Modern.az

Ölkədə fövqəladə vəziyyət tətbiq edilə bilərmi?“İnsanlar saymamazlıq nümayiş etdirir”

Ölkədə fövqəladə vəziyyət tətbiq edilə bilərmi? - “İnsanlar saymamazlıq nümayiş etdirir”

Ölkə

25 İyun 2020, 14:45

Ölkədə koronavirusa yoluxma halları artdıqdan sonra karantin rejimi elan edilib. Bu rejim xəstəliyin geniş miqyasda yayılmasından sonra sərtləşdirilərək özündə bir çox qadağaları ehtiva etdi.

Və hazırda respublikanın bir sıra bölgələrində sərt karantin rejimi davam etdirilsə də, yenə də nəticələr ürəkaçan deyil.

Bu baxımdan bəziləri fövqəladə vəziyyətin tətbiq olunmasınının vacibliyini bildirərək, bu halda uğurlu nəticə əldə etməyin mümkün olacağını düşünür.

 

Bəs, fövqəladə vəziyyət hansı hallarda tətbiq oluna bilər və bu vəziyyətdə nə kimi məhdudiyyətlər olur? Ölkədə indi doğurdan da fövqəladə vəziyyətə ehtiyac varmı?

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə fövqəladə vəziyyətin qəbul olunma mexanizmləri barədə Modern.az-a danışıb:

 

"Ölkə ərazisində fövqəladə vəziyyətin elan olunması konstitusiyanın 112-ci maddəsi ilə müəyyən olunub. Müəyyən şəraitin aradan qaldırılması, vətəndaşların hüquq və azadlıqların təmin olunması, yerli və icra hakimiyyətinin fəaliyyət göstərməsi üçün şəraitin yaradılması  məqsədi ilə fövqəladə vəziyyət tətbiq edildiyi anda, eyni zamanda məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Fövqəladə vəziyyət müəyyən orqanların fəaliyyətini tənzimləyib, eyni zamanda müəyyən orqan və vətəndaşların fəaliyyətini məhdudlaşdırır. Bu vəziyyət müvafiq icra orqanları tərəfindən verilmiş normativ hüquqi aktdır. Amma bu normativ hüquqi akt verildikdən 24 saat müddətində Milli Məclisə təqdim edilməli və 48 saat içərisində parlament tərəfindən təsdiq edilməlidir. Əgər Milli Məclis məzuniyyətdədirsə, üzvlər dərhal toplaşmalı və 63 səs çoxluğu ilə normativ hüquqi aktı qəbul etməlidir. Akt 48 saat içərisində qəbul olunmursa, qərar qüvvəyə minmiş hesab olunmur. Onu da qeyd edim ki, fövqəladə vəziyyət ölkədə 60 gün müddətinə tətbiq edilə bilər və sonradan  müddət artırıla bilər. Eyni zamanda, bu vəziyyət şəraitdən asılı olaraq bütün ölkədə yox, bir neçə bölgə və şəhərdə də tətbiq oluna bilər".

 

Hüquqşünas fövqəladə vəziyyət tətbiq olunarkən yaranan məhdudiyyətləri qeyd edərək, indiki dövrdə fövqəladə vəziyyətin tətbiqinə ehtiyac olmadığını bildirib:

 

"Fövqəladə vəziyyət zamanı vətəndaşların hərəkət sərbəstliyi, müəyyən yerlərə daxil olub çıxması məhdudlaşdırılır. İctimai asayişin dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyat işini təmin edən obyektlərin mühafizəsi gücləndirilir. Ayrı-ayrı maliyyə, iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə məhdudiyyətlər qoyula bilər. Gündəlik ərzaq malları və tələbatın əldə olunması üçün xüsusi rejim tətbiq oluna bilir. Yığıncaqlar, piket və nümayişlər tam qadağan olunur. Müəssisə təşkilatların fəaliyyəti məhdudlaşdırılır. Eyni zamanda, vətəndaşların şəxsi və mənzil toxunulmazlığı məsələsi götürülür və orda axtarışlar həyata keçirilə bilər. Bu, bir az ciddi məsələdir. Ona görə də ölkədə pandemiya ilə bağlı fövqəladə vəziyyətin elan olunmasına ehtiyac yoxdur deyə düşünürəm. Sərt karantin rejimi onsuz da var. Dünən prezident də bildirdi ki, dəfələrlə o və TƏBİB, Operativ Qərargah deyir ki, sosial məsafəni gözləsələr, maska taxıb gigiyenik qaydalara əməl etsələr Azərbaycanda artan xəstəlik əvvəlki aşağı vəziyyətə çata bilər. Amma insanlar eqoistlik, saymamazlıq nümayiş etdirir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?