Modern.az

Hacıbala Abutalıbovdan yeni sərəncam

Hacıbala Abutalıbovdan yeni sərəncam

25 May 2012, 10:26

Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtda yerləşdirilən reklamların təkmilləşdirilməsi haqqında yeni sərəncam verib. Modern.az-ın məlumatına görə, sərəncamda küçə reklamları ilə bağlı müxtəlif məsələlər, həmçinin bu reklamların Bakı şəhərinin zonaları üzrə müəyyən standartlara uyğun qurulması yer alıb.

Bildirilir ki, 01 aprel 2012-ci il tarixdən etibarən Bakı şəhərinin mərkəzi küçə və prospektləri olan Bakıxanov, Rəşid Behbudov, İstiqlaliyyət, Niyazi, Zərifə Əliyeva, Azərbaycan, Hüseyn Cavid, Tibilisi, Bülbül, Parlament, Azadlıq, Vaqif, İnşaatçılar və Neftçilər prospektində əlavə ayrıca dayaqlı reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi ( müstəsna hallar istisna olmaqla ) dayandırılsın.

Eyni zamanda paytaxtın A zonasında yerləşən küçə və prospektlərdə (1-ci bənddə göstərilən ərazilər istisna olmaqla) yeni ayrıca dayaqlı reklam daşıyıcılarının yerləşdirilməsi zamanı yalnız müasir görkəmli, maksimum ölçüsü 10 kv.m olan ayrıca dayaqlı reklam daşıyıcılarının (müasir dizaynlı, xarici kənar hissələri isə bütöv materialdan olan, hərəkətli və ya sabit ayrıca dayaqlı reklam daşıyıcıları) yerləşdirilməsinə icazə verilib.

Bakı şəhərinin B zonası üçün isə yerləşdirilən küçə reklamlarının  və dayaqlı reklam qurğularının maksimum ölçüsü 15 kv.m müəyyən olunub.

Sərəncama görə, paytaxtın mərkəzi küçə və prospektlərində mövcud olan ayrıca dayaqlı qurğuların müasir görkəmli qurğularla əvəzlənməsi istiqamətində reklam yayıcıları ilə aparılan birgə işlər davam etdiriləcək və şəhərdə gedən inkişaf prosesləri ilə paralel olaraq daha müasir, yüksək texnologiyalı konstruksiyalarla (elektron tablo, daxildən işıqlandırılan skroller tipli, sabit və s.) əvəzlənməsi, reklam daşıyıcılarının mülkiyyətçilərinə tövsiyyə olunacaq.

Sərəncamda o da bildirilir ki, şəhərin mərkəzi küçə və prospektlərində yerləşdiriləcək reklam daşıyıcılarının rəngli layihəsi və dizaynı Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi tərəfindən təsdiq olunmalıdır. Reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcıları ilə bağlanan müqavilələrin qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinin pozulması və yaxud reklam sahəsində mövcud qanun, qayda və digər hüquqi-normativ aktların pozulması halları baş vermədiyi təqdirdə, habelə keyfiyyətli xidmət və müasir reklam daşıyıcılarına malik reklamyayıcılar ilə müqavilələrin uzadılması və uzun müddətli müqavilələr bağlanması səlahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə verilib.

Eləcə də təsərrüfat subyektlərinin istifadəsində olan reklam qurğularının müasir standartlara cavab vermədiyi təqdirdə həmin subyektlərə yeni qurğuların əldə olunması tövsiyyə olunub və reklam yayımına icazə müddətinin artırılması zamanı bu məsələ nəzərə alınacaq.

Reklam yayımına icazə verilməsi zamanı, yerləşdiriləcək reklam daşıyıcılarının piyadaların hərəkətini məhdudlaşdırmaması və ərazinin estetik görünüşünü korlamaması nəzərə alınmalıdır.

Reklam daşıyıcısından istifadə dayandırıldığı halda, hüquqi və ya fiziki şəxs 3gün ərzində öz vəsaiti hesabına reklam yerini əvvəlki vəziyyətinə qaytarmaq şərti ilə həmin reklam daşıyıcısının sökülməsini təmin etməlidir.
Bayramların, beynəlxalq, respublika və şəhər əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar razılaşdırılmış ünvanlarda və müddətlərdə plakat və çağırışların yerləşdirilməsi və istismarı reklamyayıcı tərəfindən təmin olunur və bu müddət ərzində reklamyayıcı ödənişdən azad edilir.

Bu sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyətinin 22 fevral 2011-ci il tarixli 91 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilir və  sərəncamın icrası Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə tapşırılır. Sərəncamın icrasına nəzarət isə  Bakı şəhər İcra Hakimiyyətinin aparatının rəhbərinə tapşırılır.

Gültəkin Ələsgər      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir