Modern.az

O, nə yazıçı, nə rəssam, nə deputat, nə də elm adamı idi...

O, nə yazıçı, nə rəssam, nə deputat, nə də elm adamı idi...

Ədəbi̇yyat

26 İyun 2020, 08:43

O, mənim xalam oğlu idi - doğma, əziz, istəkli xalam oğlu. Şəkinin Sarıca kəndində, el-oba içində sadə, mənalı bir ömür sürdü. Heyf ki, cəmi 57 il yaşaya bildi heç kəs üçün əbədi olmayan bu dünyada. Onun belə qəfil, vaxtsız ölümünə heç kəs inana bilmədi, çünki çətinliklərə dözən, nikbin ruhlu, həyat eşqli, el-obanın işinə-gücünə yarayan idi. Özünün mehribanlığı, səmimiyyəti, düzlüyü, halallığı ilə kənddə uşaqdan böyüyə hamının hörmətini, rəğbətini qazanmışdı. Bir vaxtlar ailəsinin yaşayışı, dolanışığı ükəkaçan olmasa da, kömək üçün kimsəyə ağız açmaz, özünü sındırmaz, tox tutar, büruzə vermədiyi ağrılarına görə də "ah-uf" etməyərək, vaxt-bivaxt həkim yanına qaçmaz, xəstəxanada yatıb, müalicə olunmaq barədə düşünməzdi. Düşündüyü yalnız ailəsinin güzəranı, sevimli balaları, qohum-qardaş idi, bir də kimsəyə bildirmədən, gizli-gizli, için-için yandığı Qarabağ...


Heç kəsdən, heç nədən, hətta dünyadan da təmənnası olmayan, gözü-könlü tox bir oğul idi xalam oğlu Fikrət...

 

Çünki əməksevər, zəhmətkeş adam olan, kənddə hamının sakit, halal adam kimi tanıdığı Ramazan dayının və Ceyran xalamın tərbiyəsini, camaatla xoş, mehriban münasibətlərini, gözütoxluqlarını görmüşdü Fikrət.

 

Eyni kənddən idilər, başqa kənddə tapışdılar

 

Boylu-buxunlu, lakin sakit təbiətli olan atası Ramazan dayı bir vaxtlar Cənubi Qafqazın ən iri taxılçılıq təsərrüfatı olan S.Orconikidze adına Taxılçılıq sovxozunun 3-cü şöbəsində, indiki Sarıca kəndində o dövr üçün ən mühüm, vacib işdə çalışırdı - traktorçu idi. Ötən əsrin 50-60-cı illərinin orta gücə malik DT-54, DT-75 markalı traktorlarından sonra ilk dəfə daha güclü S-80 markalı traktorların "şturval"ı arxasına keçənlərdən biri məhz Ramazan dayı olmuşdu. Əvvəlki kiçik ölçülü traktorlardan fərqli olaraq S-80 o çalışqan, zəhmətkeş, əməksevər adamın boyuna-buxununa daha çox yaraşırdı. O, geçə-gündüz öz "köhlən atı" - traktoru ilə yer şumlayar, taxıl əkər, kombaynla arpa-buğda biçər, Azərbaycanın taxıl ehtiyatının toplanmasına öz töhfəsini verərdi. Təkcə Sarıca çöllərinin deyil, bütünlükdə Şəki rayonunun qabaqcıl, texnikanı yaxşı bilən mexanizatorlarından sayılırdı. Ancaq hədsiz təvazökarlığı, özünü gözə soxmaq istəməməsi onu diqqətdən kənar qoymuş, dövlət təltifi baxımından kölgədə saxlamışdı.


Ramazan dayı Ceyran xalamla eyni kənddən - Azərbaycanın Oğuzda yerləşən ən şimal nöqtəsi olan Daşağıl kəndindən olsalar da, 1941-42-ci illərin müharibə dövründə, gənc vaxtlarında ayrı-ayrılıqda dolanışıq üçün bol taxılın məskəni olan Sarıcaya gələrək, orda işləmiş, elə orda da bir-birini bəyənmişdilər. Belə ki, 21 yaşlı Ramazan dayı traktor sürər, kənd qızları, o cümlədən 15-16 yaşlı Ceyran xalam traktorun arxasına qoşulmuş səpin qoşqusunda yeni şumlanmış torpağa toxum, gübrə və ziyanvericilərə qarşı dərmanlar səpərdilər. Yəni, sevgi-məhəbbətləri torpaqdan, halal əkin-biçindən başlamışdı.

 

Ceyran xalamın ilk oğlunun unudulmaz kədəri

 

Ailə qurduqdan sonra onlara sovxoz hesabına Oğuza gedən yol kənarında tikilmiş ilk planlı birmərtəbəli evlərdən bir otaq da verilmişdi. Dolanışıqları pis deyildi - Ramazan dayının traktorçu maaşı da yaxşı idi, üstəlik mükafat olaraq sovxozdan xeyli arpa-buğda da alırdı, hətta qohum-qardaşa da pay verirdilər. Bir müddət sonra ailəyə Ulu Tanrıdan böyük bir sevinc bəxş edildi - ilk oğlan övladları dünyaya gəldi. Çox yaraşıqlı, şirin bir uşaq idi. Lakin... təəssüf ki, gənc ailənin övlad sevinci uzun sürmədi. Xalamın qəlbinin yarasının qaysağını qopartmamaq üçün səbəbini sonralar da öyrənməyə ehtiyat etdiyim xəstəlik üzündən o gözəl bala bir yaşı olar-olmaz həyatdan köçdü  (yəqin ki həkim səhlənkarlığı üzündən, çünki sağlam uşaq idi). Onda mənim cəmi 6-7 yaşım olsa da, xalam oğlunun o vaxtsız ölümünü, bəxtsiz gününü hələ də ürək ağrısı ilə xatırlaylram...

 

Sarıca kəndinin "Robinzon"u

 

Doğma Daşağıl kəndinin dağlardan axıb gələn müqəddəs Ulu çayının coşan-daşan sularından, buz bulaqlarından su içmiş, Böyük Qafqazın ətəyindəki dağlı-meşəli yerləri gəzib-dolanmış, səfalı günlərini görmüş Ramazan dayı günlərin bir günü Sarıcadakı dörd tərəfi sıxlıq olan "hökumət evi"ndən köçərək, kəndin yuxarısında, dərədən axan gur sulu Əlican çayının lap yaxınlığındakı bir təpədə - çayın şırıltısının eşidildiyi, qonşu Qayabaşı kəndinin ağsaqqallarından olan Əhməd dayının çayın o biri üzündəki təpəlikdə saldığı böyük bir bağın - meşəliyin gözəl mənzərəsinin, dəyirmançı Sadıq dayının su dəyirmanının göründüyü bir yerdə ailəsi üçün ev tikməyə başladı. Əzazil əri olan Nənəxanım xalamgilin və bizim evimizdən cəmi 100-120 metr aralıda olsa da, çoxları Ramazan dayının düzəngah yerdə yox, kəndin yuxarı başında, enişli-yoxuşlu təpə üstündə ev tikməsini Robinzon tək tənhalığa çəkilmək kimi dəyərləndirərək, onun gec-tez öz fikrindən daşınıb, "kəndin içinə", camaat arasına qayıdacağını düşünsə də, o kişi qərarında qəti idi.


Düzdür, iki otaqlı nəzərdə tutduğu evin ancaq bir otağını tikməyə gücü çatsa da, orda yaşamağa davam etmişdilər. Kənddə evinin damı yarımçıq olan, yarı bölünmüş ev kimi görünən həmin ev hələ neçə il də o vəziyyətdə qalmışdı (o vaxtlar artıq haqsızlıqlara və xəstəliyinə görə işdən də çıxmışdı). Ancaq heç kəs Ramazan dayını qınaya bilməzdi. Hamı bilirdi ki, o kişi halal adamdır, əyrilikdə, haramçılıqda əli olmadığına görə evin tikintisini başa çatdıra bilmir. Sakit, təvazökar və qürurlu olması ona çətinliklər yaratsa da və son illər özü də, xalam da xəstə olsalar da, heç vaxt qonum-qonşudan kömək istəməz, yavan çörək yesələr də belə (əslində xalam ucuz başa gələn yeməklərdən kətənin - göy qutabının, indi çoxları tərəfindən unudulan umacın, əriştənin, xaşılın mahir ustası idi) heç kəsin qapısına borca getməzdilər. 

 

Unudulmaz  Fikrətimizin əziz qardaşı Fikrət

 

Xalamgil ilk nakam oğullarından sonra beş uşaq böyüdüblər - xalaqızları Teyran və Heyrandan sonra iki oğul - Vahid və Fikrət, sonbeşik qızları Minarə. Fikrət dünyaya gələndə mənim 13 yaşım vardı, çox sevinmişdim. İlk növbədə ona görə ki, ona üzünü görmək nəsibi olmadığı, körpə ikən dünyadan köçən qardaşının - Fikrətin adını qoymuşdular. Deməli, onun adı yaşayacaqdı. Eyni zamanda sevinc qarışıq mütəəssir də olmuşdum ki, xalamgil öz nakam ilk övladlarını, sən demə, illər keçsə də, unuda bilməyiblər və ikinci oğula onun adını verib, xatirəsini daimi yaşatmaq istəyiblər. O vaxt ağlım kəssəydi və utanmasaydım, nakam övladlarına olan sevgilərinə, xatirəsini əziz tutduqlarına görə xalamın da, Ramazan dayının da boyunlarını qucaqlayıb öpərdim...


Dünyaya yeni gələn Fikrət özündə həm qardaşının, həm də öz adını yaşadırdı. Ancaq... deyəsən, xalamgil sanki onun adını çəkdikcə ilk övladlarını yada salaraq kövrələcəklərindən ehtiyat edərək, onu öz adıyla yox, başqa, əzizləyici bir adla çağırmağa başladılar. Qohum-qardaş da onu həmin adla əzizlədi, bütün kənd də onu məhz ikinci adla tanıdı. Yalnız xeyli sonra rəsmi adıyla - Fikrət deyə çağırıldı.


Ailədə hamı onu çox sevirdi. Özündən böyük qardaşı da ağıllı, sakit oğlan idi, ancaq Fikrət daha çox adama yovuşan, yapışıqlı uşaq idi. Həm də çox qəribə oğul idi. Sonralar mən institutda oxuyarkən hər dəfə tətilə çıxıb, kəndə qayıdanda məni Bakı avtobusundan düşər-düşməz qarşılayan qardaşlarım, dostlarım yox, məhz 9-10 yaşlı Fikrət olardı. Mənim gəlməyimi sanki daxili hisslə, fəhmlə duyardı. Sevinə-sevinə mənim yükümə kömək etməyə çalışar, evəcən yol boyu kənddəki "son xəbərlər"dən danışar və o dəqiqə də bilmək istəyərdi ki, kənddə neçə gün qalacağam. Və həmin gündən başlayaraq mən Əlican çayını, dərə-təpəni, başı qarlı Böyük Qafqaz sıra dağlarını seyr edərkən, kəndi gəzərkən daim yanımda olardı. Deyəsən, həmin günlər mənimlə bərabər onun da sevincli günləri idi - axı, onun yanında gəzib-dolaşdığı böyük xalaoğlusu idi.


Fikrət elə tərbiyəli, qanacaqlı oğul idi ki, heç vaxt, bir dəfə də olsun məni adımla çağırmazdı - "xalaoğlu" deyərdi. Bununla da o mənə məhz xalaoğlu kimi daha əziz idi. Onların evinə - xalamgilə gedəndə (kəndə yolum düşəndə onlara hökmən baş çəkməliydim - elə həmin gün və sonralar da. Axı, çaya aparan yol düz onların evinin qarşısından keçirdi), xalamın bişirdiyi dadlı yeməklərdən ləzzətlə dadanda, Ramazan dayının evin qarşısında saldığı bağa enib, ağacların kölgəsində az da olsa dincələndə Fikrətin uşaq sevincini duymamaq mümkün deyildi. Mən onu çox istəyirdim, o da məni - çox sevdiyi Gülüş xalasının böyük oğlunu.

 

Atasının arxa-dayağı, köməyi idi Fikrət

 

Ramazan dayı bir ara başqa bir işə keçmişdi - evlərinin arxasından dərə boyu axan Əlican çayından sovxozun quraşdırdığı, lakin tez-tez sıradan çıxan nasos vasitəsilə kəndi içməli su ilə təmin edən iki iri həcmli çənə (rezervuara) dərə yuxarı su vururdı. Camaat su sarıdan korluq çəkməsin deyə (xüsusilə yay aylarında) bəzən gündə 4 dəfə dərə aşağı enib-qalxmalı olurdu (nasosu qoşduqdan 2-3 saat sonra onu söndürmək və axşama yaxın yenə də yandırıb-söndürmək lazım gəlirdi). Nasos sıradan çıxanda isə Ramazan dayının rahatlığı tamam pozulurdu. Kənd susuz qalmasın deyə min-bir əziyyətlə onu özü təmir edər, lazım gəldikdə isə usta çağırardı. Atasını bu əziyyətlərdən qurtarmaq üçün Fikrət çalışırdı ki, bu işləri özü görsün, ən azı heç olmasa, kişini gündə neçə dəfə 450-500 metr aşağı enib, sonra da əziyyətlə yuxarı qalxmaqdan qurtarsın. Və 13-14 yaşından atasına bu işlərdə daim dayaq olurdu.


Əlican çayı yerli əhali üçün təkcə içməli su mənbəyi yox, həm də odun-ocaq mənbəyi idi. Belə ki, yaz aylarında daşarkən çay özü ilə dağlardan-meşələrdən iri gövdəli ağacları, kötük və budaqları da qoparıb gətirirdi. Çayın üstündəki təpədə yaşadıqlarından onun daşmasından, məcrasına sığmayaraq, ətrafa ağac, kör-kötük atmasından ilkin olaraq Fikrət xəbər tutardı və atası ilə çaya enərək, onun Sibir çaylarından axıdılan sallar kimi axıb gələn iri-iri ağac və kötükləri nər-nər nərildəyən sel-sulardan dartıb bir kənara yığardılar. Yəni ki meşəyə getmədən, heç bir qanunu pozmadan qış ehtiyatlarını görərdilər. Çayın daşması yaz ağzı bir-neçə dəfə baş verdiyindən bir çoxları onun "odun səxavətindən" istifadə etməklə ailələrinin qış yanacağını təmin edərdilər (o vaxtlar kəndə qaz çəkilməmişdi). Ramazan dayı da, Fikrət də çox vaxt topladıqları ağacdan-odundan qonum-qonşuya da ürək genişliyi ilə paylayardılar. 

 


Yaxşı ki, xalaoğlunun bəxtinə halal südəmmiş çıxdı

 

...Xalaqızları ər evinə köçdükdən, böyük qardaşı Vahid də ailə qurduqdan sonra onun da "növbəsi" çatdı. Hər şeyi diqqətlə, təmkinlə  öyrənib, götür-qoy edən Ramazan dayı arayıb-axtarıb onun üçün Oğuzun Kərimli kəndindən özünə bab olan, halal bir ailədən yaxşı qız taparaq, gözəl bir kənd toyu elədi. Yaxşı ki gəlinləri Roza halal südəmmiş, tərbiyəli-qanacaqlı, qaynataya-qaynanaya qayğı ilə yanaşan, hər zaman hörmətlərini saxlayan gəlin oldu. O, öz mehribanlığı, qohum-qardaşa istiqanlılığı, çalışqanlığı, diribaşlığı, biş-düşü ilə Ramazan dayının da, Fikrətin də üzünü el-oba içində ağ eləməyi həmişə ləyaqətlə bacarırdı. Hətta mal-qaraya, qoyun-quzuya baxmaqda da  Ramazan dayının yaxın köməkçisi idi.


Və hamımız üçün ağır olan bu günlərdə onu hökmən deməliyəm ki, Roza xanım ən çətin, ən kasıb, ehtiyaclı günlərində belə bir dəfə də olsun narazılıq edib, Fikrətin üzünə ağ olmamış, xətrinə dəyməmişdi. Bəzən də Fikrətin narahatlıq keçirməməsi üçün ailə çətinliklərinin üzərindən  zarafatla, deyə-gülə ötməyi bacarırdı. Ən əsası o idi ki, onlar ikisi də sevimli övladları Bahara, Reyhana və Songülə gözəl tərbiyə vermiş, onların öz ailə ənənələri, milli adətlər, ata-anaya, böyüklərə hörmət-ehtiram ruhunda böyümələrinə nail ola bilmişdilər. Və mən hər dəfə xalamgilə gedəndə uşaqların nənə-babaya, ata-anaya qarşı diqqət və qayğısını, onları sevərək qucaqladıqlarını görəndə fərəhlənirdim. Roza xanım həmişə qızlarına nəsihət edirdi ki, nənə-babanı, atanızı çox sevin, onlar hər birimizin başımızın böyüyüdür. Və bir-birindən gözəl, həm də mehriban olan o balalar həmişə atalarının işdən gəlməsinə çox sevinər, qucaqlayıb-öpər, bir-birinə aman vermədən qulluğunda durardılar. 


Kənddə iş olmayanda Fikrət ailəsini dolandırmaq üçün hətta kənd camaatının qoyun sürüsünü otarmağı da özünə ar bilməmişdi. Lakin rayon rəhbərliyinin harınlığı üzündən mal-qara üçün sonuncu örüş yerlərinin də əkin sahəsi kimi ona-buna satılmasından sonra əlacı üzülən Fikrət dövlət tərəfindən verilmiş 15 hektar pay torpağını da hissə-hissə,  dəyər-dəyməzinə yerli "mülkədarlara" satmağa məcbur olmuşdu. Sonralar isə vəziyyət daha da ağırlaşanda əvvəllər heç vaxt yolu düşmədiyi Bakıya gedərək tikintidə çalışmalı olmuşdu. Ancaq şəhər mühitinə alışmadığından 2-3 aydan sonra "qaçıb" kəndə, balalarının yanına gedər, lakin yenə də Bakıya qayıtmalı olardı.

 

Selləmə, gur yağışı, sərt küləyi də, yüksək voltlu yarımstansiyanı da vecinə almadı

 

Bir dəfə Şüvəlan tərəflərdə işləyərkən qış vaxtı güclü külək əsmiş, şıdırğı yağan yağış elektrik yarımstansiyasını partladaraq, sıradan çıxartmışdı. İşıqlar sönmüş, bütün ətraf qaranlığa qərq olmuşdu. Vəziyyəti belə görən Fikrət yoldaşlarına deyir ki, narahat olmayın, gəlin mənimlə gedək, siz işıq tutun, mən "podstansiyanı" işə salım. Yoldaşları onu bu təhlükəli işdən çəkindirməyə çalışsalar da, inadkarlıqla, yalandan demişdi ki, qorxmayın, mən çoxdanın elektrikiyəm. Və onlar hadisə yerinə yaxınlaşanda elektrik naqillərinin qırılaraq havada oynadığını görüb, Fikrəti yenə də fikrindən daşındırmağa çalışırlar. Lakin o, yenə də "narahat olmayın" deyib, yarımstansiyanın dəmir hasarını aşaraq içəri daxil olur. Yoldaşlarının ona sarı yönəltdiyi işığın, onların nigaran baxışlarının və üstünə yağan aramsız yağışın altında stansiyanın ora-burasına göz gəzdirib, rezin əlcək olmadan, "quru əllə" qopmuş məftilləri birləşdirməyə çalışarkən iş yoldaşları az qala "sarılıqlarını udmuşdular".  O, qopmuş məftilləri əlinə götürüb, onları kəlbətinlə buraraq birləşdikdən sonra ətraf yenidən gur işıq selinə qərq olmuşdu. Yoldaşları alqış sədaları ilə onu alqışlayır, lakin eyni zamanda sərt küləkli, yağışlı bir gündə möcüzə göstərən, 380 voltluq "tok"dan qorxmayan, onunla "oyun" oynayan Fikrətə heyrətlə baxırdılar... 


Məsələ onda idi ki, bir dəfə necə olmuşdusa, evdə işıqla bağlı problem olanda Fikrət işi yoluna qoymuş və özü üçün kəşf etmişdi ki, "tok" ondan "qorxur", onu vurmur. Əvvəl ona görə evdə çox narahat olsalar da, sonra əmin olmuşdular ki, Fikrət üçün bunun, doğrudan da, heç bir qorxusu yoxdur.  Bu da yəqin ki, Allahın bir möcüzəsi idi. Uzun illər - 40 yaşına qədər heç vaxt ət yeməməsi də ola bilsin ki, həmin möcüzə ilə bağlı idi.


Həmin hadisədən sonra iş yoldaşlarının ona olan hörmət və rəğbəti daha da artmışdı.

 


Allah yaxşı adamları darda qoymaz

 

Lakin bir müddət keçdikdən, tikintidə işlər başa çatdıqdan sonra Fikrət yenidən doğma kəndə qayıtmalı olur. Ancaq yaxşı ki, hərdən tale yaxşı adamların da üzünə gülümsəyir. Belə ki, Ucardan olan Nicat adında gənc bir fermer öz təsərrüfatında ona kömək etmək üçün bacarıqlı, işgüzar, ən əsası isə halal bir adam sorağında Şəkinin Sarıca kəndinə gələrək onunla qısa tanışlıqdan sonra axtardığı adamın məhz Fikrət olduğuna inanaraq, ona yaxşı şərait yaratmaqla ailəlikcə yaşamaq və işləmək üçün Ucara dəvət edir. İlk gündən dostluqları tutduğundan Nicat bütün təsərrüfatı Fikrətə və ailəsinə etibar edir. Onları yaylaqda yaşayış yeri ilə, ərzaqla, lazım olan hər şeylə təmin edir.


Artıq onların güzəranları yaxşılaşmışdı. Fikrət ömür-gün yoldaşı, işdə-gücdə həmişə diri-diribaş olan Roza xanım və qızları ilə birgə işləyərək, gənc fermerin etimadını doğrultmağa çalışırdılar. Və həqiqətən də doğruldurdular.

 

Belə oğul da heç unudularmı?..


Bugünlər - əziz xalam oğlu Fikrətin daha həyatda olmadığı, bir daha görə bilməyəcəyim günlərdə ona çox təəssüf edirəm ki, o, bir neçə dəfə - yazda-payızda 1-2 günlüyə dincəlmək üçün, yaylaqdakı göldən tutulan balıqlardan kabab çəkib, ləzzətlə yemək üçün məni özünün  və Nicat bəyin adından Ucarın axarlı-baxarlı yaylağına dəvət etsə də, mən zalım oğlu iş-güc, ev qayğıları ucbatından bir dəfə də olsa imkan edib, onun təzə yurd saldığı yerə gedə bilmədim, onunla oturub, söz verdiyi balıq kababından yeyə bilmədim. (Balıq kababını hər yerdə yemək olar, ancaq onu xalaoğlu ilə bir yerdə yeməyin ləzzəti başqa olardı). Heyf, çox heyf... Özümü bağışlaya bilmirəm...


Bu gün az da olsa, bircə onunla təsəlli tapıram ki, yaxşı ki, çox sevdiyi balalarından ikisinin - Baharın və Reyhanın toylarını, onların balalarını - nəvələrini görə bildi, sonbeşik Songülə isə mart ayında nişan məclisi qurub, ata xeyir-duası verməyə imkanı oldu.  


Ancaq bilmirəm, həmişə mənə telefonla zəng edib, hal-əval tutan əziz xalam oğlu niyə xəstələnəndə mənə zəng vurmayıb (yəqin bu zəhrimar virusa görə!). Bəlkə, Bakıda, Sumqayıtda dərdinə bir əlac etmək olardı... 


Sabah - iyunun 26-sı mənim sevimli xalamın əziz balası Fikrətin "40" mərasimi olacaq (inana bilmirəm...). Heyf ki, karantinə görə kəndə getməyim mümkün deyil - maşınlar rayonlara buraxılmır, hamını geri qaytarırlar. Ancaq yəqin ki, nə vaxtsa yollar açılacaq və mən də əziz xalam oğlunun məzarını  ziyarət edib, onun qəbri üstə gül-çiçək düzər, onunla göz yaşları içində səssizcə danışaram. 


...Əziz xalaoğlu,  axı, sən niyə belə etdin - xəstə yatarkən zəng etmədin ki, dərdindən xəbər tutum, son dəfə səsini eşidim?.. Sənin haqqında bu xatirə yazısını neçə gündür göz yaşları içində yazıram. Axı, sən mənim əziz, istəkli xalam oğlu idin... - kəndə gələndə məni sevinclə ilk qarşılayan, dağı-düzü mənimlə birgə gəzib-dolanan xalam oğlu. 


Ancaq bir ondan rahatam ki, Nicat bəy sənin tək halal adamla rastlaşdığı kimi, sən də onun tək qayğıkeş, insaflı, qədirbilən bir oğulla, əsl İnsanla rastlaşmısan. Bu gün bacım Elnaz göz yaşları içində, minnətdarlıqla dedi ki, Nicat bəy özü də iştirak etməklə sənin bütün yas məclislərinin keçirilməsinə kömək edib. Hətta dünən məzarın üstünə baş daşı qoyulmasına da o, öz köməkliyini əsirgəməyib. Çox sağ olsun, Allah ona uzun ömür versin!


Mənə onu da dedilər ki, sən 3-4 ildə Ucardakı qonşuların, dost-tanışların arasında elə böyük hörmət qazanmısan ki, çoxusu ailəlikcə yığışıb gələrək sənin son mənzilə yola salınmağında və yas mərasimlərində iştirak ediblər, gözü yaşlı, boynu bükük qalmış ömür-gün yoldaşın Roza xanıma, qızların Bahara, Reyhana və toyunu görmək qismətin olmadığı Songülə, bacıların Teyrana, Heyrana, Minarəyə, indi sənin həsrətinlə yanıb-qovrulan qardaşın Vahidə və xala, dayı, əmi uşaqlarına təskinlik verməyə çalışıblar... Ancaq daha təsəlli-təskinlik də o böyük dərdə - Sənin yoxluğuna əlac ola bilmir və heç zaman da olmayacaq.


Allah sənə rəhmət eləsin, əziz xalaoğlu Fikrət! Sən bu dünyada əsl İnsan kimi, Kişi kimi yaşadın!  Qəbrin işıqlı, nurlu olsun!    

 

Səni çox sevən xalan oğlu
Rəhman ORXAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı