Modern.az

“TƏBİB “Çağrı mərkəzləri”nin sayını artırsın!” - DEPUTATLAR

“TƏBİB “Çağrı mərkəzləri”nin sayını artırsın!” - DEPUTATLAR

Aktual

24 İyun 2020, 12:04

Koronavirus simptomlarını özündə hiss edən xəstələr TƏBİB-in “1542 Çağrı mərkəzi” ilə əlaqə saxlamağa cəhd etsə, bəzən günlərlə bu nömrəyə düşmək olmur. Bu da xəstələrin daha da ağırlaşmasına və vaxtında xəstəxanaya yerləşdirilə bilməməsinə gətirib çıxarır.

 

Belə olan halda, TƏBİB “Çağrı mərkəzləri”nin sayını artıra bilərmi?

 

Modern.az mövzuya münasibət öyrənməyə çalışıb.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev TƏBİB-ə müraciət etmək üçün “Çağrı mərkəzləri”nin sayının çoxaldılmasının vacibliyini qeyd edib:

 

“Hər gün yoluxanların sayı çoxalırsa, ona uyğun müraciətlər də çoxalacaq. Düşünürəm ki, müraciətlərə cavab vermək imkanı da çoxalmalıdır. İlk karantin dövründə Əmək və Sosial Müdafiə Nazirliyi həm telefon, həm də elektron və internet vasitələri üzərindən əlaqələri genişləndirdi.  Bəzən bir gündə 1 milyona yaxın müraciətlər olurdu və onlar da həmin müraciətləri cavablandırırdı. Hesab edirəm ki, həm TƏBİB, həm də Nazirlər Kabineti yanında Operativ Qərargahın digər üzvləri “Çağrı mərkəzləri”nin sayını artırmalıdır”.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı da TƏBİB-in “Çağrı mərkəzləri”nin sayının artırılmasının vacibliyini vurğulayıb:

 

“Xəstəliyin ilk günlərində iki çağrı telefonları yetərli idi. Əgər hər gün xəstəxanaya 500 xəstə yerləşdirilirsə, deməli, telefon nömrələrinin sayı artırılmalıdır. Nəzərə almalıyıq ki, vətəndaşlar onsuz da həyəcan və təşviş içərisindədirlər. Bir az da şaiyələr... Hesab edirəm ki, nömrələrin sayı artırılmalı, müraciət edənlərin zənglərinə tez və operativ cavab verilməlidir”.

 

Milli Məclisin deputatı Anatoli Rafaelov da xəstə vətəndaşların sayının çox olduğu səbəbindən nömrələrin sayının artmasının vacibliyini vurğulayıb:

 

“Bir nömrəyə gün ərzində çoxlu sayda müraciətlər olursa, yüklənmə də çox olur. Ona görə də nömrələrin sayı artırılmalıdır. TƏBİB bu məsələni diqqətdə saxlamalıdır. Bununla bağlı vətəndaşlar da müraciət edirlər. Ümid edirəm ki. bu məsələ həllini tapacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı