Modern.az

İstanbula köçəndən sonra jurnal və qəzetlərdən zənglər gəlməyə başladı” – Rübabə Sahiblə “Şənbə söhbəti”

“İstanbula köçəndən sonra jurnal və qəzetlərdən zənglər gəlməyə başladı” – Rübabə Sahiblə “Şənbə söhbəti”

Ədəbi̇yyat

27 İyun 2020, 14:55

Şair və tənqidçi Rübabə Sahib iki ildən artıqdır ki, Türkiyədədir. Taleyini qardaş ölkə ilə bağlayıb. Orada yaşayır. Onunla söhbətimizin ana xəttini Türkiyə ədəbi mühiti, bu sahədə Azərbaycanla qardaş ölkə arasındakı fərqlər təşkil edir.

 

Modern.az-ın “Şənbə söhbəti”ndə onunla nələrdən danışdığımızı oxumaq istəyirsinizsə, monitora bir qədər də yaxın əyləşin.

 

 

-Türkiyədə ədəbi mühit Azərbaycandakından nə ilə fərqlənir?

 

-Əvvəla qeyd etməliyəm ki, mən bu müsahibədə bir yazar, ədəbiyyatçı, tənqidçi və publisist olaraq gördüklərimi, yaşadıqlarımı və müşahidə etdiklərimi deyəcəyəm. Siyasi arenada Azərbaycan və Türkiyə qardaş ölkə kimi xarakterizə olunduğu kimi, mənim üçün də biri gözümün qara giləsi, digəri də gözümün ağıdır. Buna  baxmayaraq, deməliyəm ki, hər iki ölkə genezisi etibarilə eyni kökənə sahib olsalar da, bir sıra əsaslı kulturaloji, akademik və sosial təfəkkür fərqləri qabarıq nəzərə çarpır.

 

-Məsələn, nə kimi fərqlər?

 

-Məsələn, Azərbaycanda yaşayıb, oxuyub, çalışıb ictimai təcrübə və təfəkkürü formalaşmış birisi oraya getdiyində bu və digər fərqləri rahatlıqla sezgiləyə bilər. Əlbəttə ki, bu ayrıcalıqlar  sırasında ədəbi mühitin özünəməxsusluğu da xüsusi yer tutur. Bir neçə fərqi qısaca saymağa çalışacağam, uzun-uzadı saatlarla danışmaq olar təkcə bu sual ətrafında, fəqət oxucuları yormamaq üçün əsas nüansları qeyd etmək, zənnimcə, kifayətdir. Öncəliklə, osmanlılar savaş adamları olduğu üçün onların təbiətindəki döyüşkən ruh və qalibiyyət əzmi ədəbi mühitdə öz haqqını tələb etmək və qələmə uğur predmeti kimi əzmlə sarılıb. O sahədə mütləq sayılıb-seçilən olmaq ambisiyası geniş vüsət alıb ki, bu, Azərbaycan ədəbi mühitində nisbətən daha zəif ruhda hiss olunur.

 

Məsələn, bizim gənc yazarlar yazdıqlarına ədəbiyyatın gələcəyi kimi, özlərinin gələcəyi kimi baxmırlar. İçimdən gələni yazıram tondemi ilə yanaşırlar. Orada isə yazırsa, bu işə zaman və ürək sərf edirsə, deməli, mütləq yazılan işıqlanmalıdır, çap olunmalı, tanıdılmalıdır missiyası ilə yanaşırlar. Və bu yolu keçmiş təcrübəli qələm adamları -vəzifəsindən asılı olmayaraq-  da gənclərə qarşı son dərəcə təvazökarlıqla, qayğıyla, kamilliklə yanaşır. Onları önə çəkməyə, təkan verməyə çalışırlar. Əlbəttə ki, özlərini də o gənclərin fonunda arxa planda tutmurlar. Yaşlı bir yazara vəzifə təklif edildikdə mütləq özündən daha gənc təcrübəli birini təklif edir, yaxud da özünə köməkçi seçərək onu da yerinə hazırlayır. Məncə bu, əsl kamillikdir.

 

Xüsusən də, qələmə, şeir, sənətə, ümumən ədəbiyyata elm kimi, tarix kimi, millətin təkamülünün mədəni irsi kimi çox həssas yanaşılır və millət olaraq özlərinə olan sonsuz sevgilərini öz yaradıcılıqlarına da tətbiq edirlər. Lakin Azərbaycanda uzun müddət ədəbi mühitin içində olan biri kimi deyə bilərəm ki, əfsuslar olsun  mənim vətənimdə gənc ədəbiyyat adamlarının, şair və yazıçıların əksəriyyəti özünü bu ədəbiyyatın bu günü və gələcəyi kimi möhürləmək istəmir və ya eqosuna görə bunu ifadə etmir, icraatında da göstərmir.

 

Halbuki ədəbiyyat qırxlı uşaq kimidir, hər dəqiqə ona qarşı həssas və qayğıkeş davranmaq lazımdır. Necə ki böyütdüyümüz övlad taleyimizin hərəkət mexanizmidir, eləcə də yazdıqlarımız bizim ədəbiyyatımızın gələcək taleyinin dirijorudur. Digər bir məsələ ədəbi nümunələrin redaktəsi və yayımlanmasıdır ki, burada da az-çox fərqlər özünü göstərir.

 

-Məsələn?

 

-Məsələn, mən İstanbula köçəndən bir neçə ay sonra artıq jurnal və qəzetlərdən zənglər gəlirdi ki sizin yazınızı çap etmək istəyirik. Yəni, ədəbi publika özü keyfiyyətə meyllidir. Mənim orada əmim-dayım,tanış-bilişim yoxdur ki, məni reklam etsin. Sözümün canı odur ki, orada istedadlı adam qələminin, sözünün və ürəyinin (ruh anlamında) gücü ilə sevilir, sayılır və tanına bilir. Redaktə məsələsi də önəmlidir. Belə ki, orada yazılan hər ədəbi nümunə “mənim insanıma yaraşan budur” deyərək redaktə ambulatoriyasına alınır.

 

-Sizcə bunun adı, adlandırması nədir? Yanaşma, yoxsa...?

Məncə, bu həm də baxış bucağıdır. Məsələn, biz də insanımıza yanaşma tərzinə görə əsərə fikir bildiririk. Mən şəxsiyyətinə hörmət etdiyim bir qələm yoldaşıma yazdıqlarına fikir bildirərkən əsasən redaktəsinin vacib olduğu nüansları dəyişməsinin vacibliyini ədəbiyyatşünaslıq mövqeyindən izah edəndə mənə deyir ki, içimdən gəlib yazmışam. Mən böyük ədəbiyyat yaratmaq ideyasında deyiləm ki? Halbuki bu cavab yalnışdır, orada belə deyilsə, həmən alacağı cavab budur: “o zaman get başqa işlə məşğul ol, bu yazıları da yaz özün oxu, sonra sil ya da cır at. İnsanlar bu cür səhfləri aşılamaqla həm də ədəbiyyata zərər verərsən”. Bizdə isə... (üzərindən keçir)  daha da fərqləri saymaq olar amma o da növbəti müsahibəyə qalsın hələlik.

 

-Oradakı kitab bazarı ilə buradakının ortaq və fərqli cəhətləri nələrdir?

 

-Kitab bazarı anlayışını əslində qəbul etməsəm də, əfsus ki, ifadə olaraq bu cür özünə işləklik qazanıb. Belə ki, kitabla bazar anlayışı fəlsəfi olaraq uyğun gəlmir əslində. Bununla belə, beynəlxalq arenada “pr” (tanıtım-red.) marketinq sektoru az qala evimizə, ailə münasibətlərimizə qədər daxil olduğu üçün, sövq-təbii kitabçılıq, nəşr və poliqrafiyaya da öz təsirini göstərib. Bir tərəfdən bu, insanları oxumağa həvəsləndirdiyi üçün təqdirəlayiq bir işdir, lakin digər tərəfdən kəmiyyət yönümlü olduğu üçün şuuraltında xaotik, əsasən də zərərli  məlumat bazası yarada bilir.

 

Türkiyədə kitab bazarına gəlincə isə deyə bilərəm ki, orada bu iş nəşriyyatlarda rəqabət bazarı məfhumu ilə xarakterizə olunur. Əsərləri oxunaqlıq qazanan müəlliflərə nəşriyyat mərkəzləri özləri çap təklif edir və satışdan gələn gəlirdən həm çap, həm də qazanc xərclərini qarşılamış olurlar. Müəllif də bu işdə maraqlı olur niyə? Çünki yazıçı bilir ki, nəşriyyat o kitabı satmaq üçün əsaslı reklam, tanıtım işi görəcək ki, bu da həm naşirə, həm də yazara qazanc və uğur gətirəcək. Nəşriyyatlar tanıtım, pr marketing, sosyal medya ilə iş üzrə xüsusi əmək sərf edirlər.

 

Çünki hazırda kitabın gücü içindəki əsərin ideya-bədii dəyərində deyil, o kitabın necə təqdim edilməsindədir. Məsələn, adi bir örnək, bir gənc yazarın kitabı çap olunur. Kitab gəncin öz sevgilisinə ayrılık məktublarından ibarət sevgi sözcükləridir. Fəqət, 2-3cü basqıda çap olunur əlli, yüz min tirajla. Bu, sadəcə reklam məhsuludur. Buna başqa bir ad verilə bilməz. Gələk bizim bazara: bizdə isə yazıcı öz maliyyəsi hesabına (əgər varsa) kitabını çap etdirir, özü də hansı nəşriyyatın qiyməti uyğundursa orada və özü də təqdimat hazılayır orada 30-40 nəfər dost-tanış gəlir danışır, gedəndə də bir kitab alır, vəssəlam. Belə olan halda hakim bazara çıxış necə olur bəs? Müəllif öz kitablarından hansı kitab satışı mərkəzlərinə versə, elə orada da alan olsa, o qədər. Vəssəlam. Bu da aradakı fərq!

 

Gələk oxşarlıqlara tarixi, siyasi ədəbiyyatların daha geniş kütləyə çatdırılması üçün görülən işlər təxminən ortaqdır. İldə bir dəfə kitab fuarı keçirilir. Fuarda bizim ədəbi mühit aktiv iştirak edir. Bir də bildiyim qədərilə AYB kitab layihəsi var. Çox uğurlu yanaşmadır. Çünki qardaş ölkədə də bu cür layihəşəkilli çap işləri görülür.

 

-Azərbaycanlı şair və yazıçılar niyə qardaş ölkənin kitab bazarına ayaq açmaqda çətinlik çəkirlər?

 

-Bu ilk növbədə dil məsələsidir. Hər nə qədər dillərimizoxşar olsa da, mütləq mənada ədəbi poetik dil fərqlənir. Xüsusən də gənc nəsil azəri türkcəsini anlamaqda zəiyyət çəkir. Nəzərə alaq ki, kitabqurdu olan qisim əsasən gənclərdir. Yaşlılar adətən köhnə türkcədən qalma bəzi kəlimələri anlamaqda daha mahirdirlər. Fəqət bu şeiri, əsəri tam mənasıyla anlamağa əsas vermir. Digər tərəfdən orada bəlli yazarlar var ki, onların reklamı, tanıtımı mütəşəkkil şəkildə gedir və satışları da standart ölçüdədir. Belə olan halda, orada heç kimin tanımadığı Azərbaycanlı bir yazarın şeir kitabının satılması çox da ağlabatan deyil məsləyə satış məntiqi ilə yanaşsaq.

 

Təklif edirəm ki, çoxdilli əsərlər və ya beynəlmiləl mövzulara müraciət edilsin ki, oradaki oxucu özünü, öz millətini tapmaq üçün o cür əsərləri almağa meylli olsun. Və ya elə lokal, yerli bazarda xüsusi tanıtım edib ulusal bazara tanıtımla çıxmaq lazımdır ki, oradaki oxucu öncədən bizi tanımış olub maraq göstərsin. Burada tərcümə məsələsini də göz ardı etmək olmaz əlbəttə…

 

-Türkiyədəki ədəbi mühitin bu qədər rəngli olmasının səbəbləri nələrdir?

 

-Özgerçəklik, hüzur, səmimiyyət, duyğu seli, azadlıq, ruhun coşğusu, özgüvən! Başqa bir izaha gərək yoxdur. Bizim yazarımız narahatdır, duyğusunu gizlədir, hətta yaşamır da. Daxili və xarici azadlığını hiss etmir. Ruhu çoşsa, ən çox edə biləcəyi nədir məsələn?! Özünü torpaqla, vətənlə bütünləşdirə bilməyib mənim insanım hələ də. Təbii ki, bu şair və yazıçıların, sənət adamlarının günahı deyil, qlobal anti-siyasi məfkurənin fəsadlarıdır. Bu düsturu bir çox istiqamətdə aça bilərik.

 

Fəqət, əsas olan məsələnin həllidir. Biz nəticəyönümlü, həllyönümlü olmalıyıq. Azərbaycan Yazıçıları Birliyinin üzərinə bu işdə çox böyük yük düşür. Çünki bütün qələmdaşların haqq səsini dövlətə və nüfuzunu beynəlxalq arenaya çıxaran yeganə tribuna AYB-dir. Orada isə mütləq insankeşlik, hümanizm, özgerçəkliyin ədəbi, kulturaloji ifadəsi üçün yepyeni bir meydan açılmalıdır. Çünki bizim istedadlı gənclərimiz, qələm adamlarımız həqiqətən çoxdur. Ədəbiyyatımızın 20-40  il sonra təhlilində deməyə sözümüz olmalıdır. Odur ki, zaman qələmin zamanıdır.

 

 

Söhbətləşdi: Tural Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!