Modern.az

 “Dünya ədəbiyyatına çıxmaq” qayğımız “aya hürmək səviyyəsi”ndə olmamalıdır – Fərid Hüseynlə şənbə söhbəti

 “Dünya ədəbiyyatına çıxmaq” qayğımız “aya hürmək səviyyəsi”ndə olmamalıdır – Fərid Hüseynlə şənbə söhbəti

27 İyun 2020, 08:30

Onunla yaradıcılığının son dönəmlərindən danışdıq. Mövcud ədəbi camiənin problemlərindən, qayğılarlından söz açdıq.

 

Modern.az-ın “Ədəbi şənbə”sinin qonağı şair, Azərbaycan Yazıçılar Birliyinin Gənlər Şurasının sədri Fərid Hüseyndir.

 

– Yaradıcılığınızda nə yeniliklər var?

 

– Bu günlərdə hazırlayıb nəşrə təqdim etdiyim “Uçurum peyğəmbəri” adlı məqalələrdən  ibarət kitabım iyulda çap olunacaq. Həmin kitabda Nizami Gəncəvi, Lev Tolstoy, Yavuz Sultan Səlim, Oskar Uayld, Per Lagerkvist, Nəcib Məhfuz, Leonid Andreyev, Svetlana Boym, Joze Saramaqo, Sadiq Hidayət,  Koman Şova, Maksans Fermin, Georges Minois, Əbdürrəhim bəy Haqverdiyev, Əli Kərim, Yusif Səmədoğlu, Məmməd Araz, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər və Musa Yaqubun yaradıcılığı haqqındakı məqalələrim yer alıb.

 

Bundan başqa Lev Tolstoyun “Anna Karenina” adlı romanı haqqında araşdırma kitabımı yazıb bitirmişəm, son redaktə, dəqiqləşdirmə işlərini görürəm. Həmin kitabı oktyabr ayında çap etdirməyi düşünürəm.

 

Paralel olaraq “Min bir gecə” nağıllarının poetikası adlı silsilə esselər yazıram.

 

Nəhayət, “Saatlar” və “Ləkənin ömrü” adlı iki poetik silsiləni tamamlamışam. “Saatlar” poetik silsiləsi qol saatı, divar saatı, su saatı, elektron saat, günəş saatı, zəngli saat və sairin ömrümüzdə fərqli mənalar ifadə etdiyi barədədir. “Ləkənin ömrü” isə müxtəlif əşyalara düşən ləkələr, ümumiyyətlə, hər kəsin ləkə ilə fərqli mübarizə üsulunun olması haqqındadır.

 

Türkiyədə çapdan çıxan kitabınız barədə danışaq. ..

 

– Mən ötən il “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq” layihəsi çərçivəsində bir neçə gəncin kitabının çapı üçün Mədəniyyət Nazirliyinə müraciət etmişdim. Layihəm qəbul edilmişdi. Bu məsələ barədə AYB-nin sədri, Xalq yazıçısı Anar müəllimə də məlumat vermiş və xeyir-duasını almışdım. Eyni zamanda həmin siyahını təsdiqlənməmişdən öncə AYB-nin Gənclər üzrə katibi, şair Rəşad Məcid ilə də razılaşdırmışdım. Həmin layihə əsasında Qismət, Mirmehdi Ağaoğlu, Cavid Zeynallı, Ramil Əhməd, Rəvan Cavid, Günel Şamilqız və, mənim kitablarım tərcümə və nəşri nəzərdə tutulurdu. Artıq Günel Şamilqızının və mənim kitablarım “Zengin yayıncılıq” nəşriyyatında Sevinc Fıratın rəhbərliyi, Yurstsevən Şənin tərcümələri sayəsində işıq üzü görüb. Hər kitab 5000 tirajla nəşr edilərək Türkiyənin dörd bir guşəsində satılır, online sifariş üçün də əlavə yayım imkanları yaradılıb. Digər müəlliflərin kitabların  isə yaxın günlərdə nəşrə təqdim ediləcək. Bütün kitabları təmənnasız, qonorarsız olaraq Azərbaycan variantlarını redaktə və tərtib edib hazırlamışam. Bundan əlavə, bir sıra gəncin kitablarının da Serbiyada, Slovakiyada nəşrini planlaşdırırıq. Onu da deyim ki, hər əcnəbi ölkədə fərqli ədəbi imzalar təqdim olunacaq.

 

– Bir çox yazıçı və şairlər Azərbaycanda kitab bazarının zəif olduğunu deyirlər, bəs  bu barədə siz nə düşünürsünüz?

 

– Məncə, bütün dünyada olduğu kimi ölkəmizdə də bədii informasiyaya ehtiyac azalıb, kitabların az oxunmasının başlıca səbəblərdən biri budur. İkincisi, ölkəmizdə kitabların piar işi düzgün aparılmır. “Qanun” nəşriyyatı “Teass Press”, “Parlaq imzalar” və sair təbliğat təcrübəsi olan nəşriyyatlar öz imkanları daxilində kitabın yayımı sahəsində effektiv çalışırlar. Amma kitabların ölkə üzrə regional yayımı sistemi hələ də ciddi problem olaraq qalır. Nəşriyyatlar rəqabətli şəraitdə çalışmalıdırlar, müəllifləri transfer etməlidirlər. Qütbləşmələr dərinləşməlidir ki, rəqabət meydanı genişlənsin.  Bu gün az-çox istedadlı hər kəsin hər yerdə çap oluna bilməsi yaxşı tendensiya deyil.

 

– Oxucu qıtlığı yaşanan ölkədə yazıçı, şair olmaq çətin deyil ki?

 

– Migel de Unamuno kimi dahi kitabının girişinə yazırdı ki: “Mən növbəti kitabımı insan biganəliyinin ixtiyarına buraxıram”. “Dünyada var, bizdə yoxdur” mərsiyəsinə qoşulmaq istəmirəm. Amma təəssüflər olsun ki, kitablarımızın satışı hesabına yaşaya bilmirik.

 

– Oxucu qıtlığını bir çoxları kitabların bahalı olması ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz?

 

– Ölkəmizdə kitabların tirajı azdır deyə qiymətlərinin baha olması çox da təəccüblü deyil. Əksər ölkələrdə kitabların qiyməti tələbələrin büdcəsinə görə hesablanır, xüsusən yeni dövrün ədəbiyyatına aid nəşrlər. Çünki yeni dövrün ədəbiyyatını daha çox tələbələr, gənclər oxuyurlar. Bəzən bizim gileyimiz adamın üstünə “dörd tərəfdən gəlir” deyə müəyyən məntiqsizliklər yaranır: Biz həm istəyirik kitabların poliqrafik keyfiyyəti gözəl olsun, həm  müəlliflər, tərcüməçilər, redaktorlar yaxşı qonorar alsınlar, həm kitab evlərinin “cibi gülsün”. Axı 500-1000 arası tirajla nəşriyyatlar bu istəklərin gerçəkləşməsinə necə nail olsunlar?!

 

Fərid bəy, bizimkilər niyə dünya ədəbiyyatına çıxa bilmirlər?

 

– “Dünya ədəbiyyatına çıxmaq” qayğımız “aya hürmək səviyyəsi”ndə olmamalıdır. Dünya ədəbiyyatına çıxmaq məsələsində bir sıra ədəbiyyat adamında ortaq fikir belədir ki, biz evdə oturacağıq, heyrətdən gözləri bərəlmiş bir əcnəbi gəlib bizim heç bir dilə tərcümə edilməmiş mətnimizi yazı masamızın üstündən götürüb aparıb öz ölkəsində çap edəcək. Təəssüf ki, yerli müəlliflərin əksərinin əsəri xarici dilə çevrilməyib. Əlbəttə, mən bu məsələdə maddi amilləri gözardı etmirəm. Amma bəzən hansısa ədəbiyyat adamından rus, yaxud ingilis dilində mətnini istəyirsən, onda məlum olur ki, xaricdə nəşr olunacaq hansısa topluya göndərmək üçün aparıcı dillərdə bircə sətri də yoxdur. İndi dünyada nəşr olunmaq, ən azından ingiliscə jurnallara öz mətnini göndərmək üçün heç olmasa yazışma, məktublaşma bacarığın olmalıdır.  Ən əsası yaradıcılıq baxımından da dünya ilə həmahəng olmağı bacarmalısan. Əks halda “köhnə” mətnlərlə dünya intizarında olmaq mənasızdır. Ancaq həm proza da, həm də nəsrdə dünyaya çıxara biləcəyimiz müasir meyarlara uyğun gələn ədiblərimiz az deyil.

 

 Dünya ədəbiyyatı deyəndə hazırda daha çox qərb ədəbiyyatı nəzərdə tutulur. Əgər kimsə “dınqır sazım”, “əhsən qağa” təfəkküründədirsə, o ancaq “dünyaya dəyib qayıda bilər”. Ədəbiyyat festivallarına qatılmaq barədə də düşünmək lazımdır. Məsələn, Kanadada, Fransada, İngiltərədə, Slovakiyada, Yunanıstanda ciddi poeziya hərəkatları var ki, onların saytlarına müraciət edib yaradıcılıq nümunələrini göndərirsən, əgər əsərlərin onlara maraqlı gəlsə sənə əməkdaşlıq təklif edirlər. XX əsrdə dünya ədəbiyyatına çıxmaq XXI əsrdəkindən daha asan idi. Baxmayaraq ki, epistolyar fəallıq zəif, internet imkanları məhdud idi. XX əsrdə dünyada “ədəbi səsin” yayılma sürəti daha güclü idi, nəinki indi.

 

–AYB-nin Gənclər Şurasının yaxın gələcək üçün nə kimi planları var?

 

–Bilirsiniz ki, son bir ildə, yəni mənim fəaliyyətim dönəmində, AYB-nin Gənclər Şurasının üzvləri “Ulduz”, “Dünya ədəbiyyatı” jurnallarının, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətlərində təmsil olunmağa başladılar. “Ulduz” jurnalının bir sayı bütövlükdə Gənclər Şurasına həsr edildi. Eyni zamanda yuxarıda geniş danışdığım gənclərin əsərlərinin xaricidə nəşri məsələsi də mənim şura sədri kimi fəaliyyətimə aiddir. Bu günlərdə Şairlər Günü ərəfəsində Xəyal Rzanın təşəbbüsü ilə “Nazim Hikmət və Vaqif Səmədoğlu” adlı online müzakirə paneli təşkil etdik və çox maraqla qarşılandı. Bir neçə başqa layihələrimiz, nəşr planlarımız var ki, məlum Covid-19 bəlasına görə müvəqqəti təxirə salınıb. Yaxın günlərdə online iclas edib gənclərin təkliflərini müzakirə edəcək və əlavə planlar üzərində işləyəcəyik. Sonra təkliflərimizi AYB-nin Gənclər üzrə katibliyi ilə razılaşdırıb uyğun hesab edilən qərarlar istiqamətində fəaliyyətimiz davam edəcək. Regionlara səfər, canlı təmaslarla bağlı məsələlər, beynəlxalq ədəbiyyat festivallarında iştirakla əlaqəli planlarımızın gerçəkləşməsi isə hələlik  gecikir. Allah millətimizi və dövlətimizi bu bəladan sovuşdursun. Ondan sonra daha fəal şəkildə çalışacağıq.

 

Söhbətləşdi: Tural Turan

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu