Modern.az

Azərbaycanlı tərcüməçinin Liviyada “KQB” əməkdaşı ilə MACƏRALARI

Azərbaycanlı tərcüməçinin Liviyada “KQB” əməkdaşı ilə MACƏRALARI

27 İyun 2020, 21:26

Nəriman Qasımoğlu


Uzaq səksəninci illərin əvvəllərində bir müddət Qəddafi Liviyasında mütərcim işləmişəm. O zaman başıma gələn maraqlı macəraların bir qismi haqda ötənlərdə yazmışam (“Чужой среди своих, свой среди чужих...”, yaxud sovetlətin mənə verdiyi “ценный подарок”).


Həmin xatiratda Liviya əks-kəşfiyyatının həbs etdiyi dostlarımın azad edilməsində iştirakım, prosesin maraqlı ayrıntıları və sovetlərin fəaliyyətimə verdiyi qiymətə dair zarafatyana əhvalatlar da yer alır.


"Keqebeşnik dayday"


Bir daha xatırladım ki, həmin dövrdə "Atomenerqoeksport" Birliyinin Liviyada baş ofisində çalışırdım. Və əhvalatların qəhrəmanlarından biri sovet “KQB”sinin bizimlə çalışan əməkdaşı B.Kotelnikov idi. Bakıdan olan tərcüməçi uşaqlar öz aralarında onu "dayday" adlandırırdılar ki, ondan söz salanda söhbətin kimdən getdiyi bilinməsin. İndi düşünürəm bu təbəssüm doğuran "dayday" sözünün zarafat çaları həm də o zamanlar artıq barəsində lətifələr danışılan sovet rəhbəri Brejnevə, onun sisteminə münasibətdə rişxəndli ovqatla bağlı olmamış da deyildi. Zarafat bir yana, "dayday" təkcə bizi – Azərbaycandan olan ərəbşünasları deyil, elə digərlərini də boğaza yığmışdı. Hamını izləyir, hamı haqqında məlumat toplayır, bir sözlə, sovet təhlükəsizlik xidmətinin köhnədən qalma işçisinə xas vərdişlərini ahıl cağında da sürdürməyə xeyli həvəsli görünürdü… Amma o, öz işində ikən, biz də öz işimizdə idik - sorğuya tutduqlarının əksəriyyəti çalışırdı kimlərinsə nüfuzuna, işinə xələl gətirməyən məlumatlarla onun başını qatsınlar. Və bu da həyatın qanunudur ki, satqınlarsız keçinmək olmur…


Tikinti və kommersiya işlərinə cavabdeh rəhbərlik fəaliyyətimi yüksək dəyərləndirirdi. Liviyada haqqımda yaranan rəy Moskvadakı müvafiq rəhbər strukturlarda xoş qarşılanırdı. Rəy də belə idi ki, xasiyyətcə xeyli qəliz liviyalılarla mənim iştirakımla keçən təmasların həm müsbət nəticəsi olur, həm yaxşı perspektivi.


Bir dəfə baş mühasibin yerli şəraitə adekvat olmayan iş üslubu ucbatından vacib maliyyə sənədləri it-bata düşmüşdü, "Atomenerqoeksport" liviyalıların audit xidməti tərəfindən yüksək məbləğdə cərimələnməli idi və nəhəng sovet müəssisəsini bu aqibətdən şəxsi münasibətlərimə görə xilas etmişdim (bu barədə nə zamansa gərək ayrıca yazım, əhvalatın maraqlı və gülməli təfərrüatları var). Rəhbərlik məəttəl qalmışdı. İş o yerə çatmışdı ki, Sovet-Liviya hökumətlərarası danışıqlara Moskvadan gələn tərcüməçini deyil, sıravi tərcüməçi olsam da, məni cəlb etmişdilər. Tripoliyə ezam edilən iki rus rəssamı - Andrey Kuznetsov (Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, dövlət mükafatı lauretı, SSRİ Nazirlər Soveti mükafatının laureatı) və Anatoliy Sadçikov məndən xahiş etmişdilər işdən kənar vaxtımda poza verim portretimi işləsinlər. Birinci yağlı boya ilə, ikinci isə karandaşla portretimi çəkdi.


Və bütün bunlar "dayday"ın şahidliyi ilə baş verdiyinə görə mənimlə başqalarına nisbətən məsafəli davranırdı. Onu da hiss edirdi ki, ən müxtəlif iş bəhanələri ilə onunla təmaslardan boyun qaçırır, yaxamı ələ vermirəm. Demə, "dayday" da qayğılanırmış, necə ola bilər axı, bu iyirmi beş yaşlı növcavan həm rəhbərliyin nəzərində yaxşı olsun, həm sıravi işçilərlə isti münasibət saxlasın, həm də hörmətli qalaraq özünü “keqebe”dən kənar şax tutub "kef eləsin".


"Dayday"ın əməliyyatı pozulur


Bir gün mənə yaxınlaşır:


- Bir əməliyyat var, mütləq sən iştirak etməlisən.


- Xarici əməliyyatdır? Yəni vətən naminədir, Sovet-Liviya münasibətlərinə dair ciddi məsələdir?


Bic-bic baxır, özündənrazılıqla üzünə təbəssüm qondurur:


- Xarici əməliyyatı boş ver getsin, başqa işdir.


- Nə iş?


- Bu Prokopçuk var ha, sənin dostun Anatoli, onun haqqında əməliyyat məlumatı daxil olub. Deyirlər, bizimlə əlaqələndirici qismində çalışan Liviyalıdan hansısa işə görə qızıl üzük istəyib. Bu, rüşvətdir. Həmin ərəb sabah ertədən Sovet İqtisadi Əlaqələr Komitəsinin Tripolidəki ofisinə gələcək. Onunla söhbət edərsiniz, sənin yanında kadrlar şöbəsinin əməkdaşı da olacaq. Qızıl üzük məsələsini təsdiq edib-etmədiyini sonra mənə danışarsınız, - bunu söyləyəndə amiranə tonu da sezdirməyə çalışır.


Anatoli kommersiya şöbəsinin əməkdaşıdır, hər gün təmasda olduğum bu şəxslə çox yaxın münasibətimiz yaranıb. Rüşvət məsələsini tam istisna edirəm. Əvvəla, mənəviyyatlı və təcrübəli şəxsdir, səlahiyyət sahibi də deyil ki, hansısa məsələni təkbaşına həll etsin - kommersiya şöbəsinin sıravi əməkdaşı kimi rəhbərliyin tapşırıqlarını sadəcə yerinə yetirməklə məşğuldur. İkincisi, həmin o əlaqələndirici Liviyalı çox nadir hallarda bizim ofisdə görünür, gələndə də təlimata görə yalnız kadrlar şöbəsinin işçiləri ilə görüşür. Görəsən, o ərəbi nə yollasa çaşdırıb oyuna qatmayıblar ki? Özü də əməlli-başlı savadsızın biri. Bəlkə kimsə Anatolini ləkələyib yerinə öz adamını gətirmək istəyir? Xaricdə işləmək, xarici valyuta ilə yüksək maaş almaq qapalı bir ölkədə yaşayan çoxlarının arzusu idi... Fikirləşirəm, Anatoli heç nədən bunların güdazına getsə, karyerası ilə birdəfəlik üzülüşməli olacaq. Hələ mənim də bunda iştirakım olsa, di gəl ömrün boyu vicdan əzabından qurtul görüm, necə qurtulursan...


"Dayday"a müxtəlif bəhanələr gətirirəm məndən əl çəksin. Sabah xeyli yüklü olacağımdan, yazı işlərimin bolluğundan danışıram; bir-iki sözün tərcüməsi elə də çətin şey deyil, başqa kimi istəyirsə bu işə cəlb edə bilər və s. Əl çəkmək fikri yoxdur. Nəhayət, məcbur qalıb yalnız bunu deyə bilirəm:


- Tolya ilə yaxın dostam, bu işi bacarmayacağam. Qoyun başqası iştirak etsin.


Qır-saqqız olur:


- Yox, elə məhz sənin iştirakın tələb olunur.


Əlbəttə, başa düşürəm, bu zalımın məqsədi təkcə Anatoli ilə məsələni aydınlaşdırmaq deyil. Belə olsaydı, nə çox başqa tərcüməçi. İstəyir, fürsət düşmüşkən, məni də sındırılmışların siyahısına salsın.


- Rəhbərlik də məlumatlandırılıb, sabah saat 9-da sürücümüz səni gözləyəcək, onunla gedərsən, nəticəni sonra müzakirə edərik. Özün haqqında da fikirləş, - deyib aralanır.


Sonuncu ifadəni xüsusi vurğu ilə söyləyir.


Bütün gecəni fikir içindəyəm. Əgər həmin ərəb Anatoli ilə bağlı qızıl üzükdən söz salsa, zavallının həyatı alt-üst olacaq. Danışıqdan mənim prinsipial imtinam da vəziyyəti dəyişməyəcək. Belədə onsuz da başqa bir tərcüməçini cəlb edəcəklər. Və mənim vicdan əzabından xilasolma perspektivimdə o da var ki, gələcəkdə xaricə səfərlərimə əngəllər yaranacaq və bu əngəlləri "dayday"ın "xeyir-duası" ilə, şəksiz, “keqebe” işə salacaq. Tolyanın, necə deyərlər, "kitabı" isə hər iki halda bağlanır. Elə bu əzablı fikirlər içində özlüyümdə qərar verirəm "dayday"ın əməliyyatını necə olursa gərək pozum…


