Modern.az

“Jurnalist niyə məmura mədhiyyə deməlidir?” - KİVDF-nin yeni ŞƏRTLƏRİ

“Jurnalist niyə məmura mədhiyyə deməlidir?” - KİVDF-nin yeni ŞƏRTLƏRİ

25 İyun 2020, 09:14

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Milli Mətbuatın 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsi elan edib.


Qeyd edək ki, müsabiqə Azərbaycan dilində 13 nominasiya üzrə keçiriləcək. Bu nominasiyalardan biri üzrə isə ilk dəfə olaraq rus və ingilis dillərində də yazılar təqdim etmək mümkün olacaq. Budəfəki müsabiqədə daha bir yenilik isə odur ki, dövri mətbu nəşrlər və informasiya agentlikləri ilə yanaşı, teleradio proqramlarında, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında çalışan əməkdaşlar da yazı təqdim edə biləcəklər.


13 mövzunun hər biri üzrə 3 əsas mükafatçı müəyyən ediləcək. Birinci yer 1000, ikinci yer 700, üçüncü yer 500 məbləğində mükafatlandırılacaq.

 

Ötən dövrdə təşkil olunan müsabiqələrlə bu dəfəki müsabiqə arasında fərqlər çoxdur.


Modern.az
-ın əməkdaşı media nümayəndələrinin müsabiqəki yeni şərtlərlə bağlı fikirlərini öyrənib:

 

 Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy yeni müsabiqənin xoşagəlməz söhbətlərin qarşısını alacağını, digər tərəfdən də pandemiya dövrünün tələblərinə uyğun münasibətlər sisteminin qurulmasına gətirib çıxaracağını deyir:

 

"KİVDF-nin Milli Mətbuatın 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsi ilə bağlı elanı əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Təkcə bu elana istinad edərək Fondun yeni rəhbərliyinin yeni iş metoduna, yeni yanaşmalara, müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyət proqramına malik olduğu barədə fikir söyləmək olar. KİVDF-nin yazı müsabiqəsi ilə bağlı elanında bir sıra yeniliklər var. Əvvəlki dövrlərdən fərqli olaraq, budəfəki tələblər sırasında müsabiqədə iştirak etmək istəyənlərin qarşısına əlavə baryerlər qoyulmayıb. Göstərilir ki, müsabiqədə kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 49-cu maddəsinə əsasən, jurnalistin bu Qanunla müəyyən edilmiş statusunun şamil olunduğu şəxslər (kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri) iştirak edə bilərlər. Bu da əhatə dairəsini və rəqabət imkanlarını xeyli genişləndirir. Yəni jurnalistikaya bu və ya digər şəkildə aid olanlar sırasında kim özündə keyfiyyətli yazı yazmaq, araşdırma aparmaq potensialını görürsə, buyursun, iştirak etsin, qalib olsun!


Elan olunmuş mövzular da öz yerində. Üstəlik, rus və ingilisdilli jurnalistlərin də üzünə qapıların açılması mediamızın inkişafı üçün imkanlar yaradır. Digər mühüm yenilik müsabiqə iştirakçısı ilə KİVDF arasında birbaşa təmasın aradan qaldırılmasıdır. Yeni qaydalara əsasən, yazılar və tələb olunan sənədlər onlayn qaydada, Fondun e-mail ünvanına göndəriləcək. Bu, bir tərəfdən əlavə vaxt itkisinin, hansısa xoşagəlməz söhbətlərin qarşısını alacaq, digər tərəfdən də pandemiya dövrünün tələblərinə uyğun münasibətlər sisteminin qurulmasına gətirib çıxaracaq".  


Jurnalist müsabiqə şərtlərində bürokratiyanın aradan qalxdığını əlavə edib:


"Çox təqdirəlayiq haldır ki, daha jurnalistlərdən 1 nüsxə qəzet, yaxud yazının A4 formatda çap olunmuş variantı –özü də 3 nüsxədə - üstəlik də CD diskdə tələb olunmayacaq. Bu qaydalar hamısı bürokratiyanın əlamətləri idi ki, artıq aradan qaldırılıb. Şəxsən mən KİVDF-nin müsabiqələrində iştirak etmişəm. Amma görmüşəm ki, nə qədər keyfiyyətli yazırsan-yaz, ildə bir dəfədən çox 1-ci yeri qazanmaq mümkün deyil. Sanki bir rotasiya qaydası tətbiq olunmuşdu. Deməli, nə qədər sənəd tələb olunmağının heç bir əhəmiyyəti yox idi, sonda “sehrli qələm” öz sözünü deyirdi. Hətta dəfələrlə etirazımı Fond rəhbərliyinə bildirmişdim. Bu etirazların nəticəsi olmadıqda isə qərara aldım ki, daha müsabiqədə iştirak etməyim. Odur ki, VÖEN-in fəaliyyətini dondurmalı oldum.


Fondun yeni rəhbərliyi təkcə ştatdakı jurnalistləri deyil, həm də ştatdankənar fəaliyyət göstərən media təmsilçilərini də nəzərə alıb və onların da müsabiqədə iştirakını təmin edən qaydalar tətbiq edib. Bu, yalnız alqışlanmalıdır. Olduqca maraqlı yeniliklərdən biri də budur ki, müsabiqəyə təqdim olunan yazı nəticələr elan olunanadək heç bir yerdə dərc edilməməli, yayımlanmamalı və paylaşılmamalıdır. Bu tələb məxfilik prinsipinə tam əməl olunması deməkdir və təqdir olunmalıdır.


Müsabiqə iştirakçılarını sözsüz ki, mükafatın məbləği xüsusi maraqlandırır və Fond rəhbərliyi bununla bağlı da jurnalistlərin marağını nəzərə alıb. 

Belə ki, birinci yer üçün 1000 manat, ikinci yer üçün 700 manat, üçüncü yer üçün 500 manat mükafat müəyyən olunub. Yeri gəlmişkən, KİVDF yeni yarananda ilk yerin qalibinə 1000 manat mükafat verilirdi, lakin sonradan qeyri-müəyyən səbəblərdən mükafatlar azldıldı və müvafiq olaraq 500, 400 və 300 manata düşdü. Vergi və sosial müdafiəyə ödənişlərdən sonra bu məbləğ daha da azalırdı. Bu mənada KİVDF-nin hazırkı rəhbərliyin məsələyə də korrektələr etməsi çox yaxşı addımdır. Üstəlik, elanda göstərilən mövzuların hər biri üzrə mükafatının məbləği 300 (üç yüz) manat olan 3 (üç) əlavə həvəsləndirici yer də nəzərdə tutulur.


Elanda yalnız müsabiqənin keçirilmə vaxtı ilə bağlı mübahisə etmək olar, ümumilikdə iki həftəlik zamandan söhbət gedir. Amma məncə, bu, pandemiyanın fəsadlarından biridir və KİVDF rəhbərliyi gələcəkdə bu məsələyə baxa və jurnalistlərin daha keyfiyyətli yazı hazırlaması üçün zamanı bir az artıra bilər. Ümumilikdə yeni qaydaları təqdir edirəm və müsabiqə iştirakçısı olacaq həmkarlarıma  uğurlar arzulayıram".

 

 "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə indiyədək ədalətli müsabiqənin keçirlmədiyindən narazı olduğunu və bu dəfə irəli sürülən şərtlərdən razı qaldığını deyib:

 

"Fərdi jurnalist müsabiqələrinin keçirilməsinə pis baxmıram. Məvacibləri o qədər də yüksək olmayan media təmsilçiləri müsabiqələrdə iştirak etməklə maddi durumlarını az da olsa, yaxşılaşdıra bilirlər. Amma əsas şərt odur ki, müsabiqələr obyektiv keçiirlsin, qaliblər şəxsi münasibətlər əsasında müəyyənləşməsin. KİV Fondu yarandığı gündən indiyə kimi heç vaxt ədalətli müsabiqə keçirməyib. Yerlər həmişə məlum şöbənin nəzarəti altında olan 10-15 qəzetin əməkdaşları arasında bölünüb. Heç kimin oxumadığı, ancaq bazarda meyvəsatanların işinə yarayan "Mövqe" qəzetinin əməkdaşları hər müsabiqədə qalib olurdular. Ümid edirəm ki, KİVDF-nin yeni rəhbərliyi mənfi tendensiyanı tamamilə aradan qaldıracaq. Digər vacib bir məqam isə mövzu seçimiylə bağlıdır. Çox vaxt elə mövzu müəyyənləşdirirdilər ki, jurnalist hansısa vəzifəli şəxsə yarınmaq məcburiyyətində qalırdı. Jurnalist niyə məmura mədhiyyə deməlidir? Jurnalist niyə icra başçısına yaltaqlanmalıdır? Jurnalisti çərçivəyə salmaq olmaz.Yazacağı, araşdıracağı mövzunu jurnalist özü yazmalıdır. Jurnalistin yaradıcılıq sərbəstliyi təmin olunmalıdır. Əgər bu şərtlər təmin olunsa, müsabiqənin obyektivliyinə heç kimin şübhəsi qalmaz".


"Turkustan Media Qrupu"nun baş redaktoru Aqil Camal çətin pandemiya şəraitində müsabiqə şərtlərinin dəyişdirilməsinin yerinə düşən bir məsələ olduğunu qeyd edib:

"Bu dəfəki müsabiqədə həqiqətən çoxlu dəyişikliklər var. Bunlardan ikisini qeyd etmək istəyirəm. Birincisi, VÖEN və bank hesabı xüsusi olaraq tələb olunmur. Yəni jurnalistlər birbaşa kommersiya fəaliyyəti ilə məşğul olmur deyə, onlar üçün daimi aktiv VÖEN saxlamaq o qədər vacib deyil. Sırf KİVDF-nin müsabiqəsində iştirak üçün tanıdığım jurnalistlər vardı ki, aktiv VÖEN saxlayırdılar bu da rüblük, illik hesabat deməkdir və gəliri olmayan jurnalist üçün bu məsələ çətinləşir. Digər məsələ isə yerlərə görə mükafatların məbləğinin artırılmasıdır. Əvvəl birinci yer 500, ikinci yer 400 və 3-cü yer 300 manat mükafat alırdısa, indi bu rəqəmlər xeyli artırılıb. Bu da çox yaxşı haldır. Belə ki, bu jurnalistlərin işinə verilən qiymətdir həm də belə bir vaxtda yerinə düşən məsələdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər