Modern.az

Azərbaycanın 100 il əvvəlki parlament jurnalistləri: “Xalq düşməni” kimi Nargində güllələnən Xəlil İbrahim

Azərbaycanın 100 il əvvəlki parlament jurnalistləri: “Xalq düşməni” kimi Nargində güllələnən Xəlil İbrahim

Media

25 İyun 2020, 13:15

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə Parlament Jurnalistləri Birliyi olaraq başlatdığımız “Xalq Cümhuriyyəti parlamenti milli mətbuat işığında” layihəsi çərçivəsində hazırlanmış növbəti yazını təqdim edirik.

Bir əsrdən çox tarixə malik olan Azərbaycan parlamentinin yaradılışının ilk illəri barədə məlumatı məhz o dövr jurnalistlərin yazılarından alırıq. Belə ki, müxtəlif mətbu orqanlarda çalışan media nümayəndələri, publisistlərimiz AXC dövrü parlamentində hansı hadisələrin baş verdiyini, o dövrün səciyyəvi xüsusiyyətlərini  mürəkkəblə tarixə çevirib, gələcək nəsillərə ötürüblər.

Tarixi unudulmağa qoymayan dahi mütəfəkkirlərdən biri Xəlil İbrahimovdur (Xəlil İbrahim).


Modern.az
 saytı “AXC dövrününün parlament jurnalistləri” rubrikasında bu dəfə Xəlil İbrahim yaradıcılığından bəhs edəcək.

 

Xəlil İbrahimov 1892-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində alan Xəlil 1907-ci ildə atasının qəfil vəfatından sonra ailəsi ilə Bakıya köçərək, təhsilini Bakıda davam etdirib. X.İbrahimov 1909-1911-ci illərdə təqaüd almadığından Bakıdakı təhsilini də yarımçıq qoymalı olur. Təhsilini dayandırdığı dövrdə Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs deyir. Daha sonra o Bakıya qayıdaraq, təhsilini davam etdirir və məktəbi bitirir.


Publisist "Kənd həyatından lövhələr" adlı ilk oçerkini Sarıcalıda dərs dediyi dövrdə yazıb. Sonralar bu oçerk 1913-cü ildə "Səda" qəzetində dərc olunur. 1912-ci ildə "Nəşri-maarif" cəmiyyətinin Əmircandakı məktəbinə müəllim təyin olunduğu dövrdən etibarən yaradıcılığa başlayır. Xəlil İbrahim daha sonra "Səda", "Son xəbər", "Doğru söz", "İqbal", "Bəsirət", "Tuti", "Açıq söz" qəzetlərində və müxtəlif jurnallarda müntəzəm çıxış etməyə başlayır.


1917-ci ilin fevralında Rusiyada çar rejiminin süqutundan sonra 1911-ci ildə yaradılan Müsavat partiyası gizli fəaliyyətdən çıxaraq açıq siyasi mübarizəyə qatılan Xəlil İbrahim "Müsavat"ın ideoloji xəttini həyata keçirən "Açıq söz"çülərin böyük əksəriyyəti ilə birgə o tarixdən etibarən Məhəmməd Əmin Rəsulzadənin liderlik etdiyi partiyanın sıralarına qatılır. X.İbrahim "Müsavat"ın Şuşa özək katibi seçilir.


Jurnalist 15 aprel 1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I qurultayı və 1917-ci il 26-31 oktyabr tarixlərində Bakıda keçirilən birləşmiş Müsavat partiyasının I qurultayında yaxından iştirak edir.

 

Xəlil İbrahimin bir neçə il ardıcıl olaraq əməkdaşlıq etdiyi qəzetlərdən biri də "Açıq söz" qəzetidir. Belə ki, Xəlil İbrahim 1916-cı ildən etibarən "Açıq söz" qəzeti ilə 4 illik əməkdaşlığa başlayır. Onun “Yeyiləcək şeylər” adlı ilk yazısı 2 aprel 1916-cı ildə “Açıq söz”də dərc olunub.

1917-ci ilin 1 yanvar tarixli sayında “Açıq söz” abunə elanında qəzetin M.Ə.Rəsulzadə və Sənətulla İbrahimovun baş müxbirliyi ilə nəşr olunacağı bildirilir və müxbir heyəti içərisində X.İbrahimin də adı çəkilir. Bu tarixdən başlayaraq X.İbrahim “Açıq söz”ün daimi müxbiri kimi fəaliyyətə başlayır.

Bu mətbu orqanda dərc olunan “Bir neçə söz” məqaləsində müxbir Rusiya inqilabına cəmiyyətin aparıcı qüvvələrini kömək etməyə çağırır və bu yöndə təklifləri ictimaiyyətə çatdırır. O, inqilabı Rusiyanın məhkum millətlərinin tarixi şansı hesab edirdi (“Açıq söz”. 1917-ci il 22 mart. №430).

 

X.İbrahim qəzetin 8 dekabr 1917-ci il tarixli sayında “Son müraciətnamə” məqaləsində inqilabın tarixi əhəmiyyəti və bolşeviklərin “atası” Leninin proqram xarakterli çıxışlarını təhlil edirdi. 10 dekabr 1917-ci il tarixli sayında isə o, dövlətçiliyin əsas qollarından olan parlamentin əhəmiyyətini anlatmağa çalışırdı. “Məclisi-müəsisan” məqaləsində Rusiya Müəssisələr Məclisinə seçkilərdə Zaqafqaziyanın türk-müsəlman əhalisinin fəallığının əhəmiyyətindən yazır, Rusiyada yaşayan başqa millət və etnik qrupların qanunvericilik aktlarının qəbulunda iştirakını zəruri edən şərtləri dilə gətirirdi. Bir neçə partiyanın seçkidə iştirakını yüksək dəyərləndirərək 10-cu sayla seçkidə iştirak edəcək “Türk-ədəmi mərkəziyyət Müsavat partiyası”nın üstünlüklərini qeyd edir, əhalini milli maraqlar ətrafında birləşməyə çağırırdı.

 

1917-ci ilin oktyabrın 19-dan 24-dək “Açıq söz”də “Seçkilər” başlıqlı silsilə yazılar çap edərək xalqların taleyində seçkilərin əhəmiyyətini yazır.

Erməni-bolşevik birləşmələrinin Bakıda və bölgələrdə soyqırım törədəcəyini bəzi həmkarları kimi əvvəlcədən proqnozlaşdıran X.İbrahim 1918-ci il 31 mart soyqırımından əvvəl yazırdı: “Birlik tələb olunur” (6 mart 1918-ci il, № 697).

31 mart soyqırımı gününün axşamı "Açıq söz" son sayını çap etməli oldu. Aprelin 2-dək “Açıq söz” qəzetinin redaksiyası və mətbəəsi də dağıdıldı.

 

"Azərbaycan" qəzetində Xəlil İbrahim yaradıcılığı...


1918-ci ilin sentyabrın 15-i Bakı azad olunur. “Azərbaycan” qəzetinin redaksiya heyəti 4-cü sayından sonra Gəncədən Bakıya köçür. Onun “Azərbaycan”da ilk məqaləsi isə eyni vaxtda rusca və azərbaycanca çap olunan “Qarışıq günlərdə Qarabağın vəziyyəti”nə dair reportajdır.


Xəlil İbrahim 1917-ci ilin oktyabr ayından sonra Qarabağdakı vəziyyəti təsvir və təhlil edir. 1918-ci ilin 31 mart soyqırımından sonra Şuşaya qayıdan X.İbrahim Qarabağda cərəyan edən hadisələri qeyd etməkdən də çəkinmir.


X.İbrahimin 1918-ci ilin 23 oktyabr tarixli “Azərbaycan” qəzetinin anadilli və rusca nəşrində davamlı 4 sayda dərc olunan “Qarışıq günlərdə Qarabağın vəziyyəti” məqaləsi Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı tarixinin öyrənilməsində əhəmiyyət daşıyır. Parlamentarizm tarixinin tədqiqində də onun “Azərbaycan”da davamlı çap etdirdiyi “Azərbaycan parlamanı” (10 noyabr 1918-ci il № 35), “Azərbaycan parlamanı dəvəti münasibətilə” (13, 14 noyabr, 7 dekabr 1918-ci il) məqalələrindəki faktların kifayət qədər əhəmiyyəti var.

 

Bolşeviklərin və Sovet Rusiyasının təzyiqləri ərəfəsində 1920-ci ilin mart ayında Xəlil İbrahim “Müsavat”ın sıralarını tərk edir. Bəzi araşdırmaçılar isə Xəlil İbrahim və Süleyman Abdullayevin “Müsavat"dan kənarlaşdırıldığını qeyd edir və bu addımın hansı səbəbdən baş verdiyini geniş açıqlamırlar. Əldə olunan sənədlər, faktlar isə X.İbrahimin repressiya olunanadək gizli “Müsavat”ın sıralarında çalışdığını ortaya qoyur.

Lakin çox təəssüf ki, jurnalistin həyatı o qədər də asan keçmir. 1920-1930-cu illərdə gizli fəaliyyət göstərən "Müsavat"ın sıralarında Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəsini davam etdirməkdə, Şuşada qiyam hazırlamaqda və 50 nəfərlik qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırılan Xəlil İbrahim 12 noyabr 1937-ci ildə həbs edilir. Hətta 1938-ci ildə Azərbaycan SSR Daxili İşlər Komissarlığının 11 mart tarixli qərarı ilə Xəlil İbrahim "xalq düşməni" adına belə layiq görülür. Xalq düşməni adı alan jurnalistin əmlakı müsadirə olunur və martın 18-də Nargin adasında güllələnir

 

Publisitin həyat və fəaliyyəti ilə bağlı danışan tarix elmləri doktoru Nəsiman Yaqublu Xəlil İbrahim yaradıcılığında güclü dövlətçilik ənənəsinin olduğunu deyir:

 

“1918-1920 ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzetinin əsas müəllif və redaktorlarından biri də Xəlil İbrahim olub. Belə ki, jurnalist 1919-cu ilin iyulundan sentyabrın 1-dək qəzetdə redaktor kimi çalışıb. Ümumiyyətlə, “Azərbaycan” qəzetində Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Məmməd Əmin Rəsulzadə, Əhməd Cavad kimi istedadlı adamlar toplaşmışdı və bu baxımdan qəzet ən oxunaqlı bir mətbu orqana çevrilmişdi. Qeyd etmək istəyirəm ki, bu qəzetədək Xəlil İbrahim “Qurtuluş”, “Bəsirət”, “Açıq söz”,”İstiqlal” qəzetlərində fəaliyyət göstərib peşəkar jurnalist kimi formalaşmıışdı.

Xəlill İbrahim “Azərbaycan” qəzetində çalışarkən müxtəlif sahələrdən yazılar verib. Onun Azərbaycanın dövlət quruculuğu, milli ordusu, dövlət orqanları və sivil təşkkilatlarla bağlı xeyli sayda yazısı çap olunub.

Məsələn, onun “Xalq istəyir” (1919-cu il 10 iyun. Azərbaycann qəzeti) adlı məqaləsində Azərbaycan ordusuna yazılanların sayının çox olduğu Bakı kəndlərinin adını çəkir. Və publisist yazıda bildirir ki, səfərbərlik üçün gələn adamlar arasında 65 yaşlı qoca kişi və 15 yaşlı cavanlar da var idi.

Xəlil İbrahimin yazılarındakı ən güclü məqam onun dövlətçiliyi idi. Azərbaycan parlamentində baş verən hadisələr, gedən müzakirələr haqda o dəfələrlə reportaj və məqalələr hazırlayıb.

1920-ci ilin aprelin 27-i “Azərbaycan” qəzetinin sonuncu sayı çıxır, bundan sonra Azərbaycan Rusiya tərəfindən işğal edilir.

Beləliklə, Xəlil İbrahim 1923-cü ildən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində elmi terminologiya işlənən komissiyada fəaliyyət göstərir. Sonradan bu komissiyanın üzvü olan Xəlil İbrahim burda məsul katib vəzifəsinədək yüksələ bilir. Bir müddət keçir və “Dilimizin silahı” adlı mətbu orqan yaradılır və Xəlil İbrahim onun redaktoru olur.

1930-cu ildə “Azərnəşr” də çalışan jurnalist dünya klassiklərinin-Şekspirin, Şillerinn, Lev Tolstoy və başqalarının əsərlərinin ana diliimizə tərcümə edilməsində böyük rol oynayır.

Çox təəssüf ki, Xəlil İbrahimlə bağlı az araşdırma, tədqiqat var. Tədqiqatçı alimlərimiz bu istiqamətdə çalışsalar yaxşı olardı ”.

 

Xəlil İbrahimin “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan parlamanı” (10 noyabr 1918-ci il № 35)  məqaləsinin transliterasiya olunmuş formasını təqdim edirik:

 

“Qəzetimizdə xəbər verildiyi kimi Azərbaycan Milli Şurası məmləkətin umuri-ixtiyarını bugünki hökumətə tapşırarkən 6 ay ərzində Azərbaycan Məclisi müəssəsanı dəvətini şərt qoymuşdu. İndi həmin vaxt yaxınlaşır.  Buna görə hökumət nəzdində məclisi-müəssəsan dəvəti hazırlamaq üçün bir komissiya  təşkil edilmidişdir. Fəqət bu komissiya heç şübhəsiz iki ay müddətində bu qədər böyük işi hazırlaya bilməyəcəkdir. Qısaca, bunun üçün dörd ay zaman lazımdır. Halbuki cahan müharibəsi, ümumi sülh siyasi vəziyyət və dövlətlərin münasibətlərindən dolayı dəyişir. Belə dəyişikliklər yəqin Azərbaycana da təsir etməmiş qalmayacaq. Bu surətdə də hökumətimiz tərəfindən bu işi başlatmağa məcbur olacaqdırBelə ağır günlərdə hökumət bütün  dövlət işlərini yalnız öz məsuliyyəti ilə apara bilməz. Siyasi məsələlərin həllində millət, camaat özü birbaşa iştirak etməlidir. Bu surətlə hökumət və  məclisi-müəssəsan dəvətinə məmur komissiya mühüm bir məsələ qarşısında durur-vaxt yetmədiyi bir zamanda xalq nümayəndəliyi dəvəti. Həqiqi demokartiyanın əsasları ilə parlament dəvətinin vaxt yoxluğundan mümkün olmayacağını nəzərə alaraq hökumət məskur komissiyaya tapşırmışdı ki, daha asan vəchlə parlamenti əvəz edəcək bir nümayəndəlik dəvəti haqqında öz təsəvvüratını bildirsin.  Komissiya dəxi xüsusi bir müşşaviərsində tam demokratiyanın əsaslar üzərinə məclisi-müəssəsan dəvətinə hazırlaşmaqla bərabər eyni zamanda tezliklə bir nümayəndəlik şurası dəvəti lazım görmüşdür. Burada iki məqsəd təqib etməlidir:1. Ağır-siyasi günlərdə hökumətə xalq nümayəndəliyindən ibarət bir istinadgah vermək. 2. Bu məclisi mümkün olan qədər tez çağırmaq.

Bizcə komissiya xalq nümayəndəliyini seçki filan əsasında dəvət etmək istəsə nə qədər müxtəsər vəchlə olsa belə yenə bu uzun müddət tələb edəcək. Zənnimizcə gərək hökumət və komissiya hazırda işə tez əncam vermək üçün  məclisi- müəssəsan çağırılanadək hazır bir qüvvədən istifadə edərək parlament əvəzində sabiq Zaqafqaziya seyminin müsəlman fraksiyasından ibarət olan Azərbaycan istiqlaliyyətini elan etmiş Milli Şuranı dəvət edə bilər. Çünki məzkur Şura əvvəla sayca azdır, ikincisi isə ümumi Azərbaycan nümayəndəliyini təşkil etmir və ona görə Milli Şuraya izin verir ki, əkmil üçün Şurada nümayəndəsi olmayan və az olan şəhər, qəsəbələrdən rus, erməni, gürcü, yəhudi və.s. millətlərin Milli Şuralarından ibarət bir neçə üzv dəvət etsin. Bu surətlə hökumətimiz parlamentsiz qalmayıb bütün Azərbayanın nümayəndələrindən ibarət bir Şuraya malik olar. Yəqin ki, sözügedən Şura real olar və komissiya çalışaraq tezliklə Məclisi Müəssəsan seçkisi hazırlayar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!