Səhər ertədən sürücümüz məni Sovet İqtisadi Əlaqələr Komitəsinin Tripolidəki ofisinə gətirir. "Dayday"ın mənə qoşduğu kadrlar şöbəsi əməkdaşının kabinetində əlaqələndirici Liviyalını gözləyirik. Saat 10-na qalıb, o da 10-da gəlməlidir. Hər şeyi öz-özlüyümdə guya yerli-yataqlı, əslində isə sadəlövhcəsinə planlaşdırmışam: ya həmin ərəbi imkan olsa dəhlizdə qarşılayıb deməliyəm qızıl üzük barədə, necə deyərlər, mumlansın, artıq-əskik danışmasın, ya da birbaşa kabinetə girəcəyi təqdirdə hal-əhval tuta-tuta sözarası astadan deyəcəyəm "o şeyin adını tutma". Nəzərə almışam ki, "dayday"ın tapşırığı ilə söhbətdə iştirak edəcək əməkdaş ərəbcəni bilməsə də, "üzük" sözünün ərəbcəsini hər ehtimala qarşı əvvəlcədən öyrənmiş olar.


10-na beş dəqiqə qalmış otaqdan çıxıram. Əməkdaş niyə çıxdığımı soruşur. Ayaqyoluna getdiyimi deyirəm. Dəhlizdə o baş-bu başa var-gəl edəndən sonra ayaqyoluna girib bir-iki dəqiqə qalandan sonra qayıdıram həmin otağa. Həyəcanlıyam. Bu zalım harada qaldı? Fikrim o ərəbdə, həyəcanımı da gizlətmək üçün gözlərimi dikmişəm qarşımdakı masanın üstündəki qəzet parçasına, guya çox maraqlı nəyi isə diqqətlə oxuyuram. Hövsələsizəm. Bayaq dəhlizdə enli bir masa üstündə yan-yana düzülü qəzet dəstlərini görmüşəm. Yenə də qalxıb kabineti tərk edirəm, həmin qəzet dəstlərindən birini götürüb vərəqləyirəm. Bir gözüm də dəhlizin qapı olan başında. Baxıram “kadrovik”imiz şübhəli-
şübhəli mənə yaxınlaşır ayırd etsin ki, bu dar macalda nə həşirdir, adam otaqdan tez-tez çıxır, içəridə də, dəhlizdə də qəzet oxuyur.


Özümü o yerə qoymuram:


- Bax burada bir yazı var, gərək mütləq tərcümə edib göndərim Moskva qəzetlərinin birinə çap etsinlər…


Heç maraqlanmır da nə yazıdır, dönüb gedir, mən də az sonra arxasınca daxil oluram onun kabinetinə. Saat 10-dan on-on beş dəqiqə keçib. "Kaş gəlməyəydi" deyə ürəyimdə dua edirəm.


- Sizin Liviyalı əlaqələndiriciniz gələsi olmadı deyəsən, - deyirəm.


Elə bu vaxt otağa "Atomenerqoeksport"un Liviyada kommersiya işləri üzrə müdiri Vladimir Fokin daxil olur, məni görüb:


- Bankda təcili işimiz var. Moskvadan tələb edirlər. Köçürmələr ləngiyir. Hazırlaş gedək.


Rəsmən tabeliyində olduğum şəxsdir. Münasibətlərimiz də əladan əla. Ümumiyyətlə xasiyyətcə xeyli mülayim Vladimir Vladimiroviç hamı ilə mehriban dolanır. Tolya da onun işçisidir. Qəfil gəlişi və əsas işimizlə əlaqədar mənə getmək istəyini dərhal o mənada fürsət kimi dəyərləndirirəm ki, bu kommersiya müdirini, gözəl insanı ən fərqli bəhanələrlə 5-10 dəqiqə bayırda yubada da bilərəm. Həmin müddətdə əlaqələndirici ərəb gəlsə, onu küçədə qarşılayıb sözümü deyəcəkdim. Yaxud sonra gəlsə, onu başqa tərcüməçi vasitəsilə dindirəcəkdilər. Kabinetdəki əməkdaş da Fokinlə danışığımızı eşidir. Qalxıram, həmin əməkdaşa deyirəm B.Kotelnikova çatdırsın vacib dövlət işi ilə əlaqədar Fokinlə gedəsi oldum. Bir söz demir. Fokinlə bayıra çıxanda ona təklif edirəm işimiz tələsik deyilsə, üzbəüz səkidəki kafedə dondurma yeyib gedərdik. Razılaşır. Oradan məlum ofisin qapılarını aşkar görürəm. Və artıq məndə əminlik yaranmaqdadır ki, həmin o əlaqələndirici Liviyalı nəzərdə tutulan görüşə gəlməyəcək.


Günortadan xeyli keçib, işlərimizi görüb geri qayıtmışıq. "Atomenerqoeksport"un ofisindəyik. Öz otağıma gəlirəm. "Dayday" içəri girib məni kabinetinə çağırır. Qapını arxadan örtüb səsini qaldırır:


- Deməli, məqsədinə çatdın, əməliyyatı pozdun, eləmi?


Hiss edirəm bu səhər onun mənə qoşduğu əməkdaş da haqqımda olan şübhələri, Liviyalını gözləyərkən özümü necə apardığımı təfərrüatı ilə ona danışıb. Kəsdirə bilmirəm, əməliyyatı qəsdən pozduğuma qəti bir əminliyimi var, şübhəsimi yaranıb… Hətta kommersiya müdiri Fokindən də şübhəlidir, onunla haralara getdiyimi də qəzəbli bir təkidlə soruşur. İçim sakitdir, üstümdən elə bil ağır yük götürülüb. "Dayday"ın əsəbiləşməsindən də rahatlıq tapıram, "yaxşı oldu, sənə bu da azdır" - deyə düşünürəm. Özünə də:


- Barəmdə xüsusi bir yoxlamanı həyata keçirib əməliyyatı məhz mənim pozub-pozmadığımı şəxsən müəyyənləşdirə bilərsiniz. Peşəkarsınız, agenturanız olmamış deyil, əlaqələrinizdən istifadə edib hər şeyin necə baş verdiyini aşkarlaya bilərsiniz, - deyirəm.


- Bəli, mümkün olan hər şeyi edəcəm, - pərtliyi açıq-aşkar sezilir .


Əməliyyatın isə necə pozulmağından həqiqətən xəbərim yox. Səbəbi heç maraqlandırmır da. İstədiyim baş verib. Tolyanın da üstündən şübhələr götürülüb, işinə davam edir. "Dayday" isə bir tərəfdən əlimdən dəmir çeynəyir, digər yandan rəhbərliyin haqqımda xoş sözlərini eşitmək zorundadır...


Heydər Əliyevə arxalanan gənc azərbaycanlı mütərcim


Bu arada Bakıya bir aylıq məzuniyyətə gəlmişəm. 1981-ci ilin may, yaxud iyun ayıdır. Qasım Qasımzadə yazıçıların Şüvəlan yaradıcılıq evində Heydər Əliyevlə görüşündən mənə söhbət açır. Onun natiqliyindən, "Nə olar, qonşularımız kimi millət yolunda siz də bir yol cızığınızdan çıxın, uzaqbaşı bir partiya töhməti alarsınız, sonra da bu töhməti üstünüzdən silərik gedər" - deyə Azərbaycan yazıçılarını "milli qeyrətə" çağırışlarından danışır. Heydər Əliyevlə şəxsi təmaslarından bəzi epizodları da mənə xatırladır. Azərbaycanın rayonlarına onu səfərləri zamanı müşayiət edərkən aralarında bir neçə dəfə maraqlı söhbətləri olmuşdu və bu söhbətlərin başlıca mövzusu millət məsələsi imiş. Yüksək partiya və dövlət postunu tutan şəxslə bu təmaslarından Qasım müəllim o dərəcədə təsirlənmişdi ki, deyirdi "Heydər Əliyevi qorumaq lazımdır, Moskvada bizi gözügötürməyən o qədər adam var ki..." Şüvəlan yaradıcılıq evində Heydər Əliyevin yazıçılarımıza müraciətlə "Cənubi Azərbaycanda soydaşlarımızın milli-azadlıq mübarizəsinə dəstək üçün biz də üzərimizə düşən işi görməli, cənublu qardaşlarımızı lazımi ədəbiyyatla təmin etməliyik" sözləri də onun şəxsiyyətinə məndə rəğbət oyatmışdı. Rəğbətimi artıran az müddət sonra Liviyaya qayıtdığımda Qasım müəllimdən aldığım məktub idi. Yazırdı: "…Buradakı hadisə və yenilik Yazıçılar İttifaqının qurultayı oldu. Təəssüf ki, açılışında iştirak edə bilmədim. İkinci gün çıxışlar maraqlı keçdi. Məruzələr o qədər də sanballı deyilmiş. Elçininkini tərifləyirlər. Mənim də bir neçə dəfə adımı çəkibmiş (müsbət mənada). Sənin adın da ərəbcədən yeganə tərcüməçi kimi məruzəyə düşüb, təbrik edirəm. Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün günü, gecə seçki qurtaranadək qurultaydan getmədi. Kaş onun çox böyük müdrikliklə dediyi sözləri, replikaları eşidəydin. Dedi ki, millətin, xalqın mənafeyi yolunda yazıçılar, xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq göstərsinlər. Füzulinin qəbrinin İraqda sökülüb sümüklərinin bir küncə yığılması ilə əlaqədar çox qəzəbli danışdı, dedi ki, orda-burda millətdən danışırsınız, ancaq işə gələndə fəaliyyət göztərmirsiniz (Q.Qasımzadə məktubunun bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə xalq şairi və yazıçısının adını çəkir - N.Q.). Hamıda böyük ruh yüksəkliyi yarandı. Başqa vacib mətləblərdən də ehtirasla danışdı…"


Məzuniyyətdən Liviyaya qayıtdığım gün H.Əliyevə dair Bakıda eşitdiklərimi mənimlə çalışan azərbaycanlı tərcüməçilərə danışıram. Tərcüməçilərdən biri mənim kurs yoldaşım A. idi. Atası, sonralar özü də DTK zabiti olan A. hazırda təqaüddədir. Mən H.Əliyevlə bağlı xoş təəssüratlarımı, o isə özü ilə H.Əliyevin portretini gətiribmiş Liviyaya. Ondan həmin portreti alıb surətini çıxardıram. Belə qərarlaşırıq ki, tərcüməçilərin mənim də əyləşdiyim otağında stolumun başı üstündə həmin portreti divara vuraq. Uşaqlara deyirəm:


- "Dayday" da qoy öz payını götürsün, bizi arxasız bilib yeri gəldi-gəlmədi ilişməsin bizə.


H.Əliyevin portretini vururam ofisdəki otağımızın divarına. Otağa girib-çıxanlar portretə baxıb susurlar. Ancaq fərqindəyəm ki, bu qədər Politbüro üzvləri arasında yalnız onun şəklinin otağımızda olmasını milli təəssübkeşlik kimi dəyərləndirməyə də bilməzlər. Otağımıza ara-sıra baş çəkən "dayday" da portreti narazı-narazı süzür, amma heç nə demir. Uşaqlara göz vururam ki, baxın "dayday"ı belə oturdarlar yerində. Nə deyə bilər, hünəridir Politbüro üzvlüyünə namizədin şəklinə etiraz etsin.


Bir neçə gün keçir. Səhər işə gələndə görürük portret yerində deyil, çıxarıblar. Olsun. Surəti ki, var, təzəsini vurarıq. Yenə çıxarırlar. Yenə də vururuq, yenə də gizlicə çıxarırlar. Bilirik "dayday"ın işidir. Məsləhət görürəm H.Əliyevə qısqanmasınlar deyə portretinin yanında Brejnevinkini də vuraq, bəlkə belədə sakitləşələr, portretə toxunmazlar. Edirik və ertəsi gün qarşılaşdığımız bu olur ki, H.Əliyevin portretini çıxarıblar, Brejnevin portreti isə yerindədir. Uşaqlar zarafatla:


- Hünərin var indi sən də Brejnevin portretini çıxar.


- Narahat olmayın, Brejnevin portretini divara mismarlamamışıq, skoçla vurmuşuq, mane olmayaq, bir müddətdən sonra özü düşəcək... İradəmizi dolayısı ilə olsa da, ifadə edə bildik, bu qədər də kifayət edər, - deyə özümə də, dostlarıma da təskinlik verirəm.


…"Dayday" da ki, əleyhimizə kompromat toplamağındadır. Bir səhər işə gecikmişəm. Tapşırıqların öhdəsindən yaxşı gəlirəm deyə irad tutan da yox. Günorta fasiləsindən sonra deyirlər Oleq Davıdov gəlib Moskvadan, səninlə görüşmək istəyir. Oleq Dmitriyeviç o zaman "Atomenerqoeksport"un rəhbərlərindən biri idi. Sonralar Yeltsinin hakimiyyəti dövründə Rusiyanın Xarici İqtisadi Əlaqələr Naziri işlədi.


Görüşürük. İşə nə səbəbə gecikdiyimi soruşur. Hiss edirəm, soruşmağında bir ciddilik yox, bilirəm, mənə qarşı rəğbətlidir, haqqımda hər zaman xoş danışan da çox zaman odur. Amma təəccüb qalıram nə əcəb ondan, məni qınayırmış kimi sorğuya tutub?!


- Yuxuya qalmışam, axşam işdən sonra karate məşqlərim olub, yorğun yatmışam, - deyə izahat verirəm.


Deyəsən karate söhbəti maraqlandırıb onu:


- Karate ilə niyə məşğul olursan?


Zarafata salıram:


- Karate ilə məşğul oluram ki, yeri gələndə kiməsə qarşı istifadə edə bilim.


- Axı kimə qarşı? Ümid edirəm özümüzünkülərə qarşı olmaz, yadların əleyhinə olar, - deyib gülümsünür.


- Yox, elə özümüzünkülərin də əleyhinə olar, işə gecikməyimi kim sizə satıbsa, konkret olaraq ona yaxşı bir karate zərbəsi endirərdim, - daydaya söz zərbəsini arxasınca da olsa endirmişəm deyəsən.


İstəyir üzünə ciddi ifadə versin, alınmır:


- Görürəm çox ərköyünsən, sizdə yazıçılar uşaqlarını belə ərköyün böyüdürlər? Kimə belə arxalanırsan?


Cavabım hazırdır, bir qədər də hərbiçi intonasiyası ilə:


- Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyeviçə, - deyirəm.


Məni mənalı-mənalı süzüb mövzunu dəyişir. Aydındır ki, məqsədi heç də məni danlamaq yox, vacib bir iş üçün danışıqları müzakirə etmək imiş. Bir daha mənə çatır ki, Davıdovun da gözündən məni salmaq istəyi "dayday"dan gəlir.


"Dayday" pərt olur


Davıdovla maşına elə təzəcə minirik ki, "dayday" ona yaxınlaşıb bizimlə getmək istədiyini deyir, Tripolidə filan ünvana çatdırmağımızı xahiş edir. Yolboyu üçümüz də sakit oturmuşuq. Sükutu "dayday" pozub Davıdova şikayətlənir ki, işçilərin arasında xeyli adam var "Amerikanın səsi" radiosuna qulaq asır. Davıdov da "dayday"ı pərt edib deyir:


- Axı harada, hansı sənəddə yazılıb ki, "Amerikanın səsi"ni dinləmək yasaqdır? Çalışın adamlarımızı boş-boş şeylərin üstündə pisikdirməyəsiniz, bu adamları istedadlarına görə seçib uzaq vətəndən buraya göndərmişik, onlar da milyonlarla valyuta qazandırırlar hökumətimizə, siz isə belə iradlarınızla ümumi işimizə mane olursunuz.


"Dayday" susur, mən də ləzzətlə düşünürəm "nə yaxşı, bir qolu da "dayday"ın qapısından Davıdov keçirdi, özü də mənim səssiz azarkeşliyimlə". Sonralar müstəqillik illərində O.Davıdov Rusiya demokratlarının tərkibində hökumətdə nazir postuna təyin ediləndə onun hələ çox-çox öncə başqalarına nisbətən xeyli azaddüşüncəli bir şəxs olduğunu və həmin epizodu xatırlamışdım.


... Liviyada iki illik müqavilə müddətimin bitməyinə təxminən 2 ay qalıb. Bir gün "dayday" məni kabinetinə dəvət edir. Kefi əməlli-başlı kökdür. Deyir:


- Eşitmişəm, dostun İ. (azərbaycanlı mütərcimlərdən biri) sovetlərdən gətirdiyi fotoaparatını bir ərəbə satıb. Özün də yaxşı bilirsən, xaricdə işləyənlərin fəaliyyətinə dair təlimata zidd hərəkət edənin cəzası var. Dostun İ. söhbətin bizimkilər arasında yayıldığını bilən kimi səndən xahiş edib öz fotoaparatını ona verəsən sorğulansa, yalandan desin elə bir şey olmayıb, səninkini göstərib yaxasını ələ verməsin ki, baxın, bu da mənim fotoaparatım.


Fikirləşmədən dərhal:


- Boş söhbətdir, - deyirəm.


"Dayday" şaqqanaq çəkir. Sonra irişə-irişə:


- Əzizim mənim, sən ciddi oğlansan, danmağın yeri yoxdur, bir işdir də olub-keçib, səndən sadə bir şey xahiş edəcəyəm, özü də işimizin deyil, dostluğumuzun xatirinə, sən də xahişimi yerinə yetirəcəksən, hər şey yaxşı olacaq, darıxma.


- Nə xahiş?


- Narahat olma, şəxsən İ.-nin əleyhinə səndən ifadə vermək tələb olunmur. Sadəcə, bir kağız parçasına yazacaqsan ki, mənim fotoaparatımın nömrəsi filandır, vəssəlam!


İ.-nin Azərbaycanda xatirəsi əziz tutulan mərhum atasından söz salıram, deyirəm belə bir hörmətli ailənin övladıdır, fotoaparatını da, bildiyimə görə, satmayıb, nə isə başqa bir şeylə dəyiş-düyüş eləyib, bu xırda məsələdən ötrü onu cəzalandırmaq da ədalətdən deyil.


- Yox, cəzasını mütləq çəkməlidir, qoy bundan sonra ömrü boyu sovet rublu ilə yaşasın, valyuta üzünə həsrət qalsın, - deyir. İ.-ni "nevıezdnoy"ların (xaricə buraxılmayanların) siyahısına salacağam.


- Axı nəyə görə?


- Bu gün bir əşyasını xarici vətəndaşa satan sabah ölkəsinə də xəyanət edər.


O zamanlar sovet ölkəsinə "xəyanət edənlər" də əsasən SSRİ-dən qaçıb Qərbdə sığınacaq tapanlar olurdu. Deyirəm:


- Xahiş edirəm məhz bu məsələdə ünvanı qarışıq salmayasınız. Bizimkilər (azərbaycanlıları nəzərdə tuturam) ailələrinə çox bağlı olurlar, elə bu bağlılıq yetər ki, ölkəsini qoyub başqa yerdə həyat axtarmasınlar. İ.-lə filankəsi lütfən bir tutmayın!


“Dayday" möhkəmcə tutulur.


İndi həmin o filankəsin adı yadımdan çıxıb. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin bizimlə çalışan, ixtisasca fizik olan oğlu idi, həyat yoldaşı və körpəsi ilə atom mərkəzinə bir illik ezamiyyətə gəlmişdi. Bir neçə həftə əvvəl müqaviləsi bitdiyinə görə ailəsi ilə Tripolidən Moskvaya uçacaqmış. Biletlərini qəsdən Vyana üzərindən tranzit sərnişin kimi alıbmış. Təyyarə Vyanada enən kimi aeroportda dərhal polis məntəqəsinə gedib Qərbdən siyasi sığınacaq istədiklərini bəyan ediblərmiş. Atası Moskvanın Vnukova aeroportunda hökumət avtomobili ilə Vyanadan enən həmin təyyarənin trapınadək gəlibmiş. Elə oradaca oğlunun siyasi sığınacaqla bağlı Qərb dövlətlərindən birinə (gərək ki, ABŞ olsun, çünki əvvəllər orada bir müddət təcrübə keçibmiş) müraciət etdiyi xəbərini ona çatdırıbmışlar, yüksək vəzifəli zavallı ata bu xəbərdən sarsılaraq oradaca ürəyini tutub yıxılıbmış. Sonra da təbii ki, öz ərizəsi ilə vəzifəsindən gedibmiş...


"Dayday" pərtliyindən bilmir nə cavab versin. Zəif yerindən yapışmışam deyəsən:


- Necə olur, belə bir xəyanətkar gözünüzdən yayına bilir, İ. kimi saf oğlanı gözümçıxdıya salırsınız.


Birdən:


- İ.-ni də sizinkilərdən biri satıb, - deyib düz gözümün içinə baxır.


Doğru deyir, razılaşıram. Və çuğulçunun kimliyini də dəqiq bilirəm... Xatırlayıram İ. məndən fotoaparat istəyi ilə yanıma gələndə soruşmuşdum ki, mənə bu xahişlə müraciət edəcəyini kiməsə demişdimi. Azərbaycanlı tərcüməçilərdən birinin adını çəkmişdi. Onu buna görə qınasam da, sözünü, əlbəttə, yerə sala bilməzdim... İndi "dayday" da donosçunun milli kimliyinə işarə vurmaqla məni pərt etmək istəyir, həm də az əvvəl ona dediyimin acığını çıxır. Nə isə... "Dayday"a deyirəm:


- Yəqin sizin İ.-dən başqa da hədəfiniz var və yəqin o da mənəm. Ona görə, arxayın olun, heç bir kağız-filan yazan deyiləm.


Karyeramla risk etdiyimi hirslə xatırladır. Məni də, sözün açığı, qəzəb bürüyüb, hirslə "tüpürüm belə karyeraya" deyib otaqdan çıxıram.


Məni vətənə Şimal küləyi yola salır


…Vətənə qayıtmağıma lap az - cəmi bir ay qalıb. Bir gün A. otağıma gəlib deyir:


- “Dünən axşam “dayday" məni şam yeməyinə dəvət etmişdi. Yeyib-içirdik. Dəm idi. Birdən şaqqanaq çəkərək dedi Nəriman da yekə oğlandır, bir eşşək nədir ki, onu minə bilmədi. Nə məsələdir?


Yerimdə quruyub qalıram. Şoka düşmüşəm. Deməli, təxminən altı ay əvvəlin əhvalatıdır. Liviyada istirahət günü olan bir cümədə Aralıq dənizi sahilinə yaxın ərazidə yaşadığım yeri təkbaşıma tərk edib payi-piyada üz tutmuşdum səhraya, yorğunluğum-filan canımdan çıxsın deyə tənhalıqda bir az vaxt keçirmək istəyirdim. Qarşıma çıxan portağal bağında dincəlmiş, portağallardan yeyə-yeyə uzaqlıqda görünən başqa yaşıllıqlara doğru yol alıb getmişdim. Yolda qabağıma qoyun-keçi sürüsü çıxmışdı, yerli çobanla hal-əhval tutub söhbətləşmişdim. Sonra yoluma davam edərkən bir eşşək görmüş və çox istəmişdim bu eşşəyə yaxınlaşıb minim, bir az sürüm, kefim açılsın. Eşşəyə yaxınlaşdıqca məndən qaçmışdı. Anlamışdım ki, minə bilməyəcəyəm, əziyyət çəkməyə dəyməz. Qum üstə bir az da dincəlib gəldiyim yolla geriyə dönmüşdüm. İndi məlum olur, demə, "dayday" məni hətta istirahət günü də qarabaqara izlətdirirmiş. Özü də elə bir yerdə ki, arxanca kimin gəldiyini lap uzaq məsafədən görmək olardı. Bunu o necə edib, məəttəl qalmışam. A-ya bunu danışıram, o da dəhşətə gəlir: bu qədər çalışasan, səni rəhbərlik bu qədər tərifləyə və sən bu qədər etibarsız olasan ki, hər addımını izləsinlər.


... Bir-iki həftə sonra müqavilə müddətim bitir. İdarəmizin kommersiya rəhbərliyi xahiş edir razılıq verim müqaviləmi uzatsınlar. Razılaşmıram. Əslində yorulmuşam, Bakı həsrətilə geriyə dönüşümə qalmış günlərimi sayıram.


Kommersantlardan biri mənə:


- Onda razısansa, qoy bizdən də sənə gördüyün işlərə mükafat olsun, partiyaya daxil olman üçün zəmanət verək. Bilməmiş olmazsan, xaricdə verilən belə zəmanətin tarixi dəyəri də var, - deyir.


Minnətdarlığımı bildirirəm.

…Getməyimə bir-iki gün qalıb, zəmanətdən xəbər yox. Məlum olur ki, zəmanət yazılıb, zəmanətin təsdiqinə "dayday" “keqebe” vasitəsilə qətiyyətlə maneçilik göstərir. Qərarlaşdırıram məsələnin nə yerdə olduğunu məhz özündən soruşum. Üzündə kədərli ifadə var, deyir:


- Əzizim mənim, məsələ burasındadır ki, sənə münasibət heç də birmənalı deyil… Haqqında ikili rəy var.


Heç soruşmuram da səbəbi nədir bu ikili münasibətin. Bilirəm, əslində. Nələrisə üzə vurub giley-güzarlı müzakirə açaraq məsələmi həll etmək fikrindən dərhal vaz keçirəm. Möhkəm incimişəm. Və təkcə xidmətlərimin mahiyyəti üzrə qiymətləndirilməməsinə görə yox. “Dayday”a şəxsən bir yaxşılığım da keçib axı.


...Bir dəfə mənə bir işi düşmüşdü. Xidməti avtomobili bir Liviya vətəndaşının avtomobili ilə toqquşmuşdu. Tripoli avtomobil müfəttişliyində onu haqsız çıxarmışdılar. Həm özünün, həm də vurduğu avtomobilin təmir xərcləri onun öhdəsində idi, amma bunu mühasibatımıza ödətmək istəyirdi. Xeyli ahıl yaşda olan baş mühasibimiz bəlkə yeganə şəxs idi ki, “keqebeşnik”dən qətiyyən çəkinmirdi. Mənə isə çox isti münasibəti vardı. Həm gündəlik etimadını qazanmışdım, həm də başlanğıcda qeyd etdiyim texniki səbəbdən onun bir uğursuz işinə görə müəssisəmiz Liviyanın audit xidməti tərəfindən milyonluq cərimədən yaxa qurtarmışdı. Mənə dəhşətli dərəcədə inanırdı. Bunu yaxşı bilən “dayday” nə xahiş etsə yaxşıdır?


- Sən gəl mənə belə bir yaxşılıq elə. Ümumi işimizə-filan aid deyil. Niyə axı avtomobillərin təmirinə görə öz cibimdən xərc çəkməliyəm. Baş mühasib ancaq sənə inanır. Deməli, belə. Təmir işinə görə Liviya şirkətindən alacağım maliyyə sənədini ona verəndə deyərsən ki, bizim ofisin avtomobillərinə texniki xidmət xərclərinə aiddir. Qoy hökumət çəksin bu xərci, mən yox.


- Axı o kişi mənə çox inanır, necə aldadım onu? Vicdanım qoymaz, Boris İvanoviç, bacarmaram.


- Əşi, qəribə oğlansan e. Nə çətin işdir, 120-130 dinarlıq xərcdir, qoy hökumət çəksin də bu xərci, niyə cibimdən verməliyəm pulu?


Xeyli dilə tutur. Naəlac qalıb mənə inanan baş mühasibə vicdanım sızlaya-sızlaya həmin yalanı deyirəm...


"Dayday"ın şəxsimə aid guya ümumi rəhbərlikdə formalaşmış ikili münasibətlə bağlı söhbəti həmin o yalana qol qoyduğum epizodu da xatırladır mənə. Bəlkə də haqlıdır deyə düşünürəm. Etibarını qazandığım mühasibi aldatdığıma görə bir daha özümü qınayıram.


Kommunist partiyasına daxil olmaq üçün vəd edilən zəmanətin necə əngəllənməsini və ikili münasibət söhbətini “dayday”ın bir neçə ay öncə uğursuz əməliyyatına tuş gəlmiş dostum Anatoliyə danışıram. Qüssəli-qüssəli soruşur:


- Görəsən haradan əsir bu soyuq küləklər?


Acı bir təbəssümlə çiynimi çəkirəm. Ürəyimdən keçsə də, Anatoli ilə dostluğumuzun xatirinə deyə bilmirəm bu soyuq küləklər Şimaldan əsir...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir