Modern.az

Əbülfəz Elçibəy - eks prezident Azərbaycanın inkişafı üçün nələr etmişdi? - VİDEO

Əbülfəz Elçibəy - eks prezident Azərbaycanın inkişafı üçün nələr etmişdi? - VİDEO

Aktual

24 İyun 2020, 12:24

Kimi üçün zəif lider, kimi üçünsə Azərbaycanın bütövlüyü uğrunda, xalqının xoşbəxtliyi naminə xidmət edən siyasi xadim.

 

Azərbaycanın 2-ci prezidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy.

 

Onun həyatındakı önəmli hadisələr məhz bu ayda baş vermişdi. 1938-ci ilin bu günü Ordubad rayonunun Kələki kəndində anadan olmuş, 1992-ci ilin 8 iyununda Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilmiş, 1993-cü il 17 iyunda isə hakimiyyətdən uzaqlaşmışdı.

 

Bəs 1 illik qısa prezidentlik fəaliyyəti dövründə Əbülfəz Elçibəy hansı qərarlar vermiş, ölkəmizin inkişafı üçün nələr etmişdi?

 

Elçibəyin başlıca uğuru Rusiya qoşunlarının Azərbaycandan çıxarılması idi. Keçmiş Sovet respublikaları arasında ilk olaraq Azərbaycanın bu addımı atması ölkəmizdə gedən milli demokratik prosesin nəticəsi idi.

 

 Eyni zamanda, ordu quruculuğu işinə başlanıldı və əməliyyat nəticəsində ermənilər tərəfindən işğal edilən Ağdərə, Ağcakənd, Goranboy düşməndən təmizləndi.

 

Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı.

 

İslahatlar demək olar ki, bütün sahələri əhatə edirdi. Xüsusən də, iqtisadiyyat sahəsini. Sovet dövründən qalmış iqtisadi sistemdən bazar iqtisadiyyatına keçid üçün lazım olan dövlət qurumları yaradıldı, onlarla müstəqil bank fəaliyyətə başladı. Tədbirlər nəticəsində iqtisadiyyatda 6 faizlik artım müşahidə olundu. Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı.

 

Elm, təhsil sahəsində mühim işlərə imza atıldı. Ali və orta ixtisas təhsili məktəblərində qəbul test üsulu ilə keçirilməyə başlanıldı. Uzun illərdir müzakirələrə səbəb olan latın qrafikalı əlifbaya keçid də Elçibəyin dövründə baş tutdu. Azərbaycan orta məktəbləri üçün milli ideya əsasında yeni proqram və dərsliklər yaradıldı.

 

Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.

 

Ümumiyyətlə onun qısa hakimiyyəti ərzində Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilmişdi.

 

 Hakimiyyəti dövründə, 1993-cü ilin iyununda Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə iqtidara qarşı qiyam onu doğma kəndi Kələkiyə qayıtmağa məcbur edir.

 

Əbülfəz Elçibəy bir müddət siyasi fəaliyyətlə məşğul olsa da, amansız xəstəlikdən əziyyət çəkirdi. 2000-ci ilin avqustunda müalicə aldığı Türkiyənin Gülhane xəstəxanasında həyata gözlərini yumdu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər