Modern.az

Jalə Əliyeva: "İrəvanda azərbaycanlılar yaşamış məhəlləni gəzdik” - MÜSAHİBƏ

Jalə Əliyeva: "İrəvanda azərbaycanlılar yaşamış məhəlləni gəzdik” - MÜSAHİBƏ

25 May 2012, 18:31

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak etmək üçün mayın 21-dən 24-dək Ermənistanda səfərdə olmuş Milli Məclisin deputatı Jalı Əliyeva Modern.az-a müsahibə verib.

- 20 ildən artıqdır ki, Azərbaycan qadını Ermənistana getmir və siz ilk xanım millət vəkili olaraq, bu sindromu qırdınız. Bu barədə təəssüratlarınızı bilmək istərdik.

- İşğalçı dövlət haqqında nə demək olar ki..? İllərdən bəri bizi bütün müsibətlərə düçar edən bir ölkəyə ayaq basmışdıq. Düşünrəm ki, bu səfərimiz sırf Assambleyanın çərçivəsində olan bir səfər kimi qiymətləndirilməli və Azərbaycanın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi siyasi mədəniyət və tolerantlığı kimi dəyərləndirilməlidir. Biz düşmən ölkəyə hansısa danışıq aparmağa və ya hansısa böyük bir məsələnin həllinə imza atmaq üçün getməmişdik. Sadəcə, Assambleyanın hər bir ölkədə 6 aydan bir keçirilən iclasına qatılmaq üçün getmişdik. Bizi ermənilərin radikal düşmənçiliyindən fərqləndirən cəhətlər ondadır ki, Azərbaycan  hər zaman beynəlxalq təşkilatların nizamnamələrinə əməl etməyə çalışıb və bunu hər addımında göstərib. Ermənistanın “Eurovision”a gəlməməsi, buna müxtəlif adlar qoymağa çalışması və yaxud digər tədbirlərimizə qatılmaması hələ o demək deyil ki, Azərbaycan da adekvat addımları atmalıdır. Tam tərsinə, biz düşündük ki, Azərbaycan Assambleya çərçivəsində olsa belə, ən azından düşmən torpağına gedir və onların parlament üzvlərini birbaşa görmək imkanı əldə edir. Bundan əlavə, bizi 20 ildən artıq işğal altında saxlayan bir ölkədəki vəziyyət şəxsən mənim üçün çox maraqlı idi və bunu gözümlə görmək istəyirdim. Maraqlıdır, müharibə onlara nə verib və onlar hara qədər bu iddiaları sürdürəcəklər?

Gedib gördüyümüz mənzərə bundan ibarət oldu ki, müharibə onların ölkələrinə daha da bərbad vəziyyətə gəlib çıxmaqdan başqa heç bir şey verməyib. Yəni ölkədə heç bir normal inkişafdan söz gedə bilməz. Orada təbii ki, son 22 ildə heç birimiz olmamamışıq. Tələbə kimi 88-ci ildə orada birinci və axırıncı dəfə olmuşam. O vaxtki mənzərə ilə bugünkünü qarşılaşdıranda barmaqla sayılası, əllə göstəriləsi elə bir dəyişiklik müşahidə etmədim. Bir anlıq Azərbaycanı gözümün qarşısına gətirdim və əlbəttə ki, ölkəmizdə olan dəyişikliyin, inkişafın Ermənistanın durumu müqayisə olunması mümkün olan şey deyil..

- Hansı reyslə getdiniz, necə getdiniz?

- Ermənistana Gürcüstan yolu ilə getdik. Gürcüstana təyyarə, oradan isə Türkiyə nümayəndə heyəti ilə birlikdə bizim üçün ayrılan avtobusla Ermənistan sərhədinə gəldik. Bildiyiniz kimi Türkiyə Qara Daniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında təmsil olunur və onların heyəti olduqca böyük idi. Sərhədi keçdikdən sonra Ermənistanın Təhlükəsizlik Xidməti tərəfindən mühafizə olunaraq bizi İrəvana qədər gətirdilər.

- Təhlükəsizlik məsələsi ilə bağlı problem yaşanmadı?

- Ermənistanın Beynəlxalq Birliyin üzvi olaraq, bəzi cavabdehlikləri var ki, onları həyata keçirməlidir. Hansı ölkədən olmasına baxmayaraq, ora gələn parlamentarilərin təhlükəsizliyini qorumaq onların prioeritet məsələsi idi. Və bununla bağlı bütün dünyaya göstərməyə çalışırdılar ki, “yəni bizim tərəfimizdən heç bir problem yoxdur”. Bu da erməni niyyətidir və açıq-aydın ortadadır. O baxımdan yanaşanda tam təhlükəsizliyi təmin etməyə çalışmışdılar. Təhlükəsizlik xidməti təkcə bizi deyil, eyni zamanda Türkiyə heyətini də əhatə edirdi.

- Siz yalnız iclaslarda oldunuz, yoxsa şəhərə gəzməyə çıxdınız?

- Biz çox arzuladıq ki, azərbaycanlıların əvvəllər yaşadığı, dədə-baba yurdları olan, İrəvana yaxın bir neçə kəndə gedək, görək. 2006-ci ildə həmkarımız Musa müəllim Assambleya çərçivəsində ora gedəndə öz kəndlərinə də getmişdi. Biz düşündük ki, bu dəfə də bizə Masis rayonuna getmək icazə verilər. Amma düşündüyümüz kimi olmadı. Doğma torpağımızdakı vəziyyəti, oradakı qəbiristanlıqları, xaraba vəziyyətinə düşmüş evləri görmək istərdik. Ümumiyətlə, qan yaddaşı deyilənn bir şey var, insan o torpağa ayaq basanda qəribə hisslər keçirir. O an yada düşəndə ki, 20 il əvvəl bizim soydaşlarımız buradan böyük əziyyətlə, çətinliklə ayrılıblar, inanın insan dəhşətə gəlir. Təəssüf ki, ora getməyə bizə icazə verilmədi. Amma İrəvanın mərkəzində Azərbaycan məhəllələri olub ki, mən oranı görməyi israr etdim. Orada Qərbi Azərbaycandan olan insanlar, onların ailələri yaşayıb və biz xahiş etdik ki, heç olmazsa ora getməyimizə şərait yaradılsın. Məhəllələri dağılmış, atılmış vəziyyətdə gördük, şəkillərini çəkdik. Oradakı yerli insanları danışdırmağa çallışdıq və azərbaycanlıların necə çıxmasını bizə danışdlar. Bütün o tarixi yenidən yaşamaq çox həyacanverici idi.

- Qaldığınız otelin mühafizəsi və şəraiti necə idi?

- Orada biz 5 ulduzlu bir oteldə qalırdıq. Tək biz yox, bütün Assambleyanın üzvləri o oteldə qalırdı. Onu qeyd edim ki, təhlükəsizliyin təmin edilməsi tək bizə aid bir şey deyildi. Ümumiyətlə, Assambleyanın iclaslarında nümayəndə heyətlərini mütləq təhlükəsizlik xidmətləri müşayiət edir. Otelin içində də hər hansı xüsusi problem yaşanmadı.

Mənə elə gəlir ki, sadə insanlar, hansılar ki, onlara müharibə ümumiyyətlə lazım deyil, heç bir şey etməzdilər. Sadəcə, məlum olduğu kimi Azərbaycana qarşı ikili standartlarla hərəkət edən ölkələrin əlində alət olan, əli azərbaycanlıların qanına batmış Ermənistan rəhbərliyi nə qədər ki var, oradan yaxşı bir şey gözləməyə dəyməz.
Bir neçə ay bundan əvvəl erməni deputatlar bura gəlmişdilər. Azərbaycan bütün beynəlxalq müqavilələrə əməl edən, hər bir zaman sülhpərvərliyini nümayiş etdirən bir ölkədir. Onlar tam təhlükəsiz şəkildə Azərbaycana gəlib-getdiləər. Eyni şəkildə Ermənistanda da bizə xüsusi təhlükə olmadı. Amma erməni provakasiyası yenə də qalır. Hər birimiz bilirik ki, onlar üzdə  gülər, amma pərdəarxasına çəkilib öz məqsədinə çatmaq üçün nələrsə edər. Biz hələ ora gedib çatmadan artıq məqsədli şəkildə haqqqımızda məlumatlar yayılmağa başladı ki, guya biz qondarma “erməni soyqırımı” abidəsinə gül qoymuşuq və s. Özləri özlərini təkzib etdilər, yəni proqramlarında olmayan bir şeyi bizim ayağımıza yazmağa çalışdılar. Əgər bu Assambleyanın proqramına salınmayıbsa, onda  proqramda olmayan yerə heyəti necə götürə bilərlər? Ümumiyyətlə, Azərbaycan heyətinin ora getməsi absurd idi, mümkün olan bir şey deyildi. Biz orada keçrilən mətbuat konfransında da bəyan etdik ki, Ali baş komandanımızın qeyd etdiyi kimi Azərbaycanın son qarış torpağı işğaldan azad edilməyənə qədər heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Bunu da mətbuat konfransında dəfələrlə qarşı tərəfə, bütün dünyaya da bəyan etdik.

- Maraqlıdır orada olduğunuz müddətdə ermənilərlə şəxsi söhbətiniz oldumu?

- Yox, biz sadəcə iclasda iştirak etdik. Iki gün orada iclaslar keçrildi. Birinci gün sadəcə rəhbərliyin iclası idi, ikinci gün isə müzakirələr, qarşıda duran məsələlər, yəni daha əvvəlki iclaslarda tətbiq olunan qərarlar və tövsiyyələrin müzakirəsi idi.

Bu müddətdə sadəcə Azərbaycan  məhəlləsini gedib görməkdən başqa bizim belə bir imkanımız olmadı. Şəhərin görməli yerlərinə də bütün heyətlə birlikdə ekurskusiya təşkil edilmişdi. Biz də onun əvəzinə Azərbaycan məhəlləsini görməyə üstünlük verdik. Yanımızda bütün vaxtı təhlükəsizlik xidmətindən kimsə olduğuna görə, təbii ki, yerli xalqla ünsiyyətdə olmadıq. Sadəcə olaraq, Azərbaycan məhəlləsində buradan evlərini dəyişib gedən ermənilərə rast gəldik. Onlar da ancaq təəssüfləndiklərini və Azərbaycan üçün darıxdıqlarını bildirdilər. Buradakı şəraiti, yaşayışı unutmadıqlarını həmin məhəllədə yaşayan bir neçə erməni dəfələrlə qeyd edirdi.

- Geriyə eyni marşurutla qayıtdınız?

- Bəli, eyni marşuturla. Yenə də Türkiyə heyəti ilə birlikdə avtobusla sərhədə qədər, oradan da avtobusla Gürcüstan hava limanına gəldik. Məlum olduğu kimi digər heyətlərin olduğu ölkələrdən Ermənistana birbaşa təyyarə gəlir. Bizim isə Türkiyə ilə birbaşa bura təyarəmiz olmadığı üçün Gürcüstana getdik. Qayıdanda isə uzaqdan olsa da bizim mövqelərimizi gördük. Bu çox həyacanverici məqam idi.

- İclasda nələr müzakirə edildi, hansı sənədlər qəbul olundu?

- 3 ayrı komitənin toplantıları keçirildi. Daha əvvəlki iclaslarda müzakirə olunan məsələlər burada artıq son nəticəni verir, səsvermə ilə qəbul olunur. İş elə gətirib ki, Ermənistandan əvvəl Assambleya noyabr ayında Albaniyada olmalı idi. Amma Albaniyanın özündə yaranmış problemlərlə bağlı olaraq, orada iclas keçirilməmişdi. Ona görə də həm Albaniyadan qalma materiallar, həm də hazırda Ermənistanda olan məsələlər müzakirə oldundu. Sənədlər çox olduğuna və bəzi nümayəndə heyətlərinin təklifi əsasında sədrlik edən Ermənistan tərəfi belə qərara gəldi ki, həm Albaniya, həm Ermənistanla əlaqəli olan bütün qərarlar, tövsiyyələr-bunlar hamısı katibliyə yazılı şəkildə təqdim edilsin. Azərbaycan tərəfi olaraq bizim də müəyyən tövsiyyələrimiz var idi və bunları yazılı şəkildə katibliyə təqdim etdik.
Və əslində heç inanmırdıq ki, bizim tövsiyyə qərarına əlavəmiz düşmən ölkədə qəbul olunacaq. Mən  olduğum komitə haqqında danışıram. Sədri olduğum Mədəniyyət təhsil və sosial məsələlər üzrə komitənin mövzusu Qara dəniz ölkələrində uşaqların hüquqlarının müdafiəsi ilə bağlı idi. Biz onunla Bakıda yaxından tanış olanda gördük ki, çox qəribədir ki uşaq hüquqlarının qorunması ilə bağlı bütün sahələr əhatə olunub, amma necə olur ki, müharibə şəraitində yaşayan uşaqlar, qaçqın və məcburi köçkün uşaqlar bu tövsiyyədə yada düşməyib. Ona görə də biz bir neçə gün qalmış iclasın katibliyinə Azərbaycan tərəfindən öz imzamızla əlavə göndərdik. Daha sonra bizim israrımızla həmin tövsiyyə orada təmsil olunan bütün ölkələrin nümayəndələrinə paylandı, eyni zamanda Ermənistanın da sədrinin stolunun üstünə gəldi. İnanın ki, göz açmağa, oxumağa macal tapmadan müzakirəyə çıxarılıdı və qəbul edildi. Ən azından tövsiyyə qərarına o cümləni əlavə etdirə bildiyimiz üçün düşünürəm ki, bunu səfərin gedişinin mənasında nəsə üstün bir nöqtə kimi dəyərləndirmək olar.

- Digər həmkarlarınız Musa Quliyev, Asəf Hacıyev - onların da hər hansı sözü oldu? Məsələn, burada məlumat yayıldı ki, Asəf Hacıyev parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan işğalçıdır.

- Orada iclasdan sonra mətbuat konfransı keçrildi. Adətən bütün assambleyaların sonunda bütün iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin ikştirakı ilə mətbuat konfransı keçirilir. Bizim də nümayəndə heyətinin rəhbəri Azərbaycanın haqlı mövqeyini mətbuat konfransında bir daha açıqladı. Və bir daha bildirdi ki, Azərbaycan Ermənistanla müharibə bitmədən burada heç bir əməkdaşlıq haqqında söhbət gedə bilməz.

- Onun bu çıxışı necə qarşılandı?

- Necə qarşılana bilərdi? Ermənistan hər bir zaman birbaşa deyilən cümlənin də içində nəsə tapmağa çalışır. Necə ki biz hələ ora gedib çatmadan verdiyi açıqlamalarla və yaxud bu gün Azərbaycanın bütün dünyada fərqlənən nüfuzuna, gücünə kölgə salmağa çalışmaqla edir. Dəhşətə gəlirsən ki, bu dərəcədə yalan olarmı? Təbii ki, bizim oradakı mövqeyimizə, açıqlamamıza mütləq hansısa ekstremist tərəfdən yanaşmağa çalışırdılar. Amma bir söz var ki, yalan ayaq tutar yeriməz, həqiqətlər göz qabağındadır. Nə şəkildə sualı firlatmağa çalışsalar da,  reallıqdan qaçmaq olmaz.  Ona görə də Azərbaycan tərəfinə verilən bütün suallara tam reallıqdan çıxış edərək cavab verildi, bütün dünyaya ölkəmizin mövqeyi bir daha nümayiş etdildi.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?