Modern.az

Bələdiyyələrin kadr siyasəti araşdırılır

Bələdiyyələrin kadr siyasəti araşdırılır

23 May 2012, 18:03

Bələdiyyə Resurs və Təlim Mərkəzi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Regionalda bələdiyyə qulluqçularının işə qəbulu prosesində şəffaflığın monitorinqi və nəticələrin Regional TV-lərdə müzakirəsi» adlı layihəyə start verib. Mərkəzin rəhbəri Pərviz Həşimlinin sözlərinə görə, layihə iki mərhələdə həyata keçiriləcək: «Birinci mərhələdə regionlarda bələdiyyələrin kadr siyasətinə dair sorğular təşkil olunub. Artıq Gəncə, Goranboy, Mingəçevir və Yevlaxda bu sorğular başa çatıb». Mərkəz rəhbəri deyib ki, bələdiyyə kadrlarının fəaliyyəti,  həm “ Bələdiyyələrin statusu haqqında”, həm də “Bələdiyyə qulluğu haqqında” Qanuna müvafiq olaraq tənzimlənir: «Qanunvericilikdə   bələdiyyə qulluğu yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini icra etmək üçün daimi peşə fəaliyyəti kimi xarakterizə olunur. Yerli özünüidarəetmə orqanında  Bələdiyyənin kadr potensialının formalaşdırılması, müvafq struktur bölmələrdə  işə təyin olunması bilavasitə Bələdiyyə sədrindən asılıdır. Bələdiyyə sədrləri müvafiq Bələdiyyələrin Nizamnaməsində nəzərdə tutulmuş qaydada və sayda idarə rəisləri və rəis müavinləri, şöbə müdirləri və müdir müavinləri, mütəxəssislər, müfəttişlər və digər işçiləri vəzifəyə təyin etmək səlahiyyətinə malikdirlər. Bələdiyyə kadrlarının formalaşmasını,  qanunverici bir nəfərin -sədrin iradəsindən asılı etməsi bu sahədə sui-istifadə hallarına geniş imkan yaradır.

Bəzi hallar istisna olmaqla, bələdiyyələrin kadr sistemi sahəsində çatışmazlıqlar demək olar ki, oxşardır.  Kadrların seçilməsində, peşəkarlığında, yerli əhali ilə ünsiyyət yaratmaq qabiliyyətində, peşə-təhsili səviyyəsində ciddi çatışmamazlıqlar xüsusilə diqqəti cəlb etməkdədir.  10 illik təcrübə göstərir ki, bu nöqsanlar bələdiyyələrin öz fəaliyyətlərini günün tələblərinə uyğun olaraq lazımı şəkildə qurmasına maneçilik yaradır. Bələdiyyələrin əksəriyyətində bələdiyyə qulluğuna cəlb edilən şəxslərin  Bələdiyyənin rəhbər şəxslərinin yaxın qohumlarından ibarətdir. Həmin şəxslər bələdiyyə qulluqçusu kimi işə götürüldükdə onlardan hər hansı peşə-ixtisas təhsili, iş təcrübəsi tələb edilmir». Mərkəz rəhbərinin sözlərinə görə, sorğuların nəticələri növbəti mərhələdə regional telekanalarrda müzakirərəyə çıxarılacaq.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır