Modern.az

Təhsil naziri sanitar-epidemioloji vəziyyətlə bağlı ƏMR İMZALADI

Təhsil naziri sanitar-epidemioloji vəziyyətlə bağlı ƏMR İMZALADI

Təhsil

25 İyun 2020, 12:28

Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində sanitar-epidemioloji tələblərə dair Qaydalar”ın təsdiq edilməsi barədə əmr imzalayıb. 

 

Modern.az xəbər verir ki, qaydalar Nazirliyin aparatına, onun strukturuna daxil olan qurumlara, strukturuna daxil olmayan tabeliyindəki qurumlara, habelə Peşə Təhsili üzrə Dövlət Agentliyinə şamil edilir. 

 

Daxili sanitar-epidemioloji tələblərdə bildirilib ki, Nazirliyin aparatının və qeyd edilən digər qurumların inzibati binaları təmizlik vasitələri və dezinfeksiyaedici məhlullarla fasiləsiz təchiz edilməli, təmizlik vasitələrindən və dezinfeksiyaedici məhlullardan istifadə yalnız onların yararlılıq müddəti ərzində və müvafiq təlimata uyğun həyata keçirilməlidir. İnzibati binalarda və iş yerlərində müntəzəm şəkildə müvafiq dezinfeksiya tədbirləri həyata keçirilməli, inzibati binaların bütün mərtəbələri (binaya giriş hissəsi daxil olmaqla) əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təchiz edilməlidir. 

 

Bildirilib ki, əməkdaşlar yetəri sayda tibbi maska və əlcəklərlə təmin edilməli, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv olunmalı, habelə digər tullantılar vaxtında kənarlaşdırılmalı, həmçinin tullantı qabları təmiz saxlanılmalıdır. İnzibati binaların sanitar məişət otaqları (sanitar qovşaq və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanmalıdır. 

 

Nazirlikdə əməkdaşlar növbəli şəkildə işə cəlb olunmalı və eyni otaqda 3 nəfərdən artıq işləyən əməkdaşların tibbi maskadan istifadə etmələri təmin edilməlidir. Binaları mühafizə edən polislər xüsusi temperatur ölçən cihazlarla təmin olunmalıdır. Əməkdaşların ünsiyyət zamanı ara məsafəni (1,5-2 metr) saxlamaları hər gün inzibati binaya daxil olan əməkdaşların və digər şəxslərin hərarət dərəcəsinin ölçülərək nəzarətdə saxlanması təmin edilməlidir. 

 

Qeyd edilib ki, otaqlar mütəmadi olaraq havalandırılmalı, inzibati binaların otaqlarında, dəhlizlərində, sanuzel otaqlarında və həyətyanı sahələrində mütəmadi olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislər tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işlərinin aparılması təmin olunmalı, tullantılar vaxtında kənarlaşdırılmalı, həmçinin tullantı qabları təmiz saxlanmalıdır. 

 

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi qaydası və əllərin gigiyenasına dair tələblərdə bildirilib ki, hər hansı bir səbəbdən iş otağının tərk edilməsi zamanı tibbi maskadan istifadə edilməsi mütləqdir. Maskalar ağız və burun nahiyəsini kip örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır. Maska ön hissəsinə toxunmamaq şərtilə arxa hissəsindəki iplər vasitəsilə çıxarılmalı və bundan sonra əllər müvafiq qaydada təmizlənməlidir. Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməlidir. Birdəfəlik maskalardan təkrar və tövsiyə edilmiş müddətdən artıq istifadə edilməməlidir. 

 

Qeyd edilib ki, əllər axar su altında sabun vasitəsilə sürtülməli, barmaqların və dırnaqların arası ən azı 20 saniyə saniyə ərzində ovuşdurulmalıdır. Əllər axar suyun altında yaxşı durulandıqdan sonra təmiz birdəfəlik salfetlərlə qurulanmalıdır. Sabun və ya su istifadəsi mümkün olmadıqda, müvafiq tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir. 

 

Qaydalarda həmçinin bildirilib ki, inzibati binaya daxil olan və normadan artıq hərarəti aşkarlanan əməkdaş və ya digər şəxs binadan uzaqlaşdırılmalı və təcili tibbi xidmətin “103” qısa nömrəsinə müraciət etməsi barədə məlumatlandırılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş iş zamanı özündə koronavirus infeksiyasının (COVİD-19) spesifik əlamətlərini hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırlmalı, tibbi maskadan istifadə edərək qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxs barəsində “103” qısa nömrəsinə məlumat verilməlidir. 

 

İşə gəlməzdən əvvəl özündə koronavirus infeksiyasına (COVİD-19) xas əlamətləri hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bilavasitə rəhbərinə bu barədə xəbər verməlidir. Həmin işçi evdıə izolyasiya olunmalı və xəstəlik əlamətləri barədə “103” qısa nömrəsinə müraciət etməlidir. Xəstəlik əlaməti olan işçinin iş yeri müvafiq dezinfeksiya məhlulları ilə təmizlənməlidir. Koronavirus infeksiyasına (COVİD-19) yoluxması faktı müvafiq qaydada təsdiqlənmiş şəxslə təmasda olan əməkdaşlar izolyasiya olunmalı və müəyyən edilmiş qaydada yoxlanmaları üçün şərait yaradılmalıdır. Bu qaydaları pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir