Modern.az

“AYB-nin diktaturası ləğv edilməsə, kitab bazarının inkişafından söhbət gedə bilməz” – Cəlil Cavanşir “ƏDƏBİ ŞƏNBƏ”də

“AYB-nin diktaturası ləğv edilməsə, kitab bazarının inkişafından söhbət gedə bilməz” – Cəlil Cavanşir “ƏDƏBİ ŞƏNBƏ”də

Ədəbi̇yyat

27 İyun 2020, 09:15

O, son vaxtlar bütün gücünü ssenari yazmağa yönəldib. Bu dəfəki həmsöhbətimizlə ədəbiyyatımızın hazırkı durumundan danışdıq. Kitab bazarının süstlüyü, oxucucu qıtlığı ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Cəlil bəy deyir ki, ədəbiyyatda AYB-nin və Mədəniyyət Nazirliyinin diktaturası ləğv edilməsə, kitab bazarının inkişafından söhbət gedə bilməz.

 

Modern.az-ın “Ədəbi şənbə” layihəsinin budəfəki qonağı yuxarıda da qeyd etdiyimiz kimi yazıçı Cəlil Cavanşirdir. Onunla söhbətimizə daha yaxından diqqət kəsilmək istəyirsinizsə, o zaman monitora bir qədər də yaxın əyləşin.

 

- Cəlil bəy, yaradıcılığınızda nə yeniliklər var? Karantin günləri yaratıcılığınıza hansı formada təsir edir?

 

– May ayında Taleh Yüzbəyov, Pərviz Həsənov və Orxan Mərdanla birgə “Zəhər tuluğu” adlı tammetrajlı bədii filmin ssenarisini yekunlaşdırdıq. Hazırda həmin filmin çəkilişlərinə hazırlıq gedir. Bu mənim yaradıcılığımda yeni mərhələdir. Əvvəllər sənədli filmlər üçün ssenarilər yazsam da, “Zəhər tuluğu” böyük kinoda ilk işim olacaq. Karantin müddətində komandayla işləmək bacarığımı inkişaf etdirdim. Birlikdə yazmaq, saatlarla, günlərlə bir səhnənin üzərində birlikdə müzakirələr aparmaq maraqlı və yaddaqalan idi. Karantin dönəmində sosial məqsədli bir neçə cizgi filmi və sosial çarx üçün ssenarilər yazmışam. Eyni zamanda , “Karantin” adlı bir ssenariyə başlamışdım, yarımçıq qalıb. Böyük ehtimalla pandemiya bitdikdən sonra, bu prosesdən sağ-salamat xilas ola bilsəm, onu tamamlayacağam. “Xəyanət” adlı qısametrajlı bir filmin hekayəsini yazmışam, indi onun ssenari variantını işləyirəm. Hərdən şeirlər, filmlər və kitablar haqqında yazıram. Bir sözlə boş oturmuram, yaradıcılıqla məşğul oluram.

 

-Çap olunan kitablarınızdan gələn gəlirlər sizi qane edirmi? Ümumiyyətlə, kitab bazarının indiki durumu haqqında fikirlərinizi almaq istərdik...

 

– Azərbaycanda kitab bazarının hazırki durumu ilə bağlı pozitiv cümlə qurmaq çətindir. Çox təəssüf edirəm ki, mart ayında çap olunmuş “Eşq və intihar” adlı kitabımın satışını, təbliğatını normal şəkildə qura bilmədim. Kitab kütləvi oxucu üçün nəzərdə tutulsa da, arzuladığımız nəticə olmadı. Ötən ilin sonu çap olunan “Azğın” romanım xeyli səs-küy yaratdı, satışı da karantin dönəminə qədər qaydasında getdi. Ancaq bu nəticədən də razı qalmaq mümkün deyil. “Azğın” kimi iddialı, oxucunun diqqətini çəkən, müzakirə olunan bir roman kifayət qədər satılmadı. Mən 1000-2000 tirajı aşan rəqəmlər düşünürdüm, təəssüf ki, 7 ayda 500 tiraj bitməyib.

 

-Niyə bizdə kitab sənayesi inkişaf etmir? Əngəl və ya maneə varmı bunun üçün?

 

– Kitab sənayesinin inkişafı üçün ilk növbədə bu sahəyə ciddi dövlət qayğısı və diqqəti olmalıdır. Özəl nəşriyyatlara dövlətin ciddi qayğısı olmasa, kitaba qoyulan ƏDV  ləğv edilməsə, ölkədə ədəbiyyatın, kitabın təbliği normal səviyyədə qurulmasa, monopoliya, ədəbiyyatda AYB-nin və Mədəniyyət Nazirliyinin diktaturası ləğv edilməsə, kitab bazarının inkişafından söhbət gedə bilməz. Azərbaycan kitabının inkişafında ən böyük əngəl Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi və Azərbaycan Yazıçılar Birliyidir.

 

-Oxucu qıtlığı yaşanan ölkədə yazıçı, şair olmaq çətin deyil ki?

 

– Ölkədə oxucu qıtlığı yoxdur, ölkədə kitab almaq mədəniyyəti problemdir. Sosial şəbəkələrdə, kitabla bağlı quruplarda kifayət qədər oxucunun olduğunu görürük. Sadəcə Azərbaycan oxucusu kitab almaq, kitab hədiyyə etmək vərdişlərinə tam olaraq yiyələnməyib.  Bu sosial vəziyyətlə, insanların maddi rifah halı ilə bağlı məsələdir. Evinə çörək ala bilməyən insandan, kitab almağı gözləmək düzgün olmaz. Məncə ilk növbədə insanların sosial vəziyyəti düzəlməli, sonra ədəbiyyat və mədəniyyətin qayğısına qalınmalıdır. Mən ədəbiyyatla məşğul olmağa başlayanda bu sahənin mənə böyük var-dövlət, şan-şöhrət gətirəcəyini düşünməmişəm. Heç indi də, belə bir arzum yoxdur. Mənim yazıçı olaraq borcum, vəzifəm, öhdəliyim yazmaqdır. Qətiyyən oxucudan, oxucu qıtlığından narazılığım yoxdur. Hər şeyə rəğmən düşündüyümü, hiss etdiyimi, doğruları yazıram. Çünki yazmaq mənim sevimli məşğuliyyətim, eyni zamanda həyat tərzimdir.

 

-Oxucu qıtlığını bir çoxları kitabların bahalı olması ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz?

 

–Kitabın bahalı olmasının səbəbi kitaba qoyulan ƏDV, ölkəyə gələn kağızın manapoliyada olmasıdır. Mən kitabın bahalı olduğunu düşünmürəm, kitaba maraq göstərən insanların, real kitab alıcısının sosial vəziyyəti aşağı səviyyədə olduğu üçün kitab bizlərə bahalı görünür. Məncə kitabların az satılması, kitab bazarının bərbad olması kitabın bahalı olması ilə bağlı deyil. Çünki əgər belə olsaydı, endirim kampaniyaları keçirən nəşriyyatlarda, kitab mağazalarında alıcı əlindən tərpənmək olmazdı. Oxucunun maddi rifah halı, sosial problemləmləri düzəlmədikcə, onun kitaba marağını artırmaq çətin olacaq.

 

- Cəlil bəy, bizimkilər niyə dünya ədəbiyyatına çıxa bilmirlər? Sizcə bizim yazarların buna nəfəsi çatmır, ya başqa səbəb var?

 

– Bunun ilkin səbəbi dil baryeridir. Azərbaycan yazıçısının dünyaya çıxması üçün, onun əsərlərinin dünya dillərinə tərcümə olunması lazımdır. Tərcümə, beynəlxalq nəşriyyatlarda nəşr olunmaq böyük maliyyə tələb edən, ciddi prosesdir. Hal-hazırda bunu təkbaşına bacaran istedadlı müəllif demək olar ki, yoxdur. Bu prosesi dövlət maliyyələşdirməli, dəstəkləməlidir. Dünyanın əksər ölkələrində dövlət ədəbiyyatının dünyada tanıdılması üçün ciddi layihələr həyata keçirir, bu məqsədlə böyük pullar ayırır. Azərbaycanda dünya oxucusunu heyrətləndirə biləcək kifayət qədər yazıçı və şair var. Sadəcə dövlət doğru insanlara dəstək verməlidir. Bunun üçün ilk növbədə şər yuvasına çevrilmiş, ədəbiyyatımızın inkişafına bütün gücü ilə mane olan Azərbaycan Yazıçılar Birliyi ləğv edilməli, ədəbiyyatın təbliğatı ilə məşğul olan müxtəlif Qeyri Hökumət Təşkilatları yaradılmalı, dövlət ədəbiyyata dəstək siyasətini, münasibətini dəyişməlidir. 30 ildən artıq eyni kresloda oturub, ancaq yaxın ətrafını, ona biət edənlərin dolanışığını təmin edən adamlar, ədəbiyyatın inkişafında maraqlı ola bilməzlər. Ədəbiyyatımızın inkişafının qarşısını kəsən, onu bazara, alverə çevirən bir qurum ləğv edilməsə və ya yenidən, təməldən dəyişməsə ədəbiyyatımızın dünyaya çıxması yaxın 50 ildə də mümkün olmayacaq. Əvəzində biz hansısa “ədəbi işbazların”, fırıldaqçıların dünyada bizi təmsil etməsi ilə bağlı nağıllar dinləməli olacağıq. Əmin olun ki, hazırki vəziyyətlə bizi “dünyada təmsil edən” yazarlar, şairlər də barışmırlar. Onlar hamıdan yaxşı bilirlər hansı oyunun içində olduqlarını. Sadəcə qazanc yerlərini itirmək istəmirlər. Bir sözlə, ədəbiyyatın dünyaya çıxması, əvvəlcə ölkədə ədəbiyyatın düzgün inkişafından, ədalətli sistemin qurulmasından asılıdır.

 

 

Söhbətləşdi: Tural Turan

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?