulu tayfanın başçsı uzun müddət düşündü, var-gəl etdi, bir razılığa gələ bilmədi, axırda şamanın yalvarışlarının və xahişlərinin kəsilməsi üçün dedi: “Qoy, sən deyən kimi olsun!” və sehirli gücə malik sehirli, od kimi parıldayan qılıncı səslədilər. Aləm səslə doldu, dəmirçilər hərəkətə keçdi, ocaqlar yandırıldı, hava körüklər işə düşdü, dəmirlər cingildədi, çəkiclər havada oynadı, çəkic kimi biləyi olan, pələng kimi güclü barmaqaları olan, ağ saçlı dəmirçi Kıtay Baxsı peyda oldu. O öz ağasını heç gözlədərdimi? Bir göz qırpımında sehirli qılıncı düzəldib, onu ölməzlik suyuna saldı, itiuclu, qantökən qılıncı şaman Çaçıqır Taasa verdi və xırıltılı səslə dedi: “Bunu mənim iradəmin əleyhinə olaraq düzəltdirdin, amma bu əməlin cavabını da yenə özünüz verəcəksiz... Nə vaxtsa, illər, qərinələr ötəndən sonra mənim bu sözlərimi yadınıza salacaqsız, o zaman məni qarğamayın, lənətləməyin”.

Ona verilən tapşırığı yerinə yetirən şaman Çaçıqır Taas, sevincək halda qılıncı götürüb, oynaya-oynaya ruhların məkanını tərk etdi, üç arşın uzunluğu olan, möcüzələr edən, qana həris sehirli qılıncı Ulu Kudansaya verdi. Ulu Kudansanın gözlərində işıq yandı, sevincək ayağa durub qılıncı şamanın əlindən aldı, bundan sonra hər iki qoca bir-biri ilə vidalaşdı, halallaşıb, bir-birinə vəsiyyətlərini edib, göz yaşları içərisində ayrıldılar.

      Hekayətin sonunda qeyd etdiyimiz kimi, sayı göydəki ulduzlar qədər olan, səkkiz çayın qıyılarında, sularında, biçənəklərdə dolaşan sürü-sürü heyvanlarından, saya-hesaba gəlməyən atlarından, doqquz çayın başında artıb-çoxalan mal-qarasından heç nəyi qalmamışdı; sıx meşəlik kimi bir-birindən ayrılmayan qohumları-doğmaları da Ulu Kudansanı tərk edib getmişdi, suyun üzündəki köpük kimi çəkilmişdilər, dumana, küləyə dönüb yoxa çıxmışdılar; payız yarpaqları ağacları tərk edən kimi, onu tərk etmişdilər. Bu yalançı dünya onu öncələr varı-dövləti ilə aldatmışdı, o da yalana inanmışdı, indi xalqı da xidmətlərini unutmuşdu. Artıq qocalıb gücdən düşmüş Kudansa bilirdi ki, var-dövlətə, dünya malına güvəndiyi üçün, indi təbiət ondan əvəz çıxır.

Qılıncı əlinə alandan sonra, az yaşadı, çox yaşadı deyə bilmərik, lakin bir isti yay günündə özünün qamış mağarasından çölə çıxdı, ayaqlarını güclə sürüyərək Mayı Ballı gölünə tərəf süründü, sehirli qılıncı ilə gölün ətrafındakı siçan-siçovuldan ovlayıb, ocaq qaladı. Ocağın istisindən kürəyi yandı, qaynar Günəşin şüalarına baxa bilmədiyi üçün gözlərini qıydı, sonra isə oturduğu yerdə yuxu onu apardı... Birdən, hardansa bir zəhərli milçək onun boynuna qonub, sancdı. Ulu Kudansanın bədəni hissetmə qabiliyyətini hələ itirməmişdi, o diksinib əlini qılıncına atdı, iti uclu qılıncı ilə milçəyin başını üzdü. Qoca kürəyi üstündə yerə sərildi, əl-ayağının hərəsi bir tərəfə haçalandı, bir andaca gözləri bərələ qaldı... beləcə, Ulu Kudansa dünyanı tərk etdi.

Özünün elindən-obasından ayrı düşən, əcinnələrlə qohum olan, günəşli yurdu bədniyyətli insanlara tanıdan bu qüdrətli və sonu bu qədər iztirabla bitən insanın qızıl sümüklərini labaz-aranqas tabutuna kim yığacaqdı? Onu torpağa kim tapşıracaqdı?

Qara günahları özünə toplayan Ulu Kudansanın ağır ruhunu, görəsən, hansı tayfanın şamanı doğma ­yerdən ayırıb, yuxarı aləmə apa­racaqdı? Qızmar istinin şüaları altında onun ölmüş bədəni şişib əndazəsindən çıxmışdı. Səhərisi günü isə onun bədəni çürüməyə başladı, bədənində qur­dlar yuva saldı, milçəklərə yem yeri oldu... cəsədi irin­ləməyə başaldı... Saxa torpaqlarının, saxa yurdunun ikiayaqlı insanoğlunu yox olmaqdan, ölümdən, iztirablardan xilas etmək üçün o öz ömrünü qurban verdi, öz həyatını sərf etdi, lakin bu son günündə də, kimsə onu saymadı, axtarmadı, aramadı. Onun günahı bu idi ki, çox ağıllı idi, güclü ruha sahib idi, indi həmin şəxsin meyidini qurdlar-quşlar yeyirdi...

Lakin o biri aləmdə qohum olduğu güney göylərinin sakinləri, əcinnələr və cinlər, Əzəmətli Böyük Suorunun tayfası onun – böyük günahlar işlətmiş  Ulu Kudansanı ruhunu və meyidini yerdə qoymadılar. Kudansanın cəsədini götürüb, yel qanadlarına alıb doqquz odlu dərənin üstündən keçirdilər, onun bədənini üç gün-üç gecə göy üzündə fırlatdılar, amansızcasına silkələdilər və dedilər: “Odlu qığılcımlarla ətrafa yayıl!.. Özünü yenidən tap, öz fikirlərini toparla! İblisin ruhu ol, ayrılığın, davanın, qarışıqlığın toxumu kimi yer üzünə səpil!”

Sonra isə onun külünü göydən yer üzünün hər yerinə səpələdilər.

Ulu Kudansaya göndərilən qılınc yerdə yiyəsiz və hərəkətsiz qala bilməzdi. Timir Bekileyin üç böyük ustadı, “O qan görmüş silah yerdə sahibsiz qala bilməz, bunun əvəzi ödənməlidir” – deyib, üç gün-üç gecə göylərin quzey tərəfində tufan, külək qopardılar.

Orta Aləmin insanları isə əllərini göyə qaldırıb Tanrıya dualar edərək, dedilər: “Bir də bu dünyaya Ulu Kudansa kimi insan gəlməyəcək! Tə­bi­ətin əbədi qanunlarnı dəyişən, ulduzu parçalayan, hər üç aləmə kələk gəlmək istəyən, onları qa­rış­dırmaq istəyən belə bir insan bir daha olmayacaq!”

Tufan-qasırğadan sonra İblisin toxumları tor­pağa, Yer üzünə səpələndi, o gündən sonra Yer üzündə insanlar arasında anlaşılmazlıq, dava, qarğaşa, qeybət, qarışıqlıq başladı. Qul öz yiyəsinin üzünə ağ oldu; insanlar varlı və kasıb zümrəyə bölündü, bir-birini bəyənmədi. Biri dedi, “Bu yaxşı iş deyil, baş tutmayacaq, siz çürüyəcəksiniz”, digəri, “Verilən fərman doğru deyil, əsil həqiqəti gizlədir” dedi. Bir başqası dedi ki: “Bu baş verənlərin hamısı Odun Xandan, Çingiz Xandan qalan qanunlardır, yasalardır, onları dəyişmək olmaz”. Başqa zümrə isə qabağa çıxıb: “Fırıldaqçılar, yalançılar, talançılar, siz səsinizi kəsin, biz deyən olacaq!” – söyləyərək bir-birini hədələdi. Biz sizə göstərərik ki, kim çürüyüb, kim qalacaq..!”

Hansı tərəfə baxdınsa, hansı tərəfə döndünsə, dünyanın hər yerdində vicvicə, qarışıqlıq, dava bit­mədi, tayfalar arasında davalar və rəqabət baş­ladı. Yerindən duran güclülər, müdriklər öz ağıllarını ucbatından, güclü ruhları ilə dünyanı dəyişmək, yeniləndirmək istədi, dava-savaş yaratdı: ölənlər öldü, qalanlar qalib gəldi... Dünyanın böyük qarşıdurmaları belə başlandı...


1929-cu il

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yaqut Abdullayevanın “Əsgərə məktub”u 5 Dekabr 2020, 13:00 İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb 5 Dekabr 2020, 12:54 “Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək -VİDEO 5 Dekabr 2020, 12:46 Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05 “Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00 Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi 5 Dekabr 2020, 11:54 Gürcüstanda yoluxma sayında yeni rekord 5 Dekabr 2020, 11:47 “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTOLAR 5 Dekabr 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların sayı 140 mini ötdü 5 Dekabr 2020, 11:32 Lənkəran sakini qohumunun evindən oğurluq etdi 5 Dekabr 2020, 11:24 Həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər TƏYİN OLUNDU 5 Dekabr 2020, 11:16 “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 11:08 Gələn ilin bayram GÜNLƏRİ 5 Dekabr 2020, 11:00 Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı 5 Dekabr 2020, 10:52 Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 10:44 Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO 5 Dekabr 2020, 10:36 Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 5 Dekabr 2020, 10:28 Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu 5 Dekabr 2020, 10:20 Neft yenidən bahalaşdı 5 Dekabr 2020, 10:12 Bakıda restoranda ad günü keçirən model CƏRİMƏLƏNDİ 5 Dekabr 2020, 10:04 Köçəryan Ermənistanın Türkiyə ilə bağlı xain planından danışdı 5 Dekabr 2020, 09:56 Evini tərk edən daha 9 koronavirus xəstəsinə cinayət işi açıldı 5 Dekabr 2020, 09:48 Goranboyda şəhid ailələri və qazilərlə görüşlər davam edir 5 Dekabr 2020, 09:40 Bütün təhsil müəssisələrinə Zəfər Günü TƏKLİFİ 5 Dekabr 2020, 09:32 Zəkanı və yaddaşı artırmağın 15 yolu 5 Dekabr 2020, 09:24 İtaliyalı deputatlar Azərbaycana gəliblər - onlar Gəncə və Ağdama səfər edəcəklər 5 Dekabr 2020, 09:16 Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı 5 Dekabr 2020, 09:08 “Lexus” hasara çırpılıb yandı 5 Dekabr 2020, 09:00 Kələmin faydaları 5 Dekabr 2020, 08:57 Moskvada daha 74 nəfər koronavirusdan öldü 5 Dekabr 2020, 08:48
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?