Modern.az

Şirməmməd Hüseynovun davamçısı: “Məni danlayanda deyərdi ki…” - MÜSAHİBƏ

Şirməmməd Hüseynovun davamçısı: “Məni danlayanda deyərdi ki…” - MÜSAHİBƏ

24 İyun 2020, 09:07

Bu gün görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovun vəfatından 1 il keçir.

Qeyd edək ki, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik Müəllimlər İnstitutunda fizika-riyaziyyat fakültəsində oxuyub. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.
1954-cü ildə MDU-nun jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU-nun filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-da jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində, 1971-1976-cı illərdə Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə mətbuat tarixi kafedrasının müdiri işləyib. 1988-ci ildən ömrünün sonuna kimi BDU-da mətbuat tarixi kafedrasının professor olub.
Azərbaycan Xalq Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.


Modern.az
professorun davamçılarından biri tədqiqatçı Samir Xalidoğlu ilə Şirməmməd Hüseynov haqqında olan qısa müsahibəni təqdim edir.


- Son bir il Şirməmməd müəllimin olmamağı nələri dəyişdirdi fakültədə, elə sizin işlərdə də həmçinin…

- Şirməmməd müəllim əvəzolunmaz şəxsiyyət və müəllimlərdəndir. Fakültədə onun yeri xeyli dərəcədə görünür. Həftənin 2 və 4-cü günləri gözlər qeyri-ixtiyari onu axtarır. Sanki yenə də əlində portfel fakültə dəhlizinə daxil olacağını gözləyirik. Şirməmməd müəllim artıq bir ildir ki, cismən aramızda deyil, amma ruhən bizimlə olduğuna inanıram. Sanki barelyefindən fakültəyə nəzarət edir, vaxtilə qoyduğu prinsiplərin keşiyini çəkir…

- Şirməmməd müəllimin yarımçıq işləri var idi ki, siz davam etdirməli idiniz, o işlər nə yerdə qaldı?

- Müəllimin bəzi işləri təəssüf ki, yarımçıq qaldı. Bunları davam etdirmək müəyyən mənada mənim öhdəmə düşür. Qeyd edim ki, hazırda 2 kitab üzərində işləyirəm. Bunlar Şirməmməd müəllimin görmək istədiyi işlərdən hesab oluna bilər.

- Bir müddət əvvəl Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanının müavini vəzifəsinə keçdiniz. Ona görə soruşuruq ki, yeni vəzifə tədqiqat işlərini arxaya ata bilər...

- Yeni vəzifəm elmi yaradıcılıqla məşğul olmağa müəyyən qədər çətinlik törədir. Buna baxmayaraq, imkan daxilində tədqiqat işlərini də davam etdirirəm.

- Parlament Jurnalistləri Birliyi tərəfindən "Şirməmməd Hüseynov mükafatı" təsis edilib. Həmin mükafatın kimlərə və hansı şəkildə verilməsini istərdiniz?

- Parlament Jurnalistləri Birliyinin bu addımını təqdir edirəm. Mükafatın isə elmi tədqiqatla məşğul olan və Şirməmməd Hüseynov ideyalarına sadiq şəxslərə verilməsini istərdim. Onun hər il müəllimin doğum günündə təqdim olunmasını məqsədəuyğun hesab edirəm.

- Sizcə Şirməmməd müəllim yaxşı müəllim idi ya yaxşı həmkar?

- Şirməmməd Hüseynov mənim üçün sözün əsl mənasında müəllim idi və indi də müəllimdir. Çünki ondan öyrəndiklərim həyat durduqca, mənimlədir.

 

- Professorun ailəsi ilə əlaqə saxlayırsız? Ülkər xanım necədir?


- Professorun ailəsi, məxsusən də Ülkər xanımla mütəmadi olaraq əlaqə saxlayıram. Ülkər xanım müəllimlə bağlı bir kitab nəşr etdirib, birini də nəşrə hazırlayır. Deyərdim ki, indi müəllimin əsas davamçısı elə Ülkər xanımdır.

 - Maraqlıdır, heç hansısa işinizi bəyənməyəndə sizi danlayırdı?

- Müəllimin məni danladığı məqamlar olub. Bu, əsasən tapşırılan işi vaxtında yerinə yetirməmək, başqa sözlə desəm, tənbəlliyimlə bağlı olub. Müəllim həmişə deyərdi: mənim o qədər vaxtım qalmayıb ki, işləri gecikdirəm. Ona görə də "bu günün işini sabaha qoyma" məsəlini "bu saatın işini o biri saata qoyma"ya dəyişdirmişdi.

- Yəqin ki, il mərasimi karantin rejimi ilə əlaqədar olmayacaq… Müəllimizinizn məzarını necə,  ziyarət edəcəksiniz?


- Yas mərasimi karantinlə əlaqədar olaraq keçirilməyəcək. Məlum məsələdir ki, məzarını da hələlik ziyarət edə bilməyəcəyik. Müəllim onsuz da qəlbimizdə özünə taxt qurub. Bununla belə, mövcud vəziyyət imkan verən kimi, müəllimimizin məzarını ziyarət edib, şanına layiq mərasim keçirəcəyik.

- Sizcə Şirməmməd müəllimin yoxluğunda ona layiqli davamçı ola bilmisinizmi?

- Açığını desəm, hələ ki, yox…

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir