Modern.az

Bizimkilər: “Yerli telekanallar pandemiya dövründə də “sinifdə qaldı”” - APA-nın REDAKTORU

Bizimkilər: “Yerli telekanallar pandemiya dövründə də “sinifdə qaldı”” - APA-nın REDAKTORU

Media

29 İyun 2020, 09:16

Modern.az-da “Bizimkilər” rubrikası yenidən davam edir. Saytımızın bu rubrikasında özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı APA İnformasiya Agentliyinin redaktoru Gülşən Hacıyevadır.

 

Gülşən Hacıyeva 1972-ci ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini rayonda, ali təhsilini Ankarada, Qazi Universitetində maliyyə ixtisası üzrə alıb. 1998-ci ildən müxtəlif mətbuat orqanlarında çalışıb. 2004-cü ildən APA İnformasiya Agentliyi, “APA Holding”ə bağlı  Lent.az İnformasiya Agentliyi, APA TV-də fəaliyyət göstərib. Hazırda APA İnformasiya Agentliyinin redaktorudur.

Evlidir, iki övladı var.

 

- Gülşən xanım, ilk olaraq ənənəvi sualımızdan başlamaq istərdim. Necə oldu, jurnalistikaya gəldiniz? Xüsusi sevgi ya tale?

- Bir az maraq, bir az qismət deyək. İxtisasca jurnalist olmasam da, təhsil aldığım Ankara şəhərində bir neçə azərbaycanlı tələbə ilə jurnal çıxarırdıq. Jurnalda Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasından olan tanınmış şəxslər, siyasətçilər, sənət adamlarından müsahibələr yayımlanmışdı. Hətta Türkiyənin mərhum Prezidenti Süleyman Dəmirəl və Kiprin mərhum Prezidenti Rauf Denktaşdan da müsahibələr almışdıq. Təəssüf ki, tələbə büdcəmizlə jurnalın bir neçə nömrəsini buraxmağa nail ola bildik.

O vaxtdan bu sahəyə çox həvəsliydim. O həvəs də sonda məni jurnalistikaya gətirdi.

 


- Evdən necə, “Qız uşağısan, jurnalistika sənlik deyil”, deyənlər olmadı ki? Ümumiyyətlə, nəsildə jurnalist kimi fəaliyyət göstərən tək sizsiniz ya qohum həmkarlar da var?


- Həyatı az-çox dərk etməyə başlayanda artıq başqa ölkədəydim. Elə ailədə böyümüşəm ki, ali təhsilimi xaricdə almağıma nəinki icazə verilib, hətta buna sövq edilmişəm. Gənc yaşlarımdan həyatımla bağlı qərarları təkbaşına vermək məcburiyyətində qaldığım üçün bu durum yaşımın irəliləyən vaxtlarında da davam etdi.

Düşünün, o yaşda ailədən xeyli uzaqda aylıq büdcənə görə gəlir və xərclərinlə bağlı bütün qərarları özün verməlisən, xəstələnməməlisən, hər hansı bir problem yarandıqda özün həll etməlisən. Ailə ilə ən yaxşı halda ayda 1-2 dəfə telefonla danışa və ya məktublaşa bilirsən. Məktublarsa 1 aya ünvanına ya çatır, ya çatmır. Bəzən Ankarada olarkən yazdığımız məktublar biz yay tətilində Bakıya gələndən sonra evə çatırdı.

Ən yaxşı halda yataqxanada bərabər qaldığın, həmyaşıdların olan və sənin kimi ailəsindən uzaqda olan azərbaycanlı tələbə qızlarla məsləhətləşə bilərsən. Burada bir haşiyə çıxım – həmin qızlarla o dönəmdə bir-birimizə çox dəstək olduq, xəstələnəndə analıq, həkimlik elədik. Elə bu səbəbdəndir ki, aradan az qala 30 il keçməsinə baxmayaraq, o qızlarla yenə də çox isti münasibətlərimiz var. Hələ də bir yerə toplaşanda hər şey dünən olubmuş kimi, xatırlayıb, əylənə bilirik.

Bəzən yanlış, bəzən doğru verdiyimiz qərarlar bizi müstəqil, sərbəst yaşamağa öyrəşdirdi. Bu, Azərbaycana gələndən sonra da davam etdi.


- Uzun illərdir ki, yazılı mediadasınız. Heç televiziyada işləməyi düşünmüsünüz?


- Əslində, iki illik televiziya təcrübəm var. APA TV yeni yarananda orada xəbər müdiri oldum. Mən xəbəri çox sevirəm. Hətta deyərdim ki, xəbər adamıyam. Televiziyada işləyəndə də xəbərin içindəydim. Amma operativlik baxımından TV xəbər agentliyindən çox geridə qalır. Agentlikdə dəqiqləşdirilmiş xəbəri sayta yerləşdirmək üçün redaktəyə bir neçə dəqiqə lazımdır. TV-də bu proses uzun çəkir, xəbəri səsləndirmək, görüntüləri montaj etmək, səslə görüntünü uyğunlaşdırmaq bəzən 10-15 dəqiqə, bəzən də saatlar tələb edir. Nəticədə məlumatı hətta hər kəsdən tez əldə etsən də, vaxt baxımından uduzursan. Həm bu, həm də başqa səbəblərdən agentliyə dönməyə qərar verdim.


- Redaktor olmaq daha çətindir, yoxsa müxbir?

- Hər ikisinin özünə görə çətinliyi və zövqü var. Əsas odur, işini sevəsən.



- Deyirlər ki, jurnalist hər sahədən xəbərdar olmağı bacarmalıdır. Konkret işə gələndə necə, ixtisaslaşma önəmlidirmi?


- Təbii ki, bu işin içində olanlar bütün sahələrdə baş verən prosesləri istər-istəməz izləməli olur. Redaktor ya da müxbir gündəlik olaraq, işlədiyi saytı izləyir, eyni zamanda ölkə və dünya üzrə xəbər agentliklərini, rəsmi qurumların, beynəlxalq təşkilatların saytlarını dəfələrlə yeniləyir. Hər yeniləmədə qarşısına onlarla yeni xəbər çıxır. Xəbərləri açıb oxumasa belə, başlığı görür. Yəni bütün sahələrdən az-çox xəbərdar olur.

Amma bu, bir jurnalistin “hərşeyşünas” olması demək deyil. Baxmayaraq ki, son zamanlar sosial şəbəkələrdə “qəhrəman”a çevrilmiş “hərşeyşünas”, hamıya məsləhət verən, “ağbirçək”, “ağsaqqallıq” edən həmkarlarımızın sayı xeyli artıb. 

İxtisaslaşma önəmlidir, istər xəbəri, müsahibəni hazırlayan jurnalist, istərsə də bu materialları redaktə edib, sayta yerləşdirəcək redaktorlar üçün. Əks halda, çox savadsız materiallar ortaya çıxır ki, belə hallarla KİV-də tez-tez qarşılaşırıq.


- Ölkə olaraq, artıq bir neçə aydır ki, çətin dönəmlər yaşayırıq. Koronavirusa yoluxan insanların da inamsızlığını tez-tez müşahidə edirik. Sizcə inamsızlıq elə yayılan bəzi xəbərlərin qeyri-peşəkarlığından irəli gəlmir ki?

- COVID-19 təkcə Azərbaycanın deyil, bütün dünyanın hazırlıqsız yaxalandığı fəlakətdir. O cümlədən virusa inanmaqla bağlı problem də sadəcə, bizim ölkədə mövcud deyil. Almaniyadakı bir qohumumla söhbət zamanı dedi ki, karantin qaydalarına heç kim demək olar, əməl eləmədi. Hamı evində “koronaparti” düzənləyirdi. Yəni vəziyyət bütün dünyada belədi.

Ortada bir qeyri-müəyyənlik var, insanları gözləri ilə görmədikləri, əlləri ilə toxunmadıqları nəyəsə inandırmaq o qədər də asan deyil.
Mən virusun mövcudluğuna inamsızlığı yayılan hansısa qeyri-peşəkar xəbər ya da xəbərlərin yaratdığına inanmıram. Vəziyyəti şüurlu şəkildə analiz edib inanlarla heç nəyə əhəmiyyət vermədən, hər şeyin yalan olduğunu iddia edənlər qarşı-qarşıyadı. Və bu proses problem aradan qalxandan sonra da davam edəcək.

Xüsusi qeyd eləyim ki, mən inananların tərəfindəyəm.


- Son bir neçə ay ərzində müşahidələr onu göstərdi ki, insanlar informasiyaları daha çox xəbər portallarından almağa üstünlük verdi, ümumiyyətlə, xəbər saytlarına baxış sayı artır. Necə hesab edirsiniz, bu, televiziyaların işini bir qədər arxa plana atmayacaq ki?

- KİV, xüsusilə televiziya ictimai rəyin formalaşmasında önəmli rola sahibdir. Çünki insanlar oxumağa bəzən tənbəllik eləyirlər, heç bir zəhmət çəkmədən, əlindəki işini yarımçıq qoymadan televiziyadan xəbərləri izləmək daha rahatdır. Təəssüf ki, yerli telekanallarımız həmişəki kimi, pandemiya dövründə də “sinifdə qaldı”. Ənənəvi, bayağı, yorucu verilişlər və onların heç dəyişməyən izləyiciləri...

Yeniliyə, araşdırmaya meyilli tamaşaçılar isə ya xarici telekanallara, ya da saytlara daha çox üstünlük verir. Əslində bu, hər dönəmdə belədi.


- Hə, bir də pandemiya dönəmində “Biz sizin üçün işləyirik, siz evdə qalın” deyən jurnalistlərin çağırışları kütlə tərəfindən qınandı və müzakirələrə səbəb oldu. Sizcə, bu, bir növ cəmiyyətə minnət vurmaq deyildi ki? Belə götürəndə, çətin dönəmdə çörəkçi də işlədi, əczaçı da...

- Doğrusu, o çağırışları anlamadım. O zaman pandemiya dövründə bütün həyatını riskə atan həkimlər, polislər, hərbçilər, ictimai nəqliyyat sürücüləri, satıcılar və digərləri neynəməliydilər? Bununla sanki özümüzü qəhrəman elan edirik. Niyyətim işimizi kiçik göstərmək, əhəmiyyətini azaltmaq deyil. Təbii ki, bizim üçün də risklər var. Amma təhlükəyə bizdən qat-qat yaxın peşə sahibləri var axı...


- Bir az məişət mövzularına keçək... Bildiyimiz qədər iki oğul anasısınız. İşin çoxluğu onlara zaman ayırmağa mane olmur ki?

- İşləyən bütün anaların övladları kimi, bizimkilər də bu məsələdə şikayətçidilər. Amma ciddi problem olmur, onlarla eyni dildə danışa bilirəm. Böyüdükcə daha çox anlayırlar. Yanlarında olduğum zaman bütün diqqətimi onlara ayırmağa çalışıram.



- Övladlarınızı hansısa sahəyə istiqamətləndirirsiniz ya uşaqlarına sərbəstlik verən valideynlərdənsiniz?

- Yaşları az olsa da, indiyədək heç bir seçimlərinə qarışmamışam. Yemək, paltar, saçları ilə bağlı bütün qərarları özləri verirlər. Gələcəkdə də bu barədə problem yaşanacağını düşünmürəm. Yenə də heç vaxt “heç vaxt” deməmək lazımdır. Nələr olacağını zaman göstərəcək.


- Həyat yoldaşınız da media nümayəndəsidir, ya necə? Onunla iş çoxluğu ilə əlaqədar problem olmur ki?

- Yoldaşım tam fərqli sahənin insanıdır. Adətən ciddi problemlərimiz olmur, bəzi xırda detalları nəzərə almasaq...


- Jurnalistikanın yaxşı tərəfləri olduğu kimi, yorucu tərəfləri də az deyil. Heç bu sahəni tərk edib, özünüzü başqa sahədə sınamaq istəmisinizmi?

- Getmək istədiyim vaxtlar olub, ciddi-ciddi düşünmüşəm. Amma özümü başqa sahədə görə bilməmişəm.


- Media nümayəndəsi kimi çalışmağa başladığınız vaxtdan bu yana itkiləriniz daha çox oldu ya qazanclarınız?

- İşin fəlsəfi tərəflərinə toxunmaq istəmirəm. Əvvəldə də demişdim, həyatımla bağlı qərarları adətən özüm vermişəm, bütün yanlış və doğruları da mənimdi. Keçmişlə yaşayan nostaljik biri deyiləm, praqmatik insanam. Nə vaxtsa çox istədiyim, amma əlimin çatmadığı şeylər üçün heyiflənməməyə çalışıram. O səbəbdən keçən bu 22 ildə qazanc və itkilərimin rəqəmləri üzərində müqayisə aparmağı zaman itkisi hesab eləyirəm. Əvəzində bu günün reallıqları ilə yaşamağa çalışıram. Kifayət qədər optimist və realist insanam. Hər şeyin əvvəlcə müsbət tərəfini görməyə çalışıram.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı